Əlaqə vasitələri

“Bəlkə iqtidarla Kür deltasının təmizlənməsini müzakirə edək?”

 

Moderator.az sabah iqtidarla müxalifət arasında siyasi dialoqun ikinci raundu ilə bağlı bu prosesə qoşulmayan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Qurban Məmmədovun mövqeyini öyrənib.
 
-Qurban bəy, sabah iqtidarla müxalifət yenidən bir masa ətrafında nələrisə müzakirə etməyə toplaşacaq…
-İndiki vəziyyətdə iqtidarla müxalifət arasında vacib olan siyasi dialoqun yalnız bir predmeti ola bilər: ölkədə normal seçki mühitinin yaradılması, Seçki Məcəlləsinin normal insan məntiqinə, beynəlxalq praktikaya uyğunlaşdırılması,  seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması, onların YAP-ın monopoliyasından çıxarılması, keçid mərhələsinin müəyyənləşdirlməsi və mümkün qarşılıqlı güzəştlər. Bu məsələlərdə dialoq olmayacaqsa, demək ki, heç bir məsələdə tərəflər uzlaşmayacaq.
 
-Hər iki tərəfin asanlıqla uzlaşacağı Qarabağ dərdimiz var…
-O ki, qaldı Qarabağ məsələsinə, bu mövzunun dialoqun predmeti kimi hallandırılması siyasi oyunbazlıqdır. Məgər müxalifət Qarabağın ermənilərə pulsuz verilməsinin, ya da iqtidar Qarabağın ermənilərə satılmasının tərəfdarıdır?
 Belə mövzuların gündəmə gətirilməsi demokratiya və ya dialoq  imitasiyası yaratmağa xidmət edir.
Xalqla və tərəf müqabillə səmimi olmaq lazımdır. Dialoq həm də məhz indi lazımdır: iqtidarın güclü olduğu və yaxın gələcəyin qeyri-müəyyən olduğu vaxtda. Çünki bir azdan elə hadisələr baş verə bilər ki, Xalq ayağa qalxar və bax onda iqtidarla dialoqa müxalifət istəsə də, XALQ imkan verməz. Bu isə bütün tərəflər üçün, ilk növbədə isə Azərbaycan üçün faciəli  Suriya sonluğu ilə  bitə bilər. Bu dialoq da müxalifət və hakimiyyəti təmsil edən real söz sahibləri arasında aparıla bilər. “Sonra məsləhətləşib cavab verərik” deyənlərlə yox.
-Sadaladığınız bu məsələlərin heç birinin müzakirəsini iqtidar təbii ki, yaxına buraxası deyil və bunlara mövcudluğunun qarantı kimi tabu elan edib…
-Deməli dialoq olmayacaq. Dialoq xatirinə dialoq kimsəyə lazım deyil, indi evcik-evcik oynamağa vaxt yoxdur. Bu ona bənzəyir ki, dünya İŞİD-lə Nil çayının lillənməsi problemini müzakirə etmək üçün dialoqa gedir. Gülünc deyilmi? Bəlkə biz də iqtidarla Kür deltasının təmizlənməsini müzakirə edək?
-Söhbət iqtidarın mövcudluğu üçün prioritet hesab olunanların müzakirəyə çıxarılmasının qəbuledilməzliyindən gedir. İlkin mərhələ üçün Kür deltası da bəhanə ola bilər…
-Bu iqtidar üçün hansı məsələ prioritet deyil: seçki, siyasi məhbuslar, korrupsiya, məhkəmə özbaşınalıqları, Lamiyə Quliyevanın başına gətirilənlər, Elşad Babayevin vəhşicəsinə döyülərək öldürülməsi, Əli Kərimlinin pasportu və qaynının daha çox həbsdə saxlanılması, AXCP-nin qərargahının partladılması, Aslan Aslanovun polis, prokurorluq və məhkəmə orqanlarını oynatması, yol polisində, DƏDRX-də rüşvətxorluq, vergidəki xəraclar, gömrükdəki yığımlar, paket əmək haqqı, suyun, dəniz sahilinin, parkların zəbt edilməsi, meşələrin qırılması, 9 mərtəbəli evlərin pəncərəsi önündə yeni obyektlərin tikilməsi, adamların mülkiyyətinə zorla qiymət qoyub sökmək, binaları əvvəl üzləyib sonra dağıtmaq, gənclərin evsizliyi, insanlara qanuni qaydada torpaq sahələrinin verilməməsi nəticəsində tikilən “qanunsuz  tikililərin” sənədləşdirilməsi və s. və s… Əlini hansı mövzuya vursan bu hakimiyyət üçün prioritetdir.
-Elə isə niyə özünün yeganə real müxalifət hesab edən Milli Şura bu görüşdən imtina etdi? Gedib sözünüzü deyəydiniz də.
-Dialoq üçün əvvəl tərəflər arasında gündəlik, mövzular, tərkib müəyyənləşir. Hakimiyyət hələ ki, evcik-evcik oynayır. Yoxsa, rejimin bir nümayəndəsi sabah çıxış edir TV-də ki, gəlin dialoqa. Belə olmur axı. Bu məsələyə ciddi yanaşmaq lazımdır. Ortada xalqın, Azərbaycanımızın taleyi var. Bunlar hələ də imitasiya ilə məşğuldurlar. Bunlara dialoqun mahiyyəti, nəticə yox, görüntü və təbliğat üçün fakt lazımdır.  MİLLİ ŞURAnı və Əli Kərimlini bu mənasız oyuna çəkmək istəyənlər çox səhv edirlər. Bir az ciddi olsunlar. Nə bizim, nə də Azərbaycanın və xalqımızın bu oyunbazlıqlara itirməyə vaxtı yoxdur.

Loading