29/12/2014 “Qardaşımı qarşılamağa getməyəcəm…”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədovun əfv edilməsinə münasibət bildirib.
S.Cəlaloğlu “Qafqazinfo”ya açıqlamasında bildirib ki, prezidentin bu jestini yükək qiymətləndirir: “Söhbət təkcə mənim qardaşımdan getmir. Mən bir siyasi partiya rəhbəriyəm. Biz bu yaxınlarda Əli Həsənovla görüşdə siyasi məhbusların buraxılmasını da müzakirə etdik. Orada Əli Həsənov bunu dövlət başçısına çatdıracağını və müsbət şəkildə həlli üçün müəyyən addımlar atılacağını bizə söz vermişdi. Biz bu addımı yüksək qiymətləndiririk. Azadlığa çıxanların ailələrini təbrik edirik. Mən həbsxanada olmuşam, oranın necə çətin yer olduğunu bilirəm. İndi növbə müxalifətindir və iqtidarla siyasi dialoq üçün növbəti addımlar atılmalıdır”.
ADP sədri qardaşının bundan öncəki əfvlə çıxmalı olduğunu açıqlayıb: “Qurban bəyin ailəsinə öncədən bu barədə nəsə deyilib-deyilmədiyini bilmirəm. Çünki onun özü ilə də, ailəsi ilə də əlaqəm yoxdur. Qurban tamam fərqli bir insandır. Mən də məsafə saxlayıram. Amma bilirdim ki, onun azadlığa buraxılması ilə bağlı keçən dəfə əfv siyahısına adı salınıb, sonradan müəyyən səbəbdən siyahıdan çıxarılıb”.
Sərdar Cəlaloğlu qardaşını qarşılamağa getməyəcəyini deyib: “Qurban bəyi qarşılamağa getməyəcəm. Əvvəla, mən onun böyük qardaşıyam. İkincisi, mən özüm həbsxanada olmuşam və evimə gələndə o məni qarşılamayıb. Bacım uşaqları, yəqin ki, gedərlər, amma mənim getmək fikrim yoxdur”.

 3,258 dəfə ümumi oxunub,  8 dəfəsi bu günə aiddir.