Xəbər verdiyimiz kimi, tanınmış hüquqşünas və jurnalist Pərviz Həşimli saxlanıldığı Bakı İstintaq Təcridxanasından 13 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilib.
Vaxtilə həmin “zon”da cəza çəkən hüquqşünas Qurban Məmmədov Moderator.az-a açıqlamasında P.Həşimlinin yeni “mənzili” haqqında maraqlı fikirlər səsləndirib:
“13 saylı Cəzaçəkmə Müəssisəsi də 14 saylı kimi toz-dumana bürünür hərdən. Özünü dumanlı-çənli dağlar qoynunda hiss edirsən. Əsl kişilərin cəza çəkə biləcəyi məkandır orası. Bizdən öncəkilər çəkiblər, biz də çəkərik İNŞALLAH ! Pərviz Həşimli üçün heç bir problem olmaz məncə. Yaxşı ki, “14”-də üsyan oldu, ordu yeridildi. Yoxsa, Pərviz də oranın namizədlərindəndir. ALLAH yaxınlarına səbr, özünə də can sağlığı versin. AMİN !!! Dua edək ki, tezliklə azadlığına və ailəsinə qovuşsun. Siyasi məhbusların müxtəlif cəzaçəkmə müəssisələrində olması yaxşıdır. Oraları nəzarətsiz qoymaq olmaz. Sabah müharibə başlasa, 1992-ci ildə olduğu kimi, yenə də oradakı oğlanların arasından neçə-neçə igid çıxacaq. Zindan siyasilərin ehtiyat evləridir, qədrini bilin”.