Bir neçə gün öncə tanınmış hüquqşünasModerator.az-da maraqlı təkliflə çıxış edərək seçkidə üzrsüz səbəbdən iştirak etməyən vətəndaşın cərimələnməsini təklif etmiş, fikrini əsaslandırmışdı.moderator.az/?xeber=66351 Onun bu açıqlaması ciddi polemikaya səbəb olduğundan Qurban bəy yenidən bu mövzuya toxunub və fundamental şəkildə fikrini əsaslandırıb:
Azərbaycan Respublikası Konstitusiyasının 56-cı (SEÇKİ HÜQUQU) maddəsinin I hissəsində deyilir:
“Azərbaycan Respublikası vərəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.”
Əgər belə hesab etsək ki, vərtəndaşların hər hansı səsvermə prosesində iştirak etməsi onların hüququdur—“iştirak etmək hüququ”— bu maddənin məzmununa görə, belə bir hüquq yalnız referenduma aiddir. Yəni vətəndaş istəməsə, referendumda iştirak etməyə bilər.
Əslində, seçkilərin nəticələrinin saxtalaşdırılmadığı bir ölkədə, vətəndaşın bu hüququndan istifadə etməməsi, yəni referendumda iştirak etməməsi, səsvermədə iştirak etməməsi, onun referenduma çıxarılan məsələyə önəm verməməsi, status-kvonun və ya təklif edilən yeniliyin onu qane etməsi kimi qiymətləndirilməlidir.
Lakin…
“SEÇKİ HÜQUQU”NUN, yəni “seçmək və seçilmək hüququ”nun həyata keçirilməsində, eləcə də referendumun keçirilməsində bütün vətəndaşların və ya referendumun baş tutmasına əhəmiyyətli nəticədə təsir edə biləcək , yəni referendumun baş tutmamasına səbəb ola biləcək vacib sayda seçicilərin səsvermədə iştirak etməməsi nəzəri cəhətdən mümkündürmü?! Bəli, mümkündür. Hesab edək ki, vətəndaşlar səsverməyə getmir. Ya heç kəs səsverməyə getmir, ya da referendumun baş tutması üçün müəyyənləşdirilmiş həddən az vətəndaş, yəni seçici kimi qeydə alınanların 25 faizindən az seçici gedir ( Seçki Məcəlləsi: Maddə 139. Referendumun baş tutmaması və referendumun yekunlarının etibarsız sayılması
139.1. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin II hissəsində və 153-cü maddəsində göstərilən məsələlər üzrə referendumda vahid seçici sayahısında olan seçicilərin 25%-dən azı iştirak etdikdə referendum baş tutmamış sayılır) və referendum baş tutmur. Parlament və bələdiyyə seçkilərində seçkinin baş tutması üçün seçicilərin neçə faizinin iştirakının zəruri olması (“kvorum”) barədə müddəa nəzərdə tutulmadığı üçün nəticədə nə baş verə biləcəyini təsəvvür edək. Hakimiyyət formalaşmır, xalq hakimiyyətin formalaşması üçün zəruri olan mənbəyi—XALQ İRADƏSİNİ ortaya qoymur. Bu mənbə öz vəzifəsini yerinə yetirmir. Bu halda hakimiyyəti kim formalaşdırır? Şübhəli çəxslər, dələduzlar, saxtakarlar, diktatorlar, korrupsionerlər və s. və i.a. Yaxud da referenduma 25 faizdən çox seçici gedir və qalan 70 faiz laqeyd kütlənin maraqlarına və milli mənafeyə zidd qərar qəbul edilir. Əslində, parlament və bələdiyyə seçkilərində seçkilərin baş tutması üçün seçicilərin neçə faizinin iştirakının zəruri olması (“kvorum”) barədə müddəanın nəzərdə tutulmaması ağlabatan və məntiqi görünür. Ancaq, bu, ilk və səthi baxışda belədir.
Deyilə bilər ki, kimsə tənbəllik və laqeydlik edərək səsverməyə getmirsə, öz dövlətinə sahib çıxmırsa, başqaları niyə bundan əziyyət çəkməli, hüquqlarından istifadəyə maneçilik yaradılmalıdır. İndi qüvvədə olan müddəa əslində insanları fəallığa, təşəbbüskarlığa sövq etməli idi: sən seçməsən, başqaları sənin ziyanına seçəcək. Ancaq acı reallıq ondan ibarətdir ki, son 20-30 ildə keçirilən bütün seçkilərin nəticələri saxtalaşdırıldığı üçün, insanımız öz seçki hüquqlarından zorən imtina etdirilib.Bu vəziyyət isə ilk növbədə seçki oyunbazlığı ilə hakimiyəti ələ keçirən və elə bu yolla da saxlayan qüvvələrə sərf edir. Vətəndaşların səsverməyə gəlməməsini stimullaşdıran qüvvələr bu vəziyyətdən məhz seçkinin nəticələrini asanlıqla saxtalaşdırmaq üçün istifadə edirlər. Ancaq seçicilərin səsverməyə təşviq edilməsinin başqa qanuni yolları da var.
Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsinə əsasən,
“ Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”.
Bəs, bu “Xalq” deyilən “hakimiyyət mənbəyi” özünü necə büruzə verməlidir və Konstitusiyanın 1-ci maddəsində göstərilən bu mənbə necə zühur etməlidir?
Burada nəzəri və təcrübi baxımdan mümkün olan ən böyük təhlükə nədən ibarətdir?! Azərbaycan Respublikasında 18 yaşına çatmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və Seçki Məcəlləsinin 16-cı ( Vətəndaşların səsvermədə iştirak etmədikləri hallar) maddəsində nəzərdə tutulan 4 milyondan çox vətəndaş var ki, onlar seçmək və seçilmək hüququna malik olsalar da, səsvermə prosesində iştirak etmək hüququna (fəaliyyət qabiliyyəti) və ya imkanına sahib deyillər. Axı həmin vətəndaşların da idarə olunması, sosial ehtiyaclarının təmin edilməsi, malik olduqları Vətənin qorunması, təhsil və səhiyyə sistemlərinin təşkil edilməsi və sair işlərin görülməsi üçün dövlət hakimiyyətinə ehtiyac vardır. Bu məqsədlə də, lazım olan hakimiyyətin qanunauyğun formalaşdırılması üçün, fəaliyyət qabiliyyəti olan vətəndaşların bu seçkilərdə iştirak etməsi şərtddir.
Bu şərtin yerinə yetirilməsi üçün “seçki hüququ” adlı bir hüquq müəyyən edilmişdir.
Deyə bilərsiniz ki, nəyə görə qonşunun və başqalarının azyaşlı uşaqlarının normal idarə olunması üçün, mən vaxtımı, enerjimi itirib, qanunla mənim vəzifəm elan edilməyən hansısa səsvermədə iştirak etməliyəm? Hüquq mənimdir istifadə etmirəm. Heç kim öz hüququndan istifadə etməyə məcbur edilə bilməz. Vəzifəni hüquqdan fərqləndirən də elə bu “məcburetmə” əlamətidir.
Sizin qonşularınız da sizin kimi düşünüb, seçkiyə getməmək qərarı verir və sizin azyaşlı uşaqlarınızın gələcəyi və normal idarə olunmaları naminə öz rahatlıqlarını, vaxt və enerjilərini itirməkdən imtina edirlər.. Bu gün qüvvədə olan qanunlarımıza əsasən, buna görə sizi və onları heç bir məsuliyyət gözləmir.
Bəs bu halda nə baş verir? Təbii ki, “ciddi heç nə baş vermir”. Sadəcə olaraq, Azərbaycan adlı bu dövləti idarə edəcək hakimiyyət formalaşmır və Azərbaycan Respublikasında hakimiyyətin yeganə mənbəyi olan Xalq, öz iradəsini ortaya qoymadığı üçün, sizin də, qonşularınızın da azyaşlı uşaqları ilə birlikdə sizin özünüzün də idarə edilməsini, gücünü xalqdan almayan, hakimiyyətinin mənbəyi məlum olmayan qüvvələr ələ keçirir. Sadəcə, bu qədər. Əlbəttə, bu, kimlərəsə “heç nə” kimi görsənə bilər. Ancaq….Azərbaycanın indiki rejiminin qanunsuz hakimiyyəti də məhz bunun nəticəsidir. Ümumxalq laqeydliyinin və məsuliyyətsizliyinin nəticəsi.
Bəşər övladı indiki seçki hüququna və onun reallaşdırılmasına birdən-birə və rahatlıqla nail olmamışdır. Bu yolda yüz minlərlə insan can vermiş, qanlar tökülmüşdür. Mövzudan yayınmamaq və sizi yormamaq naminə burada tarixdən misallar çəkməyə ehtiyac duymuram.
Ancaq insanların hamısının eyni dərəcədə savadlı, məsuliyyətli və fəal olmadığı nəzərə alınaraq, müxtəlif dövlətlərdə və müxtəlif zamanlarda vətəndaşlar fərqli üsullarla seçkilərdə iştiraka həvəsləndirilmiş, təşfiq və məcbur edilmişlər.
Ancaq “seçki hüququ”, doğrudanmı, “səsvermədə iştirak etmək hüququ” kimi başa düşülməlidir?
Bizcə, yox! “Səsvermədə iştirak” vəzifə kimi elan edilməli, hakimiyyətin mənbəyi dəqiq müəyyənləşdirilməlidir.
Biz və qonşularımız azyaşlı və fəaliyyət qabiliyyəti olmayan vətəndaşlarımızın qanuni hakimiyyət tərəfindən və qanuni idarə olunması üçün, seçki hüququna malik olan vətəndaşlar kimi hakimiyyətin formalaşmasında iştirak etməliyik. Yəni seçkidə iştirak bizim vəzifəmiz, seçmək və seçilmək isə, hüququmuz olmalıdır. Vəzifəsini yerinə yetirməli, hüququndan istifadə edib-etməməsi isə hər bir vətəndaşın öz öhdəsinə buraxılmalıdır.
Konstitusiyanın 56-cı maddəsinin I hissəsi ilə “seçmək və seçilmək hüququ” təsbit edilib. “Seçkidə iştirak etmək” kimi bir hüquq isə Konstitusiyamızda yoxdur. Bu qeyri-müəyyənlikdən isə indiki rejim məharətlə istifadə etmişdir. Konstitusiya ilə müəyyən edilməyən hüquq, qanunla, həm də qanunsuz olaraq müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 2.2-ci maddəsində deyilir: “Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə və referendumda iştirakı azad və könüllüdür. Seçkilərdə və ya referendumda iştirak edib-etməməyə məcbur etmək məqsədi ilə heç kəsin Azərbaycan Respublikası vətəndaşına təzyiq göstərmək hüququ yoxdur və heç kəs onun öz iradəsini azad ifadə etməsinə mane ola bilməz”.
Öz iradəsini azad ifadə etməsi üçün vətəndaşa kiminsə mane olmasının qadağan edilməsi aydındır. Bəs, “seçkilərdə iştirak etməyə məcbur etmək məqsədi ilə…təzyiq gəstərmək hüququnun olmaması” barədə müddəanı vacib edən hüquq norması və ya məqsədəuyğunluluq haradadır?
Bu norma qəbul edilərkən Konstitusiyanın hansı maddəsinə əsaslanıblar?
Axı, Konstitusiyamız seçkidə iştirakın könüllü olduğu barədə heç bir müddəa müəyyənləşdirməyib. Konstitusiyanın 56-cı maddəsində yalnız “referendumda iştirak” hüquq olaraq, yəni könüllü hərəkət kimi müəyyənləşdirilib (əslində, bu da yanlışdır), seçkidə iştirakın könüllü olması barədə isə, haqlı olaraq Konstitusiyada norma nəzərdə tutulmur. Səsvermə prosesi ilə seçki hüququnu qarışdırmaq, eyniləşdirmək olmaz. Səsvermə prosesi, seçkidə iştirak—- “seçki hüququnun” reallaşdırılması üsullarından biridir.
Əksinə, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin I hissəsinə əsasən, “Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır.”
Göründüyü kimi, vəzifələr bilavasitə hüquq və azadlıqlardan irəli gəlir.Bəs, seçki hüququndan irəli gələn vəzifələr hansılardır? Seçkidə iştirak etməməklə hakimiyyətin formalaşmasına mane olan, hüququndan sui-istifadə etməklə milyonlarla insanın normal idarə edilməsinə imkan verməyən, hakimiyyətin şübhəli qüvvələrin əlinə keçməsinə şərait yaradan vətəndaşın məsuliyyəti nədir? Axı, Konstitusiyanın 24-cü maddəsində ( İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi) deyilir:
II. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.” Seçki hüququ ilə bağlı qanunverici bizim cəmiyyət qarşısında, azyaşlı körpələrimiz, gənclərimiz, xəstə və qocalarımız qarşısında məsuliyyət və vəzifələrimizi niyə tam müəyyən etməyib? Məqsəd və niyyət bəllidir. Qəbul etdiyin qanunu mənə göstər, sənin siyasi rejimini müəyyənləşdirim.
Taleyinə, dövlətinə və hakimiyyətinə sahib çıxmayan millətin haqqı yeyilər, ruhu çeynənər.
Nəzərə alsaq ki, Azərbaycan Respublikasının vətəndaşı seçkidə iştirak etməklə dövlət hakimiyyətini təşkil edir, deməli, onun hüquq və azadlıqları özünün bilavasitə təşkil etdiyi dövlət hakimiyyətinin qəbul etdiyi qanunvericilik aktları ilə müəyyənləşir. Belə olan halda, seçkilərdə və referendumda iştirak etməklə Azərbaycan Respublikasının hər bir vətəndaşı özünə hüquq və azadlıqlar müəyyənləşdirdiyi üçün, seçkidə və referendumda iştirak etmək onun vəzifələrindən biri olmalıdır. Seçkidə iştirak edən vətəndaş isə seçmək və seçilməkdə tam sərbəstdir, təki hakimiyyət formalaşsın. Kimin kimə səs verməsi, yaxud səs verməməsi onun hüququdur.
Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin I hissəsinə əsasən, “Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər.”
Həmin maddənin 2-ci hissəsinə əsasən, “aşağıdakı məsələlər yalnız referendumla həll oluna bilər:
1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;
2) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.”
Bir anlığa təsəvvür edək ki, Azərbaycan Respublikasının ərazisinin 50 faizinin ermənilərə verilməsi ilə bağlı referendum keçirilir. Hüquq adı altında referendumda iştirak etməməklə biz, dolayısı ilə, xəyanət yolu tutan kiçik bir azlığa şərait yaratmış oluruq. Vətən laqeydlik və tənbəlliyin qurbanı olur. Mümkündürmü? Mümkündür. Deməli, səsvermədə iştirak faktının təkcə özü nəticəyə birbaşa təsir edir.
Unutmayaq: nəzəri cəhətdən mümkün olan hər bir şey, bir gün təcrübi olaraq da mümkün ola bilər. Millətin və dövlətin müqəddəratını həll edən qanunvericilik də məhz bu prinsipə söykənməli və buna uyğun nizamlanmalıdır. Bu baxımdan biz hesab edirik ki, səsvermə prosesində–seçkidə iştirak etmək hər bir vətəndaşın vəzifəsi kimi elan edilməli, Seçki Məcəlləsinin 2.2-ci (Maddə 2. Seçkilərdə və referendumda iştirakın prinsipləri
2.2. Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə və referendumda iştirakı azad və könüllüdür. Seçkilərdə və ya referendumda iştirak edib-etməməyə məcbur etmək məqsədi ilə heç kəsin Azərbaycan Respublikası vətəndaşına təzyiq göstərmək hüququ yoxdur və heç kəs onun öz iradəsini azad ifadə etməsinə mane ola bilməz.)
və 12-ci (Maddə 12. Aktiv seçki hüququnun mənsubiyyəti
12.1. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və bu Məcəllənin 14-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Milli Məclisə seçkilərin, prezident seçkilərinin, bələdiyyələrə seçkilərin, referendumun keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, referendumda səs vermək, seçkilərin (referendumun) gedişini müşahidə etmək, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etmək, bu Məcəllə ilə nəzərdə tutulmuş seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək hüququ — aktiv seçki hüququ vardır.)
maddələri dəyişdirilməli və “seçki hərəkətləri”nin ən vacib tərkib hissəsi olan səsvermədə üzrsüz səbəbdən iştirak etməməyə görə, ən azı, inzibati məsuliyyət müəyyən edilməlidir. Ola bilsin ki, müəyyən vaxtdan sonra bu məsuliyyət aradan götürülsün. Ancaq bu gün Xalqımızın buna ehtiyacı var və qanunlar mövcud ictimai münasibətləri nizamlamaq üçündür. Bugünkü ictimai münasibətlər isə bunu tələb edir.
Deyə bilərsiniz ki, səsvermədə iştirak etməyin nə mənası var, onsuz da nəticələr həmişə saxtalaşdırılır. Haqlısız, ancaq fakt baxımından. Mahiyyətcə isə, biz bir xalq olaraq bu günədək hamılıqla seçkiyə gedib səs vermədik ki, pis niyyətli insanlar da millətin əsl iradə və əzmini görüb öz çirkin niyyətlərindən əl çəksinlər, ya da az da olsa ehtiyat etsinlər.
Gəlin özümüzə faydalı vəzifələr müəyyən edək.
P.S. konstitusiyamızda eyni zamanda həm də vəzifə olan hüquq da var:
Maddə 34. Nikah hüququ
IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Ailə Məcəlləsi: Maddə 58. Uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və vəzifələri
58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar.
08 yanvar 2015-ci il.
“Çalxan” hüquq firmasının direktoru: Hüquqşünas Qurban Məmmədov (Cəlaloğlu).