Məhşur hüquqşünas Qurban Məmmədov 23 dekabr bələdiyyə seçkilərində seçici iştirakının 10 faizdən də az olmasını əsas gətirərək Moderator.az-da belə bir təkliflə çıxış edib ki, qanunvericiliyə dəyişiklik edilməli və konstitusiyanın 1-ci maddəsindən, yəni hakimiyyətin mənbəyini təşkil etmək vəzifəsindən imtina etdiyinə görə- seçkilərdə ümumiyyətlə iştirak etməkdən üzrsüz səbəbə görə boyun qaçıran vətəndaş işləyirsə 3 aylıq əmək haqqı, işləmirsə ölkədəki orta aylıq əmək haqqının 3 misli qədər cərimə olunsun—-(moderator.az/?xeber=66351)
Q. Məmmədov bunu belə əsaslandırır ki, öz hakimiyyətini seçkilər vasitəsilə formalaşdırmaq xalqın hüququ olmaqla bərabər eyni zamanda vəziəsidir, o bundan imtina etməklə dövlətindən imtina etmiş olur. Yəni seçici istənilən halda seçkiyə gəlməli, bülleteni götürməli, bundan sonra ürəyindən nə keçsə onu həyata keçirməlidir, hətta bülleteni qəsdən yararsız hala da sala bilər, yetər ki, o seçkiyə qatılsın.
Başqa bir tanınmış hüquqşünas, Almaniyada yaşayan Əlövsət Əliyevsə bunu qəbuledilməz sayır və seçicinin məcburən seçkiyə gətirilməsini onun seçkidə iştirak etməkdən imtina hüququnu pozmaq kimi qiymətləndirir:
“Mən bu fikirlə razı deyiləm. Çünki hər bir şəxs səsvermə zamanı 3 hərəkətdən birini etməlidir. Yəni ya lehinə, ya əleyhinə səs verməli, ya da bitərəf qalmalıdır. Bu isə o deməkdir ki, insan məcburi olaraq seçkiyə cəlb edilə bilməz. Məncə seçicinin məcburi olaraq seçkiyə cəlb olunması onun səsvermədə iştirak etməkdən imtina hüququnu pozardı.”