Əlaqə vasitələri

AŞPA-nın deputatı Cənab Paul Philip Flynn-ə açıq məktub.

Hörmətli cənab!

 

Sizin, AŞPA-nın Strasburqda keçirilən 24 iyun 2014-cu il tarixli toplantısında Azərbaycanın prezidenti vəzifəsində çıxış edən Əliyev İlham Heydər oğluna verdiyiniz sualları və onun cavablarını həbsxana kamerasında TV-də dinlədim.

Öncə, Sizə və ingilis xalqına şəxsim, ailəm və millətim adına, göstərdiyiniz prinsipial mövqeyə və səbrə görə minnətdarlığımı bildirirəm.

Paul-Philip-Flynn---İlham-AliyevSizin: “Mən Azərbaycanda saxta ittihamlarla mühakimə olunub, türmələrə salınan jurnalist və bloggerlərlə görüşmüşəm, bu ölkədə seçkilərin nəticələri saxtalaşdırılıb. Sizin Nazirlər Komitəsinə sədrliyiniz dövründə Azərbaycan insan hüquqları sahəsində Avropa Şurasının standartlarına əməl edəcək, yoxsa, Avropa Şurasının digər üzv dövlətlərini indi Sizdəki kimi acınacaqlı deqradasiya səviyyəsinə salacaq?” sualınıza, özünü Azərbaycanın prezidenti elan etmiş, mənim xalqımın iradəsini təmsil etməyən İ.Əliyevin: “Siz yalan danışırsınız…bizdə siyasi məhbuslar yoxdur…prezident seçkisi saxtalaşdırılmayıb…bu dedikləriniz sizin dövlətdə olur.” — deyə, verdiyi cavab, təbii ki, həqiqətdən uzaqdır və Sizin, eləcə də Böyük Britaniya dövlətinin təhqirinə yönəlmiş bu cavabla mənim xalqım qətiyyən həmrəy deyil. Əsl yalanı danışan Siz yox, prezident seçkilərinin nəticələrini saxtalaşdıran, 18 nəfərdən ibarət olan MSK-nın qərarı ilə Azərbaycanın prezidenti vəzifəsini qanunsuz olaraq mənimsəyən İ.Əliyevin özü idi.

Yalançılıqda ittiham etməklə Sizi, seçkiləri saxtalaşdırmaqda ittiham edərək dövlətinizi təhqir edən İ.Əliyevin hərəkətlərinə görə, Sizdən və xalqınızdan şəxsim və millətim adına üzr istəyirəm. Ona görə üzr istəyirəm ki, bir xalq olaraq biz dövlətimizi Avropada belə bir adamın təmsil etməsinə mane ola bilməmişik.

Sualınızın sonuncu hissəsində ifadə etdiyiniz həyacanı tam bölüşürəm. Həqiqətən də, Azərbaycanın indiki rejiminin insan hüquqları ilə bağlı törətdiyi hərəkətləri, Beynəlxalq demoqoqiya fəaliyyəti və “qara kürü siyasəti” Avropa Şurasının digər üzv dövlətləri üçün də pis nümunə ola bilər. Bu tip hərəkətlərin qarşısı vaxtında və qətiyyətlə alınmazsa, Avropa dəyərlərinin deqradasiyası da qaçılmaz olacaq. Bildiyiniz kimi, pis hərəkət yoluxucu olur və tez yayılır. İ.Əliyev öz çıxışı və suallara verdiyi cavabları ilə belə pis hərəkətlərin, Avropa dəyərləri və Avropa Mədəniyyəti ilə bir araya sığmayan davranışların nümunəsini ortaya qoydu.

Hörmətli cənab Paul Philip Flynn!

İ.Əliyev Azərbaycanda prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmadığını, Azərbaycanda siyasi məhbus olmadığını və korrupsiyaya qarşı ciddi mübarizə aparıldığını deyəndə, mən bir Azərbaycan vətəndaşı kimi bu ağ yalanın o yüksək Avropa tribunasından səsləndirildiyi üçün, xalqım adına utandım və ekrana baxa bilmədiyim üçün nəzərimi həsxana kamerasının, az da olsa günəş süaları gələn kiçik pəncərisinə tərəf çevirdim.

Azərbaycanda siyasi məhbus yoxdursa, bəs “İsmayıllı hadisələri” bitəndən sonra hadisə yerinə getmiş və həmin hadisənin təşkilatçısı kimi həbs edilən Tofiq Yaqublu və İlqar Məmmədov kimdir?

Yalançı şahid olduqları ciddi dəlillərlə sübut edilən şəxslərin ifadələri əsasında müxtəlif uydurma ittihamlarla həbs edilən jurnalist və bloggerlər: Əvəz Zeynallı, Sərdar Əlibəyli, Pərviz Həşimli, Rəşad Ramazanov, Hilal Məmmədov, Əbdül Əbilov, Rauf Mirqədirov, Nicat Əliyev və Ömər Məmmədov kimdir? Niyə bu şəxslər məhz  “əliyevlər rejimi”ni tənqid etdikdən dərhal sonra “narkoman”, “narkotik satıcısı” və ya “vətən xaini”, “xuliqan” olurlar?

Hüquq müdafiəçiləri: Anar Məmmədli 09 oktyabr 2013-cü il prezident seçkilərinin saxtalaşdırılması barədə rəy verməsəydi, Cəmil Məmmədov, Əliabbas Rüstəmov və Bəşir Süleymanlı ölkədə korrupsiya və rüşvətin total xarakter alması barədə bəyanatlar səsləndirməsəydilər, həbs edilərdilərmi? – Əlbəttə, yox!

Bizim ölkədə İ.Əliyev hakimiyyətinə qarşı çıxan istənilən şəxs “cinayətkardır” – özünü prezident elan edən bu şəxsin mövqeyi belədir.

Yalnız həqiqəti —- İ.Əliyev hakimiyyətinin talançı, anti-xalq və qanunsuz olduğu barədə şifahi nitq söyləyən ilahiyyatçılar: Tale Bağırzadə, Abgül Süleymanov, Mövsüm Səmədov və onlarla başqaları vicdan məhbusu deyillərsə, bəs kimdirlər?

Ordudakı əsgər ölümlərinə, korrupsiya və rüşvətxorluğa qarşı etiraz səslərini ucaldan, dinc nümayişlərdə iştirak edən “NIDA”çı gənclər: Rəşadət Axundov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə, Üzeyir Məmmədli, Məmməd Əzizov, Rəşad Həsənov, Şahin Novruzlu məhz siyasi fəaliyyətlərinə görə “xuliqan” kimi ittiham ediliblər. Çünki onlar da ardıcıl olaraq, İ.Əliyev rejiminin qanunsuz hərəkətlərini tənqid və ifşa edirdilər.

Hörmətli Paul Philip Flynn!

Bu sadaladıqlarım,  sadəcə olaraq, İ.Əliyevin Sizin “siyasi məhbuslarla bağlı” sualınıza cavab verərkən yalan danışdığını və bütün dünyanı aldatmağa cəhd etdiyini (məhz cəhd etdiyini, sübut etdiyini yox) sübut etmək üçündür. Azərbaycandakı siyasi məhbusların əsl sayını və kimliklərini isə, xalqımızın tam etimad etdiyi hüquq müdafiəçisi Leyla Yunusun siyahısından öyrənə bilərsiniz. İ.Əliyev hakimiyyəti özünə “uydurma əl müxalifəti” yaratdığı kimi, “uydurma hüquq müdafiəçiləri” də yaradıb.

Onlara da, İ.Əliyev kimi, etibar etməyin, inanmayın, güvənməyin!

İ.Əliyevə görə, mən də siyasi məhbus deyiləm.

Baxmayaraq ki,

  1. Dövlət məmurunun xidməti avtomobilinin sürücüsünün törətdiyi qəzanı yalançı şahidlərin vasitəsi ilə mənim üstümə ataraq şərləyib, sübutları saxtalaşdırıblar. Müdafiə hüququmla bağlı heç bir vəsatətim təmin edilməyib.
  2. Mən ittiham edildiyim Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-ci maddəsi ilə Azərbaycan tarixində həbs edilən, yəni ayrı-seçkiliyə məruz qalan yeganə şəxsəm. 1 il 1 aydan artıqdır ki, həbsdəyəm.
  3. 27 sentyabr 2012-ci ildə baş vermiş qəzadan sonra, 25 dekabr 2012-ci il– 05 yanvar 2013-cü ildə vətəniniz İngiltərədə, oğluma və nəvələrimə baş çəkdikdən sonra Azərbaycana dönməyimə baxmayaraq, “istintaqdan gizlənə bilər” bəhanəsi ilə 04 iyun 2013-cü ildə həbs edilmişəm.
  4. Mənə CM-də olmayan, yəni CM-nin 263-cü maddəsində nəzərdə tutulmayan cəza növü– ümumi rejimli cəza müəsissəsində çəkilməklə 3 il azadlıqdan məhrum etmə cəzası verilib. Halbuki, CM-nin 1.3-cü maddəsinə əsasən, “…cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər”.

Mənə isə, Azəraycan Respublikası CM-nə daxil edilməyən cəza növü veriblər. Qüvvədə olan CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cəza ümumi rejimli cəzaçəkmə müəsissəsində yox, məntəqə tipli cəzaçəkmə müəsissəsində çəkilməlidir. 1998-2003-cü illərdə də atası H.Əliyeviin tapşırığı ilə bu formada qanunsuz cəza çəkməyə məhkum edilmişdim.

İ.Əliyev “siyasi məhbus kriteriyaları”nın müəyyən olunmadığından danışmağı çox sevir. Yəqin o güman edir ki, siyasi və ya vicdan məhbuslarının qanadları çıxmalıdır.

Belədirsə, Azərbaycanın həbs və cəzaçəkmə müəsissələri qanadlı insanlarla doludur.

Cənab Paul Philip Flynn!

Korrupsiya barədə İ.Əliyevin dediyi yalanları isə rəsmi sənədlərlə sübut etmək olduqca asandır.

Diqqətinizə yalnız 4 faktı çatdırıram:

  1. Azərbaycana qonşu ölkələrin: Rusiya, Gürcüstan, İran və Türküyənin gömrük məntəqələrində qeydə alınan idxal mallarının çəkisi, çeşidi, adı və qiymətləri ilə Azərbaycanın gömrük orqanlarında aparılan qeydləri tutuşdursaq, mənimsəmənin məbləğini tapa bilərik. Məsələn, “Toyota” avtomobillərinin qiyməti Azərbaycanın gömrük orqanlarının sənədlərində 10 min ABŞ dolları göstərilsə də, daxili bazarda bu avtomobillərin qiyməti 30 min manatdan (36-37 min ABŞ dolları) başlayır. Bütün idxal mallarının çəkisi və qiyməti beləcə saxtalaşdırılır və malların qiyməti və çəkisi aşağı göstərilməklə alınmış real gömrük rüsumlarının cüzi hissəsi dövlət, qalan böyük hissəsi isə “korrupsiya büdcəsi”nə keçilir.
  2. Bir Avropalı və qanunun ali olduğu bir dövlətin vətəndaşı olarq Sizin və bütün mədəni dünyanın başa düşə bilməyəcəyi əmək haqqı sistemi var Azərbaycanda. Bəzi yüksək vəzifəli şəxslərə, rəsmi əmək haqlarından əlavə olaraq, “paket” əmək haqqı da verilir. “Paket”dəki əmək haqqı rəsmi qeydə alınmayan, nəğd ödənilən və rəsmi əmək haqqından dəfələrlə çox olan əlavə pul məbləğidir. Bunu bütün Azərbaycanlılar bilir. Korrupsiyanın total olmadığı, İ.Əliyeviin iddia etdiyi kimi, korrupsiyaya qarşı mübarizə aparıldığı bir ölkədə bu “paket” – nəğd pullar haradandır?
  3. Azərbaycanda korrupsiya, rüşvət və qanunsuz pul yığımı bəzən rəsmi qəbzlərlə həyata keçilirir. Yəni vətəndaşların savadsızlığından, məlumatsızlığından və bəzən də qorxaqlığından istifadə edilərək onlardan əlavə məbləğ alınır ki, o pulların da sonrakı taleyi qaranlıqdır. Məsələn, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (DƏDRX) verdiyi “Forma 1” (daşınmaz əmlakın yüklülüyünə dair) arayışın dövlət rüsumu 10 manat olsa da, İ.Əliyevin hakimiyyəti müddətində bu arayışa görə vətəndaşlardan 10 ildən çoxdur ki, minimum 44 manatdan başlayaraq 5-10 min manata qədər əlavə pullar alınır. Bunu isə həmin idarənin mədaxil orderləri ilə sübut etmək çox asandır.
  4. Azərbaycan məhkəmələrinin bazar, market, elit dükanlar kimi fəaliyyət göstərməsi isə bütün dünyaya bəlli bir faktdır. Buna ən yaxşı sübut eyni qanunsuz əmələ görə müxtəlif, fərqli cəzaların verilməsi, eyni mahiyyətli mülki münasibətlərin müxtəlif qaydada həll edilməsidir. “Qanun qarşısında vətəndaşların bərabərliyi prinsipi”nın pozulması rüşvət və korrupsiyanın açıq göstəricisidir.

Mən yalnız 4 faktı dedim. Əslində isə Azərbaycanda rüşvət və korrupsiya olmayan heç bir sahə yoxdur. Mənim xalqım doğum evlərindən qəbristanlığa qədər rüşvət verməyə məhkum edilib.

İ.Əliyev hələ 2005-ci ildə, şəxsən, yerli TV kanallarının birində, canlı efirdə bəyan etdi ki, “Həqiqətən Azərbaycan iqtisadiyyatında monopoliya var və bütün keçid dövründə olan dövlətlərdəki kimi,  bu monopoliya da onun şəxsi nəzarətindədir”. Bunu o özü etiraf edib. Monopoliya bu gün də Azərbaycan iqtisadiyyatının bütün sahələrini xərçəng kimi məhv etməkdədir və hakim ailənin və onlara yaxın adamların əlindədir.

Cənab Paul Philip Flynn!

Əgər İ.Əliyevə görə, korrupsionerlərin buynuzu olmalıdırsa, onda mənim ölkəmdə kifayət qədər buynuzlu insan var və onların qanunsuz hərəkətlərindən mənim xalqım əziyyət çəkir.

Son olaraq, bir  məsələyə diqqətinizi xüsusi olaraq yönəltmək istəyirəm. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə əsasən, Azərbaycan xalqının xarici siyasət kursunun, müttəfiqlərinin müəyyən edilməsi Azərbaycan Prezidentinin səlahiyyətlərinə daxil deyil.

 Digər tərəfdən, 09 oktyabr 2013-cü il prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması nəticəsində hakimiyyərti mənimsədiyi üçün, İ.Əliyev mənim xalqımın təmsilçisi kimi tam legitim deyil və onun imzalayacağı istənilən beynəlxalq müqavilə, xalqımızın maraqlarına zidd olarsa, gələcəkdə ləğv ediləcək və tanınmayacaqdır.

 Azərbaycan heç kimin atasının miras əmlakı, ya da şəxsi bostanı deyil ki, istədiyi kimi onu idarə etsin, şəxsi istək və maraqlarına uyğun olaraq istədiyi beynəlxalq birliyə sürükləsin. Bu baxımdan, İ.Əliyevin, “Avrasiya birliyinə” gedə biləcəyi ilə hədələməsinin heç bir hüquqi əsası yoxdur və onun bu mövqeyi Azərbaycan xalqının arzularını ifadə etmir. Mənim xalqım öz seçimini 20 yanvar 1990-cı ildə şəhidlər verərək müəyyən edib: Avropa, Avropa dəyərləri və mədəni dünya. Buna heç kimin şübhəsi olmasın.

Ermənistanla müharibə edə biləcəyinə  eyham vurması da Sizi narahat etməsin. Tarix göstərir ki, xalqın iradəsi ilə hakimiyyətə gəlməyən, avtoritar və ədalətsiz rejimlər heç vaxt xarici düşmənlə müharibəyə girməz. Çünki iki atəş arasında qalacağına, hakimiyyəti ilə vidalaşacağına qəti əmindir. İ.Əliyev üçün önəmli olan Azərbaycanın işğal altında olan torpaqları yox, şəxsi-klan  hakimiyyət kürsüsüdür. Onun bu tip bəyanatları ölkədaxili siyasətə hesablanıb, xalqı aldatmaq üçündür.

Azərbaycan torpaqlarının Ermənistanın işğalında qalması İ.Əliyevin hakimiyyətdə qalmasının əsas şərtidir. O, bu status-kvo ilə xalqı ümid və qorxu arasında saxlayaraq hakimiyyətini uzadır. Əsası atası H.Əliyev tərəfindən qoyulan bu siyasət artıq 21 ildir ki, davam edir. Bu minvalla 100 il də davam edə bilər.

Vaxtınızı aldığım üçün üzr istəyirəm.

 Vaxt ayırıb bu məktubu oxumağa sərf etdiyiniz gözlərinizin nurunu və enerjinizi halal edin.

Bir daha əmin olun ki, Azərbaycan xalqı Sizin haqlı mövqeyinizi dəstəkləyir və Sizə minnətdardır.

Ümid edirəm ki, bundan sonra da öz qanuni, obyektiv və prinsipial mövqeyinizi davam etdirəcəksiniz. Xalqımın Sizin kimi namuslu adamların köməyinə ehtiyacı var.

Hörmətlə, Məmmədov Qurban Cəlal oğlu.

Siyasi sayılmayan məhbus.

 

Özüm haqqında:

               – 1989-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin (AXC) üzvü,

                –   1991-1992-ci illərdə AXC sədri Ə.Elçibəyin təşkilat işləri üzrə müavini,

                – 12 iyun 1990-25 sentyabr 1991-ci illərdə ilk siyasi məhbusluğum,

                – 1992-2008-ci illərdə ADP-nin Siyasi Şurasının üzvü,

                – 1998-2003-cü illərdə H.Əliyevin tapşırığı ilə ikinci siyasi məhbusluğum,

                – 1995-1998-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının

                        Rəyasət Heyyətinin üzvü,

               – 2008-ci ildən müstəqil hüquq müdafiəçisi kimi çıxış edirəm.

               – “Azadlıq” qəzetində, “Azərbaycan Saatı” adlı TV proqramlarında, “Kanal 13”, “Obyektiv TV” , “Azadlıq” radiosu və sair kütləvi və elektron məlumat vasitələrində sistemli olaraq  şəxsən İ.Əliyevi  və onun qurduğu anti-xalq rejimini tənqid etdiyim üçün 04 iyun 2013-cü ildə şərlənərək, saxta ittihamla həbs edilmişəm.

Saat 00:30-06:00

02 iyul 2014-cü il

                                         İmza:                                     / Q.C.Məmmədov/

Loading