Yaxşı dərs
Ukrayna müxalifəti birləşdi və xalqı öz arxasınca apara bildi. Bununla da sübut etdi ki,
1) müxalifət birləşsə, xalq ayağa qalxar,
2) xalq ayağa qalxa və haqqı uğrunda döyüşərsə, beynəlxalq dəstək də olar.
3) mövqeyi aydın olan müxalifət, haqqı uğrunda ölümdən çəkinməyən xalq və beynəlxalq dəstək bir yerdə qələbəni təmin edə bilər.
100-dən çox qurban verən Ukrayna toplumu bir xalq kimi hörmətə layiqdir və heç şübhəsiz ki, tezliklə də Avropa ailəsinin bir üzvünə çevriləcəkdir.
Qışın soyuğunda, aylarla davam edən dinc etirazın sonu qələbə ilə nəticələndi. Bu qələbə həm də o baxımdan qiymətlidir ki, ukraynalılar artıq 9 il bundan öncə “narıncı inqilab” edərək xeyli enerji sərf etmişdilər. Bunu ona görə vurğulayıram ki, bəzi sosioloq-alimlər, mütəxəsisslər Azərbaycan vətəndaşlarının indiki passivliyi və laqeydliyini 1989-1992-ci illərdəki proseslərdə ictimai-potensial enerjinin hədsiz tükədilməsi ilə də bağlayırlar və belə hesab edirlər ki, bu enerjinin bərpası üçün uzun zaman lazımdır. Ukrayna hadisələri bu tezisin elmi əsasının olmadığını və obyektiv nəticə olmadığını sübut edir. Deməli, millətlər hər an öz talelərinə sahib çıxmalı və onları təhdid edən təhlükələrə qarşı mübarizəyə qalxmağa hazır olmalıdırlar.
Əslində Ukraynanın əldə etdiyi, Krımın müvvəqəti itirilməsi ilə də olsa, olduqca böyük qələbədir və bu, dövlətin gələcəyinin, həm də müsbət gəlcəyinin bir dəfəlik həlli deməkdir.
Azərbaycanda olduğu kimi onlarda da seçim belə idi: ya Krımla birlikdə bütün Ukraynanı yenidən itirmək – Rusiya təbəliyinə keçmək, ya da Krımı müvvəqəti itirməklə də olsa inkişaf yoluna – mədəni dünyaya qoşulmaq.
Krımın itirilməsi isə müvəqqətidir. Çünki Rusiya özü müvəqqətidir. Cəmiyyətdə fəaliyyət göstərən obyektiv qanunlar Rusiyanın da gec, ya da tez parçalanacağından xəbər verir. Bu müddətdə isə Ukrayna elə bir inkişaf yolu keçəcək ki, məqamı gələndə Krımı avtomatik geri qaytaracaq. Ali Radanın və Avropa qurumlarının qəbul etdikləri qərarlar, eləcə də dünya dövlətlərinin Krım referendumunu və Rusiyanın ilhaq qərarını tanımamaları ilə bağlı verdikləri bəyanatlar gələcəkdə bu prosesin qanuni əsası olacaqdır. Ancaq Krımı itirməmək də olaradı.
Pis dərs
Rusiyanın güclü olduğunu bəhanə edən Kiyev rus qoşunlarına müqavimət göstərmədi və belə bir görüntü yarandı ki, ruslar Krımı zorla işğal etməyiblər. Putin bunu xüsusilə vurğulayır. Hesab edirəm ki, rus ordusuna qarşı, güclüdürlər deyə müqavimət göstərməmək olduqca yanlış bir qərar idi və bu qərarın heç bir hüquqi, siyasi, mənəvi və faktiki əsasları yoxdur. Özün döyüşməyə-döyüşməyə başqalarından səni müdafiə etmələrini tələb edə bilməzsən. Ukraynanın NATO üzvü olmaması da burada səbəb deyildi. Liviya məgər Fransa ilə bir blokda idi? Eləcə də Serbiya da, Kosova da, İraq da, Əfqanstan da və s.
Avropa və ABŞ döyüşən, ölməyə hazır olan, qərarlı və qətiyyətli xalqlara yardım edirlər, onların əvəzindən döyüşmürlər. “Güc doğana düşər”. Deyəsən Ukraynada bunu bilmirlər. ABŞ və Avropa bütün silahlı qüvvələrini hazır vəziyyətə gətirmişdilər və ABŞ hətta öz hərbi gəmilərini münaqişə zonasına, potensial müharibə meydanına yaxınlaşdırmış, Ukraynanı müdafiə edən çox böyük beynəlxalq siyasi dəstəyi də təşkil etmişdilər.
Ukraynalılar özləri döyüşmədən avropalı və ya amerikalının orada döyüşməsini necə başa düşmək olar? Dünya tarixində belə bir təcrübə indiyədək olmayıb və bundan sonra da olmayacaq. Düşmənin çoxluğunu və gücünü bəhanə edərək döyüşməmə, torpağı, vətəni, namusu qorumamaq isə nə xristian, nə də islam dininin dəyərlərinə uyğundur. Güclü düşmənə təcavüz etməmək olar, güclü düşmənlə sülh müqaviləsi bağlamaq olar, ancaq təcavüzkara güclü olduğuna görə müqavimət göstərməmək qətiyyən olmaz.
SSRİ və Əfqanıstan, ABŞ və Əfqanıstan, ABŞ və Vyetnam, Bəşər Əsəd və müxalifəti, H.Mübarək, Qəzzafi və müxalifəti, eləcə də tarixdən üzü bəri yüzlərlə bu tip qarşıdurmalarda gərək “Ukrayna mətiqi” ilə müharibələr olmayaydı.
İslam hərb tarixi isə tam əksini sübut edir. 15 yaşından at belinə sıçrayan İslam sərkərdəsi Üqbə ibn Nafi başının dəstəsi ilə sayca ondan qat-qat çox olan Afrikanı fəth edir, Atlantik okeanına çatır, sonra: “Allahım, bu dəniz önümə çıxıdı, çıxmasaydı, sənin ismi-şərifini dənizləri aşaraq ta o taylara aparacaqdım!” – deyə, hayqırır.
Tariq ibn Ziyad on iki minlik qoşunu ilə 90-100 minlik ispan ordularını darmadağın edib, Toledoda kral sarayına çatır.
Yərmükdə 30 minlik müsəlman ordusu 200 minlik bizanslı ilə döyüşdə qalib gəlib. Həmin döyüşün bir qəhrəmanı Hunaş ibn Qeys haqqında tarixçilər yazırlar ki, döyüşdə ayağının birini düşmən qılıncla vurub üzür, yalnız döyüş bitdikdən sonra atdan enərək ayaq üstə dura bilmədiyində başa düşür ayağının birinin yoxluğunu.
Bunlar 1400-1300 il öncə olanlardır.
Bəs Türkiyənin Qurtuluş Savaşı. Çanaqqala döyüşü? Türklər niyə təslim olmadılar? Düşmənlər ki güclü idi…
Bəs qardaş Çeçenistan. Çeçen qardaşlarımız ki, Ukraynadan da zəif idilər say və texnika baxımından. Demək ki, məsələ təkcə sayda və texnikada deyil. Hərbin bir qanunu var: piyada girməyən torpaq işğal olunmuş sayılmır. Hətta girmək də əsas şərt deyil. Bu giriş qalıcı olmalıdır. Qalıcı olmayan işğal, zəbt məğlubiyyət sayılmır. Düşmən göydən nə qədər bomba tökür, töksün. İşğal edib saxlamaq üçün əvvəl-axır canlı qüvvəsini yeritməlidir. Bax o məqamda fiziki güc və silahdan daha çox, başqa amillər müharibənin taleyini həll edir.
Nə SSRİ, nə də ABŞ Əfqanstanı işğal edə bilmədi: Niyə? Çünki Qurani-Kərimdə buyurulur: “Elə isə, qoy dünyanı verib əvəzində axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya (düşmənə) qalib gəlrsə, ona böyük mükafat verəcəyik” (Nisa surəsi, 4/74)
“Ya Peyğəmbər! Möminləri döyüşə həvəsləndir (təşviq et). Sizdən iyirmi nəfər səbrli kişi iki yüz kafirə, yüz səbrli kişi min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın möminlərə olan köməyini) anlamayan bir tayfadır”
(“Ənfal” surəsi, 8/65).
Vətən, namus, şəxsi mülkiyyətin müdafiəsi üçün vuruşmaq da “Allah yolunda vuruşmaq” kimidir və qəlbində iman eşqi olan istənilən adam, qrup və ya millət özündən ən azı 10 dəfə çox olan, güclü olan düşmənə mütləq qalib gələcəkdir. Deməli, müharibədə, döyüşdə, mübarizədə əsas olan ruh, inam, eşq və niyyətiin saflığıına inamdır.
Dünya gördü ki, Ukraynalılarda döyüş ruhu yoxdur, deməli, istənilən anda xəyanət ola bilər. Haqlı olaraq da “özlərini pis etmədilər”.
Bu, Ukarynanın pis dərsi idi. Tez-tez Krımla Qarabağ arasında müqayisələr aparılır. Əvvəla, tam fərqli məsələlərdir. Bu barədə ayrıca yazmaq olar. İndiki məqsədim başqadır.
İkincisi isə, biz 9 milyondan çoxuq. Bizim 6, 7, 8 milyon olan vaxtımız da var idi. Hesab edək ki, heç 9 milyon olmamışıq. Qarabağ uğrunda döyüş qərarı vermədən öncə 1 milyon tabut, 1 milyonluq Şəhidlər Xiyabanı indidən hazırlansın. Bir dövlət və millət olaraq 100 illik müharibəyə hazırlaşsaq, bu hesabla ərzaq, silah və s. tədarük görək. Din xadimlərimiz təcili olaraq əsgərlərin mənəvi cəhətdən müharibəyə hazırlanmasına başlasınlar və 60 yaşınadək kişilər arasında səfərbərlik elan edilsin. Qoy bir erməni və ya bir rus əsgərinin əvəzinə 3 azərbaycanlı ölsün. Bir milyon biz şəhid verək, 300 min də erməni cəhhənəmə vasil olsun. Ancaq döyüşək. Dünya yalnız bu halda bizə yardım edər. Yalnız bu yolla biz cənnətə gedə bilərik. Yoxsa, indiki vəziyyətdə bizi cəhənnəm atəşi gözləyir.
Düşündürücü dərs…
Siz dünya tarixində, bu və ya digər səbəbdən, düşməninə sığınan hökmdara: şah, sultan, imperator, kral və ya prezidentə rast gəlmisinizmi? Şəxsən mənə belə bir fakt tarixdən məlum deyil. Vəzirlər, generallar, qoşunbaşı, əsgər, sıravi vətəndaş düşmənə satıla bilər, ona pənah apara bilər, ondan yardım da istəyə bilər. Dövlətin başçısı isə əsla!
Tarix belə bir fakt tanımır. Ayaz Mütəllibov və Viktor Yanukoviçdən başqa.
V.Yanukoviçin Rusiyaya sığınması və Krımın işğalından, ilhaqından sonra da Moskvada qalması, Putinin bu qanunsuz hərəkətlərinə, Ukraynaya düşmənçilik etməsinə etirazını bildirməməsi sübut edir ki, o elə əvvəlcədən Moskvanın adamı – agenti olub və Ukraynanın yox, Rusiyanın xeyrinə çalışıb. ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Raysın “The Washington Post” qəzetində “Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və indiki Amerika hökumətinin buraxdığı səhvlər” barədə yazdığı məqalədə də Yanukoviçi hələ seçilməmişdən öncə Putinin iş otağında gördüyü, onun adamı olduğu göstərilib.
Azərbaycandan fərqli olaraq Ukraynada qanuni seçkilər keçirilir. Guya V.Yanukoviçi də Ukrayna xalqı seçib. Əslində, “guya” yox, həqiqətən onu xalq seçmişdi. Ancaq xalqa “seçdiriblər” desək, daha düzgün olar.
Artıq dünyasını dəyişmiş Boris Berezovskinin məşhur bir sözü var: “mənə atı verin, mən onu Rusiyanın prezidenti edim”. Deməli, müəyyən seçki texnologiyaları ilə hətta xalqları, millətləri aldadıb onun düşmənini də onun öz əli ilə özünə başçı seçdirə bilirlər. İndi görün heç bir seçkidən söhbət getməyən, rüşvət və korrupsiyanın meydan suladığı Azərbaycanda nələr edə bilərlər?
Maydanlıların həbsinə qərar verən hakimin öldürülməsi məni hiddətləndirmişdi. Baxmayaraq ki, o da Azərbaycan hakimləri kimi, prezidentin siyasi iradəsinə və onun tapşırığına uyğun qanunsuz qərar vermişdi. Ancaq sonradan V.Yanukoviçin düşmənə işlədiyi sübut ediləndə başa düşdüm ki, o hakim düz öldürülüb. Demək, o da düşmənin tapşırığını icra etməklə Ukrayna xalqına düşmənçilik edibmiş. Biri prezident, digəri də hakim vəzifəsi altında gizlənibmiş. Düşmənlə də düşmən kimi rəftar etmək lazımdır.
Bu yerdə məni ittiham edən Nəsimi rayon məhkəməsinin hakimi Emin Mehdiyev və prokuror Nağıyev Elçin Əli oğluna “Son söz”də dediklərim yadıma düşdü: “Siz əminsiniz ki, mənim, Tofiq Yaqublu və İlqar Məmmədovun, ilahiyatçı Tale Bağırzadənin, jurnalistlər Əvəz Zeynallı və Sərdar Əlibəylinin, millətimizin gül kimi balaları NİDA-çıların və başqa gənclərimizin həbsini sizdən tələb edən, bunu xalqımızın xeyri üçün edir? Siz sifarişçinin erməniyə, rusa işləmədiyinə tam arxayınsınızmı? Bir hakim kimi sizin vəzifəniz qanunla işləməkdir, tapşırıq ilə yox. Tapşırıq verənlərlər də satıla bilərlər, bu barədə heç düşünürsünüzmü?”
V.Yanukoviç öz hərəkəti ilə mənim şübhələrimi daha da dərinləşdirdi. Mən tam əminəm ki, Azərbaycanda da Ukraynadakı kimi şərait yaransa, Emin Mehdiyevə həmin tapşırıqları verənlər və onların ətarfındakıların çoxu Rusiyaya – düşmənə sığınacaqlar. Hətta ola bilsin “bizimkilər” Azərbaycanı dörd (4) yerə bölməyə çalışmaqla Bəşər Əsəd kimi xalqımızdan intiqam alamağa cəhd də etsinlər.
Mən çox narahatam. Ancaq xalqımızın müdrikliyinə, cəsarətinə və ləyaqətinə arxayınam. İnanıram ki, Ukrayna xalqının bu 3-cü dərsi haqqında yaxşı-yaxşı düşünəcək, hakimiyyətin boğazdan yuxarı vədlərinə, qulaq oxşayan, avazı yaxşı gələn şirin yalan sözlərinə arxayın olub Qarabağın itirilməsinə, vətənimizin, millətimizin, xalqımızın alçaldılmasına imkan verməyəcək.
Son 21 illik qanunsuzluq, millətin incidilməsi, rüşvət, korrupsiya, monopoliya, özbaşınalıq, hərcmərclik, insanların malına, canına qəsd, məhkəmə özbaşınalığı, bir sözlə, dözümsüzlük şəraitinin yaradılması da xalqımızı müstəqillikdən iyrəndirməyə, Moskvasız yaşaya bilməyəcəyinə onu inandırmağa yönəlib.
Bu təhlükə barədə Azərbaycanın böyük dostu Turqut Ər çox haqlı olaraq özünün məşhur “Azadlıqdan Tiranlığa” əsərində (səh. 240) yazır: “Yetər ki, Azərbaycan Türkləri üzərlərinə sindirilmiş, qap-qara bir yamaq kimi yapışıb qalmış qorxudan silkinib qurtula bilsinlər.Gözlərini açıb, onları idarə edənlərin, özlərindən olub-olmadığını “başa düşsünlər” (anlasınlar, düşünsünlər). Bunu etmədikləri təqdirdə nə 1,5 milyon ermənidən işğal altındakı topraqlarını geri ala bilərlər, nə də “Rus hegemoniyasından” qurtulub tam müstəqil bir Türk dövləti ola bilərlər”.
Ona görə də nəyin bahasına olursa-olsun biz Ulu Öndər, Milli Lider Məhəmməd Əmin Rəsulzadənin bir kərə qaldırdığı bayrağı bir daha enməyə qoymamalıyıq! Qarabağı müvvəqqəti itirsək də.
Tezliklə, təcili Avropa ilə lazımı sazişlər imzalanmalı, NATO-ya üzv olmaq üçün addımlar atılmalıdır. Məqsədimiz aydın, əməllərimiz qətiyyətli olmalıdır.
Ukraynadan həm pis, həm yaxşı, xüsusilə də, düşündürücü dərsləri yaxşı-yaxşı öyrənməliyik.
23 mart 2014
Qurban Məmmədov