Son vaxtlar ölkəmizdəki dini durum, məzhəblər arası kin və nifrətin dərinləşdirilməsi, bu prosesin, xüsusilə də, məqsədyönlü şəkildə məhz qarşıdurma istiqamətində idarə edilməsi qorxulu və qanlı gələcəkdən xəbər verir. Biz bu real təhlükəni görməzdən gələ bilmərik. Çünki bizim başqa Vətənimiz yoxdur.
İqtidar Allahşükür Paşazadəni yanına almaqla hakimiyyətini “qarşı” dini qrupların hədəfinə çevirib. A.Paşazadə isə özünün son fitvası və bəyanatları ilə şiəliyi, özünü və yanında olduğu hakimiyyəti hədəf göstərib.
Qarabağ boyda dərdi, qonşuluğunda, hər an onu tarix səhnəsindən silməyə və qanını içməyə hazır olan düşmənləri olan bir dövlət belə daxili ziddiyyətlərə imkan verməməli, vaxtında bunun qarşısını almalıdır. A.Paşazadə, əslində, özünün şəxsi maraqlarına görə dövlətimizi təhlükəyə sürükləyir. Dövləti idarə edənlər, necə ki gec deyil, bunu anlamalıdırlar. Hara baxırlar dövlət başçısının ideoloqları. Korrupsiyadan başlarını qaldırıb bir az da öz vəzifələrini yerinə yetirsinlər. Çünki sabah terror qızışsa kimin harada, niyə və necə öləcəyi bəlli olmayacaq.
Yadınızdadırsa, 2013-cü ilin Ramazan ayında A.Paşazadə iftar yeməyində bir çıxış etdi: “Bu iftar yeməyi sabaha planlaşdırılmışdı. Ancaq möhtərəm prezidentimiz İlham Əliyev cənabları dedi ki, bu iftarı İmam Həsənin doğum gününə – bu günə qabağa çəkək. Ona görə iftar yeməyini bu gün veririk. Bu da göstərir ki, prezidentimiz …”
Bəlkə də, bu çıxış İ.Əliyevin də xoşuna getdi. Onun ətrafı isə buna sonralar da reaksiya vermədilər. A.Paşazadə isə din xadimi kimi yox, İ.Əliyevin vəkili kimi hərəkət edərək 9 oktyabr 2013-cü il tarixli prezident seçkilərində Quran oxumaq, İslama zidd olan meyllər haqqında danışmaq əvəzinə, bəzi firmaların kolbasasına “halal” sertifikatı verməklə siyasətlə məşğul oldu. İş o yerə qədər uzandı ki, Allahın evində də – Kəbədə, həcc ziyarətində olanlar arasında da saxta “seçki” keçirib özünün siyasi tərəfliliyini ortaya qoydu və bununla da bir daha İlham Əliyevi və onun hakimiyyətini hədəfə gətirdi.
Artıq 4 ay keçib. Soruşuram: seçkiləri saxtalaşdırıb və ya saxtalaşdırmayıb İlham Əliyevi prezident elan etmək üçün A.Paşazadənin bu “xidməti”nə ehtiyac var idimi? Axı, din siyasətdən də yüksəkdə durmalı, dövlət isə dindən ayrı olmalı və … tərəf tutmamalıdır!
Bu səhv və olduqca qorxulu siyasət indi də davam etdirilir və çox təəssüf ki, zaman-zaman hörmət etdiyimiz bəzi ziyalılar da, bilərəkdən, ya bilməyərəkdən bu təbliğata qoşulurlar.
İkincisi, mən qəti əminəm ki, A.Paşazadə olmadan da İlham Əliyev prezident elan olunacaqdı və bu prosesdə A.Paşazadə yalnız ziyan vurub İlham Əliyevə… Nəticəsini də tezliklə “Allah eləməsin”, görəcəksiniz.
Üçüncüsü, mən şiə ailəsində doğulan, seyid nəvəsi olan bir adam kimi A.Paşazadəni özümə dini rəhbər hesab etmirəm və onun Sovetlərdən qalan rəsmi səlahiyyətlərini də legitim qəbul etmirəm. Mən hələ 1995-ci ildə Tehranda olarkən, rəhmətlik Ayətullah Xomeyninin yaşadığı evi, ora gedən yolu və onun evinin yerləşdiyi məhəlləni görəndən bu fikrə gəlmişəm. Nə demək istədiyimi bilmək istəyənlər A.Xomeyninin (Allah ona qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun) evi ilə A.Paşazadənin villalarını, mal varlığını müqayisə etsələr, kifayət edər.
Hörmətli Fətulla Gülənin isə həyat tərzini öyrənəndən sonra bu fikrim daha da qətiləşdi. Mən hələ Hz. Əlinin, Hz. Əbu Bəkir və başqa dini liderlərimizin həyatını demirəm.
Hicaba qarşı Rejimin mövqeyinə sərgilədiyi münasibəti, ölkədə dini fəaliyyətinə görə həbs edilən şəxslərə qarşı törədilən qanunsuzluqlara susqunluğu ilə A.Paşazadə, sözün əsl mənasında şiəliyi hörmətdən saldı. Xüsusilə də, 9 oktyabrda sərgilədiyi siyasi mövqeyi ilə. Onun 9 oktyabr prezident seçkilərində və Kəbədə – Allah evindəki seçki fəaliyyəti isə mənim şiəlikdən uzaqlaşmağıma səbəb oldu. Azərbaycanda şiəlik pirlər və ocaqların idarəçiliyindən, yığılan nəzirlərin qeyri-müəyyən paylanmasından və xalq arasında cahilliyin yayılmasından ibarətdir.
İran şiəliyi atom üzərində çalışır, A.Paşazadə şiəliyi isə ocaqlara, qəbirlərə ip bağlamaq və TV-lərdə cin çıxartmaqla məşğuldur.
Belə bir şəraitdə həqiqi İslam tərəfdarları, Allaha inanan, Peyğəmbəri sevən və Quranı olduğu kimi qəbul edən və etmək istəyənlər nə etməli idi? Durub gözləməlidirlər ki, A.Paşazadə nə vaxt siyasi fəaliyyətdən əl çəkib dini dərslər verəcək, TV-lərdə dini proqramlar təşkil edəcək, insanlara əsl İslamı anladacaq?
Təbii ki, yox! Boşluq varsa, deməli ora dolmalıdır. Kim necə bacarır, necə istəyir elə də doldurur. Ancaq bu prosesin dövlətə heç bir aidiyyatı olmamalıdır. Konstitusiyanın 48-ci maddəsinin II hissəsində deyilir: “Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.”
Dövlət yalnız həmin maddənin III hissəsində nəzərdə tutulan hallarda: “dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozduqda və ya ictimai əxlaqa zidd olduqda” prosesə müdaxilə edə bilər. Başqa heç bir halda.
Qəribə vəziyyət yaranıb. Allahşükür Paşazadə və komandası öz vəzifələrini icra etmək, ideoloji mübarizədə performans göstərmək əvəzinə asan yol tapıblar: dövləti başqa dini qruplara qarşı müharibəyə çağırırlar.
Dayanın cənablar! Bu dövlət bütün müsəlmanların dövləti, prezident də bütün din, təriqət və məzhəblərdən olan insanların prezidentidir və ya ən azı belə olmalıdır. Siz öz şəxsi maraqlarınıza görə mənim dövlətimi dini faciələrə – qan gölünə sürükləməyin.
Vəhabi də, sələfi də, xəvaric də, şiə də qardaşdır. Bir ailənin üzvüdürlər. Hənəfi – Nurçu da həmçinin. Siz dövlətin gücü ilə bir qrupa mümbit şərait yaradarsınızsa, bu ədalətsiz dövlətə qarşı yüzminləri düşmən etmiş olarsız.
Ən azı Türkiyə təcrübəsi göz önündədir. 70 il hicablı övladlarını universitetlərə buraxmayan bir dövlət nələr yaşamadı? Bu sizə dərs olmadımı? 1985-ci ildə İranda zəlzələdən ziyan çəkənlərə yardım üçün gedən Rusiya komandası geri qayıdanda “İzvestiya” qəzeti yazmışdı: “Başı çadralı, hicablı İran qadınlarının işlətdikləri tibbi texnikadan rus professor və alimlərinin, həkimlərin başı çıxmadığına görə geri qayıtmağa məcbur oldular. İran təbabəti SSRİ təbabətini azı 25 il qabaqlayır”. Bu, rusların etirafı idi. Bəli, İranın bu gün atom üzərində çalışması, özünün uzaqmənzilli roketlərini istehsal etməsi və müstəqil olaraq kosmosa aparat göndərməsi sübut edir ki, hicabın və ya açıq-saçıqlığın müasirliklə, elmlə, mədəniyyətlə heç bir əlagəsi yoxdur. Bu sırf əxlaqi məsələdir.
QMİ A.Paşazadənin rəhbərliyi ilə fitva verib: “Suriyada döyüşən şəxslərin (azərbaycanlılar nəzərdə tutulur) əməllərinin cihad və şəhidlik məqamına aid edilməsinin heç bir səri əsası yoxdur”.
Fitva, məzmununa görə daha çox siyasi bəyanata oxşayır. Bir dənə də olsun Quran ayəsi, Peyğəmbər hədisinə istinad edilmir. Bu azmış kimi o adamlara böhtan atılır, guya o şəxslər pula görə döyüşə gedirlər. Görəsən A.Paşazadəyə nə qədər pul versən o özünü şəhid edər – özünü erməni snayperinin qabağına verər. Dünyanı versən də eləməz.
Heç mən də eləmərəm. Kim arvadının II ərinin xərcləməsi üçün özünü şəhid edib pul qazanar? İfadələrinizə, fikirlərinizə diqqət edin. Şəhidlik yalnız inam və etiqadla ola bilər, pul qarşılığında döyüşə gedərlər, şəhidliyə yox. Muzdlu əsgər başqa şeydir. Özünə bomba bağlayıb, İran-İraq müharibəsində olduğu kimi, Səddamın tanklarının altına atılan iranlı insan başqa.
O başqa məsələdir ki, kim isə səhv arqument və dəyərlərlə bunun şəhidlik olduğuna inandırılır. Siz də zəhmət çəkin tərsini izah edin, inandırın.
Görünür, A.Paşazadənin başı prezident seçkilərinə qarışanda, kimlərin isə başı Qusarda, Balakəndə, Zaqtalada, Sumqayıtda, Naxçıvanda islamın təbliğatına qarışıbmış.
İndi də, “əminəm ki, dövlət bunula bağlı hansısa tədbir görəcək. Çünki bu, islama qarşı yolverilməzdir” – deyə, A.Paşazadə yenə də İlham Əliyevi və Azərbaycan dövlətini qana səsləyir.
Dövlət nə etməlidir? İnsanların beyninə, qəlbinə, şüuruna, ağlına girib onun məzhəbini dəyişdirməlidir? Necə? Hansı yolla? Milləti qırdırmaq istəyirsiniz?
A.Paşazadə əsl sensasiya edib: “indi elə məmurlar var ki, dövlət işində oturub maaş alır, amma övladları başqa-başqa məzhəblərə qoşulub yoldan çıxır”.
Bununla da Azərbaycan hakimiyyəti, ən azı İlham Əliyevin indiki komandası “başqa-başqa məzhəblər”lə üz-üzə qoyulur. Açıq şəkildə. Bu adam bunu qəsdlə edir, yoxsa nə etdiyinin, dediyinin nəticələrini hesablaya bilmir?
Adamdan soruşarlar: “dövlət işində oturub maaş alanlar”ın uşaqları hansı məzhəbdən olmalıdırlar ki?
A.Paşazadə bəyan edib ki, “o, şəxsən heç bir təriqətdən deyil, müsəlmandır. Çünki İslamda dini təriqətlərə bölərək bir-birini aşağılamaq yolverilməzdir. Bu, cinayətdir”.
Kaş bu, həqiqət olaydı.
Belədirsə, bəs nə üçün iftar yeməyini, İlham Əliyevin tapşırığı ilə İmam Həsənin doğum gününə saldınız? Bu günədək Hz. Əli ilə Hz. Ömərin, Hz. Əbu Bəkirin, Hz. Osmanın haqqında bir moizə etdiniz mi, onları da hörmətlə yad etdinizmi?
Əgər heç bir təriqətdən deyilsinizsə, onda məhərrəmlik ayında təşkil etdiyiniz bu Aşura-Taşura məclisləri nədir belə?
Bu gün şəxsən mənim həbsdə olmağımın, ailəmi başsız qoymağımın səbəbi Hz. Hüseyn məktəbindən, Kərbəla müsibətindən dərs almağım, örnək götürməyim olub – zalıma biət etmə, haqsızlığa qarşı döyüş, şəhid olacağını bilsən də döyüş. Tale Bağırzadə, “hicab məhbusları”, “İsmayıllı məhbusları”, “Nidaçılar” və daha kimlər, kimlər… Deməli, bizi aldadıb döyüşə göndərirsiz, özünüz isə padşaha səcdə edirsiz? Budur şiəlik?
Siz şiəliyi 1987-ci ildə Sovetski küçəsində köhnə hamamın yanında taxta qapının üstündə ölümcül yaraladınız. 12-ci imamın zühur etdiyinə inanıb, ora axın edən on minlərə xitab etməyəndə. Sonra da pirlərdə, ocaqlarda, qəbirlərdə və nəzir qutusunda şiəliyi cəhalət və gerilik təriqəti kimi tanıtdınız. Siz bu işlə məşğul olanda nurçular bizim balalarımıza fizikanı, riyaziyyatı, tarixi, xarici dilləri, islam əxlaqını: böyüyə hörməti, kiçiyə, xəstəyə qayğını, düzlüyü, doğruluğu, sələmin zərərli olmasını, rüşvətin haram olmasını, vətəni, dövləti, milləti, bayrağı, himni sevməyi öyrətdilər. Vəhabilər Quran ayələrinə istinad edərək biz şiələrin səhv yolda olduğuna bizi inandırıb öz tərəflərinə çəkdilər. Bizimsə Sizin kimi dini savadımız olmadığı üçün onlara cavab verə bilmədik, inandıq və onlara qoşulduq.
İndi də Siz sevmədiyiniz təriqət və məzhəb tərəfdarlarının namaz qıldığı Allah evlərini bağlatdırır, dağıtdırır, onların rəhbərlərini elə onların da öz dövlətlərinin əli ilə təqib etdirirsiniz.
Təkrar edirəm; dövlət yalnız “ictimai qayda pozulduqda və ya ictimai əxlaqa zidd olduqda” qarışa bilər dini mərasimlərin keçirilməsinə.
İndiki hərəkətlərinizlə isə Siz hakimiyyəti əsassız və qanunsuz qarşıdurmalara sürükləyir və Dövlətimizi təhlükəyə atırsınız.
Bəli, ola bilsin ki, hansısa dini birliyin təbliğatı ictimai əxlaq baxımından ziyanlı olsun və ya ictimai qaydanı pozsun. Ola bilər. Bunun qarşısı Allah evinin bağlanması və ya dağıdılması ilə alınmır. Yalnız söz və təbliğatla. Onların öz silahı ilə. Bu, əlinizdən gəlmirsə, başqa məsələ. Onda çəkilin kənara, qoyun savadı, qabiliyyəti olanlar, həqiqətən İslamı sevənlər çıxsın ortaya, tele efirdə açıq diskussiyalarda hərə öz mövqeyini ortaya qoysun.
Şəxsən mən nəvələrimi, onlara müasir elmləri yüksək səviyyədə öyrədən, eyni zamanda da onlara islami dəyərləri sevdirən Türk Litseylərini qoyub, onları pirlərə, ocaqlara aparacaq və cahilliyə sürükləyəcək Azərbaycanın Şiə müəllimlərinin dərs dedikləri məktəblərə buraxmaram. Çünki o məktəbləri qurtaran uşaqların ağlına gəlməz ki, seçkinin nəticələrini saxtalaşdırsınlar. Qanunsuz hökm çıxarsınlar. Haqsızlığa dözsünlər. Özü saxtakarlıq edən, haqsızlığı müdafiə edən və haqqı deməkdən qorxan müəllim mənim övladıma nə öyrədə bilər? Cahillik, yaltaqlıq, qorxaqlıq, mütilik! Başqa heç nə!
Hörmətli Hacı Hacıağa Nuri QMİ-də həmin o fitva iclasında çıxışında deyib: “Az qala bizi idarə etməyə, dövlət orqanlarına təsir etməyə qədər fəallaşıblar. İslamda etdikləri yenilikləri təbliğ edib gənclərimizi əlimizdən alırlar. Biz şox narahatıq ki, həm bu “nurçular”, həm də Suriyada bir-birini qıran məshəblər sabah Azərbaycanı seçsin. ALLAH bunu göstərməsin”.
Hörmətli Hacı Hacıağa Nuri, əvvəla, “nurçularla”, Suriyada döyüşənlərin nə əlaqəsi?!
İkincisi, niyə sizin təbliğatınız belə zəyifdir ki, gələnlər sizin gənclərinizi əlinizdən alırlar? Bəs QMİ nə işlə məşğuldur?
Üçüncüsü, Siz də “nurçular” kimi belə yüksək təhsil verən məktəblər açın gətirək uşaqlarımızı qoyaq Sizin məktəblərə. Bilirsinizmi ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatlarına əsasən, 2010-cu ildə orta məktəbi bitirmiş abituriyentlər arasında 600 ballıq səddi dəf edən şagirdlər arasında çoxluğu Türk Litseylərinin məzunları təşkil edir. Türkiyənin Dəyanət Vəqfi tərəfindən açılan və BDU-nun ərazisində fəaliyyət göstərən Bakı Türk Litseyinin 60 məzunundan 29-u 600-dən artıq bal toplayıb.
Deyə bilərsinizmi, 2010-2013-cü illərdə Nardaran, Maşdağa və Buzovna qəsəbələrinin orta məktəblərini bitirən neçə şagird universitetlərə daxil olub və neçəsi 600-dən yuxarı bal toplayıb?
İndi deyin, dövləti savadlı adamların idarə etməyi yaxşıdır, yoxsa yarımçıqların.
Mən sevinərəm ki, məni sizin savadlı övladlarınız idarə eləsin, bəs Siz necə? Bunu istəmirsinizmi? Bu qorxulu yoldan geri durun. Necə ki gec deyil.
Azərbaycan şiə dövləti deyil. Azərbaycan dünyəvi dövlətdir. İslam dövləti deyil, Respublikadır. Onu isə idarə etməyə şiənin də, nurçunun da, vəhabinin də haqqı var. Təki məshəbləri ürəklərində, başlarında isə savadları olsun.
QMİ-nin əməkdaşlarını hardasa başa düşmək olar. Çox hörmət etdiyim İlham İsmayılovun “Azadlıq”ın 29 yanvar sayındakı müsahibəsindəki bəzi fikirləri isə məni çox narahat etdi. “Gülən tərəfdarları”nı nəzərdə tutaraq, İlham bəy deyir: “Onlar daim nəzarətdə olmalıdırlar. Açar strukturlara bu tipli insanların buraxılmasına, kadr kimi yetişməsinə imkan vermək olmaz.”
Hansı əsrdə, hansı ölkədə, hansı dəyərlərlə yaşayırıq İlham bəy?
Sizcə, “açar strukturlara” kimlər, kimin tərəfdarları buraxıla bilər? Kafirlər, buddistlər, ateistlər, xristianlar, hinduslar, yoxsa kimlər? Onlar azərbaycanlı deyillərmi? Siz hansı qanuna, hansı məntiqə əsaslanıb on minlərlə vətəndaşımızı, həm də ən işıqlı, ən nurlu, ən tərbiyəli və əxlaqlı vətəndaşlarımızı qanundan kənar elan edirsiniz? Lütfən, bu “nurçular”ın, “vəhabilər”in şiələrdən təhlükəli, pis, ziyanlı cəhətləri hansılardır? Dövlətçiliyimiz üçün təhlükəlilikləri nədədir, deyə bilərsinizmi?
Axı mən hələ də bir vətəndaş olaraq, Allahşükür Paşazadədən və ya hansısa rəsmi dövlət adamından eşitməmişəm ki, hansı təriqət, məshəb qanunsuzdur, hansı zərərlidir, hansı təhlükəlidir və s. Belədirsə, mən niyə QMİ-nin fitvasını kor-koranə qəbul etməliyəm.
Məsələn, “İslam dininin qayda-qanunları” (Ankara, 2009) adlı kitabın 242-ci səhifəsində, yuxarıdan 6-cı abzasda deyilir: “Həm dünya, həm də axirət hökmləri baxımından, malını, namusunu, canını və digər müsəlmanları müdafiə edərkən öldürülənlər də şəhiddir”.
Bu gün Suriyada Bəşər Əsəd adlı bir qatil öz xalqını uşaqlı, qadınlı, qocalı, silahli, silahsiz qırır və öz şəhərlərini viran qoyur. Belə xəstə ruhlu bir adamın hücumlarından müsəlmanları müdafiə edərkən öldürülənlər şəhid deyillərsə, bəs kimdirlər? Deməli, biri hakimiyyəti atasının malı kimi mənimsəyib on illərlə xalqı istismar edəcək, hamı da qoyun kimi ona tabe olmalıdır, eləmi? İslam bunumu bizə öyrədir?
Yadınızdadırsa, 5-6 il əvvəl bir qrup gəncimiz Qarabağda partizan müharibəsi aparmaq üçün silahlı dəstə yaratdıqlarına görə mühakimə edildilər, hərəsinə 10-15 il iş verildi. Yaxşı, Qarabağda olmaz, Suriyada olmaz, bəs torpağı işğal altında olan bu məmləkətin müsəlman cavanları öz cihad vəzivələrini harada yerinə yetirsinlər? Axı dinimiz bizdən indiki vəziyyətdə cihad tələb edir. A.Paşazadə öz vəzifəsini nə vaxt icra edəcək, nə vaxt cihad elan edəcək? Yoxsa, hələ də yarımçıq villaları qalıb?
Fələstin 50 ildir cihad etmirmi? “Atəşkəs” konkret, bəlli bir zaman, bəlli işlər üçün olar. Yoxsa, qeyri-müəyyən müddətə “atəşkəs” elan et, torpaq qalsın düşmən əlində, qız-gəlinin namus qisası alınmasın, bunun nəyi islam oldu?
Bu problemə ən düzgün münasibəti, məncə, “Azadlıq”ın 26 yanvar sayındakı, “Hakimiyyət hüququ öldürəndə” başlıqlı yazısı ilə, hörmətli Seymur Həziyev sərgiləyib. Seymur bəy hüquqşünasların görməli olduğu işi yüksək səviyyədə həll edib. Yaxşı olar ki, o istiqamətdə geniş yazılar işlənsin. İndi nə qədər qələm çox işlətsək, gələcəkdə qanımız da o qədər az axar. Gecikirik.
P.S. A.Paşazadənin 9 oktyabr prezident seçkilərindəki mövqeyinə görə mən şiəliyi tərk etmişəm. Hələ ki məzhəb axtarışındayam.
01.02.2014
Qurban Məmmədov