Əlaqə vasitələri

İSA QƏMBƏR, YOXSA ADİL ƏLİYEV?

“Yeni Müsavat”a cavab.

“Yeni Müsavat”ın 28 fevral 2014-cü il tarixli sayında dərc edilən “9 il öncə ki seçkinin “quş”u” (Xalid Kazımlı) adlı yazı ilə bağlı, cavab hüququndan istifadə edərək aşağıdakıları bildirirəm:

Xalid Kazımlının ədaləti.

Bu rejim heç olmasa 4-5 ay ibtidai istintaq və 2 ay məhkəmə istintaqı aparandan sonra mənim haqqımda hökm çıxardı. Hörmətli Xalid Kazımlı, mənim 27 fevralda işıq üzü görmüş bir yazımla bağlı elə növbəti gün məni “ədalətsizlərin səfində yer almağımla” bağlı ittiham edib, heç apellyasiya şikayətinə də yer qoymayıb.

Mən də hörmətli Rauf Arifoğlu kimi əsəbləşib deyə bilərəm ki, “Sizin kimi müsavatçıdandırsa, elə İlham Əliyev hakimiyyətdə qalsa yaxşıdır”. Ancaq demirəm. Mən Xalid bəydən incimirəm də. Yazısındakı bütün qayğı və iradlarını başa düşür, hörmətlə yanaşıram. Liderini qorumaq və ona sədaqətli olmaq təqdir ediləsidir. Ancaq əziz Xalid bəy, sən zorla məni o səfə dartsan da mən ora keçən deyiləm.. Mənim səfim bəllidir. Ona görə də “Yeni Müsavat”a məhz elə həbsxanadan yazıram.

Riyazi səhv, yoxsa məlumatsızlıq.

Yazırsız ki, “Q.Məmmədovun İsa Qəmbərə qarşı analoqu olmayan antipatiyasının azı 24 illik yaşı var”. Guya mən “Müsavat başqanına qarşı beş batman balla yeyilməsi mümkün olmayan ifadələr işlətmişəm vaxtilə”. Qeyd edim ki, bir jurnalist və yazar kimi Xalid bəyin gözəl qələmi, qabiliyyəti var. Yumor hissi də yerindədir və bu qabliyyətindən, heyif ki, bəzən sui-istifadə edir – indiki kimi.

24 il əvvəl, yəni 1990-cı ildə, 12 iyunda mən o vaxtkı Prezident Ayaz Mütəllibovun tapşırığı ilə həbs edilmişdim və ictimai vəkillərimdən biri də hörmətli İsa bəy idi. Hətta o vaxt Pənah bəylə İsa bəyin siyasi məhbusların azadlıq tələbi ilə bağlı aclıq etmələri də olmuşdu, şəkilləri də qəzetlərdə var idi. O vaxt mən AXC daxilində formalaşan və İsa bəyin adı ilə hallandırılan “İsa Qəmbərov və ya ŞADP” qrupunun üzvü idim. Şəxsən İsa bəydən də həmişə hörmət və diqqət görmüşəm. Təbii ki, bu qarşılıqlı olub.

Xalid bəy yəqin 1995-ci ildə olan bəzi hadisələri kimdənsə eşidib, o münasibətlərə işarə etmək istəyib. Mən bir daha həmin hadisələri xatırladıb müxalifətin bəzi üzvlərinin gözdən salınmasına səbəbkar olmaq istəmirəm. Ancaq Xalid bəy o dövrdəki “Yeni Müsavat”ın səhifələrini varaqlasa görər ki, mən heç vaxt öz adımdan İsa bəyi ləkələyəcək heç bir söz, fikir deməmişəm və əlimdə dəqiq fakt omadıqca da heç kimin haqqında demərəm.  Mən sadəcə olaraq, İsa bəylə birlikdə o hakimiyyətdə çox ciddi bir dövlət postu tutan adamın İsa Qəmbər haqqında (həm də tək onun yox) dedikllərinin yoxlanmasını, müzakirə edilməsini tələb edirdim. Mən bu gün də düşünürəm ki, şaiyə, yalan, böhtan yaymaq həvəsində olan adamlar ya belə yoxlamalar, müzakirələr, üzləşmələr nəticəsində ifşa edilməlidirlər, ya da yayılan məlumat düzdürsə, müxalifət təmizlənməli, xalq kimin kim olduğunu bilməlidir. O mövzuya bir də qayıtmağın Müsavata xeyir verməyəcəyi düşüncəsindəyəm. Sonradan da həmin adamla İsa bəyin əməkdaşlıq etməsi, uzun müddət Müsavatda önəmli postlardan birini tutması bir çox mətləblərə aydınlıq gətirdi və mənim üçün o mövzu qapanmış sayıldı.

Yanlış adamlar və anlayışlar.

X.Kazımlı yazır: “Söhbət bir vəkilin, haqq-ədalət mübarizinin hansı məzhəkəyə, qaravəlliyə seçki deməsindən, siayasi mənada tanımadığı, legitimliyini qəbul etmədiyi, daima söyüb-yamanladığı bir parlamentdə istisna halı yalnız rejimin qatı tərəfdarlarından birinə aid etməsindən gedir.Deyə bilərlər, bəli, həqiqət hər şeydən üstündür, onun naminə məhkum poqonun (???-Q.M) müdafisənə durur”.

Əvvəla, bu 3 sualla işarələdiyim fikri nə Sizə, nə də ümumiyyətlə ziyalı əxlaqına yaraşdırmır, bunu sadəcə əsəbiliyinizin nəticəsi kimi qiymətləndirib, bu anlayışı yanlış anlamanız kimi qəbul edir, gəncliyinizə keçirəm.

Sizin təbirinizcə desək, mənim də üzvü olduğum Milli Şuranı gözdən salmaq, millətin mübarizə əzmini sındırmaq məqsədi ilə onu “rus projesi”adlandırmaq “poqona işləməsindən” də böyük xəyanət olsun gərək. Hərdən özünüzə də tənqidi baxmağı öyrənin. Kənardan hər şey, dəvəquşu misalı, çox aydın görünür.

İkincisi isə, “məzhəkəyə, qaravəlliyə” seçki deməyimlə bağlı qınağınızı tam qəbul edirəm. Ancaq mənə çox maraqlıdır: hörmətli Xalid Kazımlı özü necə, o məzhəkəyə seçki demirsə, onda, o qaravəllinin nəticəsində millət vəkili kimi 5 il əmək haqqı alan müsavatçıların hərəkətlərinə necə qiymət verib? Mən nə günah etmişəm ki, mənə belə qəzəblənibsiniz, əziz dost? 2005-ci ildə mən də Nizami rayonunda qalib gəlmişdim. Bəs necə oldu ki, müsavatçılardan parlamentə buraxdılar (seçildiklərinə görə yox, çoxları seçilmişdi o vaxt), məni yox! Bu barədə də yazsaz, yaxşı olar. Unutmayın: necə ki, bəzi müxalifət liderləri milli maraqları, strateji məqsədləri qrup və fərdi maraqlarını alver obyektinə çevirəcək, Adil Əliyevlər həmişə qalib olacaqlar.

Üçüncüsü, əgər Adil Əliyev yox, bir başqa rejim yanlısını misal gətirsəydim, mənə belə qəzəblənərdinizmi? Təbii ki yox! Mənimsə şəxsən bildiyim və gördüyüm Adil Əliyev olub. Həqiqət və haqq isə hər şeydən üstündür, onun naminə “poqonu müdafiə etmək” imandandı.

Azad, qanuni, şəffaf seçki!

Bu barədə yazdıqlarınıza görə Sizə təşəkkür edirəm. Bəli, “bu ölkədə heç vaxt azad, qanuni, şəffaf  seçki olmayıb”. Əgər Siz bu mövqeyinizdə səmimisinizsə, onda İsa Qəmbərin və ya Adil Əliyevin hansı seçki nəticələrindən danışırsınız? Hörmətli X.Kazımılı, mən Adil Əliyevin seçki kompaniyasının, seçki texnologiyasına uyğunluğundan, İsa bəyin özünün və tərəfdarlarının isə “seçki arxayınlığından” yazmışam. Nöqsanlarımızı göstərmişəm. Səhvlərdən nəticə çıxarmaq həvəsinizin olmaması isə çox pis gələcəkdən xəbər verir.

Əslində, Siz daha səviyyəli arqumentlər gətirə bilərdiniz. Axı, Sizin buna qabiliyyətiniz və savadınız yetərincədir. 2005-ci ildə İsa bəy də, bilirdi ki, 100% səs toplasa da onu parlamentə buraxmayacaqlar. Əli Kərimlini də həmçinin. Bəlkə də İsa bəy bunu bildiyi üçün artıq vaxt və maliyyə sərf etmədi seçki kompaniyasına. Əvəzində isə, İsa Qəmbərin və “Azadlıq” blokunun rəhbərliyinin apardığı möhtəşəm təbliğat kompaniyası nəticəsində, deyərdim ki, 80-85% dairədə bizim namizədlər qalib gəldi. İsa bəyin nüfuzunun və apardığı işin nəticəsi ümumi işimizə çox böyük xeyir verdi. Bəlkə də, ümumi işə görə İsa bəy 20-ci dairəyə vaxt ayıra bilmədi və Adil Əliyev də fürsəti düzgün dəyərləndirdi. Ancaq əmin ola bilərsiniz ki, Milli Şuradan çıxdığınıza görə və “rus projesi”  lahiyəsində uğurla iştirakınıza görə 2015-ci ildə “Müsavat”a bir neçə yer verəcəklər. Hətta onların arasında İsa bəy də ola bilər.

Yenə “məzhəkə və qaravəlli olacaq”, ancaq Siz bu məzhəkənin nəticəsindən yararlanacaqsınız. Çox xahiş edirəm 2015-ci il seçkilərindən sonra bu yazdıqlarınızı bir də oxuyarsız. Tam əminliklə deyirəm: yazdığınız kimi gələn il Adil Əliyev döşünə döyərək o dairədən yenə də seçiləcək. Əgər rejim seçkinin nəticəsini saxtalaşdırmasa. Ola da bilsin ki, bu dəfə o dairəni, o “quş”u Sizə – Müsavata bağışlasınlar. 2013-cü il 9 oktyabr prezident seçkilərində göstərdiyiniz xidmətə görə və R.İbrahimbəyova qarşı apardığınız qara piara görə.

Nəhayət

Mən bir vətəndaş və bir hüquqşünas, eləcə də siyasi proseslərin fəal bir iştirakçısı kimi, gördüyüm, bildiyim faktdan yazmışam və o vaxt buraxdığımız səhvləri qeyd etmişəm. Mən seçki prosesindən yazmışam. Görünür X.Kazımlı mənim məqaləmin bazşlığını oxuyan kimi qələmə sarılıb, sonra… yazdıqlarımı oxuyub, oxumayıb bilmirəm. Mən İsa bəylə Adil Əliyevi müqayisə etməmişəm. Belə bir müqayisə edərək üstünlüyü “polisə” verməmişəm. Baxmayaraq ki, polis olmaq adama ləkə gətirmir və elə polislər var ki, bizdən də səviyyəli və qabiliyyətlidir.

İsa Qəmbərlə Adil Əliyev müqayisə oluna biləcək adamlar deyil, ey İsa Qəmbər “tərəfdarları”. Üzgüçü və boksçu kimi. Onların bu cəmiyyətdəki yeri, mövqeyi, sosial-siyasi funksiyaları o qədər fərqlidir ki, istənilən müqayisə qüsurlu olar. Hərəsi öz sahəsində qiymətli və dəyərlidir. Xalid kazımlı kimi jurnalistin bunu bilməsi lazımdır. Ancaq keçmişdə kim olursan ol, keçmişin necə olur-olsun, əvvəllər bu millət, bu dövlət üçün nə edibsən, et, fərq etməz, seçki kompaniyası onun qayda qanunlarına uyğun aparılmalıdır. Mən bunu demək istəmişəm.

Yazırsınız ki, “… sabiq polismeni milli-azadlıq hərəkatının 3 liderindən bir olmuş, 1 ay dövlətin birinci, bir il isə ikinci postunda çalışmış adamdan önə keçirirlər”. Sizin bu məntiqlə 5 il Amerikaya prezidentlik etmiş Obama ikinci dönəm namizədlik kompaniyası aparmasa da qalib gəlməli idi.  Mən hələ H.Əliyevi demirəm. Sizin məntiqinizlə o heç evindən çıxmamalı idi. Axı onun keçmişi ilə, rəqiblərininki müqayisəyə gəlməzdi. Ancaq o yaşda H.Əliyevin apardığı seçki kompaniyalarını xatırlayırsınızmı? Heyif ki, tez getdi bu dünyadan, heç nə öyrənə bilmədiniz ondan. Sizcə, İsa Qəmbərin 2003-cü ildə kifayət qədər səs toplamasının, qalib gəlməsinin səbəbi onun keçmişdə “1 il birinci, bir il də ikinci olması” idi, yoxsa müxalifətin bütövlükdə və İsa bəyin şəxsən apardığı seçki kompaniyası? Sizin seçki prosesinə, seçki texnologiyasına yanaşmanız kökündən yanlışdır. “1 il  birinci, 1 il də ikinci olmuş” istənilən adam normal seçki kompaniyası aparmayacaqsa, fəal seçki çalışmaları nəticəsində, nəinki polismen, taksi sürücüsü də ona qalib gələcəkdir.

Hörmətl X.Kazımlı, xahiş edirəm mənim mövqeyimi hamıya çatdırın. 2015-ci il parlament seçkilərinədək Seçki Məcəlləsində zəruri dəyişikliklər edilməyəcəksə, mənətəqə, dairə və mərkəzi seçki komisiyaları namizədlərin və ya onların təmsil etdikləri  partiyaların nümayəndələri ilə paritet əsaslarda yenidə qurulmayacaqsa, MSK bir partiyanın monopoliyasından çıxardılmayacaqsa, ölkədə sərbəst toplaşmaq azadlığı, söz azadlığı, məhkəmlərin müstəqilliyi real olaraq təmin edilməyəcəksə, bir sözlə, ölkədə normal seçki şəraiti yaradılmadan həmin seçkilərdə iştirak etmək Azərbaycan xalqına xəyanətdir və özünü bazara çıxartmaq, əl müxalifəti olmaqdır. Qanunsuz seçkilərdə isə hansısa müxalifət nümayəndəsinin, İsa Qəmbər də olsa,  qələbəsindən danışmaq ikiüzlülük, riyakarlıq, rejimin xalqımıza qarşı törətdiyi cinayətlərə şərik olmaqdır.

2005-ci ildə biz səhv buraxmışıq, Adil Əliyev udub. Bu həqiqəti etiraf etdiyimə görə məni “ədalətsizliyin” səfinə dartacaqsınızsa, etiraz etmirəm, ancaq məni əvvəl həbsdən azad edin. Yoxsa nəsə düz alınmır, ey Xalid bəy!

O ki, qaldı “jurnalistərin mənim haqqımın tapdanmasından, mənə qarşı ədalətsizliyə yol verildiyindən bir ildən artıqdır ki, yazmasına” görə mənə minnət qoymağınıza, bax bunu heç başa düşmədim. Əvvəla, başqalarının gördüyü işə görə siz niyə mənə minnət qoyursuz? İkincisi, mən və digər siyasi məhbusları müdafiə edən, onlara qarşı haqsızlıqları və qanunsuzluqları dünya ictimaiyyətinə çatdıran jurnalist dostlarıma minnətdarlığımı bildirir və hörmətli Xalid Kazımlı şəxsən Sizə və “Yeni Müsavat”ın rəhbərliyinə bəyan edirəm: Mən bu gün həm də Sizin və övladlarınızın gələcəyi naminə buradayam, həbsdəyəm. Həm də təkcə mən yox, bütün siyasi məhbuslar. Mən öz vəzifəmi  yerinə yetirdiyim kimi, zəhmət çəkin Siz də öz mənəvi borcunuzu, jurnalistlik vəzifənizi yerinə yetirin. Yəni, başqa jurnalistlər və qəzetlər kimi Siz də bizimlə bağlı bağlı məsələləri intensiv olaraq işıqlandırın. Sonra minnət qoymağa heç omasa haqqınız olsun. Təbii ki, bəzi dairələrlə qurduğunuz münasibətləri pozmayacaqsa. Mənə görə özünüzü pis etməyə bilərsiz, indiyə qədər etdiyiniz kimi…

Yadınızda möhkəm saxlayın: mən sizi özümə səngər dostu və cəbhə qardaşı kimi bilirəm, məndən heç vaxt xəyanət gözləməyin, Sizdən də eyni münasibəti tələb edirəm. Yox əgər səngərinizi dəyişmisinizsə, bunu açıq bəyan edin ki, xalq seçim etməkdə çətinlik çəkməsin.

Buna da əminəm ki, İsa bəyin bu cür müdafiəyə ehtiyacı yoxdur. Eyb və nöqsanlarımızı isə mütləq deməliyik. Yoxsa, “məzhəkələr” çox davam edəcək. Mən Azərbaycanda heç vaxt “azad qanuni, şəffaf seçki” keçirilmədiyi, bu seçkilərdə iştirakın xəyanət olduğu, rejimin cinayət əməllərinin legitimliyinə xidmət etdiyi barədə yazıb haray çəkəndə “Müsavat” – Sizlər 2010-cu il seçkilərində həvəslə iştiak etdiniz, indi də 2015-ci il parlament seçkilərində iştirak etmək üçün “ciddi hazırlaşırsınız”. Düşündürücüdür: Hərdən də olsa, səmimi olun. Yoxsa yadırğayarsınız bu gözəl insani keyfiyyəti. Bir də ki, hörmətli İsa bəyin, Milli Şuranın namizədi Cəmil Həsənlinin 200-240 min səs toplaması ilə bağlı dedikləri ilə mənim Adil Əliyev barəsində dediklərimə bu fərqli yanaşmanın səbəbi nədir? Bəlkə İsa Qəmbərin həmin sözlərinin konkret hansısa “poqona” yox, birbaşa İlham Əliyevə işləməsini düşünürsünüz? Əsl ikili standart buna deyilir, dostum! Vaxtilə hörmətli Rauf Arifoğlunun məqaləsindən bəzi fikirləri, nöqtəsinə-vergülünə toxunmadan, öz adımdan “Hürriyyət”ə verib ictimai rəyi yoxlamaq istəmişdim. Bütün müxalifət, jurnalistlər məni satqınlıqda ittiham etdilər o vaxt. Qəribədir. Budurmu, Sizin demokratikliyiniz? Eyni sözü sən deyəndə qəhrəmanlıq, uzaqgörənlik, praktik siyasətçilik sayılır, mən deyəndə satqınlıq, “poqonu müdafiə” etmək. Afərin! Siz Məmməd Əmin Rəsulzadədən yalnız onun partiyasının adını çırpışdırıbsız, onun siyasi əxlaqını yox. Buna isə üzülməkdən başqa əlimdən heç nə gəlmir!

Hörmətlə, Qurban Məmmədov

01 mart 2014-cü il

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir