Maliyyə Amnistiyası:
Talanın rəsmiləşdirilməsi, yoxsa milli barışığa doğru addım.
Və ya “Vəhşi kapital yığımı”na son?
“Maliyyə amnistiyası” 5 yanvar müşavirəsindən sonra Vergilər naziri Fazil Məmmədov tele-müsahibəsində bildirdi ki, ölkədə ümumi gəlirlər bəyannamə sisteminə maliyyə amnistiyası olmadan keçmək olmaz. Ancaq hörmətli baş vergi toplayan (Azərbaycanda daha çox xərac kimi toplanır vergilər) demədi, izah etmədi ki, əvvəla, “Maliyyə amnistiyası” deyəndə o nəyi nəzərdə tutur, ikincisi isə, hansı hüquq normasına və ya hansı obyektiv iqtisadi qanuna görə, “Maliyyə amnistiyası” elan edilmədən ümumi bəyannamə sisteminə keçmək mümkün deyil? Belə bir qanun varmı? Təbii ki, söhbətin nədən getdiyini mütəxəsisslər, siyasətçilər və … dövlətimizin sərvətlərini son 20 ildə tam nəzarətsiz və ölçüsüz bir şəraitdə talayanlar yaxşı bilir.
Sıravi vətəndaşların bilməsi üçün isə bəzi izahatlara ehtiyac var.
Əvvəla, “Amnistiya” nədir?
Bu söz Azərbaycan qanunvericiliyində Cinayət Məcəlləsinin 81-ci maddəsində işlədilir və tərifi də belə verilir: Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində AR-nın Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Bu rəsmi mətndir. Qanunu “yazanlar” onu “uruslardan” köçürüblər deyə amnistiyanın tərifi belə verilib. Sadə şirin ana dilimizdə ifadə etsək, belə olacaq: “Amnistiya – AR Milli Məclisi tərəfindən qəbul edilən ümumbağışlama aktıdır” və ya “amnistiya – şəxslərirn cinayət məsuliyyətindən azad edilməsi, məhkum edilmiş şəxslərin isə cəzadan azad edilməsi… məhkumluğunun götürülməsi üçün AR MM-i tərəfindən qəbul edilən ümumi bağışlama aktıdır”.
Bəri başdan qeyd edim ki, son 20 ildə qəbul edilən heç bir amnistiya haqqında Qanunda şəxslərin “cinayət məsuliyyətindən azad edilməsi” nəzərdə tutulmayıb. Amnistiya sadəcə “humanizm” nümayişi, təbliğat üçün verilib. Yəni amnistiyalar, yalnız haqqında qanuni qüvvəyə minmiş hökm olan şəxslərə şamil edilib. Halbu ki, amnistiya: ümumi əfv – ümumbağışlama aktı kimi, törədilmiş cinayət əməllərinə şamil edilir və ona görə də elan edildiyi günədək törədilmiş bütün cinayət hərəkətlərinə tətbiq edilməlidir: ibtidai istintaqda, məhkəmə gedişində və cəzaçəkmə prosesində. CM-nin 81.2-ci maddəsinin məzmunu da bunu göstərir.
Dünyanın bütün ölkələrində amnistiyalar, bir qayda olaraq, dövlətlərin, xalqların həyatında əlamətdar olan günlərdə, hadisələrdə və dəyişiklik dönəmlərində elan edilir. Bura daxildir: rəsmi bayramlar, dini və milli bayramlar, müstəqillik əldə edilməsi, qələbə ilə başa çatdırılmış müharibələr sonrası, hakimiyyət dəyişikliyi, seçki nəticəsində və s.
Diqqət etsəz, görərsiz ki, bir çox ölkələrdə prezident və parlament seçkilərində iştirakçılar xalqa amnistiya vəd edirlər. Bu vədi isə yalnız müxalifət tərəfi, hakimiyyətə iddia edən tərəf verir. Bir çöx hallarda amnistiya, sözün əsl mənasında milli barışıq üçün zəruri addım kimi elan edilir: 1993-cü ildə 4 iyun qiyamı ilə bağlı Ə.Elçibəy hakimiyyətinin verdiyi amnistiya kimi. Əslində o vaxt hadisələrin böyüməsinin, daha çox qan tökülməsinin qarşısını həmin o amnistiya aldı. S.Hüseynovun tərəfdarları Gəncədə qətlə yetirdikləri 36 “qvardiyaçı”ya görə məhkum edilməyəcəklərinə qanuni təminat alandan sonra bir nəfərin də burnunu qanatmadılar, qarşılıqlı qisas hissinə son qoyuldu.
Bu mənada, amnistiya aktları bəzən dövlətləri dağılmaqdan, millətləri vətəndaş müharibələrindən xilas edən çox ciddi hüquqi aktlardan birincisidir. Türkiyə, İngiltərə, İspaniya və bir çox başqa ölkələr amnistiya aktlarından zamanında istifadə edərək dövlətçilk baxımından böyük uğurlar əldə etmişlər.
09 oktyabr 2013-cü il tarixli prezident seçkiləri öncəsi yazdığım məqalələrdə və 02 aprel 2013-cü ildə “Azadlıq” və “Yeni Müsavat” qəzetlərində dərc etdirdiyim “Azərbaycanın milli xilas düsturu” adlı yazımda mən də milli barışıq əldə edilməsi üçün belə bir amnistiyanın verilməsinin zəruriliyini əsaslandırmışdım. Ancaq diqqət edin: Milli barışıq üçün, ictimai-siyasi vəziyyətin, iqtidar-müxalifət münasibətlərinin normallaşdırılması üçün.
Bəs Fazil Məmmədov hansı məqsədlə və hansı amnistiyadan danışır?
Sadə vətəndaşlarımıza bunların istəklərini izah etmək üçün 2010-cu ildə Ağır Cinayətlər Məhkəməsində baş vermiş bir hadisəni olduğu kimi xatırladacağam. Öncədən üzr istəyirəm.
“Zərərçəkmiş şəxs (qadın): mən təqsirləndirilən şəxsə verdiyim pullarımı tələb edirəm.
Sədrlik edən: nə qədər pul veribsən ona?
Zərərçəkmiş şəxs: 28000 (iyirmi səkkiz min) dollar.
Sədrlik edən: Səndə bu 28000 (iyirmi səkkiz min) dollar hardan idi?
Zərərçəkmiş şəxs: Sizə nə var hardan idi?
Sədrlik edən: Əgər 28000 (iyirmi səkkiz min) dollar verdiyini iddia edirsənsə, sən əvvəl sübut etməlisən ki, bu pul həqiqətən də səndə olub ki, veribsən dəə… Sən 28000 (iyirmi səkkiz min) dolları haradan əldə etmişdin, harada işləyirsən, necə qazanıbsan, kimdən almışdın, de bunlar protokola yazılsın axı.
Zərərçəkmiş şəxs: Hörmətli hakim, mən o pulu trasda q…….lik edib qazanmışdım. Həm də qazandığımın yarısı idi o pul. Yazın protokola.
Sədrlik edən: Tərbiyəli danış. Burada səndən başqa şey soruşmuram ki, belə özündən çıxıb ağzına gələni danışırsan. Özünü tərbiyəli apar. Adam kimi cavab ver.
Zərərçəkmiş şəxs: Tərbiyəsiz sizsiz ki, mənə belə suallar verirsiz. Sizin bu sualı vermək ixtiyarınız yoxdur.
Sədrlik edən: Mən burda iclasa sədrlik edirəm. Hansı sualı verməyi də özüm bilərəm. Sən mənə sual verməyi öyrətmə. Qovaram səni zaldan ağlın başına gələr, soxaram səni içəri 1 aylığına düzələrsən.
Zərəçəkmiş şəxs: Yoldaş sədr, bilirəm sədrsiz, hakimsiz və müstəqilsiz. Ancaq qanuna tabesiz. Qanun isə mənim tərəfimdədir bu məsələdə. Mənə də “xox” gəlməyin.
Sədrlik edən: O hansı qanundur elə, sənin pulunun mənbəyini öyrənməyi qadağan edir?
Zərəçəkmiş şəxs: Əvvəla, təqsirləndirilən şəxs ibtidai istintaqda da, məhkəmədə də etiraf edib məndən 28000 (iyirmi səkkiz min) dollar almağını. İkincisi isə, Əbülfəz Elçibəy rəhmətliyin vaxtında, 1992-ci ildə “Varidata təminat verilməsi haqqında” Qanun qəbul edilmişdi. O qanuna görə heç kimdən mal-mülkünün mənbəyini soruşmaq olmaz.
Sədrlik edən: Nə Elçibəy, nə 92-ci il, indi 2010-cu ildir bilirsən bunu?
Zərərçəkmiş şəxs: Mən 1992-ci ildən əvvəl bu pulu əldə etmişəm, necə, hardan Sizə dəxli yoxdur, gedin qanunları yaxşı oxuyun”.
Bu sual-cavabdan sonra məhkəmə təxirə salındı və proses qurtarana qədər sədrlik edən və hakimlər 8 nəfər zərərçəkmişin heç brinə təqsirləndirilən şəxsə verdikləri cəmi 120 000 (yüz iyirmi min) dolları haradan əldə etdikləri barədə sual vermədilər.
Əziz vətəndaş, maliyyə və ya iqtisadi amnistiyanın mahiyyəti budur: heç kim səndən var-dövlətinin mənbəyi, qanuni olub-olmaması barədə sorğu-sual edə bilməz.
Beləliklə də…
(Azərbaycan Respublikası, xalqımız SSRİ imperiyasının əsarətindən xilas olub müstəqillik yoluna qədəm qoyanda biz gördük ki, sovetin vaxtında yüksək vəzifələrdə işləyən, müxtəlif qanuni-qanunsuz yollarla sərvət toplayan adamlar yeni hakimiyyətdən qorxub var-dövlətlərini gizlədir, üzə çıxarmır, yeni iş yerlərinin açılması, yəni dövlətimizin inkişafı üçün yatırımlar etmirlər. Ona görə də, Ə.Elçibəyin rəhbərliyi altında (bu barədə ona şəxsən təklif verənlərdən biri də mən olmuşam) gənc hakimiyyətimiz “Varidata təminat verilməsi haqqında” 15 yanvar 1992-ci il tarixli Qanun qəbul etdi. Qanun olduqca sadə, aydın və lakonikdir. 4 bənddən ibrətdir:
Bazar iqtisadiyyatına keçid dövründə Azərbaycan Respublikasının milli iqtisadiyyatı əsaslarının formalaşması üçün respublika ərazisində ayrı-ayrı şəxslərdə və qeyri-dövlət hüquqi şəxslərində olan puldan, valyutadan və digər varidatdan sərbəst istifadə olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikasında hər kəs və respublika ərazisində yerləşən qeyri-dövlət hüquqi şəxsləri onlarda olan daşınar və daşınmaz əmlakı: pulu, valyutanı və sair varidatı izahat vermədən, deklarasiya və ya başqa sənəd təqdim etmədən istehsal, kommersiya fəaliyyəti və qanunvericiliklə qadağan edilməyən digər fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilərlər. [i]
2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdikləri daşınar və daşınmaz əmlak: pul, valyuta və sair varidat investisiya şəklində Azərbaycan Respublikasına gətirilərsə, həmin investisiyalara xarici investisiyalar üçün nəzərdə tutulmuş qaydalar və təminatlar tətbiq olunur. [ii]
3. Qanunla müəyyən edilən hallar istisna olmaqla, Azərbaycan Respublikasında hər kəsin və qeyri-dövlət hüquqi şəxslərinin varidatının toxunulmazlığına, məcburi şəkildə və zərər ödənilmədən Azərbaycan Respublikasının xeyrinə özgəninkiləşdirilməyəcəyinə, müsadirə olunmayacağına tam təminat verilir.
4. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Bu tarixdən qabaq kim hansı yolla, nə qədər sərvət əldə etmişdisə, hamıya halal elan edildi və izah edildi ki, bundan sonra müstəqil Azərbaycan dövlətinin qanunlarına uyğun yaşamaq, qazanmaq hamının müqəddəs vəzifəsidir.
Təəssüf ki, 1993-cü ilin 4 iyunundan başlayaraq, xalq hakimiyyətini devirən qüvvələr 21 il dayanmadan, doymadan, amansızcasına milli sərvətlərimizi talan etdilər və ədalətsiz bir şəkildə maddi nemətlərin bögüsünü həyta keçirib çox böyük sərvətə sahib oldular. Ona görə də 2005-ci ildə “Ümumi Bəyamnamə haqqında” Qanun qəbul olunsa da, heç bir vəzifəli şəxs öz varlığı haqqında bu günədək bəyamnamə verməyib. Verə də bilməzlər. Çünki dərhal sual yaranacaq: misal üçün, sənin 10 milyon manatlıq sərvətin varsa, bunun vergisini ödəmisənmi? Hələ mən “bu sərvət haradandır, hansı pulla əldə edilib və s.” sualları demirəm.
Şəxsən mən “özəlləşdirmə çekləri”mi dövlətin qiymətli yadigarı kimi hələ də saxlayıram. Minlərlə vətəndaşımız da mənim kimi o kağız parçalarını – qara bazarda vaxtılə 3-4 “Şirvana” satılan o “əmlak payını” saxlayırlar. Çoxları bilmir ki, Azərbaycanda özəlləşdirmə prosesində elə maxinasiyalar edilib ki, o çeklərin birinin qiyməti 1-3 milyon ABŞ dollarına çatıb və çox böyük müəsissələr, millətin malı 5-6 adamın mülkiyyətinə keçib. Sonradan da həmin fabrik və zavodlar işlədilməyib, əraziləri-torpaq sahələri və söküntü materialları bazar qiyməti ilə milyonlara satılıb. Əldə edilən maliyyəni tikinti biznesinə yatırıb, maya dəyəri, kv.m-i 150-250 manat olan yeni mənzilləri kv.m-ni 600-3000 manata satmaqla, sərvətlərini beşə, ona qatlayıblar. Yaxud da monopoliya yolu ilə xaricdən gətirdikləri malları 2-5 qat bahasına burada satıb qazanıblar. Bunun da üstünə gəlin tam nəzarətsiz formada satılan neft və sair milli əmlakdan gələn oğurluq gəlir və alınan rüşvətlər. Həm də 21 il səra-sər.
İndi aydın olurmu, hörmətli Fazil Məmmədov maliyyə amnistiyası barədə dediyi, üstü örtülü və qanuni, iqtisadi əsası olmayan fikirlər? Oğurlanmış milyardları hallalaşdırmaq!
1992-ci ildə Ə.Elçibəy SSRİ-dən oğurlanmışları bağışladı. Bəs bunlar hansı oğurluğun nəticələrini qanunlaşdırmaq istəyirlər? Bu uğurla sabah qanun qəbul edilə bilər ki, 1993-cü ildən vətəndaşlarımızdan pul qopardılması rüşvət hesab edilmir və bu dövrdəki korrupsionerlər, rüşvətxorlar cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Edilə bilməz? Guya edisə, millət ona nə deyəcək ki? 09 oktyabr 2013-də nə dedi ki?
İndi də, al gəldi, maliyyə amnistiyası!
Fazil Məmmədov öncə izah etməlidir ki, ümumi bəyannamə verilməsi ilə maliyyə amnistiyasının nə əlaqəsi var və maliyyə amnistiyası bəyannamə verməyə necə mane olur?
Bu milləti, çox-çox üzr istəyirəm, qoyun kimi qırxıb, keçi kimi sağıb, eşşək kimi mələdəndən sonra hələ bütün bu Allahsızlıqlarını da qanunlaşdırıb millətə minnət qoymaq istyirlər.
Yox, cənablar, maliyyə amnistiyası Siz istəyən kimi ola bilməz. Əvvəla, hamı bilməlidir: E.Abdullayevin videoları və 09 oktyabr 2013-cü il tarixli prezident seçkilərinin nəticəsi barədə ATƏT-in, DT və İHB-sinin verdiyi qiymət növbəti hakimiyyətə tam hüquqi əsas verir ki, o tarixdən sonra bu parlamentin qəbul etdiyi bütün qanunları gələcəkdə ləğv edib, nəticələrini tanımasın.
AR Konstitusiyasının 149-cu maddəsinin I hissəsinə əsasən, “Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə, bərabər münasibətə) əsaslanmalıdır”.
Millətin sərvətini oğurlamağı qanunlaşdırmaq necə “haqq-ədalətə əsaslana” bilər??? Burada hansı “bərabər mənafelərdən, bərabər münasibətlərdən” söhbət gedə bilər? 50-60 ailə dövlətin sərvtinin 95%-ə yiyələnir, 9 milyon xalq da gündəlik qarın pulu ümidinə yaşayır. Budurmu “haqq-ədalət”, budurmu “bərabər mənafelər”?
Soruşa bilərsiniz ki, onda Milli Şura seçki qabağı niyə iqtisadi amnistiya vədi verirdi? O vaxtilə, F.Məmmədovun bəyanatı arasında fərq nədir? Bax, əsas məsələ də buradadır.
Ə.Elçibəy “Varidata təminat verilməsi haqqında” Qanunu imzalayandan sonra nə özü, nə də onun nazirləri, təyin etiyi vəzifəli şəxslər rüşvət almırdılar. O 11 aylıq hakimiyyət dövründə orta və aşağı vəzifəli şəxslərdən rüşvət alanları isə həbs edib açıq məhkəməsini keçirdilər. Sonrakı hakimiyyət Ə.Elçibəy – AXC-Müsavat hakimiyyətini nə qədər qaralamağa, gözdən salmağa çalışsa da bir dənə də fakt göstərə bilməzlər ki, hansısa nazir qanunsuz gəlir əldə etmişdi. Göstərə bilməzlər, çünki o şəxslərin həyatı, P.Hüseynov, Ə.Kərimli, İ.Qəmbər, R.Qazıyev, İ.Həmidov və başqaları başda olmaqla, xalqın gözü qarşısındadır. Hakimiyyətə necə gəlmişdilər, elə də getdilər.
Bəziləri isə, əksinə, əvvəlki, yəni hakimiyyətə qədərki maddi rifahlarını da itirdilər. Yalan təbliğat və böhtanlarla tarixi saxtalaşdırmaq olmaz. Fakt, əlahəzrət faktlar ortada.
Bəs indikilər? 1993-cü ildə hakimiyyətə gələndən daraşıblar millətin malına, sökhasökdür. Doymaq bilmirlər. 21 ildən sonra maliyyə amnistiyası verib, talanı yenə də davam etdirəcəklərsə, yenə də diktatura, yenə də saxta seçkilər, siyasi məhbuslar, acından ölməmək üçün xalqa tula payı özlərinə yağlı tikə, rüşvət, korrupsiya, monopoliya piramidası davam edəcəksə, onda bu amnistiyanın nə mənası var ki? Gözləsinlər, bir dəfəlik doyandan, ya da qanuni seçkilər keçirmək istəyəndən sonra bu amnistiyanı elan edib arxayınca aradan çıxarlar.
Nə qədər deyinsək də, milli barışıq, dövlətimizin və millətimizin düşdüyü indiki vəziyyətdən qansız, toqquşmasız, dağıntısız çıxmaq üçün atmalı olduğumuz addımlardan biri də amnistiyadır, həm də təkcə maliyyə amnistiyası yox. Problem və sual başqadır. Deyək ki, müxalifət və xalq bu cənablara 21 ildə oğurladıqlarını, qanunsuz topladıqlarını halal etdi, qanunlaşdırdı.
Bəs əvəzində bu rejim Azərbaycan xalqına nə verəcək, nə vəd edəcək, hansı öhdəlikləri üzərinə götürəcək?
Əsas məsələ budur! Buyursunlar bu suallara cavab versinlər. Onların cavablarından sonra mən öz şəxsi mövqeyimi açıqlayacağam ki, hansı şərtlərlə müxalifət və xalq, təklif edilən maliyyə amnistiyasını qəbul edə bilər. Bu məsələlər ümummilli müzakirəyə çıxarılmalı, hətta lazım gəlsə referendum da keçirilməlidir. Əks təqdirdə, ədalətsizliyin qanunlaşması aktı baş verəcək ki, bu da gələcək qarşıdurmaların əsasını qoyacaqdır.
12 fevral 2014-cü il
Qurban Məmmədov