Mən şahidəm.
İsmayıllı hadisələrinə görə mən də həbs edilməliymişəm.
Tofiq Yaqublu və İlqar Məmmədovun “İmayıllı hadisələri”nin təşkilatçıları kimi həbs edilməsi siyasi həyasızlıqdan başqa bir şey deyil.
1 gün içində iğtişaş təşkil etməyin mümkünlüyünə inanmaq, Azərbaycan hakimlərinin müstəqilliyinə və ədalətinə inanmaq qədər sadəlövlükdür.
Belə çıxır ki, Tofiq bəylə İlqar bəy nazir balasını öyrədiblər ki, İsmayıllıda qəza törətsin, sonra da taksi sürücüsünü döyərək yerli əhalinin ünvanına söyüşlər işlətsin ki, onlar da bu faktdan istifadə edərək iğtişaş təşkil etsinlər. İnandırıcıdırmı? “Utanmasan oynamağa nə var ki?”
Bir dəfə “razborka”da iştirak edən sağlam cüssəli gənclərdən biri “avtoritet”ə belə demişdi: “Birdən özümü eşşəkliyə qoyub inanmaq istəyərəm haaa” Həmin “razborka”da 1 nəfər ölmüş, iki nəfər yaralanmışdı o vaxt.
İndi də bu İsmayıllı işində deyəsən kimlərsə özünü eşşəkliyə qoyub inanır.
Məsələ ondadır ki, 23 yanvar 2013-cü ildə günortadan sonra Qələndər Muxtarlı mənə zəng etdi ki, İP-nin qərarı ilə bir neçə nəfər İsmayıllıya gedib hadisələri yerində incələməli, nə baş verdiyini dəqiqləşdirməlidir. O, mənim də getməyimi istəyir və xahiş edir ki, sabah, yəni 24 yanvarda səhər tezdən mənim maşınımla İsmayıllıya yola düşək. Çox vacib məhkəmə prosesim olduğu üçün, mən axşam saat 21:00-dən sonra (bunu “Azercell”dən dəqiqləşdirmək mümkündür) Q.Muxtarlıya zəng etdim və üzr istəyərək gedə bilməyəcəyimi dedim.
Əslində belə qərar verməyimin səbəbi təkcə məhkəmə işimin olması deyildi.
Sadəcə olaraq, öz-özümə sual verdim: niyə mən?
Niyə mən İsmayıllıya getməliyəm? Mən kiməm? Mənim ora getməyimin hüquqi və siyasi əsası vardırmı? Mənim ora getməyim kimə və niyə lazımdır?
Mən İP-nin üzvü olmamışam və belə bir fikrim olmayıb. İP hansı haqla mənim İsmayıllıya getməyimi tələb edə bilər? Zatən belə bir qərarın olduğu da dəqiq bəlli deyildi mənə. Ancaq Qələndər Muxtarlı ilə uzun müddətli dostluq əlaqələrim olduğu üçün, fikirləşdim ki, yəqin İP onun da getməsi barədə qərar qəbul edib və o da öz təşəbbüsü ilə məni də dəvət edir ki, yol-səfər onunçün darıxdırıcı olmasın.
İndi belə çıxır ki, mən də həmin gün T.Yaqublu və İ.Məmmədovla İsmayıllıya getsəydim, məni də təşkilatçı kimi həbs edəcəkdilər.
Belə yerdə o cavan oğlanın “özünü eşşəkliyə qoymaq istəməsi” barədə sözü yadıma düşür.
Həqiqətən də, kimlərsə, bu məmləkətdə özlərini eşşəkliyə vurub bəzi ağılabatmaz şeylərə inanırlar, daha doğrusu, özlərini inanmış kimi göstərirlər. Təəssüf ki, belələrinin içində müstəntiqlər, prokurorlar və hakimlər çoxluq təşkil edir. Daha başa düşmürlər ki, onlara qarşı da kimsə özünü eşşəkliyə qoya bilər nə vaxtsa. Bu eşşəkləşmə prosesini, necə ki gec deyil durdurmaq lazımdır.
06 fevral 2014-cü il
Qurban Məmmədov