Əlaqə vasitələri

Məhkəmə səhvi, yoxsa hakim həyasızlığı?

Məhkəmə səhvi, yoxsa hakim həyasızlığı?

Əziz həmvətənlər, bir daha öz şəxsi işimlə bağlı yazıb Sizin qiymətli vaxtınızı aldığım, üçün məni bağışlayacağınıza ümid edib, mərhəmətinizə sığınıram. Problemin şəxsi deyil, daha çox ictimai, ümumi olduğunu nəzərə alaraq bunu etməyə məcburam.

Nəsimi rayon məhkəməsinin “hakim”i Mehdiyev Emin Əlixan oğlu, haqqımda aparılan cinayət işi üzrə tərtib edilmiş məhkəmə iclas protokolunun başına elə oyun açıb, elə saxtalaşdırıb ki, bu barədə susmaq mümkün deyil.

Mənim 37 illik vəkillik, nümayəndəlik, hüquqşünaslıq təcrübəm var və ilk dəfədir ki, belə bir halla rastlaşıram.

Hamının bilməsi lazımdır ki, məhkəmə iclas protokolu məhkəmə prosesinin aynasıdır və iş üzrə qəbul edilmiş hökmün qanuniliyi və ədalətliliyi yalnız məhkəmə iclas protokolunda yazılanlarla yoxlanıla, qiymətləndirilə və əsaslandırla bilər. Mülki işlərədə də belədir.

Ona görə də, gələcəkdə tərəflərin istinad etdikləri dəlilləri sübut etmək, əsaslandırmaq üçün qanunverici məhkəmədə baş verənlərin protokollaşdırılmasını zəruri hesab edir.  Mülki Prosessual Məcəllənin 270-ci maddəsinə əsasən, “məhkəmə iclasında, habelə məhkəmə iclasından kənar hər bir ayrıca prosessual hərəkət barədə protokol tərtib edilir”. Bunu təşkil və təmin etmək isə sədrlik edən hakimin vəzifəsidir – MPM-nin 272.1-ci və CPM-nin 51.2-ci maddələri. Qanunverici bununla kifayətlənməyib. Gələcəkdə tərəflərin hüquqlarının pozulmaması, öz hüquqlarını əsaslı surətdə qorumaları və hansısa tərəfin cığallıq etməsinin qarşısını almaq üçün “protokolla tanış olmaq və onda yol verilmiş yanlışlıqları və natamamlıqları göstərməklə protokol barədə yazılı qeydlər təqdim etmək” kimi bir hüquq müəyyənləşdirmişdir. Bu hüquq MPM-nin 273-274-cü, CPM-nin isə 51.7-ci və 91.5.32-ci maddələrində nəzərdə tutulub. Təəssüflər olsun ki, bir çox vətəndaşlarımız hələ də bu hüquqlarını bilmir, yaxud da bilsələr də, bu hüquqlarından istifadə etmirlər. Belə olduqda isə “ara xəlvət tülkü bəy” prinsipi ilə hərəkət edən bəzi hakimlər protokolun başına elə oyun açır ki, gəlcəkdə “Qurandan don da geysən”, ALLAH da, əstağfurullah, göydən ensə, sən Apellyasiya və Ali Məhkəmə instansiyalarında, gətirdiyin arqument və dəlilləri sübut edə bilməyəcəksən. Çünki hakimlər hər dəfə protokolu vərəqləyib deyəcəklər: “hörmətli vətəndaş, sənin dediklərin bu protokolda yoxdur, sən hansı məhkəmə prosesindən danışırsan?”. Ona görə də, mənim əziz bacı və qardaşlarım, xanımlar və bəylər ey azərbaycanın müstəqil olmayan, ancaq siyasi hakimiyyətin əlində qisas, cəza, cinayəti qanunlaşdırma dəyənəyi olan məhkəmələrin qapısında ömrü kəsilən, həyatı çürüdülən, əsəbləri pozulan, vaxtı öldürülən, hüquqları qətl edilən həmvətənlərim, birinci instansiya məhkəməsində sədrlik edən hakim son qərarı elan etməmişdən öncə belə bir ərizə yazın: “Xahiş edirəm, məhkəmə iclas protokolu ilə tanış olmaq üçün mənə imkan və şərait yaradın”. Maddələrə istinad etməyiniz vacib deyil.

Yuxarı da qeyd etdiyim kimi, bu sahədə 37 illik təcrübəm olduğu və bu məhkəmə sistemini yaxşı tanıdığım üçün mən hələ məhkəmə iclasının gedişində, yəni hökm oxunana qədər 3 dəfə yazılı ərizə vermişdim ki, məhkəmə iclas protokolu ilə tanış olmaq üçün mənə imkan yaradılsın. Çünki hələ prosesin gedişində artıq görürdüm ki, ittiham tərəfinə (Azərbaycanda 1969-cu ildən başlayaraq, xüsusilə də, son 20 ildə məhkəmələr də ittiham tərəfindən çıxış edirlər) sərf etməyən ifadələr, məlumatlar, rəqəmlər, eksperetlərin hesablamaları məhkəmə iclas protokoluna qeyd edilmir. Baxmayaraq ki, mən hər dəfə CPM-nin 91.5.18 və 91.5.19-cu maddələrində nəzərdə tutulan hüquqlarımdan istifadə edərək, sədrlik edənin və dövlət ittihamçısının hərəkətlərinə etdiyim etirazların, eləcə də qeyd edilməsini zəruri bildiyim halların protokola daxil edilməsini tələb edirdim.

Baş verənlərin məhkəmə səhvi, yoxsa hakim həyasızlığı olmasını Sizinlə birlikdə müəyyənləşdirmək üçün, hörmətli oxucu, bir faktı və bir də hüquqi məsələni bilməyiniz lazımdır.

Fakt ondan ibarətdir ki, birinci instansiya məhkəməsində məni Azərbaycanın tanınmış, təcrübəli 5 vəkili müdafiə edirdi:

– Qasımov Süleyman Ələsgər oğlu,

– Mehdiyev Fəxrəddin Məhəddin oğlu,

– Qasımlı Anar Elman oğlu,

– Bağırov Xalid Zakir oğlu,

– Əsabəli Mustafayev.

Vəkillərin adlarını hökmdə göstərilən ardıcıllıqla yazdım və Əsabəli müəllimin adını burada yazmaya da bilərdim (???), çünki onun məhkəmədə iştirak etməsinə, mənim müdafiəmdə müstəsna rol oynadığına baxmayaraq, Emin Mehdiyev onun adını hökmdə ümumiyyətlə qeyd etməyib.

Məni də hüquqşünas kimi qəbul etsəz, olarıq: 6.

Bunu yadda saxlayın: prosesdə 6 nəfər təcrübəli hüquqşünas müdafiə tərəfində, 2 nəfər isə: prokuror və hakim ittiham tərəfindən çıxış edirdi. Məhkəmə iclas protokolunu isə Nəsimi rayon məhkəməsinin “hakim”i Mehdiyev Emin Əlixan oğlu tərtib edibdir.

Hüquqi məsələ isə ondan ibarətdir ki, CPM-nin 399.1-ci maddəsində nəzərdə tutulan məhkəmə səhvlərinə yol veriləndə hökm ləğv edilə və ya dəyişdirilə bilər. Bunlar aşağıdakılardır:

399.1.1 – məhkəmənin gəldiyi nəticələr üzrə mühim əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması;

399.1.2 – məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması;

399.1.3 – birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi;

399.1.4 – cinayət qanunu normasının düzgün tətbiq edilməməsi;

399.1.5 – təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması.

Başqa səhvlər də var ki, o səhvlər də iş üzrə apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanmasına (CPM-nin 391.4-cü maddəsi), cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılmasına (CPM-nin 391.6-cı maddəsi), apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsinə və cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılmasına (CPM-nin 391.8-ci maddəsi) səbəb olur. Bu səhvləri burada sadalamaqla vaxtınızı almaq istəmirəm, çünki indi məqsədimiz başqadır. Ancaq qeyd edim ki, bu maddələrdə nəzərdə tutulan səhvlərin təqribi sayı 24-dür. Bunların sırasında “məhkəmə iclas protokolunun düzgün tərtib edilməməsi” yoxdur.

Niyə?

Ona görə ki, səhv: diqqətsizliyin, savadsızlığın, təcrübəsizliyin, tələsgənliyin və s. bu kimi – qəsdə, niyyətə bağlı olmayan hərəkətin nəticəsidir.

Protokolun saxtalaşdırılması isə, qəsdin, bilə-bilə qanunu pozmaq niyyətinin nəticəsidir.

Fikir verin!

Yadınızdadırmı, yuxarıda qeyd etdim ki, biz 6 nəfər peşəkar hüquqşünas bir tərəfdə, tək Emin Mehdiyev isə o biri tərəfdə olub. Bu tək adam 6 peşəkar hüquqşünasın, onlardan 5-i Azərbaycan Vəkillər Kollegiyasının üzvləridir, iştirak etdiyi məhkəmə prosesini, əvvəldən axıradək tərəfimizdən qeydə alınan (yazılı və audio) bir iclasın protokolunu elə saxtalaşdırıb ki, Sizə yalnız heyrətlənmək qalacaq bunları biləndə.

Mənim təcridxanada saxlanılmağım barədə son qərarı E.Mehdiyev verib. Yəni bilir və iş materiallarından görünür ki, mən həbsdəyəm. Sərbəst hərəkət edə bilmirəm və Nəsimi Rayon Məhkəməsinin binasına gəlib protokolla tanış olma imkanım yoxdur. Mən oraya hakimin məktubu əsasında etap edilməliyəm, ya məhkəmədən kimsə protokolu təcridxanaya gətirməlidir, ya da protokolun kserosurətləri poçt vasitəsilə mənə rəsmi qaydada təcridxananın dəftərxanası vasitəsilə təqdim edilməlidir. Mən də onu oxuyub CPM-nin 51.7-ci maddəsində göstərildiyi 3 gün müddətində (əslində bu müddət olduqca azdır və qanunverici bu müddəti 10 günədək artırmalıdır) qeydlərimi verməliyəm.

İndi Siz görün, bu hakimciyəz nə oyun çıxarır?

Mən ona ərizə yazıram: “Xahiş edirəm, məhkəmə iclas protokolu ilə tanış olmaq üçün mənə imkan yaradasınız”.

O, mənə 16 dekabr 2013-cü il tarixli məktubunda yazır: “Sizin CPM-nin 51.7, 91.5.32 və 92.9.8-ci maddələrinə əsasən, məhkəmə iclas protokolu ilə tanış olmaq və qeydlər vermək hüququnuz var”.

Mən yenə ona və Ədliyyə Naziri F.Məmmədov cənablarına, Məhkəmə Hüquq Şurasına və Ombudsmana yazıram: “CPM-nin 51.7 və 91.5.32-ci maddələrinə əsasən, xahiş edirəm …”.

O, mənə 20 dekabr 2013-cü il tarixli məktubunda təkrar yazır: “CPM-nin 51.7, 91.5.32 və 92.9.8-ci maddələrinə əsasən … hüququnuz var”.

Mən ona və əlaqədar orqanlara yenə yazıram: “….. mən bilirəm hüququm var, Siz də bilirsiniz ki, mənim hüququm var. Di, tanış edin daa bəə”.

Emin Mehdiyev susur. Saxlandığım kameranın daşlarından, divarlarından səs çıxır, ondan yox. Ədliyyə naziri, Məhkəmə Hüquq Şurası, Ombudsman nə düşünür bilmirəm.

Emin Əlixan oğlu isə, məhkəmə iclas protokolunu vaxtında (!!!) mənə təqdim etməkdən yayınır, dartınır, uzadır, süründürür, burcudur.

Vaxt barədə.

CPM-nin 51.7-ci maddəsində deyilir ki, protokol “sədrlik edən və məhkəmə iclasının katibi tərəfindən məhkəmə iclası qurtardıqdan sonra 3 (üç) gün müddətində imzalanır”.

Mənim hökmüm 06 dekabr 2013-cü ildə elan edilib, deməli, 09 dekabrda protokol hazır olmalı idi. Hazır olubmu? Bilmirəm! Bu, sirr olaraq qalır!

Müdafiəçim Süleyman Qasımov özünün israrlı tələbləri ilə, nəhayət ki, 26 dekabr 2013-cü ildə protokolun “qaralamasını” Emin Mehdiyevdən alır və təcridxanaya mənə gətirir.

Protokolu oxuyanda mən, sadəcə olaraq, öncə heyrətə, sonra dəhşətə, daha sonra isə riqqətə gəldim.

Riqqətə gəldim çünki, bu hakimin özünü öz əli ilə saldığı vəziyyətə təəssüf etdim, ona acıdım, yazığım gəldi.

Heyrət və dəhşətin səbəbləri isə Sizi də düşündürəcək.

1. Bir hüquqşünas 6 hüquqşünası aldatmağa, ələ salmağa cəhd edib.

2. Protokol elə həcmdə saxtalaşdırılıb ki, ona qeydlər verməklə, məhkəmə iclasının əsl gedişi barədə tam və obyektiv təəssürat yaratmaq mümkün deyil.

3. Protokol yenidən yazılmalıdır.

4. Mən protokola 116 bənddən ibarət 57 səhifəlik qeyd yazmağa məcbur oldum.

5. Məhkəmədə 2-3  gün ardıcıl dindirilən şahid və ekspertin ifadələrinin birinci günü qismən qeyd edilib, qalan günlər yerli-dibli protokolda yoxdur.  Sanki, həmin gün həmin şahid dindirilməyib.

6. Məhkəmədə ifadə verən zərərçəkmişin, şahidlərin (nədənsə, ekspertlər də şahid kimi göstərilib protokolda) və ekspertlərin ifadələri və cavabları protokola yazılmayıb. Əvəzində, istintaqda yazılmış ifadələr və cavablar protokola mexaniki olaraq “copy past” üsulu ilə atılıb və bu da, gülməli nəticələr yaradır. Cavabların çoxu suala uyğun deyil.

7. Mənim hakimin, prokurorun hərəkətlərinə etirazlarım protokolda yazılmayıb.

8. Vəkillərin sualları, alınan cavablar, hətta vəkillərin iştirakı belə bəzi günlərdə qeyd edilməyib.

9. Mənim öz adımdan yalanlar yazılıb.

10. Məhkəmənin gedişində verilmiş şifahi və bəzi yazılı vəsatətlər ümumiyyətlə protokola daxil edilməyib.

11. Məhkəmə prosesində audio qeydə icazə verilməsi barədə məhkəmənin qərarı protokola salınmayıb.

12. 04 dekabr 2013-cü il tarixli məhkəmə iclasını 2 saat əvvəl, üzürlü səbəbdən və mənim xahişimlə (sübut toplanmalı idi) tərk edən müdafiəçimin adından, guya “istintaqın yekunlaşdırılması barədə” prokurorun vəsatətinə razılıq verməsi və mənim də razı olmağım barədə protokola qeydlər daxil edilib. Halbuki, tam əksi olub məhkəmədə. Hətta yazılı etirazımızı təqdim etmişik və iş materiallarına əlavə edilib.

13. Son sözdən sonra “hökmün layihəsi”ni və hökm elan ediləndən dərhal sonra Apellyasiya şikayətini məhkəməyə təqdim etməyim barədə, vəkillərin məhkəmə çıxışları protokola daxil edilməyib.

Bir sözlə, tapşırılmış hökmü çıxarmaq üçün, Emin Mehdiyev hökmə uyğun protokol yazıb, məhkəmə iclas protokolu əsasında hökm yox!

İndi Sizə aydın oldumu ki, niyə protokol vaxtında mənə verilməyib? Tələsməyin, tam aydın deyil hələ. Məsələ burasındadır ki, həmin hökmdən apellyasiya şikayətinin 20 günlük müddəti 26 dekabrda bitirdi və iş Apellyasiya instansiyasına göndərilməli idi. Emin “kişi” guya ağıl işlədib, əməliyyat cızıb ki, protokolu saxtalaşdırması barədə biz vaxtında məlumat ala bilməyək, biləndə də “iş-işdən keçmiş olsun”, yəni işi elə o vəziyyətdə Apellyasiya məhkəməsinə göndərə bilsin və biz bu qanunsuzluğu qanunda nəzərdə tutulan qaydada sübut edə bilməyək. Yəni CPM-nin 51.7-ci maddəsində nəzərədə tutulan 3 günlük prosessual müddətin bizim tərfimizdən ötürülməsi üzürsüz hesab edilsin və “Qeydlər” qəbul edilməsin, onlara baxılmasın. Axı 29 dekabr 2013-cü il axırıncı iş günü idi.

Görünür, E.Mehdiyev CPM-nin, “müddətlərin hesablanması” adlı, 202-ci maddəsini diqqətlə oxumayıb. Mən “Qeydlər”in bir hissəsini vəkilim vasitəsi ilə 28 dekabrda poçta, bir hisəsini isə 29 dekabrda təcridxananın müdiriyyətinə təqdim etmişəm. Yəni müddəti buraxmamışam və hələ də məhkəmə iclas protokolları tam şəkildə və tikilmiş, səhifələnmiş qaydada mənə təqdim edilməyib.

Keçən ilin son günündə isə xəbər aldım ki, mənim onun saxta protokollarına verdiyim “Qeydlər”ə CPM-ə uyğun qaydada baxmadan, Emin Mehdiyev cinayət işini Apellyasiya məhkəməsinə göndərib. Çünki vəkillərimi 26 dekabrdan sonra təcridxanaya mənimlə görüşə buraxmırlar ki, iş Apellyasiya instansiyasındadır, yəni order təqdim etmək lazımdır.

İndi Siz deyin: Nəsimi rayon məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlunun bu hərəkətləri məhkəmə səhvidir, yoxsa HAKİM HƏYASIZLIĞIDIR?

İndi söz məhkəmə-hüquq şurasınındır. Əgər bu ölkədə qanunlar işləyirsə.

P.S.

Əziz həmvətənlər, 6 peşəkar hüquqşünasa, rəsmi vəkil statusu olan 5 şəxsə qarşı Azərbaycan məhkəmələrində bu səviyyədə, açıq şəkildə belə həyasızlıq, qanunsuzluq edilirsə, görün Sizin və balalarınızın başına nələr açılır, nələr gətirilir?!

Hamınıza müraciət edirəm: məhkəmə iclas protokolu ilə tanış olmamaq, öz hökmünü öz əli ilə yazmaq deməkdir. Mütləq protokolu oxuyun, yoxlayın və zəruri qeydlərinizi məhkəməyə təqdim edin.

Zaman gəlcək, o saxtakar hakimlərə qarşı CM-nin 295-ci maddəsi ilə, “bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma” cinayətinə görə məhsuliyyət elan ediləndə, bu “Qeydlər” mötəbər sübutlar kimi istifadə olunacaqdır.

Məmmədov Qurban Cəlal oğlu

Loading