Azərbaycan Respublikasının Baş Naziri
cənab Artur Rasi-zadəyə
AR Milli Məclisinin Sədri
cənab Oqtay Əsədova
AR Prezident Administrasiyasının Rəhbəri
cənab Ramiz Mehdiyevə
Konstitusiya Məhkəməsinin Sədri
cənab Fərhad Abdullayevə
Ali Məhkəmənin Sədri
cənab Ramiz Rzayevə
Ədliyyə Naziri
Fikrət Məmmədova
Daxili İşlər Naziri
Ramil Usubova
AR Prezident Administrasiyasının
Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Fuad Ələsgərova
AR Prezident Administrasiyasının
Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
Şahin Əliyevə
AR Prezident Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin müdiri
Əli Həsənova
AR Baş Prokuroru
Zakir Qaralova
AR Baş Prokurorunun birinci müavini
Rüstəm Usubova
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Elmira Süleymanovaya
Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri
Şahin Yusifova
Bakı Apellyasiya Məhkəməsinin Sədri
İman Nağıyevə
Bakı Apellyasiya Məhkəməsinin
Cinayət Kollegiyasının Sədri
Rizvan Səfərova
Bakı Apellyasiya Məhkəməsinin
Cinayət Kollegiyasının Hakimləri
Mirzəli Abbasova, Abid Abdinbəyova, Qədim Babayevə, Əmir Bayramova, Həsən Əhmədova,
Mirpaşa Hüseynova, Qail Məmmədova, Vüqar Məmmədova, İlqar Murquzova, Vaqif Mursaqulova, Əflatun Qasımova
AR Milli Məclisinin Sədrinin birinci müavini
Ziyafət Əsgərova
AR Milli Məclisinin
Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvləri
sədr Əli Hüseynliyə, Azay Quliyevə, Fəzail Ağamalıya, Madər Musayevə, Mübariz Qurbanlıya,
Qüdrət Həsənquliyevə, Rafael Cəbrayılova, Rövşən Rzayevə, Sabir Hacıyevə, Çingiz Qənizadəyə, Ülvi Quliyevə
AR Milli Məclisinin
İnsan Hüquqları Komitəsinin üzvləri
sədr Rəbiyyət Aslanovaya, Astan Şahverdiyevə, Aytən Mustafayevaya, Cavanşir Paşazadəyə,
Fazil Mustafaya, Flora Qasımovaya, Nəriman Əliyevə, Yevda Abramova, İlyas İsmayılova, İqbal Ağazadəyə, İsmayıl Hacıyevə
Hüquq Müdafiəçilərinə
Xarici Diplomatik Nümayəndəliklər və Beynəlxalq Təşkilatlara
Məmmədov Qurban Cəlal oğlu tərəfindən
A Ç I Q M Ə K T U B
Hörmətli xanımlar və bəylər!
Mənə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmayan cəza veriblər: 3 il ümumi rejimli azadlıqdan məhrum etmə.
Tam məsuliyyətim və səmimiyyətimlə bəyan edirəm: mən hansısa cinayət törətdiyimə və ya hansısa avtoqəzada təqsirim olduğuna görə həbs edilməmişəm.
Həbsimin səbəbi siyasi mövqeyim, haqsızlığa və ədalətsizliyə, dövlətimizi, vətənimizi, millətimizi sevməyən zehniyyətə-anlayışa qarşı dözümsüzlüyümdür.
Mən, dövlət başçısının da hər dəfə müşavirələrdəki çıxışında tənqid etdiyi, ölkədə total rüşvətxorluq, korrupsiya və monopoliya piradiması yaradan, məhkəmə, qanunverici və icraedici orqanın içinə sızan, vətənimizi və millətimizi təhdid altında saxlayan, dövlətçiliyimizə zərər vuran və baş aşağılığı gətirən bir “ÇƏTƏ”yə loyallıq göstərə bilmərəm. Ali iradə və sağlam məmurlarımız bu “çətə”dən qurtula bilmədikləri üçün, xalqla onların arasında uçurumlar yaranıb. İctimai barışıq bizə mütləq şərtdir. Bunun yolu da təmizlənməkdən, paklaşmaqdan keçir. Mənim və mənim kimi haqsız yerə uydurma metodlarla tutulanların həbsini istəyən və həbs elətdirən də məhz bu “çətə”dir.
“Çətə” cəmiyyəti, beynəlxalq aləmi bizlər haqqında yanlış məlumatlandırır, yönləndirir… Bizlər haqsızlığı, ədalətsizliyi, rüşvətxorluğu, monopoliyanı və s. tənqid ediriksə, qəbul etmiriksə, baş qaldırırıqsa, bunları “xain, qeyri-milli ünsür, düşmən…” olduğumuz üçün etmirik, dövlətimizi, vətənimizi, millətimizi çox sevdiyimiz üçün edirik.
Vaxtilə duz-çörək kəsdiklərim, yoldaşlıq etdiklərim belə, qorxaraq, imtina edə bilməyərək mənim istintaqımı aparır, zərərçəkmişin adından “Qurban Məmmədov məni ölümlə təhdid edir” məzmunlu yalandan şikayət ərizəsi yazır, Milli Məclisə yalan teleqram göndərir (məhkəmədə zərərçəkmiş bu yalan ittihamı bilmədən ifşa etdi), məhkəmədən haqqımda həbs qətimkan tədbiri seçilməsini tələb edir və mənim haqqımda başdan ayağa uydurma bir ittiham hazırlayaraq altına qol çəkirsə, başqlarından nə gözləyim. Bir vaxtlar, “müxalifətdəki yeganə dostum Qurban Məmmədovdur” deyən, ən ali postlarda oturan “dostlarım” uğradığım haqsızlığa gözünü, qulağını, dilini, hətta ağlını bağlaya bilirsə, başqlarından nə gözləyim.
Bəli, bir vətəndaşımızın ayağının sınmasında mənim idarə etdiyim avtomaşının da iştirakı olub. Hadisə 27 sentyabr 2012-ci ildə Vaqif prosoekti 9 ünvanında yerləşən “Medikal Plaza” klinikasının qarşısında baş vermişdi. Ancaq qəzanın baş verməsində, mənim maşınımın arxaya hərəkət edərək parklanması üçün əmrlər verən “stoyanşik”in – “parklanma işini həyəta keçirən” həmin şəxsin ayağının sınmasında mənim heç bir təqsirim olmayıb və 1 il 3 ay davam edən istintaq və məhkəmə prosesində mənim təqsirim sübuta yetirilməyib.
Təqsir isə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidmətinin (DMNX) rəisi Yusifov Cavanşir Əmiralı oğlunun 10 AA 737 dövlət nömrə nişanlı “Nissan Teana” markalı xidməti avtomaşınının sürücüsü Bayramov Xanlar Zaman oğlunda, yaxud da, məni səhv əmrləri ilə yanlış yönləndirən “stoyanşik”in özündə olub. Bu, ibtidai istintaqda və məhkəmə prosesində toplanmış və araşdırılmış mötəbər sübutlarla artıq öz təsdiqini tapıb.
Hadisənin baş verdiyi yerin 3-4 metrliyində (TŞ3-098 saylı, fırlanan) kamera quraşdırılıb və hadisə anında işlək vəziyyətdə olub. Mən istintaqın birinci günündən klinikaya oğlumun əməliyyat edilməsi üçün gəldiyimi bildirmişəm. Əməliyyat saat 13:00-da olmalı idi və olub. Biz əməliyyatdan 20-30 dəqiqə əvvəl gəlmişdik. Deməli, istintaq ən azı oğlumun əməliyyat vaxtını klinikadan öyrənib hadisənin dəqiq və ya 10-15 dəqiqə o tərəf – bu tərəfə, təqribi vaxtını müəyyənləşdirə bilərdi. Həmin nəzarət kamerasının çəkilişlərini təkzibedilməz sübut kimi mənim əleyhimə istifadə edə bilərdi. Bəs niyə bunu etmirlər? Çünki texnika bəzi insanlar kimi rüşvət ala bilmir, vicdanını və namusunu satmır. Elə klinikanın girişində quraşdırılmış və hadisə yerini tam öz fokus məsafəsində saxlayan kameraların da çəkilişlərindən əsl həqiqəti müəyyən etmək olardı. Görünür, nəzarət kameralarının çəkilişlərinin məqsədlərinə yaramadığını görən “çətə” nökərləri sübutları saxtalaşdırmaq yolunu tutublar.Hadisə vaxtını yox, hadisədən sonra, yəni 13:30-15:30 radələrinin çəkilişlərini alıb dedilər ki, hadisə anı düşməyib, güya kameranın qarşısını ağac kəsib (???).
Həmin çəkilişi mənim qanuni yolla əldə etmək imkanımın olmadığını bilən, deməli, hadisəni ikinci bir maşının törətdiyini sübut edə bilməyəcəyimə arxayın olan “ittiham tərəfi” ibtidai istintaqın 3-cü ayından başlayaraq, əvvəllər 1 dəfə qətl hadisəsinə, 1 dəfə narkotik qəbul etdiyinə, 1 dəfə də narkotik satdığına görə məhkum edilmiş, buna görə də polis orqanlarının əlində istənilən vaxt şantaj alətinə çevrilə biləcək zərərçəkmişin vasitəsi ilə saxta hadisə mexanizmi uydurmağa başladılar: “hadisədə 2-ci bir maşın iştirak etməyib, heç bir maşın arxadan gələrək mənim maşınımın sol qabaq qanadına dəyməyib və ümumiyyətlə, zərərçəkmişə heç bir maşın toxunmayıb, zərərçəkmiş hətta yerə yıxılandan sonra belə heç bir maşına təmas etməyib”.
22 dekabr 2012-ci ildə verdiyi ifadəsində zərərçəkmiş Abbasov Pərviz İmran oğlu göstərir ki, ikinci maşınla mənim maşınımın arasında 3-4 metr məsafə olub, hətta etiraf edir: “maşınlar yaxın olsaydı, Qurban Məmmədovun maşınının qabaq sol qanadı ilə o maşının qabaq sağ qanadı toqquşardı”.
Həqiqətdə də hadisə elə belə olub. Həmin maşın öz qabaq sağ qanadı (bəlkə də təkəri) ilə zərərçəkmişi mənim maşınımın qabaq sol təkərinə sıxaraq xəsarət yetirib.
Uydurduqları versiyanın sübut bazasını bərkitmək üçün hadisədən 5 ay sonra, 1 gündə 3 nəfər də yalançı şahid düzəltdilər: Hüseynov Rəhbər Qubad oğlu (o da “Ağçiçəyim” gül dükanının qarşısında “stoyanşik”dir), Mansurov İsa Mürsəl oğlu (əvvəl məhkəmədən şəxsiyyətini gizlədib Azərbaycanda heç vaxt işləmədiyini desə də, Ali Məhkəmənin 29 iyul 2008-ci il tarixli qərarı ilə sübut etdim ki, bu adam 20-ci Polis Bölməsinin sahə müvəkkili işləyib və 2008-ci ildə təqaüdə çıxandan sonra yalançı şahid, hal şahidi rolunda istifadə edilir) və Abdullayev Seymur Siyasət oğlu.
Hər 3 şahidin dili ilə istintaq sübut etməyə çalışdı ki, 2-ci maşınla mənim maşınımın arasında ən azı 2, ən çox 4 metr məsafə olub. Deməli, o maşın nə mənim maşınıma, nə də zərərçəkmişə dəyə bilməzdi.
Bu adamlar cəzasız qalacaqlarına o qədər əmindirlər ki, maşınların bir-birinə dəyməsi faktını ibtidai-istintaqın sonunda da olsa, qəbul etməyə məcbur olsalar da və bu faktı 2-ci maşının sürücüsü etiraf etsə də, keçmiş polis işçisi olmuş İsa Mansurov həyasızcasına və gülə-gülə məhkəmədə bildirdi ki, maşınlar arasında məsafə 4 metr olub, yəni onlar bir-birinə dəyməyib və zərərçəkmişin ayağının üstündən Qurban Məmmədovun maşınının qabaq təkəri hellənərək keçəndə o şəxsən öz gözləri ilə görüb. Ondan da böyük həyasızlığı hakim Emin Mehdiyev və dövlət ittihamçısı Elçin Nağıyev edərək onun bu ifadəsini mötəbər sübut hesab etdilər.
Qəzada ikinci maşının iştirakını sübut etməkdə tək qalmışdım. Həmin maşın hadisə yerini tərk edib getmiş, hadisə barədə polisə xəbər verməmiş, kimliyini mənə bildirməmişdi və istintaq onu tapmaqda maraqlı deyildi.
Ancaq həmin maşının sürücüsünün telefon nömrəsini bilirdim. Haradan? Hadisə yerini tərk edib, “müdir apardığını” deyəndə (mən maşının arxa sağ oturacağında əyləşmiş Cavanşir Yusifovu tanımışdım) və məni inandıranda ki, guya, mən “stoyanşik”in əmri ilə maşını arxaya hərəkət etdirəndə o görüb və dayanıb, onda mən dərhal öz telefon nömrəmi ona verib demişdim ki, “eyb etməz, araşdırılar, günah məndə olsa, sizə dəyən zərəri də ödəyərəm”. Həmin gün o mənə zəng etməsəydi, onu heç bu günədək də tapa bilməzdim, çünki, nə maşınının nömrəsinə fikir vermişdim, nə telefon nömrəsini bilirdim.
Ancaq Cavanşir Yusifov vasitəsi ilə tapa bilərdim. Hətta polisə də onun adını verə bilərdim ki, C.Yusifovun xidməti maşınıdır. Ancaq bir hüquqşünas kimi hansı qüvvələrlə üz-üzə gəldiyimə və onların əxlaqına yaxşı bələd idim. Əldə ciddi sübut olmadıqca mən həmin maşın barədə dəqiq bir söz demədim və istintaqın birinci günündən tələb etdim ki, nəzarət kameralarının çəkilişləri tələb edilsin, baxılsın. Texnika olan yerdə insanın şahidliyinə ehtiyac yoxdur.
Mənim ciddi sübutlara malik olmadığıma əmin olan rəqib, 2013-cü ilin 20 aprelində, müstəntiq Miraqil Qiyasovun uydurduğu hadisə mexanizmi əsasında yol-nəqliyyat hadisələri ekspertizası təyin etdi və rəy aldı ki, “piyada” (???) Pərviz Abbasova xəsarət yetirilməsində mən günahkaram. Ancaq həmin qərarda göstərilməyib ki, zərərçəkmişin ayağı sınmaqla bərabər, həm də maşınlar toqquşub və hətta Nissan Teananın arxa sağ qanadında (əslində bu da yalandır, çünki maşınların qabaq tərəfləri dəymişdi) zədə var. Başqa sözlə, hüquqi dildə ifadə etsək, qərarda hadisənin baş vermə mexanizmi və hadisə yerinin ölçüləri ekpertizaya düz və tam təqdim edilməyib. O vaxt bunu edə də bilməzdilər, çünki mən hələ istintaqa maşının hadisədə iştirakını təsdiq edən sübut təqdim etməmişdim və istintaq özü də bunu müəyyənləşdirməmişdi. Ancaq məhz həmin qərar əsasında alınmış rəyə əsaslanaraq, 30 may 2013-cü ildə mənə CM-nin 263.1-1-ci maddəsi ilə ittiham verildi. Bütün şahid ifadələri və zərərçəkmişin ifadələri də elə həmin hadisə mexanizminə uyğunlaşdırılmışdı. Yəni, hadisədə 2-ci maşın iştirak etməyib, mən maşınımı arxaya hərəkət etdirərkən “piyada”nı (???) unudub vurmuşam.
Diqqət edin: hadisə mexanizmi dəqiq olmasa, ölçülər dəqiq və ya tam olmasa, rəy obyektiv və qanuni ola bilərmi?
Hadisədə 2-ci maşının iştirakını sübut edən dəlili isə yalnız 03 iyun 2013-cü ildə əldə etdim və 04 iyunda həbs ediləcəyimi əvvəlcədən bildiyimə görə, səhər-səhər “facebook”da bu barədə məlumat verib, həbsxana geyimində Nəsimi rayon prokurorluğuna getdim.
03 iyunda isə saat 23:00-dan sonra Nissan Teananın sürücüsü X.Z.Bayramovla hadisə barədə telefonla 7 dəqiqə 23 saniyə danışıb, danışığımızı yazdım. Mən bunu müstəntiq M.Qiyasovun rəsmi razılığı ilə etdim. O buna niyə icazə verdi? Bu gün də bilmirəm. Ya vicdanı onu narahat etdi deyə, ya da mənim yalan danışdığıma həqiqətən inanıb belə bir sübut əldə edə biləcəyimə inanmadı deyə! Allah bilir!
Həmin telefon söhbətində Xanlar Bayramov etiraf etdi ki, maşınlar dəyib bir-birinə, zərərçəkmişin də ayağı iki maşının arasında qalıb. Bu telefon söhbəti internetə yerləşdiriləndən sonra, istintaqın bu faktı qəbul etməkdən başqa yolu qalmadı.
Aralarında 1 mm məsafə olan iki predmet, iki maşın, iki nəsə, bir-birinə dəymiş hesab edilə bilərmi? Bəs 2 metr, 4 metr məsafədə necə?
Hakim Emin Mehdiyev, həm zərərçəkmiş və şahidlərin “maşınlar arasında 2-4 metr məsafə olması barədə” ifadələrini düz hesab edir, həm də maşınların bir-birinə dəyməsi barədə, həm X.Z.Bayramovun ifadəsini, həm də ekspertiza rəyini düz, mötəbər hesab edir.
Məhkmədə ifadə verən yol nəqliyyat hadisələri üzrə ekspert Polad İsmayılov qəti olaraq bildirdi ki, ittiham tərəfinin çəkdiyi sxemlər, topladığı materiallar, eləcə də zərərçəkmiş və şahidlərin ifadələrində təsvir etdikləri hadisə mexanizmində Qurban Məmmədovun maşınının, həm zərərçəkmişin ayağının üstündən keçməsi, həm də ondan 1 metr sonra Nissan Teananın arxa sağ qanadına dəyməsi mümkün deyil və tam istisna edilir. Çünki həmin mexanizmlərdə maşınlar arasında ən azı 1,34 metr məsafə var.
Bir sözlə, mənə böhtan atıldığı istintaqın özünün topladığı materiallarla tam sübut edilib.
Ancaq məqsəd Qurban Məmmədovu susdurmaq idi, əsl təqsirkarı tapmaq yox.
Mənə qarşı prokuror Elçin Nağıyevin ən tutarlı dəlili isə zərər çəkmişi xəstəxanaya aparmağım və ona maddi yardım göstərməyimdir.
Əvvəla, təbiidir ki, hər kəs gördüyü faktı, hadisəni öz şəxsi dünya görüşünə, səviyyəsinə, ailə tərbiyəsinə və əxlaqına görə dəyərləndirir.
İkincisi isə, mən ibtidai istintaqda verdiyim ilk izahatımda göstərdiyimi sizə də çatdırmaq istəyirəm.
-
Zərərçəkmişə tibbi yardım göstərmək, onu xəstəxanaya aparmaq hər bir sürücünün, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 15-ci bəndində və 4-cü hissəsinin 2-ci bəndində nəzərdə tutulan vəzifəsi və insanlıq bocudur. Həm də qanunda deyilmir ki, qəzanı yalnız sən törədibsənsə aparmalısan. İstənilən qəzada tibbi yardıma ehtiyacı olan vətəndaşlara yardım etmək sürücünün vəzifəsidir.
-
Hadisə anında Nissan Teananın sürücüsü guya mənim maşınımın arxaya hərəkət etdiyini görüb maşınını saxladığını mənə bildirmişdi. Məhkəmədə isə hadisə yerində maşınını niyə saxlamasını heç bir ağlabatan məntiqlə izah edə bilmədi. O, hadisə yerindən çıxıb gedəndən sonra, mən ayağını qucaqlayıb yerdə zarıya-zarıya qalan adamı xəstəxanaya aparmalı deyildimmi?
-
Mən hadisədə özümün də təqsirli olub-olmadığıma tam əmin deyildim və araşdırmanın nəticələrini gözləməli idim. Çünki 2-ci maşın çıxıb getmişdi və nəzarət kameralarının çəkilişlərini əldə edə bilmirdim.
-
Zərərçəkmiş ikinci maşının tapılmadığını, ortaya çıxmadığını və ona məndən başqa yardım edə biləcək adamın olamadığını görüb, hadisə barədə mənə hərdən bir versiya deyirdi. Mən isə tutarlı sübut əldə edənə qədər ona inanmağa və ya özümü inanmış kimi göstərməyə məcbur idim. Zərərçəkmiş 2-ci maşının onu vurub mənim maşınıma sıxdığını, kasıb olduğunu, bir körpə qızı olduğunu, köməyə ehtiyacı olduğunu və məni 10-cu cəzaçəkmə müəssisəsindən tanıdığını deyəndə, mən ona bildirdim ki, ona zəruri köməyi göstərəcəyəm, narahat olmasın. Araşdırma nəticəsində günah məndə olsa, verdiyim pul halal-xoşu olsun, yox gunah 2-ci maşında olsa mən reqres iddiası yolu ilə pulumu o maşının sürücüsündən alacağam.
-
Təsəvvür edin ki, 2-ci maşın hadisə yerini tərk edib, mən də zərərçəkmişi vaxtında xəstəxanaya çatdırmamışam, o da qanaxmadan hadisə yerindəcə ölüb. Görün bu halda nələr olardı?
-
Mən zərərçəkmişə zəruri yardım etdim. Onu pulla ələ almaq fikrim olmuşdusa, ona istədiyini sonadək verərdim. 20 PB-nin keçmiş rəisi Sahib Babayev mənə bildirəndə ki, onlarda dəqiq məlumat var, P.Abbasovun ayağı iki maşinin arasında qalıb, ondan sonra da mən P.Abbasova yardım edirdim.
15 dekabr 2012-ci ildə, birdən-birə P. Abbasov mənim özümü inandırmağa çalışdı ki, ona başqa maşın dəyməyib, mənim maşınım onu vurub. Onda mən dərhal müstəntiqə mesaj yazıb tələb etmişəm ki, zərərçəkmişi yenidən dindirib obyektiv araşdırma aparsınlar. Nəticə bəllidir…
Tutaq ki, mən həqiqətən həmin qəzanın baş verməsində təqsirkaram və təqsirim məhkəmə istintaqı ilə tam sübuta yetirilib. Mənə verilən cəzanın maksimum həddi nə qədər ola bilər? CM-nin 60-cı maddəsinə əsasən, “bu Məcəllənin: 59.1.10-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusu hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin 3/4-dən artıq ola bilməz”.
CM-nin 59.1.10-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hallardan birincisi “cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi”dir. Hesab edək ki, həmin maddədə göstərilmiş: “cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi” kimi yüngülləşdirici halları ittiham tərəfi nəzərə almır və onları zərərçəkmişin yalan ifadə verməsi üçün ələ alma cəhdi kimi qiymətləndirir və mənə qarşı CM-nin 299.1-ci maddəsi ilə ittiham vermək üçün istifadə edir. Bəs, “tibbi yardım göstərmək” necə olsun? Əgər bu gün mənim bu hərəkətim də “zərərçəkmişi ələ almaq” kimi qiymətləndirilirsə, bundan sonra hansı sürücü zərərçəkmişə tibbi yardım göstərər, onu xəstəxanaya çatdırar? Təbii ki, tibbi yardım göstərməyimi ittiham tərəfi dana bilmir və bunu etmək imkanında da deyil. Çünki ortada mötəbər sübutlar var. Onda niyə bəs CM-nin 60-cı maddəsinin tələblərinə əməl edilmir? Məhkəmə əgər CM-nin 263.1-1-ci maddəsini daha ciddi cəza hesab edirsə və CM-nin 299.1-ci maddəsini həmin maddə ilə əhatə edirsə, onda mənə maksimum 2 il 3 ay azadlıqdan məhrum etmə cəzası verilə bilərdi, 3 il yox.
Bunu qeyd etməklə demək istəmirəm ki, mənə ağır cəza verilib və 2 il 3 ay verilsəydi qanuni olardı. Qətiyyən. “Dostlarımız”ın həyasızlığını, özümün də siyasi məhbus olduğumu sübut etmək üçün bunu Sizin diqqətinizə çatdırıram. Təqsirsiz adam üçün cəzanın 1 günlə 10 ilinin fərqi yoxdur. İstənilən halda qanunsuzdur.
İttiham edildiyim maddələrin heç birində belə cəza yoxdur. CM-nin 263.1.-1-ci maddəsində maksimum 3 il məntəqə tipli, 299.1-ci maddəsində isə maksimum 6 ay ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Bu gün qüvvədə olan AR-nın CM-də cinayətlərin məcmusu qaydasında cəzaların təyin edilməsi zamanı məntəqə tipli cəzanın ümumi rejimli cəzaya keçməsi kimi bir qayda nəzərdə tutulmayıb.
CM-nin 66.1-ci maddəsinə əsasən, “cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və qismən toplamaq yolu ilə qəti cəza təyin edir”.
Məsələn,
CM-nin 263.1-1-ci maddəsi ilə 3 il məntəqə tipli,
CM-nin 299.1-ci maddəsi ilə 6 ay ümumi rejimli cəza,
təyin edilirsə, toplama yolu ilə qəti cəza müəyyın edilir:
3 il məntəqə tipli cəza
+ 6 ay ümumi rejimli cəza
___________________________________________
= Məntəqə tipli 3 il qəti cəza
Çünki, CM-nin 66.2-ci maddəsinə əsasən, “qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz”.
Yuxarıdakı misalda 3 il məntəqə tipli cəza 6 aylıq ümumi rejimli cəzadan “daha ciddi cəza” hesab edilib deyə, nəticədə maksimum məntəqə tipli 3 illik müddət alınıb.
CM-nin 56-cı maddəsində cəzaçəkmə müəssisələrinin növünün – rejimin yüngüldən ağıra doğru düzülüşünü nəzərə alsaq, onda deməli, müddətindən asılı olmayaraq ümumi rejimli istənilən cəza, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə 5 (beş) ildən artıq olmayan məntəqə tipli istənilən cəzadan daha ciddi cəza hesab edilməlidir.
Bu məsələdə qanunvericinin mövqeyi başa düşüləndir. Çünki qəsdlə törədilmiş cinayətlə, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə cəzaların müddəti də, cəzaların çəkilməli rejimi də, elə həmin cinayətləri törədənlərin şəxsiyyəti də fərqləndirilməlidir.
Bu mövqedən yanaşıb CM-nin 299.1-ci maddəsini daha ciddi cəzalı hesab etsək, onda CM-nin 66.1-ci maddəsi ilə qəti cəza belə olacaq:
6 aylıq ümumi rejimli cəza
+ 3 illik məntəqə tipli cəza
___________________________________________
= 6 aylıq ümumi rejimli cəza
Yox əgər qanunverici ağırlıq dərəcəsinə görə CM-nin 263.1-1 və 299.1-ci maddələrini eyni qrupa aid etsəydi, onda hesablama belə olardı:
6 aylıq ümumi rejimli cəza
+ 3 illik məntəqə tipli cəza
___________________________________________
= 6 ayı ümumi rejimli, 2 il 6 ayı məntəqə tipli olan 3 il qəti cəza
Ancaq CM-nin 299.1-ci maddəsi həmin məcəllənin 15.2-ci maddəsinə əsasən, “böyük ictimai təhlükə törətməyən cinayət” hesab edilir.
CM-nin 263.1-1-ci maddəsi isə, həmin Məcəllənin 15.3-cü maddəsi ilə “az ağır cinayətlər” qrupuna daxildir. Yəni qanunverici CM-nin 263.1-1-ci maddəsini 299.1-ci maddədən ağır hesab edir. Təbiidir ki, CM-nin 66-cı maddəsi tətbiq edilib cinayətlərin məcmusuna görə cəza təyin ediləndə də, daha ciddi cəza kimi CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan 3 illik məntəqə tipli cəza əsas götürülməlidir.
Bu kiminsə xoşuna gəlməyə, siyasi maraqlarına cavab verməyə bilər.
Ancaq…
AR Konstitusiyasının 28-ci maddəsinin 2-ci hissəsinə əsasən, “azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada… məhdudlaşdırıla bilər”.
Bu gün bizim qanunvericilikdə “məntəqə tipli cəzanın ümumi rejimli cəza ilə toplanması və ya əhatə edilməsi zamanı qəti cəzanın hamısının ümumi rejimliyə çevrilməsi” kimi bir qayda nəzərdə tutulubmu?
Yox!
Əksinə!
CM-nin 1.3-cü maddəsinə əsasən, “cinayət məsuliyyətini müyyən edən və cinayət törətmiş şəxsin cəzalandırımasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər”.
Mən bu Məcəlləyə daxil edilmiş və 3 il ümumi rejimli cəza nəzərdə tutan hansı cinayəti törətmişəm və ya ittiham edildiyim CM-nin 263.1-1 və 299.1-ci madəsinin hansında 3 il ümumi rejimli cəza nəzərdə tutulub və ya həmin maddələrin sanksiyalarında nəzərdə tutulan cəzaların CM-nin 66-cı maddəsinə uyğun toplanması zamanı qəti cəzanın hamısının ümumi rejimli olması barədə 1 qayda, 1 qanun bu Məcəlləyə daxil edilbmi?
Yox!
CM-nin 5.1-ci (qanunçuluq prinsipi) maddəsinə əsasən, “əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət – hüquqi xarakterli tədbilər yalnız bu Məcəllə ilə müəyyən edilir”.
İstənilən cinayət xarakterli əmələ görə “cəza və digər cinayət – hüquqi xarakterli tədbir” AR Ali Məhkəməsi Plenumunun, AR Konstitusiya Məhkəməsinin qərarları ilə yox, yalnız bu Məcəllə ilə müəyyən edilir!
Sual: Məntəqə tipli cəzalarla ümumi rejimli cəzaların toplanması zamanı, müddətin – məntəqə tiplidən, rejimin isə – ümumi rejimli cəza növündən götürülməsi kimi bir cəza təyin etmə qaydası bu Məcəllə ilə müəyyən edilibmi? Budurmu, beləmi olur qanunçuluq?!?
CM-nin 41.1-ci maddəsində “cəza” anlayışını qanunverici belə izah edir: “cəza – cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Göründüyü kimi, yalnız bu Məcəllə, yəni AR-nın CM ilə müyyən edilən məhrumiyyətlər cəza kimi verilə bilər cinayət törədən şəxsə, başqa heç bir məhrumiyyət cəza hesab edilə bilməz və şəxsə qarşı tətbiq edilə bilməz. Yenə də soruşuram: bu Məcəllə ilə, mənə verilən ittihamların hansında 3 il ümumi rejimli azadlıqdan məhrum etmə cəzası kimi məhrumiyyət müəyyən edilib?
CM-nin 55.1-ci maddəsində də qanunverici “müəyyən müddətə azadlıqdan məhrum etmə” cəzasını “məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunması” kimi izah edir. Yəni, azadlqdan məhrum etmə cəzası 2 ayrılmaz tərkib hissəsindən ibarətdir: müəyyən müddət + rejim, cəzaçəkmə müəssisəsinin növü. Müddəti və rejimi bu Məcəlləyə daxil edilməmiş heç bir cəza ilə şəxs cəzalandırıla bilməz. Hər bir əmələ görə yalnız bu Məcəllədə – AR CM-də nəzərdə tutulan cəza verilə bilər. Cəza isə yuxarıda qeyd etdiyim kimi, müddətdən və rejimdən ibarətdir ki, bunlardan heç birini hakim bu Məcəllədə yazıldığından fərqli qaydada tətbiq edə bilməz, dəyişdirə bilməz.
CM-nin 56.3-cü maddəsinə əsasən, “cəzaçəkmə müəssisəsinin növü bu Məcəllənin 56.1.1 – 56.1.5 və 56.2-ci maddələrinə uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir”. Maddənin məzmunundan göründüyü kimi, rejim – cəzaçəkmə müəssisəsinin növü məhkəmə tərəfindən, yalnız Məcəllədə göstərilən qaydalara uyğun (56.1.1 – 56.1.5) müəyyən edilə bilər, hakimin öz istəyinə görə və ya Ali Məhkəmə Plenumunun, eləcə də Konstitusiya Məhkəməsinin qərarına, yaxud da siyasi iradənin istəyinə uyğun olaraq yox. Həmin CM-nin 56.1.1 – 56.1.2-ci maddəsində isə, mən ittiham edildiyim 263.1-1-ci maddəsinin cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində, 299.1-ci maddəsinin 6 aylıq azadlıqdan məhrum etmə cəzasının isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulub. Çünki, yuxarıda artıq qeyd etdiyim kimi, CM-nin 5.1-ci maddəsinə (qanunçuluq prinsipi) əsasən, “… əmələ görə cəza … yalnız bu Məcəllə ilə müəyyən edilir”.
Cəzaçəkmə müəssisənin növünün dəyişdirilə bilməsinin hüquqi əsasları CM-nin 56.4-cü maddəsində nəzərdə tutulub. Orada da “cinayətlərin məcmusu zamanı cəza təyin edilərkən rejimin dəyişməsi” və ya “bir cəzanın müddətinin, o biri cəzanın isə rejiminin götürülməsi ilə yekun cəza təyin edilməsi” kimi əsaslar yoxdur. Maddə konkretdir və şəxslərin vəziyyətinin ağırlaşmasına səbəb olan heç bir təfsirə yer yoxdur: yalnız “cinayətə görə təyin edilmiş cəza daha yüngül və ya daha ağır cəza ilə əvəz edildikdə” (CM-nin 56.4.1-ci maddəsi) və “qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə hökmünün icrası zamanı” (CM-nin 56.4.2- maddəsi) cəzaçəkmə müəssisəsinin növü dəyişdirilə bilər. Qanunverici burada “yalnız” sözünü işlətməklə başa salır ki, bu göstərilən 2 qaydadan başqa heç bir halda rejim dəyişdirilə bilməz. Onda bəs mənə CM-nin 263.1-1-ci maddəsi ilə verilmiş cəzanın rejimini hansı qanuna görə dəyişib məhkəmə? Bəllidir: siyasi fəaliyyətimdən, siyasi mövqeyimdən narahat olan qüvvələrin “tapşırıq qanunu” ilə.
CM-nin 58.1-ci maddəsinə əsasən, “… şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir … ”.
CM-nin Xüsusi hissəsində – 263.1-1-ci maddəsində azadlıqdan məhrumetmə cəzasının müddəti 3 (üç) ilədək (3 aydan başlayaraq), rejimin növü isə, Məcəllənin Ümumi hissəsində – 56.1.1-ci maddədə məntəqə tipli kimi nəzərdə tutulub.
Xüsusi hissədə – 299.1-ci maddədə 3 aydan 6 ayadək müddət, Ümumi hissədə – 56.1.2-ci maddədə ümumi rejim müəyyən edilib.
Təqsirim sübut edilmiş olsa belə, CM-nin 60-cı maddəsinə əsasən, CM-nin 59.1.10-cu maddəsi nəzərə alınmaqla mənə 2 il 3 aydan artıq müddətə cəza verilə bilməz. Ona görə ki, zərərçəkmişə tibbi yardım göstərməyim, onu öz maşınımla xəstəxanaya aparmağım danılması mümkün olmayan bir faktdır. CM-nin 60-cı maddəsində də deyilir ki, əgər “təqsirləndirilən şəxs zərərşəkmişə tibbi və ya digər yardım göstəribsə”, ona maddədə göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq cəza verilə bilməz.
Yəni, belə: CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cəzanın son həddi 3 ildir (36 ay). 36 ayın da dörddə üçü 27 ay (2 il 3 ay) edir.
Bunların mənə olan nifrəti gözlərini elə kor edib ki, yazılı qanunları da belə açıq şəkildə pozurlar. Bir məhbus Naxçıvanda doğulduğumu biləndə bunu çox obrazlı şəkildə belə ifadə etdi: “onlar səni həm də vətənə xəyanətdə təqsirli biliblər deyə, 9 ay da artıq verdiriblər”.
Yox, əgər zərərçəkmişə tibbi yardım göstərmək də “onu ələ almaq” kimi qiymətləndiriləcəksə, onda bundan sonra qəza yerindən qaçıb zərərçəkmişə yardım etməyən sürücüləri qınamağa dəyməz!
Bə Nəsimi rayon məhkəməsinin hakimi Emin Mehdiyev CM-nin Ümumi hissəsində olan hansı maddəyə istinad edərək mənə cinayətlərin məcmusu qaydasında 3 il ümumi rejimli azadlıqdan məhrum etmə cəzası təyin edib? Belə bir maddə varmı? Yox.
Təkcə bu rejim və müddət məsələsi mənim siyasi məhbus olduğumu sübut etmirmi? Dünyanın hansı ən geri qalmış ölkəsində şəxsə qanunda göstərilməyən cəza növü verilir? Bunlar məni nəinki qanunsuz həbs ediblər, şərləyib tutublar, həm də mənə qanunda nəzərdə tutulmayan cəza veriblər.
Demək istəmirəm ki, mənə verilən cəzanın yalnız rejimi qanunsuzdur. Mən təkcə bu rejim məsələsi ilə bağlı indiki siyasi rejimin qanunlara, insan haqlarına və vətəndaş hüquqlarına saymazyana münasibətini sizə göstərmək istədim. Həbsimin ümumiyyətlə qanunsuz olması barədə apellyasiya şikayətimdə və kassasiya şikayətimdə əsaslı dəlil və sübutlarımı göstərmişəm.
Sonda, “cinayətlərin məcmusu qaydasında qəti cəza təyin edərkən rejimin dəyişməsinin” qanunsuz olduğunu Azərbaycan hakimlərinə və onlara sifariş verənlərə başa salmaq üçün, onların anlaya biləcəyi bir dildə misal demək istəyirəm.
2 iş üzrə ayrı-ayrı 10 min “milli” və 10 min “göy” aldığınız rüşvəti məcmu qaydada qəti olaraq 20 min “göy” kimi (indiki kursla) qəbul edərsinizmi? Bax fərq budur!
Dolların kursu manatı aşan kimi rüşvət də “göy”lə alınacaq. Hələ ki, “milli” sevgiləri aşıb-daşır. Bax, CM-nin 263.1-1-ci maddəsi “göy”, 299.1-ci maddəsi “milli”dir, hörmətli hakimlər! İndi anladınız yəqin!
P.S. AR Konstitusiya Məhkəməsi özünün 18 iyun 2013-cü il tarixli Qərarını dərhal qüvvədən salmalı, AR Milli Məclisi isə bu problemi təcili həll edərək CM-nin 66-cı maddəsinə “məntəqə tipli cəzalarla ümumi rejimli cəzaların toplanması və ya əhatə edilməsi yolu ilə qəti cəza təyin edilərkən cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi qaydası”nı nizama salan yeni bənd əlavə etməlidir, əgər özlərini bu xalq tərəfindən seçilmiş hesab edirlərsə.
Məmmədov Qurban Cəlal oğlu