Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
AR Milli Məclisinin Sədri
cənab Oqtay Əsədova
Konstitusiya Məhkəməsinin Sədri
cənab Fərhad Abdullayevə
Ali Məhkəmənin Sədri
cənab Ramiz Rzayevə
Ədliyyə Naziri
cənab Fikrət Məmmədova
Daxili İşlər Naziri
cənab Ramil Usubova
AR Prezident Administrasiyasının
Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
cənab Fuad Ələsgərova
AR Prezident Administrasiyasının
Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
cənab Şahin Əliyevə
AR Baş Prokuroru
cənab Zakir Qaralova
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) xanım Elmira Süleymanovaya
AR Milli Məclisinin
Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvləri
sədr Əli Hüseynliyə, Azay Quliyevə, Fəzail Ağamalıya,
Qüdrət Həsənquliyevə, Çingiz Qənizadəyə
AR Milli Məclisinin
İnsan Hüquqları Komitəsinin üzvləri
sədr Rəbiyyət Aslanovaya, Fazil Mustafaya,
İlyas İsmayılova, İqbal Ağazadəyə, İsmayıl Hacıyevə
Vəkillər Kollegiyasının Sədri
cənab Azər Tağıyevə
Məmmədov Qurban Cəlal oğlu tərəfindən
A Ç I Q M Ə K T U B
Qanundakı ziddiyətlər və boşluqlar – Cinayət Prosessual Məcəlləsi
(ikinci məqalə)
Hörmətli səlahiyyət sahibləri!
CPM-nin 32-ci maddəsi belə olmalıdır: “cinayət prosesində tərəflərin çəkişməsi”.
Nə deməkdir “cinayət prosesi”?
CPM-nin 7.0.3-cü maddəsinə əsasən, “cinayət prosesi-cinayət təqibi üzrə həyata keçirilən prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusudur”.
Bəs “cinayət təqibi” nə deməkdir?
Bu suala da CPM-nin 7.0.4-cü maddəsində belə cavab verilir: “cinayət təqibi-cinayət hadisəsinin müəyyən edilməsi, … ittihamın məhkəmədə müdafiə edilməsi … məqsədilə həyata keçirilən cinayət prosessual fəaliyyətdir”.
Göründüyü kimi, “cinayət təqibi” anlayışı və bu anlayış altında nəzərdə tutulan bütün hərəkətlər, o cümlədən də, təhqiqat və ibtidai istintaq hərəkətləri bütövlüklə “cinayət prosesi” anlayışına daxildir və həmin anlayışla əhatə olunur.
Onda sual yaranır: əgər təhqiqat və ibtidai istintaq zamanı da qəbul edilən qərarlar “cinayət prosesi”nə aiddirsə, onda nə üçün CPM-nin 32-ci maddəsinin adı cinayət təqibinin bütün mərhələlərini, məzmunu isə yalnız məhkəməni nəzərdə tutur? Hətta, CPM-nin 32.1-ci maddəsində də qeyd edilir ki, “cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir”.
“Cinayət mühakimə icraatı” anlayışı isə CPM-nin 7.0.8-ci maddəsinə uyğun olaraq, təhqiqatı və ibtidai istintaqı da ehtiva edir. Ancaq, 32-ci maddənin 2-ci bəndinin (32.2) on bir yarım bəndinin heç birində “təhqiqat” və ya “ibtidai istintaq” ifadələri keçmir, elə birinci yarımbənddən başlayaraq yalnız məhkəmədən söhbət gedir.
Bəs təhqiqat və ibtidai istintaqda (məhkəməyədək icraatda) “tərəflərin çəkişməsi və bərabərlik” prinsipi təmin edilirmi?
Bu suala cavab vermədən öncə, qeyd edim ki, CPM-nin 28-ci maddəsinin də (cinayət mühakimə icraatının obyektivliyi, qərəzliliyi və ədalətliliyi) adı ilə məzmunu arasında uyğunsuzluq var. Orada da söhbət yalnız məhkəmə prosesindən, məhəmə mərhələsindən gedir. Halbuki, “cinayət mühakimə icraatı” anlayışı, yuxarıda qeyd etdiyim kimi, həm də “məhkəməyədək aparılan icraat”ı nəzərdə tutur.
Qanunverici ya CPM-nin 7.0.3-cü maddəsində nəzərdə tutulan “cinayət prosesi” və 7.0.8-ci maddəsində nəzərdə tutulan “cinayət mühakimə icraatı” anlayışlarının tərifinə yenidən baxmalı, ya da 28 və 32-ci maddələrin məzmununu həmin anlayışlarda nəzərdə tutulan təhqiqat və ibtidai istintaq mərhələsi ilə bağlı genişləndirməlidir. Məncə, ikinci yol daha məqbul və lazımlıdır. “Obyektivlik, qərəzsizlik, ədalətlilik və çəkişmə” prinsiplərinin məhkəməyədək icraat mərhələsində də təmin edilməsi insan hüquqlarının təminatı baxımından faydalı olardı.
Qayıdaq həmin suala: təhqiqat və ibtidai istintaqda (məhkəməyədək icraatda) “tərəflərin çəkişməsi” prinsipi təmin edilirmi?
“Cinayət təqibi” və “cinayət mühakimə icaatı” cinayət hadisəsinin müəyyən edilməsindən məhkəmə hökmünə qədər olan böyük bir prosesi nəzərdə tutursa, ilkin start vəziyyətində qeyri-bərabər vəziyyətdə olan və ya qeyri-bərabər vəziyyətə salınan tərəflərin sonrakı və ya son mərhələdə-məhkəmə prosesində “bərabər hüquqlara və imkanlara” malik (CPM-nin 32.2.2-ci madəsi) olmasından danışmaq, daha doğrusu, bərabər ola biləcəyini düşünmək mümkün deyildir. Bu qolları tutulmuş bir boksçunun digəri tərəfindən 2-3 dəfə naqdauna salınmasından sonra sərbəst buraxılmasına oxşayır. Buna el arasında: “torbası tikilibsə, artıq gecdir”-deyilir.
CPM-nin ümumi prinsipləriniin qarşılıqlı analizindən və Avropa Məhkəməsinin qərarlarının peresedent qaydasında ölkəmizdə tətbiqinin qanunvericilik şəkilində qəbul edilməsini nəzərə alanda, aydın olur ki, qanunverici həmin prinsipləri həm də məhkəməyədək icraat mərhələsinə aid etmişdir. Deməli, CPM-nin 28 və 32-ci maddələrində boşluqlar var. Bunu başqa maddələrində məzmunundan görmək olar.
Məsələn, CPM-nin 85.4, 86.4 və 143.2-ci maddələrinə əsasən, ittiham tərəfinin sübut toplama hüququ var. Yəni təhqiqatçı, müstəntiq və prokuror öz təşəbbüsləri ilə sübut toplayır, o cümlədən də şahidləri dindirə bilirlər.
Bəs, vəkil-müdafiəçi və ya təqsirləndirilən şəxs özü necə, şahid dindirə bilərmi?
Axı “ittiham və müdafiə tərəfləri” CPM-nin 7.0.19-cu maddəsinə əsasən, “çəkişmə və hüquq bərabərliyi əsasında cinayət mühakimə icaatında ittiham və müdafiəni həyata keçirən cinayət prosesinin iştirakçıları” hesab edilirlər.
“Çəkişmə və hüquq bərabərliyi” əsasında!
Təhqiqatçı və müstəntiq fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyi, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb edə, şahidləri dindirə bilər, ekspertiza təyin edə bilər, baxış, axtarış, götürmə, müayinə (şəxsi müayinə) və digər istintaq hərəkətlərini apara bilər. Bütün bu hərəkətlər prosessual sənədlər formasında cinayət işinə əlavə edilir və onlar məhkəmə tərəfindən sübut kimi qiymətləndirilir.
Əgər müdafiə tərəfi, müdafiəçi-vəkil də bu işləri görə bilirsə, deməli “çəkişmə və hüquq bərabərliyi” həqiqətən təmin edilir.
Təbii ki, CPM-nin 7.0.28-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs “müdafiə tərəfi”nə daxil olsa da, həmin hərəkətlərin heç birini etmək hüququ, səlahiyyəti, faktiki imkanları yoxdur. O yalnız “vəsatətlər vrmək” (91.5.12) “cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək” (91.5.16) yolu ilə bu sübut toplama prosesində iştirak edə bilər. Yəni o, “qolubağlı boksçu” vəziyyətindədir. Ona yalnız müdafiəçi kömək edə bilər.
Bəs müdafiəçinin vəziyyəti necədir?
Bu suala cavab verməmişdən əvvəl, qeyd edim ki, CPM-nin 91.6-cı maddəsinə əsasən, “öz müdafiəsini müstəqil, yəni vəkilsiz, həyata keçirən təqsirləndirilən şəxs onun vəziyyətində mümkün dərəcədə CPM-də müdafiəçi üçün nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir”. Bu reallıqda baş verə bilərmi, mümkündürmü?
İndi baxaq müdafiəçinin hüquqlarına: O, həqiqətənmi təhqiqatçı və müstəntiqlə müqayisədə “çəkişmə və hüquq bərabərliyi”nə malikdir?
CPM-nin 92.9.5-ci maddəsinə əsasən, vəkilin-müdafiəçinin “məhkəməyədək və ya məhkəmə icraatı zamanı cinayət işinə əlavə və ya məhkəmə iclasında tədqiq edilməsi üçün sübutlar, habelə digər materiallar toplamaq və cinayət prosesini həyata keçirən orqana təqdim etmək hüququ” var.
Demək olar ki, müdafiəçinin bu maddədə nəzərdə tutulan hüquqları ilə təqsirləndirilən şəxsin CPM-nin 91.5.16-cı maddəsində nəzərdə tutulan hüquqları eynidir. Bəs, haqqında həbs qətimkan tədbiri seçilmiş və müdafiəsini müstəqil, yəni müdafiəçisiz həyata keçirən təqsirləndirilən şəxs bu hüquqlarından istifadə edə bilərmi? Həbsxanadan, sadəcə olaraq, “etirazlar etmək və ərizə-vəsatətlər yazmaqla real müdafiə olunmaq mümkündürmü? Yaxud da, “qapısı bağlı” adam CPM-nin 91.5.16-cı maddəsində nəzərdə tutulan “sübutlar və digər materiallar toplamaq” hüququnu necə reallaşdıra bilər? Təbii ki, bu hüquqlar indiki təcrübədə tam formal xarakter daşıyır və hüquq kağız üzərində “gəlişi gözəl söz”dən başqa bir şey deyil. Qanunverici, mütləq, haqqında həbs qətimkan tədbiri seçilmiş şəxsin həmin hüquqlarına hansısa formada aydınlıq gətirməlidir.
Bəs azadlıqda azad hərəkət etmək, azad və sərbəst qərarlar qəbul etmək imkanına malik olan müdafiəçi-vəkil necə, bu hüquqlarından istifadə edə bilirmi?
Təəssüflə deməliyik ki, yox! Qanunverici müdafiə tərəfinə-müdafiəçiyə sağ əli ilə verdiyini sol əli ilə almaqla onun da hüquqlarını məhdudlaşdırır, heçə endirir.
Guya ki, CPM-nin 92.9.5-ci maddəsinə əsasən, müdafiəçinin sübutlar, materiallar toplamaq hüququ var. CPM-nin 92.11.1-ci maddəsinin mahiyyətinə görə, bu hüquqlar onun həm də vəzifəsidir-“təqsirləndirlən şəxsin qanuni mənafeyinin müdafiəsini bütün qanuni üsullarla həyata keçirmək …”.
Hüquqşünas olmayanlar üçün qeyd edim ki, sübut deyəndə: şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər (CPM-nin 124.2-ci maddəsi) başa düşülür. “İstintaq və məhkəmə hərəkətlərinin protokolları”na isə “baxış”, “meyitin qəbirdən çıxrılması”, “şəxsi müayinə”, “şəxsin və əşyaların tanınması”, “axtarış və götürmə”, “ifadələrin yerində yoxlanılması və istintaq eksperimenti” və s. hərəkətlərin protokolları daxildir.
Sadalanan bu qədər sübut növlərindən neçəsini müdafiəçi toplaya bilər? Əslində “tərəflərin bərabərliyi və çəkişmə prinsipi” realdırsa, cavab: “hamısını” olmalıdır. Ancaq reallıq və qanunvericilik necədir?
“Sübutların toplanılması” adlanan 143.3-cü maddəyə əsasən, “… müdafiəçi hüquqi yardım göstərilməsi üçün sübutlar təqdim etməyə və məlumat toplamağa, o cümlədən, fərdi şəxslərdən izahat almağa … haqlıdır”.
Maddənin I bəndinin məzmunundan aydın olur ki, müdafiəçi ibtidai araşdırma və məhkəmə baxışı zamanı həmin sübutları toplayıb cinayət prosesini aparan orqana təqdim edə bilər. O cümlədən də, şahid ifadələrini və məsələn, hadisə yerinə baxış keçirib tərtib etdiyi protokolu sübut növü kimi müstəntiqə və ya məhkəməyə təqdim edə bilər. Qanunun mahiyyətindən belə çıxır, belə anlaşılır.
Ancaq müdafiəçinin və ya təqsirləndiriliən şəxsin müstəntiqin iştirakı olmadan və ya onun dəvət edilməsi ilə, hadisə yerini müayinə etməsi qaydası barədə CPM-də norma yoxdur. Hər hansı qayda nəzərdə tutulmayıb.
Əvəzində isə, CPM-nin 92.9.9-cu maddəsində göstərilir ki, müdafiəşi “… cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda fiziki və hüquqi şəxslərin razılığı ilə onları sorğu-suala tutmaq …” hüququna malikdir.
Göründüyü kimi, bununla da, müdafiəçinin sübut növü kimi şahid ifadələri toplaması “xüsusi ittiham qaydasında həyata keçirilən” cinayət təqibi üzrə işlərlə məhdudlaşdırılmışdır. Bəs, ictimai-ittiham qaydasında aparılan cinayət təqibində müdafiəçi nəyə görə şahidləri dindirə bilməz, şahid ifadəsi kimi sübut növünü toplaya bilməz? Qanunvericinin mövqeyi bu məsələlərdə tam aydın deyil.
Yuxarıda qeyd etdiyim kimi, sağ əlin verdiyini sol əl geri alır. Bunun da nəticəsidir ki, CPM-nin 95.4-cü maddəində şahidin vəzifələri arasında yalnız “cinayət prosesini həyat keçirən orqanın çağırışlarına gəlmək və tələblərinə əməl etmək” nəzərdə tutulub. Vəkilin-müdafiəçinin şahidi çağırma hüququ yoxdur. Vətəndaş-şahid müdafiəçiyə ifadə, izahat verməkdən imtina da edə bilər indiki normalara görə. Belə olduğu halda, müdafiəçi özünün sübut toplama hüququnu həyata keçirə bilərmi?
Təbii ki, yox! Onda CPM-nin 7.0.19-cu maddəsndə “çəkişmə və hüquq bərabərliyi əsasında cinayət mühakimə icraatnda” ifadələrinin bir mənası varmı? Maraqlıdır ki, bu maddədəki “cinayət mühakimə icraatında” ifadələri “məhkəmə baxışında” ifadələrini 2 iyul 2001-ci il tarixli 172-IIQD saylı Qanunla əvəzləmişdir.
Yəni CPM qüvvəyə minəndən 10 ay sonra. Başqa sözlə, qanunverici düz 13 il bundan qabaq “tərəflərin hüquq bərabərliyi və çəkişmə” prinsipini ibtidai istintaqa da aid etsə də, bəzi maddələrdə lazımi dəyişikliklər edilmədiyinə görə, müdafiəçinin (müdafiə tərəfinin) bəzi sübutların toplanması barədə qanunda tanınan hüquqları, sadəcə, kağız üzərində qalmışdır.
Şahid ifadələri ilə bağlı bu qədər.
Başqa bir misal. Təcrübə göstərir ki, ibtidai istintaq zamanı bəzən hadisə yerinin müayinəsində qəsdlə və ya bilməyərəkdən səhvlərə yol verilir, hadisə yerinin ölçüləri, predmetlərin yerləşmə vəziyyəti və s. protokolda düz göstərilmir. Müstəntiqin tərtib etdiyi və 2 nəfər də hal şahidinə imzaladaraq məhkəməyə təqdim etdiyi həmin protokolun səhv olduğunu sübut etmək, müdafiəçi hadisə yerinin müayinəsini həyata keçirə bilərmi? Qanunun cavabı mənfidir. CPM-nin 236-cı (baxış) maddəsinin məzmunundan görünür ki, bu prosessual hərəkəti yalnız müstəntiq edə bilər. Təqsirləndirilən şəxs və və ya onun müdafiəçisi isə yenə də yalnız müstəntiq tərəfindən və yalnız cinayət işi başlandıqdan və şəxs, təqsirləndirilən şəxs kimi tanınandan sonra həmin hərəkətdə iştiraka dəvət edilə bilər. Təcrübədə isə, bir qayda olaraq, hadisə yerinə baxış zamanı, gəlcəkdə təqsirləndirilən şəxs olaraq vətəndaş və onun müdafiəçisi iştirak etmir və edə də bilməz (CPM-nin 263.3-cü maddəsi).
Onda sual yaranır: Müdafiəçinin sübut toplama hüququ varsa (CPM-nin 92.9.5-ci maddəsi), hadisə yerinin müayinə protokolu və ya istənilən növ baxış protokolu da sübut növüdürsə (CPM-nin 124.2.4-cü maddəsi), nə üçün müdafiəçi hadisə yerinin müayinəsini aparıb protokol tərtib edə bilməz? Edə bilərsə, niyə CPM-nin 236-cı maddəsində müstəntiqlə yanaşı müdafiəçinin də adı qeyd edilmir və ya müdafiəçi tərəfindən müxtəlif sübutların toplanma qaydaları, şahidin müdafiəçi tərəfindən çağırılması qaydasını nizamlayan maddələr CPM-də yoxdur?
Niyə?
Belə bir vəziyyətdə “hüquq bərabərliyindən və çəkişmə”dən söhbət gedə bilərmi?
Meyidin qəbirdən çıxarılması (ekskumasiya) (CPM-nin 237-ci maddəsi) məsələsində də müdafiəçi qeyri-bərabər durumdadır. Meyit yalnız ittiham tərəfinin vəsatəti əsasında qəbul edilən məhkəmə qərarı əsasında qəbul edilmiş məhkəmə qərarı ilə çıxarıla bilər. Müdafiə tərfinin belə bir vəsatətlə məhkəməyə müraciət hüququ tanınmır. Niyə?
Elə bunun nəticəsidir ki, bu gün Azərbaycanda ittiham tərəfinin-müstəntiqlərin yalançı şahid ifadələri və saxta istintaq protokolları ilə məhkəməyə göndərdikləri işlər üzrə 99.9 % ittiham hökmü çıxarılır və müdafiə hüququ xoş arzu olaraq qalır.
Qanunsuz yollarla “tikilən torba”dan təqsirləndirilən şəxsi, əvvəlcədən qolları bağlı boksçu rolunda olan müdafiəçinin xilas etməsi də qeyri-mümkündür. Bunun da nəticəsində azərbaycanda vəkillərə və məhkəməyə heç bir inam yoxdur, baxmayaraq ki, azərbaycan vəkilləri, mən bunu tam məsuliyyətimlə və bir neçə ölkədə vəkillik işi ilə tanış olan bir adam kimi deyirəm, dünyada ən çox əziyyət çəkən, müdafiəsi altında olan şəxsə can yandıran vəkillərin sırasındadırlar. Təbii ki, aralarında qüsurlu olanlar da var. Məncə, müdafiə hüququnu real hüquqa çevirmək, vəkilliyin hörmətini qaldırmaq, məhkəmələrə qarşı insanlarımızda inam və hörmət yaratmaq üçün bu qeyd etdiyim boşluqlarla bağlı təcili CPM-də lazımi dəyişikliklər və əlavələr edilməlidir. Bu, həm də məhkəmələrin ədalətli qərarlar qəbul edə bilmələri üçün lazımdır.
15 yanvar 2014
Məmmədov Qurban Cəlal oğlu