Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
AR Milli Məclisinin Sədri
cənab Oqtay Əsədova
Konstitusiya Məhkəməsinin Sədri
cənab Fərhad Abdullayevə
Ali Məhkəmənin Sədri
cənab Ramiz Rzayevə
Ədliyyə Naziri
cənab Fikrət Məmmədova
Daxili İşlər Naziri
cənab Ramil Usubova
AR Prezident Administrasiyasının
Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
cənab Fuad Ələsgərova
AR Prezident Administrasiyasının
Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
cənab Şahin Əliyevə
AR Baş Prokuroru
cənab Zakir Qaralova
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) xanım Elmira Süleymanovaya
AR Milli Məclisinin
Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvləri
sədr Əli Hüseynliyə, Azay Quliyevə, Fəzail Ağamalıya,
Qüdrət Həsənquliyevə, Çingiz Qənizadəyə
AR Milli Məclisinin
İnsan Hüquqları Komitəsinin üzvləri
sədr Rəbiyyət Aslanovaya, Fazil Mustafaya,
İlyas İsmayılova, İqbal Ağazadəyə, İsmayıl Hacıyevə
Vəkillər Kollegiyasının Sədri
cənab Azər Tağıyevə
Məmmədov Qurban Cəlal oğlu tərəfindən
A Ç I Q M Ə K T U B
Koorupsiyalaşmış qanunlar və cəza satıcıları
(birinci məqalə)
İnsanlıq var olduqca, rüşvət və korrupsiya da var olacaq.
Bəşər övladı bu iki şər əməlin qarşısını tam ala bilməz, onu qismən azalda, cəmiyyətin inkişafı üçün az təhlükəli həddə sala bilər. Yalnız bunu edə bilər və bu mümkündür.
Kökünü tam kəsə bilməməsi isə obyektiv qanunlarla bağlıdır və biz bu barədə başqa bir vaxt danışa bilərik.
İndi isə azaltmanın, səviyyəsini, miqyasını aşağı salmanın və az təhlükəli həddə gətirmənin yolları barədə:
Bura: kiçik yaşlarından tərbiyələnmə, dəyərlərlə tanışlıq və onlara bağlılığın aşılanması, ictimai nəzarət və ictimai qınaq, sosial institutların, özünüidarəçiliyin formalarının inkişafı, inzibatçılığın-dövlət orqanlarının, rəsmi orqanların fəaliyyət sferasının getdikcə daralması, məsuliyyətin və cəzanın qaçılmazlığı prinsipinin dönmədən həyata keçirilməsi, vəzifələrdə olmanın dönəm və vaxtla məhdudlaşdırılması, seçkilər, hüquqi mexanizmlərin vaxtında və dürüst calışdırılması, belə halları maksimum istisna edən, onların qarşısını ala biləcək qanunların yaradılması və s.
Bu gün yalnız sonuncu barədə: rüşvət və korrupsiyaya yol verməyən, obyektiv olaraq onları istisna edən qanunların qəbulundan, qanun yaradıcılığı prosesindən danışacayıq.
Təbbi ki, ən yaxşı parça naşı dərzi əlində zay olduğu kimi, ən yaxşı qanunlar da naqis insan əlində pis niyyətlər üçün istifadə edilə bilər.
Dərziyə verilməyən parçanı necə, dərzi zay edib korlaya bilərmi?
Bəs insan? Ona verilməyən şansdan istifadə edə bilərmi?
Qoyunu: qabağına qoyulmuş otdan, şiri ətdən, iti yaldan, quşu dəndən çəkindirmək mümkün olmadığı kimi, insanı da, ona rüşvət almaq, süründürməklə pul qopartmaq, korrupsiyalaşmaq imkanı verən qanunlardan öz nəfsinə uyğun istifadə etməkdən çəkindirmək mümkünsüzdür. Özümüzü aldatmayaq. “Ot və at, it və ət” həyatın obyektiv qanunauyğunluğudur.
“İnsan və nəfs” də həmçinin!
Dövlətin imkanı yoxdur ki, hər bir məmurun başı üstündə əli silahlı bir nəzarətçi qoysun. Bu həm də o vaxt heç mümkün olmur ki, korrupsiyaya qarşı rəsmi olaraq mübarizə aparmaq vəzifəsi daşıyan şəxslər həmin şərə rəhbərlik edirlər. Yaponiya, İtaliya, Almaniya, Türkiyə, Yunanıstanda və başqa inkişaf etmiş və oxşamaq istədiyimiz, özümüzə nümunə kimi qəbul etdiyimiz bir çox ölkələrdə son 10 ildə baş vermiş rüşvət qalmaqalları buna sübutdur. Bizim kimi postsovet ölkələrindən isə danışmağa dəyməz. Bizdə, demək olar ki, korrupsiyanın kökü kəsilib. Sonuncu rüşvətxor Lənkəranda tutulan hansısa müəllim idi: 400 manat, bir də Bakıda hansısa MİS rəisi: neçə manatsa.
Ancaq qanunlarımızı vaxtında qaydaya salmasaq, biz də tezliklə Yaponiyanın, İtaliyanın, hətta Almaniyanın səviyyəsinə düşə bilərik.
Rüşvət-imkan varsa alınır. Korrupsiya şərait varsa, çiçəklənir, göyərir, inkişaf edir. Əgər qanunun özündə korrupsiya üçün əl yeri qoyulursa, nəfsinə düşkün insanı qınamaq əslində ikiüzlülük, qeri-səmimilikdir: axı qanun məhz bu mqsədlə qəbul edilib.
Məsələnin mahiyyətinə və faktlara keçmədən öncə, bunu da yadda saxlayın: hər xalq, millət layiq olduğu, istədiyi hökuməti qurduğu və ona dözdüyü kimi, hər hökumət də, özünə sərf edən qanunlar qəbul etdirir.
AR Konstitusiyasının 149-cu maddəsinin (normativ hüquqi aktlar) I hissəsinə əsasən, “Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə və bərabər münasibətlərə) əsaslanmalıdır.
Görəsən, bizim qanunlar qəbul edilərkən, Konstitusiyanın bu maddəsi nəzərə alınırmı?
Normativ akt-hüquqa və haqq-ədalətə əsaslanmalıdır. Mötərizə içində yazılanlar isə daha önəmlidir: “bərabər mənafelərə və bərabər münasibətlərə” xidmət etməli, bərabərliyin pozulmasına imkan verməməli, şərait yaratmamalıdır.
Elmi-nəzəri, hüquqi fikirlərlə Sizi yormaq istəmirəm, buna lüzum da yoxdur. Bu gün gündəlik təlabat malları kimi istifadə olunan Cinayət Məcəlləsindən misallar gətirməklə Sizi söhbətin nədən getdiyindən agah edəcəyəm.
Konstitusiyamızn 25-ci maddəsinin (bərabərlik hüququ) I hissəsinə əsasən, “Hamı qanun və məhkəmə qarşısında bərabərdir” və Cinayət Məcəlləsinin 4-cü maddəsinə əsasən, “Bu Məcəllə … qanun qarşısında bərabərlik … prinsiplərinə əsaslanır”.
Eyni prinsip CPM-nin 11.1-ci maddəsində də nəzərdə tutulub: “AR-da cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir”.
Bu prinsiplərin mahiyyəti ondan ibarətdir ki, eyni cinayəti, eyni şərtlər daxilində törədən və eyni yüngülləşdirici və ağırlaşdırıcı hallara malik əlamətlərin eyni olduğu halda adamlara eyni cəza verilməlidir.
Bu prinsip, əslində, bütün sahələrdə, o cümlədən mülki mübahisələrin həllində də rəhbər tutulmalıdır.
Məncə, insan üçün ən pisi, ən qorxulusu, ən ziyanlısı o deyil ki, o hansı rejimdə (demokratik, diktatura, avtoritar, oxlokratik, mafiya, tayfa və s.) yaşayır, ən pisi odur ki, o yaşadığı rejimin daxilində özünə qarşı bir ədalətsilik, qanun qarşısında qeyri bərabərlik hiss edir. İnsan üçün, cəmiyyət üçün ən pisi budur.
Bu isə iki mənbədən qaynaqlana bilər: qanundan və onu icra edəndən. Ancaq qanundan qaynaqlanmayan ədalətsizliyi (bu sözə Siz Konstitusiyamızın 149-cu maddəsində rast gəldiniz) qanunu icra edənin törətməsi də zorlanacaqdır və ya qeyri-mümkün olacaqdır.
Təsəvvür edin ki, biz üç nəfərik. 3 çörəyimiz var. Mən hərəmizə birini vermklə bərabər bölürəm. İndi 10 çörəyimiz var. İndi hərənizə 3 çörək verib, özümə 4 çörək götürürəm, razı olacaqsınızmı? Baxmayaraq ki, əvvəlkindən fərqli olaraq, hərənizə 2 çörək artıq vermişəm, ancaq özümə Sizdən 1 çörək artıq götürdüyümə görə mütləq məndən-bölgüdən narazı qalacaqsınız. Çünki sizə münasibədə ədalət və bərabərlik pozulub. Bax, ərəb ölkələrində baş verənlərin səbəbi bu idi: xaricdən körüklənsə də, körüklənməsə də. Ədalət pozulmasaydı, bütün dünya bir olsa da, o xalqları kütləvi surətdə bir-birinə qırdırmaq olmazdı. Bizimlə müqayisədə Liviyalıların sosial təminatları 100 dəfə yüksək idi. Ancaq, öz idarəçiləri ilə müqayisədə, bizdəki kimi idilər: çoxluğa limon (meyvə kimi), azlığa “limon” (milyon dollar kimi).
Cinayət Məcəlləsindən misallara keçməzdən əvvəl, ölkəmizdə baş verən çox qəribə, həm də yalnız son 5-6 ildə daha da tez-tez rast gəlinən bir fakta diqqət edin: eyni maddə ilə ittiham edilən birinə 3 il, o birinə 12 il azadlıqdan məhrum etmə cəzası verilir. Fərq 2 çörəkdən də çoxdur: 9 il insan həyatı. İslama görə həddi-buluq yaşı qədər. Bu necə baş verir? Necə mümkün olur?
Cinayət Məcəlləsində nəzərdə tutulan cəzalardan:
– 154 maddədə aşağı və yuxarı hədlər arasında fərq 2 (iki) ildir.
– 157 maddədə 3 il,
– 68 maddədə 4 il,
– 117 maddədə 5 il,
– 6 maddədə 6 il,
– 12 maddədə 7 il,
– 3 maddədə 8 ildir.
Fərqə baxın: 2-8 il. İki ili hardasa, necəsə, bir təhər başa düşmək, olar. Bəs, 3-8 il fərqi necə başa düşmək, necə izah etmək olar? 3-8 il bəzi cinayətlərdə nəzərdə tutulan cəzanın maksimum həddidir. Aşağı və yuxarı hədd arasında bu qədər fərq qoymaqda məqsəd nədir və qanunu qəbul edənlər nə düşünüblər, hansı arqumentləri nəzərə alıblar?
Kimsə deyə bilər ki, CM-nin 59-cu maddəsində 10 növ yüngülləşdirici hal, 61-ci maddəsində 13 növ ağırlaşdırıcı hal nəzərdə tutulub və bu fərq də hakimlər tərəfindən həmin halların nəzərə alınaraq cəzaların fərdiləşdirilməsi üçündür. Haqlı da olarlar. Təcrübədə guya elə belə də var. Ancaq…
Cəzanın bu qaydada müəyyənləşdirilməsi qanun və məhkəmə qarşısında bərabərlik prinsipinə uyğundurmu? Konstitusiyamızın yuxarıda qeyd etdiyim 149-cu maddəsinin ana fəlsəfəsi ilə səsləşirmi?
Özünüz qiymət verin.
Artıq, qeyd etdiyim və bütün dünyaya bəlli olduğu kimi, son vaxtlar, törədilmiş eyni cinayətlərə görə eyni şərtlərdə olan şəxslərin birinə 3 il, o birinə 12 il cəza verilir. Çünki CM-nin indiki məzmununa görə, veriləcək cəzanın həddini qanun yox, hakim müəyyənləşdirir. Hakim isə insandır. Hər insanın eyni bir hadisəyə, fakta münasibəti isə eyni ola bilməz və ya eyni olmaya da bilər. Bu fərqin 3-8 il azadlıqdan məhrum etmə cəzası kimi insanların taleyində öz əksini tapmasını necə ədalətli və ya bərabərlik hesab etmək olar?
Hakim CM-nin 178.3.2-ci maddəsi (dələduzluq) ilə 7 il də, 12 il də, (fərq 5 ildir) cəza verə bilərsə, 177.3.2-ci maddəsi (oğurluq) ilə 6 il də, 12 il də, cəza verə bilərsə, (fərq 6 ildir), onda niyə bu fürsətdən yararlanmasın? Şeytan hər an hakimi yoldan çıxarmağa, onu nəfsinə qul etməyə amadədir. Şeytandan daha qorxulusu isə, onun başı üstündə durub ağzını əjdaha kimi açıb “ver-ver” deyənlərdir. Belə yerdə hakim, ədalət mühakiməsini həyata keçirən subyekt kimi yox, obyektə oturdulmuş cəza satıcısı kimi fəaliyyət göstərir: İli 2 mindən 100 minədək çıxır. Baxır adamına; həbs edilənin sosial mənsubiyyətinə, imkanlarına, vasitəçiliyə, tapşırana və s. və s. Qanundan başqa burada çox şey rol oynayır. Belə bir vəziyyətdə isə “qanun qarşısında” yox, hakimlərin tamahı, əxlaqı, namusu, rüşvətxorluğu qarşısında qeyri-bərabərlikdən, ədalətsizlikdən söhbət gedə bilər.
Hətta qanunverci CM-nin 59-cu maddəsində göstərdiyi yüngülləşdirici hallara görə cəzanın maksimum həddindən neçə il çıxılacağını göstərsəydi, yenə də nəsə başa düşmək olardı. Çox qəribə və anlaşılmazlıqdır ki, qanunverici bunu yalnız CM-nin 59.1.9 və 59.1.10-cu bəndlərində göstərilən yüngülləşdirici hallara şamil edərək, 60-cı maddədə göstərib ki, “həmin iki hal olduqda və ağırlaşdırıcı hallar olmadıqda, təyin olunan cəzanın müddəti və həcmi … nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz”. Yəni, yuxarıda qeyd etdiyim 177.3.2-ci maddəsində nəzərdə tutulan cəzanın yuxarı həddi 12 ildirsə, həmin iki haldan biri olsa, təyin olunacaq cəza 9 ildən artıq olmamalıdır. Belədə də fərq 3 il olur. 3 il də qənimətdir. 6 il almaq istəyirsənsə, ili azı 2 mindən (onu da hələ prokurorluğu razı sala bilsən) düş gəlsin. Budur bazarın qaydaları. Bu bazarı, adında yazıldığı kimi, məhkəməyə çevirmək üçün Cinayət Məcəlləsində köklü, prinsipial dəyişikliklər edilməlidir.
Necə?
Bu suala cavab verməmişdən öncə, yenə də bəzi faktlara diqqətinizi yönəltmək istərdim.
İndiki Cinayət Məcəlləsində elə cəzalar var ki, 5 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulub. Aşağı hədd isə 3 aydır. Ali Məhkəmədən və ya Ədliyyə Nazirliyindən deyə bilərlərmi ki, bu günədək həmin maddələr üzrə neçə nəfərə 3 ay, neçəsinə 6 ay, 1il, 1il 6 ay, 2 il və ya 3 il 2 ay 4 gün cəza verilib? Yaxud da, aşağı və yuxarı hədləri arasında 4-8 il fərq olan cəzalar üzrə təqsirləndirilən şəxslərin neçə faizinə cəzanın aşağı həddi verilib? Yaxud alternativ cəza növləri nəzərdə tutulan maddələr üzrə neçə faiz şəxsə cəzanın yüngül növü tətbiq edilib? Bu rəqəmlər Azərbaycanın indiki hakimiyyəti dövründə heç vaxt açıqlanmayacaq. Çünki açıqlansa, hakimiyyətin korrupsioner və anti-xalq mahiyyəti dərhal rəsmi rəqəmlərlə sübut olunar: həmin o aşağı hədd (3 aydan başlayaraq) son 20 ildə 1 nəfərə də verilməyibsə, onda cəzanın belə həddlərdə göstərilməsində məqsəd nədir və bu nəyə xidmət edir? Cavab çox sadədir: rüşvət və korrupsiyaya!
Bu korrupsiyanın kökünü kəsmək və ya az da olsa, indiki rüşvət bataqlığında boğulan məhkəmə sistemini xilas etmək üçün qanunlardakı korrupsiya elementlərini, rüşvət alma, pul qopartma imkanlarını aradan dərhal qaldırmaq lazımdır.
Keçən ilin noyabr ayında Nəsimi rayon məhkəməsində mənimlə paralel ittiham edilən bir cavana 480 manatlıq dələduzluq ittihamı ilə 3 il azadlıqdan məhrum etmə cəzası kəsildi. Ziyan ödənilmişdi. Bir miyon yox, milyon yarım da yox, 480 manat. Qəribəsi bu da deyil, hakim 10 000 (on min) istəyib 6 (altı) minə enmişdi. Uşaq bu pulu tapa bilmədiyi üçün 3 il cəza almışdı. Məqsəd: başqalarına xəbərdarlıq etməkdir: “baxın haaaa, 480 manata 3 il verirəmsə, görün sizə neylərəm, hazır gəlin hüzuruma”.
Faktlar sübut edir ki, bizim Cinayət Məcəlləmiz nəinki qanun və məhkəmə qarşısında bərabərlik prinsipinə cavab vermir, tam əksinə, korrupsiya üçün münbit şərait yaradır.
Hakim cəzanın həddini müəyyənləşdirə bilməz. Bu, qanunvericinin müstəsna səlahiyyətidir. Hakim, sadəcə, qanunu olduğu kimi tətbiq etmə vəzifəsi daşımalıdır.
Hakimin tək bir vəzifəsi olmalıdır: məhkəməyə verilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirmək və qanunda nəzərdə tutulan cəzanı təyin emək. Vəssalam!
Şəxsin təqsirli olması sübut edilərsə, cəzanın növünü və dəqiq (yaxud da maksimum bir-iki il fərqlə) həddini yalnız qanun müəyyən etməli, hakim, sadəcə olaraq, qanunu tətbiq etmə vəzifəsini icra etməlidir. Neçə ki, indiki cəza təyin etmə sistemi və prinsipləri var, Azərbaycan məhkəməsindən ədalət və qanun qarşısında bərabərlik gözləmək xəyal olaraq qalacaqdır.
Bunu etmək isə tamamilə mümkündür.
Əvvəla, nəhayət ki, başa düşmək lazımdır: heç bir pul məbləği, heç bir əmlak insan həyatından qiymətli deyil və ola da bilməz. Ona görə də, “iqtisadi sahədə cinayətlər” adlanan IX bölmədə nəzərdə tutulan cinayətlərlə bağlı CM-nin 73-cü və 76.1-ci maddəsinə “ziyanı tam ödəməklə bağlı cinayət məsuliyyətindən və cəzadan azad etmə” barədə əlavələr edilməlidir. Təbii ki, bu halda maddi ziyandan başqa, zərərçəkmişə bədən xəsarəti yetirənlərin də cəzasına yenidən baxılmalıdır.
Yaxşı olardı ki, Cinayət Məcəlləsinin 73-cü maddəsi yeni redaksiyada verilsin və “zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə”, istisnasız olaraq, Məcəllənin VIII bölməsində nəzərdə tutulan, şəxsiyyət əleyhinə olan bütün cinayətlərə şamil edilsin və maddəyə iperativlik verilsin: “azad edilə bilər” yox, “azad edilməlidir” və ya “azad edilirlər”.
Eyni müddəa CM-nin 76.1-ci maddəsinə də əlavə edilməli, cəza çəkən şəxsin zərərçəkmiş şəxslə barışması onu cəzanın qalan hissəsini çəkməkdən qeyd-şərtsiz azad olunmasına əsas olmalıdır.
Məsələn, həmin maddələr aşağıdakı məzmunda verilə bilər:
“Maddə 73. Zərərçəkmiş şəxslə barışmaqla və ziyanın tam ödənilməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə.
Bu Məcəllənin VIII bölməsində nəzərədə tutulmuş “şəxsiyyət əleyhinə olan cinayətlər”dən birini və ya bir neçəsini törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tam ödədikdə və ya vurulmuş zərəri aradan qaldırmaqla zərərçəkmişi razı saldıqda, eləcə də, bu Məcəllənin IV bölməsində nəzərədə tutulmuş “iqtisadi sahədə cinayətlər”dən birini və ya bir neçəsini törətmiş şəxs zərərçəkənin zərərini tam həcmdə ödədikdə cinayət məsuliyyətindən azad edilir”.
“Maddə 76. cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə (əlavə edilir).
76.1.1. Bu Məcəllənin VIII bölməsində nəzərdə tutulmuş “şəxsiyyət əleyhinə olan cinayətlər”ə görə cəza çəkən şəxslər, zərərçəkmiş şəxslə barışdıqda və ona vurulmuş zərəri tam həcmdə ödədikdə, eləcə də bu Məcəllənin XVII fəslində “iqtisadi sahədə cinayətlər”ə görə cəza çəkən şəxslər zərərçəmişə vurduqları zərəri tam həcmdə ödədikdə və ya vurulmuş zərəri zərərçəkmişi razı salacaq həddə aradan qaldırdıqda cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq azad edilirlər.”
Bu dəyişikliklər nə qədər tez baş versə, dövlətimiz də, cəmiyyətimiz də bir o qədər çox qazanar. Niyəsini burada uzun-uzadı əsaslandırıb vaxtınızı almaq istəmirəm.
Sadəcə qeyd edim ki, bu dəyişikliklər aşağıdakı nəticələrə səbəb olacaq:
1. Zərərçəkmişlərin marağını tam təmin edəcək, onlara vurulmuş zərərin ödənlməsinə səbəb olacaq.
2. Cəzaçəkmə müəssisələri xeyli yüngülləşəcək, məhbusların sayı azalacaq, bu da penitensiar xidmətin işçilərinin azalmasına və deməli həm də büdcə ayırmalarının azalmasına səbəb olacaq.
3. Cəmiyyətdə sosial münasibətlərin normalaşmasına, qisas və düşmənçilik münasibətlərinin aradan qalxmasına səbəb olacaq.
4. Həmin maddələrdə həm də, zərərçəkmişlərlə yanaşı, cinayət təqibinə çəkilən xərcin əvəzi olaraq dövlət büdcəsinə də ödəmələr nəzərdə tutulsa (onsuzda külli miqdarda məbləğlər rüşvət kimi indi hakimlərə verilir), bu da büdcəyə gəlir gətirmiş olacaq.
5. Məhkəmələrdəki rüşvətxorluq halları xeyli azalacaq.
İkincisi, cəzaların aşağı və yuxarı hədləri arasındakı fərq bir ildən artıq olmamalıdır.
Fərq etməz, qanunverici istərsə, indiki cəzaların maksimum və orta həddi saxlanılsın. Məsələn, CM-nin 177.3-cü maddəsində 6 ildən 12 ilədək yox, 9 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulsun. Əvəzində isə yüngülləşdirici və ağırlaşdırıcı hallar nəzərdə tutulan 59 və 61-ci maddələrə, yaxud da “cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi” adlanan 60-cı maddəyə aşağıdakı məzmunda əlavələr edilsin:
“CM-nin 59-cu maddəsində nəzərdə tutulan yüngülləşdirici hallardan biri və ya bir neçəsi olduqda təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin 1/3-dən və ya 2/3-dən və ya ¾-dən artıq ola bilməz.
CM-nin 61-ci maddəsində nəzərədə tutulan ağırlaşdırıcı hallardan biri və ya bir neçəsi olduqda təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsussi Hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin 1/3-i qədər artırılır”.
Artıq Cinayət Məcəlləsinə “sövdələşmə (transaksiya) nəticəsində cinayət məsuliyyətindən azad etmə və cəzadan azad etmə” ilə bağlı dəyişikliklər edilməsinin də vaxtıdır. Müəyyən məbləğ qarşılığında tərəflərin sövdələşməsi ilə də dövlət büdcəsinə xeyli gəlir gətirmək olar.
Bu üç dəyişiklik ediləndən sonra müəyyən olunacaq ki, kim həqiqətən hakimdir, kim də satıcı. Çünki, indiki iş yükü və indiki əmək haqqı ilə, özünə hörmət edən bir adam hakim işləməz.
Mən deputatlara müraciət edirəm.
Mə prezidentə, Ali Məhkəmənin sədrinə, Baş Prokurora, Ədliyyə Nazirinə müraciət edirəm. Gəlin, əl-ələ verin, bu iki dəyişikliyi edin. Həm məhkəməmizi, həm dövlət büdcəmizi, həm də məhv edilən insan talelərini xilas edək. Hələ ki, gec deyil.
07 yanvar 2014-cü il
Məmmədov Qurban Cəlal oğlu