Əlaqə vasitələri

Qurban Məmmədov öz həbsi haqqında…

Əziz Həmvətənlər!

Hörmətli bacı və qardaşlarım!

Məhkəməm getdiyi, həbs olunduğum və ya mənə hökm oxunduğu günlərdə bəzi qəzetlərdə gedən məlumatlardan görürəm ki, 1998-ci ildə olduğu kimi, indi də mənim həbsim barədə dəqiq məlumat verilmir. Bu məlumatların bəzisi qəsdlə səhv verilsə də, bir çoxu məlumatsızlıqdan, dəqiq informasiyanın olmamasından qaynaqlanır.

Tam məsuliyyətim və səmimiyyətimlə bəyan edirəm: mən hansısa cinayət törətdiyimə və ya hansısa avtoqəzada təqsirim olduğuna görə həbs edilməmişəm.

Həbsimin səbəbi siyasi mövqeyim, haqsız və ədalətsiz davranan sistemə, dövlətimizi, vətənimizi, millətimizi sevməyən zehniyyətə-anlayışa qarşı dözümsüzlüyümdür.

Mən ölkədə total rüşvətxorluq, korrupsiya və monopoliya piradiması yaradan, məhkəmə, qanunverici və icraedici orqanın içinə sızaraq ələ keçirən, vətənimizi və millətimizi təhdid altında saxlayan, dövlətçiliyimizə zərər vuran və baş aşağılığı gətirən bir “ÇƏTƏ”yə loyallıq göstərə bilmərəm. Bu, mənim aldığım ailə və məktəb tərbiyəsinə, siyasi dünya görüşümün və siyasi əxlaqımın formalaşmasında müstəsna rolu olan Elçibəy əxlaqına ziddir. Ali iradə və sağlam məmurlarımız bu “çətə”dən qurtula bilmədikləri üçün, xalqla onların arasında uçurumlar yaranıb. İctimai barışıq bizə mütləq şərtdir. Bunun yolu da təmizlənməkdən, paklaşmaqdan keçir. Mənim və mənim kimi haqsız yerə uydurma metodlarla tutulanların həbsini istəyən və həbs elətdirən də məhz bu “çətə”dir.

“Çətə” ali iradəni, cəmiyyəti, beynəlxalq aləmi bizlər haqqında yanlış məlumatlandırır, yönləndirir… Bizlər haqsızlığı, ədalətsizliyi, rüşvətxorluğu, monopoliyanı və s. tənqid ediriksə, qəbul etmiriksə, baş qaldırırıqsa, bunları “xain, qeyri-milli ünsür, düşmən…” olduğumuz üçün etmirik, dövlətimizi, vətənimizi, millətimizi çox sevdiyimiz üçün edirik.

Vaxtilə duz-çörək kasdiklərim, yoldaşlıq etdiklərim belə, qorxaraq, imtina edə bilməyərək mənim istintaqımı aparır, zərərçəkmişin adından “Qurban Məmmədov məni ölümlə təhdid edir” məzmunlu yalandan şikayət ərizəsi yazır, Milli Məclisə yalan teleqram göndərir (məhkəmədə zərərçəkmiş bu yalan ittihamı bilmədən ifşa etdi), məhkəmədən haqqımda həbs qətimkan tədbiri seçilməsini tələb edir və mənim haqqımda başdan ayağa uydurma bir ittiham hazırlayaraq altına qol çəkirsə, başqlarından nə gözləyim. Bir vaxtlar, “müxalifətdəki yeganə dostum Qurban Məmmədovdur” deyən, ən ali postlarda oturan “dostlarım” uğradığım haqsızlığa gözünü, qulağını, dilini, hətta ağlını bağlaya bilirsə, başqlarından nə gözləyim.

Bəli, bir vətəndaşımızın ayağının sınmasında mənim idarə etdiyim avtomaşının da iştirakı olub. Hadisə 27 sentyabr 2012-ci ildə Vaqif prosoekti 9 ünvanında yerləşən “Medikal Plaza” klinikasının qarşısında baş vermişdi. Ancaq qəzanın baş verməsində, mənim maşınımın arxaya hərəkət edərək parklanması üçün əmrlər verən “stoyanşik”in – “parklanma işini həyəta keçirən” həmin şəxsin ayağının sınmasında mənim heç bir təqsirim olmayıb və 1 il 3 ay davam edən istintaq və məhkəmə prosesində mənim təqsirim sübuta yetirilməyib.

Təqsir isə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidmətinin (DMNX) rəisi Yusifov Cavanşir Əmiralı oğlunun 10 AA 737 dövlət nömrə nişanlı Nissan Teana markalı xidməti avtomaşınının sürücüsü Bayramov Xanlar Zaman oğlunda, yaxud da, məni səhv əmrləri ilə yanlış yönləndirən “stoyanşik”in özündə olub. Bu, ibtidai istintaqda və məhkəmə prosesində toplanmış və araşdırılmış mötəbər sübutlarla artıq öz təsdiqini tapıb.

Əziz dostlar!

Hadisəni məhz 20-ci PB-nin “çətə”yə məruzə etməsi ilə sonrakı “proses” başlayıb. Daha sonra, “siz istintaqı lazımi şəkildə aparın, gedişata görə istifadə edə biləcəyimiz səviyyəyə gətirin” təlimatı verilir. Gedişat və konyektura istintaqın sürətləndirilməsi və qarışıqlaşdırılması zərurətini ortaya çıxarır… nəticə bəllidir.

Hadisənin baş verdiyi yerin 3-4 metrliyində (TŞ3-098 saylı fırlanan) kamera (quraşdırılıb və hadisə anında işlək vəziyyətdə) olub.

Siz necə fikirləşirsiniz: siyasi rəqiblərinin yataq səhnələrini heç bir abır-həya, heç bir əxlaq və dəyər gözləmədən, gizlincə çəkib tele efir vasitəsi ilə millətə nümayiş etdirənlər, mənim təqsirimi sübut edə biləcək belə bir qanuni çəkilişi efirlərə verməzdimi, gündə 10-15 dəfə müxtəlif kanallarda fırladıb məni ifşa etməzdilərmi?

Mən istintaqın birinci günündən klinikaya oğlumun əməliyyat edilməsi üçün gəldiyimi bildirmişəm. Əməliyyat saat 13:00-da olmalı idi və olub. Biz əməliyyatdan 20-30 dəqiqə əvvəl gəlmişdik. Deməli, istintaq ən azı oğlumun əməliyyat vaxtını klinikadan öyrənib hadisənin dəqiq və ya 10-15 dəqiqə o tərəf – bu tərəfə, təqribi vaxtını müəyyənləşdirə bilərdi. Həmin nəzarət kamerasının çəkilişlərini təkzibedilməz sübut kimi mənim əleyhimə istifadə edə bilərdi. Bəs niyə bunu etmirlər?

Çünki texnika bəzi insanlar kimi rüşvət ala bilmir, vicdanını və namusunu satmır.

Elə klinikanın girişində quraşdırılmış və hadisə yerini tam öz fokus məsafəsində saxlayan kameraların da çəkilişlərindən əsl həqiqəti müəyyən etmək olardı.

Görünür, nəzarət kameralarının çəkilişlərinin məqsədlərinə yaramadığını görən “çətə” nökərləri sübutları saxtalaşdırmaq yolunu tutublar.

Hadisə vaxtını yox, hadisədən sonra, yəni 13:30-15:30 radələrinin çəkilişlərini alıb dedilər ki, hadisə anı düşməyib, güya kameranın qarşısını ağac kəsib (???).

Həmin çəkilişi mənim qanuni yolla əldə etmək imkanımın olmadığını bilən, deməli, hadisəni ikinci bir maşının törətdiyini sübut edə bilməyəcəyimə arxayın olan “ittiham tərəfi” ibtidai istintaqın 3-cü ayından başlayaraq, əvvəllər 1 dəfə qətl hadisəsinə, 1 dəfə narkotik qəbul etdiyinə, 1 dəfə də narkotik satdığına görə məhkum edilmiş, buna görə də polis orqanlarının əlində istənilən vaxt şantaj alətinə çevrilə biləcək zərərçəkmişin vasitəsi ilə saxta hadisə mexanizmi uydurmağa başladılar: “hadisədə 2-ci bir maşın iştirak etməyib, heç bir maşın arxadan gələrək mənim maşınımın sol qabaq qanadına dəyməyib və ümumiyyətlə, zərərçəkmişə heç bir maşın toxunmayıb, zərərçəkmiş hətta yerə yıxılandan sonra belə heç bir maşına təmas etməyib”.

22 dekabr 2012-ci ildə verdiyi ifadəsində zərərçəkmiş Abbasov Pərviz İmran oğlu göstərir ki, ikinci maşınla mənim maşınımın arasında 3-4 metr məsafə olub, hətta etiraf edir: “maşınlar yaxın olsaydı, Qurban Məmmədovun maşınının qabaq sol qanadı ilə o maşının qabaq sağ qanadı toqquşardı”.

Həqiqətdə də hadisə elə belə olub. Həmin maşın öz qabaq sağ qanadı (bəlkə də təkəri) ilə zərərçəkmişi mənim maşınımın qabaq sol təkərinə sıxaraq xəsarət yetirib.

Ancaq bəzilərinə (“şah”a xidmət bəhanəsi ilə) əsl təqsirkar yox, əllərinə göydən düşən bu fürsəti dəyərləndirməklə Qurban Məmmədovu susdurmaq lazım idi. Bu oyunda təəssüf ki, vaxtilə duz-çörək kəsdiyim bəzi “dost”larım da, onlara tapşırılan vəzifəni layiqincə icra edərək, iştirak etdilər. Yenə sağ olsunlar ki, Tale Bağırzadədə olduğu kimi narkotiklə şərləmək, Əvəz Zeynallı, Sərdar Əlibəyliyə qarşı olduğu kimi ağlagəlməz oyunlar düşünməyiblər.

Uydurduqları versiyanın sübut bazasını bərkitmək üçün hadisədən 5 ay sonra, 1 gündə 3 nəfər də yalançı şahid düzəltdilər: Hüseynov Rəhbər Qubad oğlu (o da “Ağçiçəyim” gül dükanının qarşısında “stoyanşik”dir), Mansurov İsa Mürsəl oğlu (əvvəl məhkəmədən şəxsiyyətini gizlədib Azərbaycanda heç vaxt işləmədiyini desə də, Ali Məhkəmənin 29 iyul 2008-ci il tarixli qərarı ilə sübut etdim ki, bu adam 20-ci Polis Bölməsinin sahə müvəkkili işləyib və 2008-ci ildə təqaüdə çıxandan sonra yalançı şahid, hal şahidi rolunda istifadə edilir) və Abdullayev Seymur Siyasət oğlu.

Hər 3 şahidin dili ilə istintaq sübut etməyə çalışdı ki, 2-ci maşınla mənim maşınımın arasında ən azı 2, ən çox 4 metr məsafə olub. Deməli, o maşın nə mənim maşınıma, nə də zərərçəkmişə dəyə bilməzdi.

Dəyərli həmvətənlərim!

Bağışlayın və üzrlü hesab edin ki, öz şəxsi işimlə bağlı sizin qiymətli vaxtınızı alıram. Ancaq nəzərə alın ki, bu qanunsuzluq hər birinizə qarşı və hər an ola bilər. Təcrübə toplamaq və anında hazır olmaq üçün bu iyrənc, qanunsuz hərəkətlərin quraşdırılma mexanizmi barədə məlumatlı olmanızda fayda var.

Əziz dostlar!

Bu adamlar cəzasız qalacaqlarına o qədər əmindirlər ki, maşınların bir-birinə dəyməsi faktını ibtidai-istintaqın sonunda da olsa, qəbul etməyə məcbur olsalar da və bu faktı 2-ci maşının sürücüsü etiraf etsə də, keçmiş polis işçisi olmuş İsa Mansurov həyasızcasına və gülə-gülə məhkəmədə bildirdi ki, maşınlar arasında məsafə 4 metr olub, yəni onlar bir-birinə dəyməyib və zərərçəkmişin ayağının üstündən Qurban Məmmədovun maşınının qabaq təkəri hellənərək keçəndə o şəxsən öz gözləri ilə görüb. Budur Azərbaycan polisinin əxlaqı (yaxşılar məni bağışlasın). Ondan da böyük həyasızlığı hakim Emin Mehdiyev və dövlət ittihamçısı Elçin Nağıyev edərək onun bu ifadəsini mötəbər sübut hesab etdilər.

Qəzada ikinci maşının iştirakını sübut etməkdə tək qalmışdım. Həmin maşın hadisə yerini tərk edib getmiş, hadisə barədə polisə xəbər verməmiş, kimliyini mənə bildirməmişdi və istintaq onu tapmaqda maraqlı deyildi.

Ancaq həmin maşının sürücüsünün telefon nömrəsini bilirdim. Haradan? Hadisə yerini tərk edib, “müdir apardığını” deyəndə (mən maşının arxa sağ oturacağında əyləşmiş Cavanşir Yusifovu tanımışdım) və məni inandıranda ki, guya, mən “stoyanşik”in əmri ilə maşını arxaya hərəkət etdirəndə o görüb və dayanıb, onda mən dərhal öz telefon nömrəmi ona verib demişdim ki, “eyb etməz, araşdırılar, günah məndə olsa, sizə dəyən zərəri də ödəyərəm”. Həmin gün o mənə zəng etməsəydi, onu heç bu günədək də tapa bilməzdim, çünki, nə maşınının nömrəsinə fikir vermişdim, nə telefon nömrəsini bilirdim.

Ancaq Cavanşir Yusifov vasitəsi ilə tapa bilərdim. Hətta polisə də onun adını verə bilərdim ki, C.Yusifovun xidməti maşınıdır. Ancaq bir hüquqşünas kimi hansı qüvvələrlə üz-üzə gəldiyimə və onların əxlaqına yaxşı bələd idim. Əldə ciddi sübut olmadıqca mən həmin maşın barədə dəqiq bir söz demədim və istintaqın birinci günündən tələb etdim ki, nəzarət kameralarının çəkilişləri tələb edilsin, baxılsın. Texnika olan yerdə insanın şahidliyinə ehtiyac yoxdur.

Mənim ciddi sübutlara malik olmadığıma əmin olan rəqib, 2013-cü ilin 20 aprelində, müstəntiq Miraqil Qiyasovun uydurduğu hadisə mexanizmi əsasında yol-nəqliyyat hadisələri ekspertizası təyin etdi və rəy aldı ki, “piyada” (???) Pərviz Abbasova xəsarət yetirilməsində mən günahkaram. Ancaq həmin qərarda göstərilməyib ki, zərərçəkmişin ayağı sınmaqla bərabər, həm də maşınlar toqquşub və hətta Nissan Teananın arxa sağ qanadında (əslində bu da yalandır, çünki maşınların qabaq tərəfləri dəymişdi) zədə var. Başqa sözlə, hüquqi dildə ifadə etsək, qərarda hadisənin baş vermə mexanizmi və hadisə yerinin ölçüləri ekpertizaya düz və tam təqdim edilməyib. O vaxt bunu edə də bilməzdilər, çünki mən hələ istintaqa maşının hadisədə iştirakını təsdiq edən sübut təqdim etməmişdim və istintaq özü də bunu müəyyənləşdirməmişdi. Ancaq məhz həmin qərar əsasında alınmış rəyə əsaslanaraq, 30 may 2013-cü ildə mənə CM-nin 263.1-1-ci maddəsi ilə ittiham verildi. Bütün şahid ifadələri və zərərçəkmişin ifadələri də elə həmin hadisə mexanizminə uyğunlaşdırılmışdı. Yəni, hadisədə 2-ci maşın iştirak etməyib, mən maşınımı arxaya hərəkət etdirərkən “piyada”nı (???) unudub vurmuşam.

Əziz dostlar! Hörmətli oxucu! Burada yazdıqlarımı başa düşmək üçün hüquqşünas, kriminalist olmağa ehtiyac yoxdur. Sağlam, vicdanlı və namuslu olmaq yetər.

Diqqət edin: hadisə mexanizmi dəqiq olmasa, ölçülər dəqiq və ya tam olmasa, rəy obyektiv və qanuni ola bilərmi?

Hadisədə 2-ci maşının iştirakını sübut edən dəlili isə yalnız 03 iyun 2013-cü ildə əldə etdim və 04 iyunda həbs ediləcəyimi əvvəlcədən bildiyimə görə, səhər-səhər “facebook”da bu barədə məlumat verib, həbsxana geyimində Nəsimi rayon prokurorluğuna getdim.

03 iyunda isə saat 23:00-dan sonra Nissan Teananın sürücüsü X.Z.Bayramovla hadisə barədə telefonla 7 dəqiqə 23 saniyə danışıb, danışığımızı yazdım. Mən bunu müstəntiq M.Qiyasovun rəsmi razılığı ilə etdim. O buna niyə icazə verdi? Bu gün də bilmirəm. Ya vicdanı onu narahat etdi deyə, ya da mənim yalan danışdığıma həqiqətən inanıb belə bir sübut əldə edə biləcəyimə inanmadı deyə! Allah bilir!

Həmin telefon söhbətində Xanlar Bayramov etiraf etdi ki, maşınlar dəyib bir-birinə, zərərçəkmişin də ayağı iki maşının arasında qalıb. Bu telefon söhbəti internetə yerləşdiriləndən sonra, istintaqın bu faktı qəbul etməkdən başqa yolu qalmadı.

Hörmətli həmvətənlər! Başınızı çox ağrıdıb, vaxtınızı çox almayım.

Aralarında 1 mm məsafə olan iki predmet, iki maşın, iki nəsə, bir-birinə dəymiş hesab edilə bilərmi? Bəs 2 metr, 4 metr məsafədə necə?

Hakim Emin Mehdiyev, həm zərərçəkmiş və şahidlərin “maşınlar arasında 2-4 metr məsafə olması barədə” ifadələrini düz hesab edir, həm də maşınların bir-birinə dəyməsi barədə, həm X.Z.Bayramovun ifadəsini, həm də ekspertiza rəyini düz, mötəbər hesab edir.

Məhkmədə ifadə verən yol nəqliyyat hadisələri üzrə ekspert Polad İsmayılov qəti olaraq bildirdi ki, ittiham tərəfinin çəkdiyi sxemlər, topladığı materiallar, eləcə də zərərçəkmiş və şahidlərin ifadələrində təsvir etdikləri hadisə mexanizmində Qurban Məmmədovun maşınının, həm zərərçəkmişin ayağının üstündən keçməsi, həm də ondan 1 metr sonra Nissan Teananın arxa sağ qanadına dəyməsi mümkün deyil və tam istisna edilir. Çünki həmin mexanizmlərdə maşınlar arasında ən azı 1,34 metr məsafə var.

accident

Bir sözlə, mənə böhtan atıldığı istintaqın özünün topladığı materiallarla tam sübut edilib.

Ancaq məqsəd Qurban Məmmədovu susdurmaq idi, əsl təqsirkarı tapmaq yox.

Mənə qarşı prokuror Elçin Nağıyevin ən tutarlı dəlili isə zərər çəkmişi xəstəxanaya aparmağım və ona maddi yardım göstərməyimdir.

Əvvəla, təbiidir ki, hər kəs gördüyü faktı, hadisəni öz şəxsi dünya görüşünə, səviyyəsinə, ailə tərbiyəsinə və əxlaqına görə dəyərləndirir.

İkincisi isə, mən ibtidai istintaqda verdiyim ilk izahatımda göstərdiyimi sizə də çatdırmaq istəyirəm.

  1. Zərərçəkmişə tibbi yardım göstərmək, onu xəstəxanaya aparmaq hər bir sürücünün, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 15-ci bəndində və 4-cü hissəsinin 2-ci bəndində nəzərdə tutulan vəzifəsi və insanlıq bocudur. Həm də qanunda deyilmir ki, qəzanı yalnız sən törədibsənsə aparmalısan. İstənilən qəzada tibbi yardıma ehtiyacı olan vətəndaşlara yardım etmək sürücünün vəzifəsidir.
  2. Hadisə anında Nissan Teananın sürücüsü guya mənim maşınımın arxaya hərəkət etdiyini görüb maşınını saxladığını mənə bildirmişdi. Məhkəmədə isə hadisə yerində maşınını niyə saxlamasını heç bir ağlabatan məntiqlə izah edə bilmədi. O, hadisə yerindən çıxıb gedəndən sonra, mən ayağını qucaqlayıb yerdə zarıya-zarıya qalan adamı xəstəxanaya aparmalı deyildimmi?
  3. Mən hadisədə özümün də təqsirli olub-olmadığıma tam əmin deyildim və araşdırmanın nəticələrini gözləməli idim. Çünki 2-ci maşın çıxıb getmişdi və nəzarət kameralarının çəkilişlərini əldə edə bilmirdim.
  4. Zərərçəkmiş ikinci maşının tapılmadığını, ortaya çıxmadığını və ona məndən başqa yardım edə biləcək adamın olamadığını görüb, hadisə barədə mənə hərdən bir versiya deyirdi. Mən isə tutarlı sübut əldə edənə qədər ona inanmağa və ya özümü inanmış kimi göstərməyə məcbur idim. Zərərçəkmiş 2-ci maşının onu vurub mənim maşınıma sıxdığını, kasıb olduğunu, bir körpə qızı olduğunu, köməyə ehtiyacı olduğunu və məni 10-cu cəzaçəkmə müəssisəsindən tanıdığını deyəndə, mən ona bildirdim ki, ona zəruri köməyi göstərəcəyəm, narahat olmasın. Araşdırma nəticəsində günah məndə olsa, verdiyim pul halal-xoşu olsun, yox gunah 2-ci maşında olsa mən reqres iddiası yolu ilə pulumu o maşının sürücüsündən alacağam.
  5. Təsəvvür edin ki, 2-ci maşın hadisə yerini tərk edib, mən də zərərçəkmişi vaxtında xəstəxanaya çatdırmamışam, o da qanaxmadan hadisə yerindəcə ölüb. Görün bu halda “dostlarımız” nələr edərdi?
  6. Mən zərərçəkmişə zəruri yardım etdim. Onu pulla ələ almaq fikrim olmuşdusa, ona istədiyini sonadək verərdim. 20 PB-nin keçmiş rəisi Sahib Babayev mənə bildirəndə ki, onlarda dəqiq məlumat var, P.Abbasovun ayağı iki maşinin arasında qalıb, ondan sonra da mən P.Abbasova yardım edirdim.

15 dekabr 2012-ci ildə, birdən-birə P. Abbasov mənim özümü inandırmağa çalışdı ki, ona başqa maşın dəyməyib, mənim maşınım onu vurub. Onda mən dərhal müstəntiqə mesaj yazıb tələb etmişəm ki, zərərçəkmişi yenidən dindirib obyektiv araşdırma aparsınlar.

Əziz oxucular! Bu həmin vaxtlar idi ki, mən müxalifətin yeganə səsi olan “Azərbaycan saatı” verilişində ölkədəki haqsızlıqlar əleyhinə tənqidi çıxışlar edir, “Obyektiv TV”də jurnalist Tapdıq bəylə müsahibədə hakimiyyətin “aministiya aktı”nı ifşa edir, “Kanal-13”də Aynur İmranqızı ilə müsahibədə total rüşvətxorluq və korrupsiyadan danışır və “Azadlıq”, “Reytinq” və s. qəzetlərdə rejimin əleyhinə tənqidi müsahibələr verirdim. Məhkəmədə “Son söz”ümdə qeyd etdiyim kimi, siyasi rəqiblərinin tövlələrinin axurunda silah, din xadimlərinin cibində narkotik tapan, müxalifət nümayəndələrinin yataq səhnələrini gizlincə çəkib dünyaya göstərən, “dostlarımın” da içində olduğu bu “çətə” niyə məni ifşa etmək üçün, dövlətin vəsaiti hesabına quraşdırılmış nəzarət kameralarının çəkilişlərini ortaya çıxarmır?

Çünki mən hansısa qəzada təqsirim olduğuna görə yox, rüşvət, korrupsiya və monopoliya siyasətinə qarşı çıxdığım üçün, siyasi mövqeyimə görə həbs edilmişəm – girov götürülmüşəm. Xalqım bilməlidir. Mən və bütün siyasi məhbuslar faktik olaraq girovluqdayıq. Bütün məsuliyyət də ölkə rəhbərinin üzərindədir. Çünki bu olanlardan İlham Əliyevin xəbərsiz olduğuna inanacaq qədər sadəlövh deyiləm.

Hüquqşünas olmayanlar hüquqşünaslardan soruşsunlar:

  1. Azərbaycan tarixində bu günədək CM-nin 263.1-1-ci maddəsi ilə məndən başqa kiminsə haqqında həbs qətimkan tədbiri seçilibmi? İkinci maddə mənə həbsimin 3-cü ayında verilib.
  2. Mənə ittiham elan edilmiş CM-nin 263.1-1-ci və 299.1-ci maddələrin hansındasa “ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli 3 il azadlıqdan məhrum etmə cəzası” nəzərdə tutulubmu? CM-nin 263.1-1-ci maddəsində 3 ilə qədər məntəqə tipli cəza (CM-nin 56.1.1-ci maddəsi), 299.1-ci maddəsində isə maksimum 6 ayadək ümumi rejimli cəza nəzərdə tutulub (CM-nin 56.1.2-ci maddəsi).
  3. CM-nin hansı maddəsində nəzərdə tutulub ki, 6 ay ümumi rejimli cəza ilə 3 və ya 5 il məntəqə tipli cəza birləşdiriləndə, məntəqə tiplinin – müddəti, ümumi rejimlinin isə – rejimi götürülməklə, yekun cəza verilir? Belə bir maddə Cinayət Məcəlləsinə daxil edilibmi?

Əziz həmvətənlər… Tutaq ki, mən həqiqətən həmin qəzanın baş verməsində təqsirkaram və təqsirim məhkəmə istintaqı ilə tam sübuta yetirilib. Mənə verilən cəzanın maksimum həddi nə qədər ola bilər? CM-nin 60-cı maddəsinə əsasən, “bu Məcəllənin: 59.1.10-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusu hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin 3/4-dən artıq ola bilməz”.

CM-nin 59.1.10-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hallardan birincisi “cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməsi”dir. Hesab edək ki, həmin maddədə göstərilmiş: “cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi” kimi yüngülləşdirici halları ittiham tərəfi nəzərə almır və onları zərərçəkmişin yalan ifadə verməsi üçün ələ alma cəhdi kimi qiymətləndirir və mənə qarşı CM-nin 299.1-ci maddəsi ilə ittiham vermək üçün istifadə edir. Bəs, “tibbi yardım göstərmək” necə olsun? Əgər bu gün mənim bu hərəkətim də “zərərçəkmişi ələ almaq” kimi qiymətləndirilirsə, bundan sonra hansı sürücü zərərçəkmişə tibbi yardım göstərər, onu xəstəxanaya çatdırar? Təbii ki, tibbi yardım göstərməyimi ittiham tərəfi dana bilmir və bunu etmək imkanında da deyil. Çünki ortada mötəbər sübutlar var. Onda niyə bəs CM-nin 60-cı maddəsinin tələblərinə əməl edilmir? Məhkəmə əgər CM-nin 263.1-1-ci maddəsini daha ciddi cəza hesab edirsə və CM-nin 299.1-ci maddəsini həmin maddə ilə əhatə edirsə, onda mənə maksimum 2 il 3 ay azadlıqdan məhrum etmə cəzası verilə bilərdi, 3 il yox.

Ancaq mənim siyasi mövqeyimdən qəzəblənən bu adamların kindən, nifrətdən gözləri kor olub, qanunları da açıq şəkildə taptalamaqdan çəkinmirlər.

Bunu qeyd etməklə demək istəmirəm ki, mənə ağır cəza verilib və 2 il 3 ay verilsəydi qanuni olardı. Qətiyyən. “Dostlarımız”ın həyasızlığını, özümün də siyasi məhbus olduğumu sübut etmək üçün bunu Sizin diqqətinizə çatdırıram. Təqsirsiz adam üçün cəzanın 1 günlə 10 ilinin fərqi yoxdur. İstənilən halda qanunsuzdur.

Hörmətli oxucu! Dəyərli həmvətənlər! Bütün bu qanunsuzluqlar mənim siyasi məhbus olduğumu bir mənalı olaraq sübut edir. Onu da bilməyinizi istəyirəm ki, mənə və başqa siyasi məhbuslara qarşı ona görə belə açıq, həyasızcasına qanunsuzluqlar edilir ki, əslində bununla sizə, başqa vətəndaşlarımıza, xüsusilə də, gənclərə mesaj verilir: “baxın, bizim üçün qanun yoxdur, hüquqşünas Qurban Məmmədova qarşı, ilahiyyatçı Tale Bağırzadəyə, hadisədən sonra İsmayıllıya getmiş İlqar Məmmədov və Tofiq Yaqubluya, günahları sadəcə sözün düzünü yazmaq olan Əvəz Zeynallı və Sərdar Əlibəyliyə və onlarla gühahsız gəncə bu qanunsuzluqları, bu zalımlıqları ediriksə, gör sizə nə edərik!”

Məqsəd sizi, cəmiyyəti xofda saxlamaq, qorxutmaq, öz cinayətkar əməllərini arxayın bir şəkildə davam etdirməyə imkan verən şərait yaratmaqdır.

“Qorxaq min dəfə ölər” – deyib atalarımız. İndiki rəzil həyata dözməkdəndirsə siyasi məhbus kimi zindanlarda mücadilə vermək daha şərəflidir. Qorxudan xilasın yolu var: qorxunun üstünə getmək, onu qucaqlamaq, onunla eyniləşmək.

Mən sizi şərəfli həyata səsləyirəm! Allah xalqımıza kömək olsun! Amin!!!

Məmmədov Qurban Cəlal oğlu

Loading