Əlaqə vasitələri

Qurban Məmmədovun SON SÖZÜ

Nəsimi Rayon məhkəməsinə

E.Mehdiyevə

Təqsirləndirilən şəxs Məmmədov Qurban Cəlal oğlunun

CM-nin 263.1-1 və 299.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(006)-416/2013 saylı cinayət işi üzrə

SON SÖZÜ

 (CPM-nin 342-ci maddəsinə uyğun olaraq)

 

Epiqraf əvəzi: “İhahiyyatçı alim, görkəmli din xadimi Tale Bağırzadəni və başqa din adamlarını, hicab tərəfdarlarını narkotiklə şərləməklə, əslində Allaha və İslam dininə qarşı çıxan, İslam dinini hörmətdən salmağa çalışan, Allahsızlar cəmiyyəti qurmaq istəyən, dini özünə siyasi alət edən bir rejimdən mən ədalət gözləmirəm və ona qarşı mübarizədən geri çəkilməyəcəyimə and içirəm”.

 

Mən öz son sözümü deməmişdən öncə, dövlət ittihamçısının çıxışına münasibətimi bildirmək istəyirəm.

Prokuror Nağıyev Elçin Əli oğlu üzündə təbəssüm, ziyalı görkəmi vermiş sifəti ilə, həlim, həzin, yumşaq, qəlb oxşayan səsi ilə guya mənə qarşı irəli sürülmüş ittihamın tam sübuta yetirildiyini iddia edib CM-nin 263.1-1-ci maddəsi ilə 2 il 9 ay azadlıqdan məhrum etmə cəzası istəyəndə mən istər-istəməz öz-özümə düşünürdüm: görəsən mən 500 min, 1 milyon və ya 2 milyon manat alıb mandat alveri etsəydim, ya da xalqın iradəsini saxtalaşdırıb – seçkinin nəticələrini saxtalaşdırıb MSK-nın protokolu, Konstitusiya Məhkəməsinin qərarı ilə (onların üzvlərinin sayı bir yerdə cəmi 27 nəfərdir: 18 MSK üsvü, 9 KM üzvü) özümü prezident elan edərək, AR-nın Konstitusiyasının 6-cı maddəsinin II hissəsində göstərilən cinayəti, yəni, hakimiyyəti mənimsəməklə xalqa qarşı ən ağır cinayət etsəydim, mənə nə cəza istəyərdi.

Ya da, həqiqətən də, mən CM-nin 263.1-1-ci maddəsində və 299.1-ci maddəsində nəzərdə tutulan cinayəti etmiş olsaydım, ancaq indiki kimi ali savadlı hüquqşünas olmasaydım, ailəli, iş sahibi olmasaydım, bundan əvvəl dəfələrlə məhkum edilmiş olsaydım, avto-xuliqan kimi inzibati cəzaya məruz qalsaydım, məhəllə komitəsi və ya MİS tərəfindən mənfi xarakterizə edilsəydim, məhəlləmizin ağsaqqalları gəlib məhkəmədə mənim əleyhimə pis qonşu, pis adam, mənfi xarakterli vətəndaş olmağım, əsgərlikdən yayınan, oğlunu da hərbi xidmətdən yayındıran, yaşadığı binanın həyətini zibilli saxlayan, nəvələrinə qarşı amansız davranan bir baba olmağım, Rusiyanın – SSRİ-nin bayrağını sevən, milli bayrağımızı sevməyən, H.Əliyev adına mədəniyyət mərkəzinə gözü dəydiyinə görə oranın yanmasına səbəb olan bir vətəndaş olmağımla bağlı ifadə verib şikayət etsəydilər prokuror Elçin Nağıyev Əli oğlu mənə CM-nin 299.1-ci maddəsində nəzərdə tutulan və maksimum həddi 6 ay azadlıqdan məhrum etmə cəzası olan bu cinayətə görə mənə 5 ay yox, nə qədər iş istəyəcəkdi? Maraqlıdır. Çox maraqlıdır. Məni tavada qızardıb quduz itlərə yedizdirəcəkdinizmi? Yoxsa Sokrat kimi “öz əli ilə zəhər içib intihar etmə” cəzasına məhkum edəcəkdiniz?

Bəlkə, orta əsrlər Almaniya və Fransasında olduğu kimi, məni təkərə bağlayıb 4 yerə parçalayıb, parçalanmış bədənimin hissələrini də Bibiheybət, Xocəsən, Maşdağa və Mərdəkandan Bakıya gələn yolların girişində bayraq dirəklərindən asıb qarğalara yem edəcəkdiniz?

Prokuror CM-nin 299.1-ci maddəsindəki cəzaları oxuyubmu: cərimə – ictimai işlər – islah işləri – 6 ayadək müddətə azadlıqdan məhrum etmə.

Çox istərdim bir vətəndaş kimi bilim: cənab Elçin Nağıyev Əli oğlu nəyə görə belə hesab edir ki, mənə və ya hər hansı başqa vətəndaşa bu maddə ilə cərimə yox, ictimai işlər yox, islah işləri də yox məhz azadlıqdan məhrum etmə cəzası verilməlidir? Niyə?

Bəs o cəzalar kim üçün nəzərdə tutulub? Niyə Azərbaycanın prokurorları və hakimləri bu millətin övladlarını ancaq cəzaların ağır növünə, həmin növün də maksimum həddinə layiq bilirlər.

Məsələn, AR CM-nin 221.2.1-ci maddəsində 2 ilədək islah işləri və 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Təcrübədə isə ya rüşvət verib aşağı cəza almalısan, ya da 5 il?

CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsində 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulubsa, ya rüşvət, ya 5 il.

CM-nin 206.2-ci maddəsində 3 ildən 8 ilədək. Fərqə baxın. Fərq 5 ildir. 5 il başqa bir cinayətin son cəza həddidir. Bizdə isə 3 yox yalnız 7-8-dən başlayır prokurorlar, sonra, milli mentalitetimizə və indiki rejimin yaşam tərzinə çevrilmiş rüşvət əməliyyatından sonra rəqəmlər oynayır – həm cibdə, həm də maddədə.

Prokuror Elçin Nağıyev Əli oğlu CM-nin 58.1.-ci maddəsini ömründə heç olmasa bircə dəfə oxuyubmu? Oxusaydı, bilərdi ki, orada yazılıb: “… Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”.

Bəs cəzanın məqsədi nədir?

Bu barədə CM ağlabatan, aydın birmənalı heç nə demir? SSRİ vaxtı deyərdilər ki, cəzanın məqsədi – cinayətkarı islah etmək, tərbiyələndirməkdir.

İndi də prokuror Elçin Nağıyev Əli oğlu belə düşünür, belə hesab edir ki, mənim də tərbiyələnməyim üçün “cərimə”, “ictimai işlər”, “islah işləri” növündə cəzalar kifayət etmədiyinə görə mən 5 ay və toplama-çıxma yolu ilə 3 il azadlıqdan məhrum edilməliyəm və nədənsə bu 3 ilin hamısını da ümumi rejimli cəzaçəkmə müssisəsində çəkməliyəm.

Öncə tərbiyə barədə?

Kimdir daha çox tərbiyəli? Kimin islah olunmağa daha çox ehtiyacı var? Mənim, yoxsa Elçin Nağıyevin – prokurorun? Zərərçəkmişə xəsarət yetirilməsində təqsiri olub-olamdığını bilməyə-bilməyə, onurğasında 7-9 mm deşik ola-ola onu qucağına alıb maşınına qoyaraq xəstəxanaya aparan, onun tibbi xərclərini tam qarşılayan, orta aylıq əmək haqqı hesabı ilə (300 manat) onun 6 aylıq maddi ehtiyaclarını qarşılayan, müstəntiqin çağırışlarına vaxtlı-vaxtında gələn, 25 dekabr 2012-ci ildə İngiltərəyə gedib, orada qalmaq imkanı ola-ola 5 yanvar 2013-cü ildə Azərbaycana qayıdan, 15 dekabr 2012-ci ildə müstəntiq Miraqil Mirkamil oğlu Qiyasova mesaj yazaraq zərərçəkmişin yenidən dindirilməsini xahiş edən, özü də iki gündən sonra ifadə verən, bir dəfə də olsun zərəçəkmiş və şahidlərlə müstəntiqin iştirakı olmadan görüşməyən və onlarla heç bir formada əlaqə saxlamayan, deməli həm də onlara qanunsuz təsirlər etməyən, təqsirinin olub-olmamasını sübut etmək üçün nəzarət kameralarının çəkilişlərini tələb edən, qəzada ikinci bir maşının iştirak etdiyi barədə birinci gündən verdiyi ifadələri istintaqın sonunda təsdiq edilən və “Azərbaycan Saatı”, “Obyektiv TV”, “Kanal-13” kimi televiziya proqramlarında, “Azadlıq”, “Yeni Müsavat”, “Reytinq”, “Bizim Yol” və s. qəzetlərdə xalqının pozulmuş hüquqlarından danışan, onların müdafiəsi üçün yüzlərlə elmi məqalə, müsahibə çap etdirən və nəhayət, 1990-cı ildə Rus imperiyasının bayrağını ayaqlar altına atıb, yerinə, indi kimlərinsə altında rüşvət aldığı, kölgəsində rüşvət, korrupsiya piramidası qurduğu üç rəngli bayrağımızı taxdığına görə 12 iyun 1990-cı ildə həbs edilən, ilk dəfə Azərbaycanda Kommunist Partiyasının üzvlük biletini tonqalda – Sabirabad şəhərinin mədəniyyət evinin, Rayon Partiya Komitəsinin qarşısında yandıran mən – Məmmədov Qurban Cəlal oğlu, yoxsa, yalançı şahid ifadələrinə əsaslanan, qanusuz və əsassız ittihamla mənim cəzalanmamı tələb edən, ağır cəza tələb etməsinin səbəblərini izah etməkdə acizlik çəksə də sifətində təbəssüm dolaşdıran, əvvəldən sonadək, qəzada ikinci bir maşının iştirak etmədiyini sübut etmək istəyən, II maşının sürücüsünün etirafından və ekspert rəylərindən sonra da bu faktı göz ardı, qulaq ardı etmək istəyən CM-nin 40.2-ci maddasində göstərildiyi kimi “bilə-bilə qanunsuz əmri və ya sərəncamı yerinə yetirməklə qəsdən cinayət törətdiyini”, bir hüquqşünas kimi bilə-bilə, bunu çox böyük zövq və həvəslə edən və bunun da müqabilində ağalarından “molodes…” gözləyən dövlət ittihamçısı Elçin Nağıyev Əli oğlu daha tərbiyəlidir? Hansımızın islah olmağa, normal insan olmağa daha çox ehtiyacı var: mənim, yoxsa prokurorun?!

Prokuror Elçin Nağıyev Əli oğlunun cəzaçəkmə müəssisəsinin növü barədə dediklərinə fikir bildirməklə vaxtınızı çox almaq istəmirəm. Bu barədə Konstitusiya Məhkəməsinın sədri Fərhad Abdullayevə yazdığım və “Azadlıq” qəzetində dərc edilən “Açıq məktub”u bu “son söz”ümə əlavə etməklə kifayətlənirəm (əlavə edilsin). Ümid edirəm ki, müşavirə otağında diqqətlə oxuyacaqsınız.

Burada isə prokurora da, məhkəməyə də CM-nin 56.4-cü maddəsini xatırlatmaqda fayda görürüəm: 56.4. Cəzaçəkmə müəssisəsinin növü yalnız aşağıdakı hallarda dəyişdirilə bilər:

56.4.1. cinayətə görə təyin edilmiş cəza daha yüngül və ya daha ağır cəza ilə əvəz edildikdə;

56.4.2. qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə hökmünün icrası zamanı”.

Gördüyünüz kimi, qanunda “cəzaların toplanması”, “cinayətlərin məcmusu” və ya “az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə” cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi kimi əsas üsul nəzərdə tutulmayıb.

Nə demək istədiyim hamıya aydın olsun deyə, CM-nin 55-ci maddəsinin I hissəsinin məzmununu xatırlatmaq istəyirəm. CM-nin 55.1-ci maddəsində deyilir: “müəyyən müddətə az məhkum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir”.

Görürsünüzmü, qanunverici “azadlıqdan məhrum etmə”ni ilk növbədə cəzaçəkmə müəssisəsinin növü ilə tərif edir.

Yalnız bundan sonra, CM-nin 55.2-ci maddəsində müddəti göstərir: 3 aydan 15 ilədək.

Başqa sözlə, azadlıqdan məhrum etmə cəzası sadəcə quru rəqəmlərlə ifadə edilmir, vacib olan həm də cəzaçəkmə müəssisəsinin növüdür.

3 il məntəqə tipli, yoxsa 1 il ümumi rejim, hansı ağırdır? Bunu elə-belə düşünməniz üçün deyirəm.

Ancaq prokuror Elçin Nağıyev Əli oğlu CM-nin 1.3-cü maddəsini oxuyubmu: Cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər”.  

Bu məcəlləyə daxil edilən belə bir maddə varmı ki, şəxs həm “məntəqə tipli cəza”, həm də “ümuümi rejimli cəza” alırsa, məntəqə tiplinin müddəti, ümumi rejimlinin isə rejimi götürülməklə yekun cəza verilməlidir.

CM-nin 5.1 və 10.4-cü maddələrini də oxumaqda prokuror üçün fayda var. Həmin maddələrə əsasən,

“Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir”.

“Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur”.

Bu barədə danışmaqla, heç də ümumi rejimli cəzaçəkmə müəssisəsində olacağımdan narahatlığımı bildirmək istəmirəm.

Balıq dəryada, mənim kimi hüquqşünas və vəkillik təcrübəsi olan adam da qapalı cəzaçəkmə müəssisələrində eyni haldadır – təbii halda. Mən əslində ümumi rejimdə olan qardaşlarımıza daha çox fayda verəcəyəm.

1998-ci ilin 4 fevralında da həbs ediləndə, o vaxt ittiham edildiyim CM-nin 296-cı maddəsi (o vaxtkı 178 – bilə-bilə yalan xəbərçilik etmə) ilə də aldığım 5 il azadlıqdan məhrum etmə cəzasını məntəqə tiplidə çəkməli idim.

Azərbaycan SSR Cinayət Məcəlləsinin (8 dekabr 1960-cı ildə qəbul edilib, 30 dekabr 1999-cu il tarixinədək qüvvədə olub) 23-cü maddəsinin 5-ci bəndinin 2-ci yarımbəndinə əsasən,

“Kişilər üçün cəzanın aşağıdakı islah-əmək koloniyalarında çəkilməsi təyin edilir:

qəsdən edilmiş ağır olmayan cinayətlərə, yəni: … bilə-bilə yalan xəbərçilik etməyə (178-ci maddə) … görə ilk dəfə ən çoxu beş il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunan kişilər üçün – qəsdən cinayət etmiş şəxslər üçün koloniya-məntəqələrdə”.

Ancaq o vaxt hakim Qadir Həsənov mənə ümumi rejim təyin etdi – çünki padşah belə istəmişdi!

Təbii ki, bu ölkədə siyasi muxalifətə, azad vicdan və azad söz sahiblərinə yazılı qanunlar yox, “tapşırıq hüququ” tətbiq edilir.

Bu dediklərim isə özüm üçün deyil, millətim üçündür – başqaları üçündür, elə sizin özünüz üçündür. Bu gün həbsdə olan, ittiham edilən və bundan sonra da ediləcək müstəntiq, prokuror, hakim həmkarlarınızı unutmayın. Sizə örnək olsun onlar. Yaratdığınız bu bataqlıq bir gün sizi də öz içinə çəkəcəkdir – buna əmin olun.

Bu mövzu ilə bağlı sonda onu demək istəyirəm ki, 10 (on) qram qızıla 20 (iyirmi) qram dəmir qatıb 30 (otuz) qaramlıq kütləni prokuror Elçin Nağıyev Əli oğluna və KM-nin sədri Fərhad Abdullayevə qızıl qiymətinə satmaq istəsəm, məni daş-qalaq edəcəyiniz halda, əcaba, öz pulunuzun – el dilində desək, “əl çirki”nizin – qədrini belə bilə-bilə, başqalarının həyatına belə saymazyana münasibətinizin səbəbi nədir və nəyə arxayınsınız?

Bilirsinizmi ki, qanını içdiyiniz, haqqını yediyiniz, ömrünü kəsdiyiniz, rüşvət verə bilmədiyinə görə ağır cəzlara məhkum etdiyiniz bu gənclər, erməni ordusu Bakıya girməli olsa sizin arvadınızın, qızınızın, ana və bacılarınızın namusunu qoruyacaq şəhid, ya qazi olacaqlar? Bunu anlaya bilirsinizmi? Anlayırsınızsa, onda bu anti-milli, anti-Azərbaycan mahiyyətli, qanusuz göstərişləri niyə belə can-başla icra edirsiniz? Ailənizə namuslu yolla çörək qazanmağı niyə özünüzə rəva bilmirsiniz? Harama meyil sizdə haradandır? Siz hansı dinə, hansı dəyərlərə tapınmısınız?

Prokuror və hakimə məsləhət görürəm ki, elə KM-nin sədri F.Abdullayevə də CM-nin 56.2-ci maddəsini diqqətlə oxusunlar: Xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər”.

Görürsünüzmü, bir hökmdə “cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyın edilə bilər”. Yəni bir hökmlə şəxs müxtəlif rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməyə məhkum edilə bilər. Bu baxımdan, KM-nin 18 iyun 2013-cü il tarixli Qərarı hansısa erməni xislətli məmurun bu millətin qəsdinə durmuş korrupsionerin göstərişinin nəticəsidir …

Məndən sonra həbs edəcəyiniz adamlar həm məntəqə tipli cəzaya, həm də ümumi rejimli cəzaya məhkum ediləcəksə, onların hökmündə əvvəl, təyin etdiyiniz ümumi rejimli cəzanı çəkmələrini, qalan müddəti isə məntəqə tiplidə çəkməli olduqlarını göstərin.

Yaxud da, CM-nin 66.2-ci maddəsinə əsasən, “az ciddi cəzanın daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin etmək” istədikdə, “daha ciddi cəza” hesab etdiyiniz cəzanın müddətini də, rejimini də təyin etsəniz daha ədalətli olar. Əvvəl səsləndirdiyim sualı bir də təkrar edirəm: 3 il məntəqə tipli cəza ağırdır, 6 ay, 1 il ümumi rejim? Düşünməyə dəyər, çünki məhkum etdikləriniz sizin namusunuzun, Vətəninizin və Dövlətinizin potensial müdafiəçiləridir. Əgər varınızdırsa …

 

Mən son söz deməliyəm …

Nədənsə, yadıma Volterin “Metafizika – Trans Naturam” (təbiətdən qıraqdakı) əsərindən bir fikir düşdü: hüququnu müdafiə etdiyiniz, düz yol göstərdiyiniz, həyatı anlatdığınız bəzi adamların hərəkətləri, “yemləmək istədiyiniz itin verilən yalı bəyənməyib, üstünüzə atılıb sizi qapmasına bənzəyir”. Ancaq iti sevməkdən və yemləməkdən vaz keçmək də aydın adama yaraşmaz. Sonuncu cümlə Volterin deyil.

Bir vacib problemə isə xüsusi olaraq diqqətinizi yönəltmək istəyirəm.

Mənə nifrətinizdən, siyasi mövqeyimə görə yaranmış qeyzinizdən dolayı, cəmiyyətin müsbət dəyərlərdən, insani və humanist hərəkətlərdən çəkinməsinə yol açmayın.

Unutmayın, hər bir cinayət işinin məhkəmə araşdırmasının: cəmiyyətdə müsbət dəyərlərin, yaxşı əməllərin, xeyirli niyyət və hərəkətlərin, normal hüquq düşüncəsinin formalaşması üçün müstəsna əhəmiyyəti var. Buna görə də, bəşər övladı “aşkarlıq prinsipi” deyilən bir qayda düşünüb ki, məhkəmələr açıq keçirilsin (müəyyən istisnalar ola bilər) və bu açıq məhkəmələrdə iştirak edən vətəndaşlar, xüsusilə də, cavanlar, yeniyetmələr “nəyi etmək olar, nəyi olmaz?” – sualı qarşısında tərəddüd etməsinlər.

Cəza – cinayət törətmiş şəxsi gələcəkdə öz qanunsuz hərəkətlərini davam etdirməkdən çəkindərməyə xidmət etdiyi kimi, həm də başqalarına nümunə olaraq, onları da qanun pozuntularından çəkindirməyə xidmət edir. Hüquq nəzəriyyəsində buna “cəzanın fərdi və ümumi xəbərdarlıq funksiyası” deyilir.

Noyabr ayının son 10 günündə ATV-də 17:00-dan başlayaraq efirə çıxan “Ümid Var” verilişində – aparıcısı Zaur bəydir – bir ata fəryadını, demək olar ki, hər gün təkrarlayırlar.

17 yaşlı bir yeniyetmə əlində velosiped yoldan keçəndə (bu, “piyada” adlanır – “yol hərəkəti haqqında” qanununun 1-ci maddəsinin 36-cı bəndində) qəzaya düşüb, maşınla toqquşub, hələ də komadadır. Atası fəryad edir: “çıx ortaya, oğlumun müalicəsinə kömək göstər, mən də insanam, bilirəm ki, bu bir qəzavü-qədərdir, ancaq tək qalmışam mənə heç olmasa maddi yardım et ki, oğlumu ayağa qaldıra bilim”.

Uşağı vuran sürücü isə yoxdur, qorxusundan ortaya çıxmır, bundan sonra isə xoşluqla da heç çıxmayacaq. Bilirsiniz niyə? Çünki o görür ki, təqsiri olmadan, zərərçəkmişə yardım edən Qurban Məmmədovu həbs edib, onun xeyirxah hərəkətlərini ona qarşı ittiham predmetinə çeviriblər.

Çünki o bilir ki, Azərbaycan polisini, prokurorunu və məhkəməsini ilk növbədə maraqlandıran öz şəxsi maddi – rüşvət maraqlarıdır, zərəçəkmişin taleyi yox. Bu kimə bəlli deyil ki.

Əgər belə olmasaydı…

Neçə vaxtdır ki, Parlament sədri Oqtay Əsədova, İlham Əliyevə müraciət etmişəm ki, (bu müraciətim “Azadlıq” qəzetində yayılıb) Cinayət Məcəlləsində bir dəyişiklik edilsin: zərərçəkmiş tərəfindən bağışlanan (bağışlanmanın şərtindən asılı olmayaraq) şəxs cinayət məsuliyyətinə cəlb edilmir, cəzalandırılmır və cəza çəkməkdən dərhal azad edilir.

Bax, bu halda zərərçəkmişlərin hüquqları təmin edilər, cəmiyyətdə sağlam münasibətlər formalaşar, insani dəyərlər oturuşar, həbsxanalar yüngülləşər, dövlət əsassız yerə xərc çəkib təkrar cinayətkar istehsalı ilə məşğul olmaz.

Ancaq o körpənin şikəst olmasında rolu olan (təqsiri sübut edilməlidir) həmin sürücü bilir ki, zərərçəkmişə yardım etsə də, Azərbaycan polisi, məhkəməsi ona evini, maşınını, həyat yoldaşının qızıllarını və nişan üzüyünü satdırmasa əl çəkən deyil, üstəlik də həbsxanada ömrü kəsiləcək.

Ortaya çıxarmı? Gözləməyin! O fəryad edən ata da, digər vətəndaşlarımız da ölkələrinin normal qanunlarla idarə edilməsini tələb edənədək bu şərait davam edəcək.

Mədəni dünya çoxdan bu yola qədəm qoyub. Məqsədi: əsasən zərəçəkmişin hüquqlarının və dövlətin maraqlarının qorunması olan iki metod Avropada 60-70 ildir ki tətbiq edilir.

Bunun biri – transaksiya adlanan “Niderland – Belçika” variantıdır. Bu varianta görə, şəxs dövlətin xəzinəsinə əvvəlcədən qanunla müəyyənləşdirilmiş bəlli bir məbləğ ödədikdə, cinayət məsuliyyətindən azad edilir, haqqındakı cinayət təqibinə son qoyulur. Məsələn, bu variant 1984-cü ildən başlayaraq Belçikada 5 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan hər bir cinayətə görə tətbiq edilir. Niderlandda isə bu, 6 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulan cinayətlərə tətbiq edilir.

Bu üsulu qısaca belə də adlandırmaq olar: “həyatını satın al” və ya “günah qarşılığında pul ödə”.

İkinci ən geniş tətbiq edilən üsul isə – barışıqdır. Hüquqi dildə: m e d i a s i y a adlanır. Bu üsul bizim dinimizə, adət-ənənələrimizə ən uyğun olanıdır: “qanı qanla yumazlar”, “Allah bağışlayandır və bağışlayanları sevər” (Qurani-Kərim).

Belçikada bu üsul 20 il azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulan bütün cinayətərə şamil edilir. Almaniya, Avstriya, Portuqaliya, Fransa və başqa ölkələrdə də bu üsuldan istifadə edilir.

Azərbaycan isə dinimizə, islama və ya xristiyanlığa uyğun yox, şeytani qanunlarla idarə edildiyi üçün tam tərsi baş verir.

Dünyanın heç bir islam dövlətində şəxsiyyət əleyhinə cinayət törətmiş şəxsi dövlət əfv edə bilməz, amnistiyaya sala bilməz. Çünki hörmətli Başbakanımız Rəcəp Tayyib Ərdoğan demişkən: “bu qul haqqıdır”.

Azərbaycanda isə zərəçəkmişin mövqeyi nəzərə alınmadan, ya da formal “barışıq, bağışlanma ərizəsi almaqla” şəxsiyyət əleyhinə cinayət törətmiş şəxslər bağışlanır və bu prosesdə qazanan zərəçəkmiş yox, polis, prokuror, hakim və ya cəzaçəkmə müəssisəsinin rəisi olur.

Ancaq qanunda açıq yazılsa ki, zərəçəkmişlə barışmaq şıxsi – məsuliyyətdən azad edir, onda:

–                      indiki kimi zərərvuranlar qaçıb gizlənməz,

–                      cəmiyyət barış içində yaşayar, qisas aradan qalxar,

–                      məhkəmələrdə vətəndaşların dərisi soyulmaz, nişan üzüklərini satmağa məcbur edilməz, rüşvət azalar,

–                      cəmiyyət rahatlaşar.

–                      ATV-də də Zaur, oğlu komada olan ata ilə birlikdə, kiminsə arxasınca ağzına gələni danışıb təhqir etməz. Problemə köklü yanaşar.

Hər bir rejim öz mahiyyətinə və məqsədlərinə uyğun qanunlar qəbul edir və həmin qanunlarla idarə edilir.

Məqsəd – qanun doğurur! Azərbaycanda hansı rejimdir – bunu qəbul edilən qanunlarla müəyyən etmək olar.

 

“Son söz” ifadəsi iki mənada işlədilir:

Hüquqi və siyasi mənada.

Siyasi mənada nə mən, nə 1987-88-ci illərdən başlayaraq Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan, milli-azadlıq mübarizəmizin iştirakçısı olmuş dostlarım, hamkarlarım, əqidə qardaşlarım: cəbhəçilər, müsavatçılar, nə də öz gəncliklərini, vətənimizi zəli kimi soran, onun sərvətlərini talayan, əxlaqını pozan, gələcəyini təhlükəyə qoyan indiki antixalq, antimilli rejimə qarşı mübarizəyə həsr edən cavanlar öz son sözlərini deməyiblər. Mən müsavatçı Tofiq Yaqublunu və Yadigar Sadıqovu, “Real”ın lideri İlqar Məmmədovu, sadəcə sözü və düşüncəsi ilə rejimin yuxusunu ərşə çəkən ilahiyyatçı Tale Bağırzadəni və dostları: Abgül Süleymanovu, Mövsüm Səmədovu, qələmi ilə irticaya, rüşvət və korrupsiya sisteminə göz belə qırpmadan meydan oxuyan Əvəz Zeynallını, Sərdar Əlibəylini və Pərviz Həşimlini, dövlətimizin müstəqilliyi uğrunda mübarizələrdə min cür məhrumiyyətlər çəkmiş və bu gün də mübarizənin önündə olan cəbhəçi dostlarımı: Rahib Hacıyevi,onun həmkarlarını, gənc yaşlarından öz vətəndaşlıq məsuliyyətlərini dərk edən, bu zavallı millətin və məmləkətin gələcəyindən əndişələnərək siyasi mübarizədə öz kövrək, lakin inamlı və qətiyyətli addımlarını atan gənclərimizi: “Nida”çı Bəxtiyar Quliyevi, Məmməd Əzizovu, Rəşad Həsənovu, Şahin Novruzlunu, Üzeyir Məmmədlini, Zaur Qurbanlını, Rəşadət Axundovu, cəbhəçi Rəsul Mürsəlovu, “Azad Gənclik Təşkilatı”nın üzvü İlkin Rüstəmzadəni, eləcə də, bu gün azadlıqda olaraq indiki cinayətkar rejimə qarşı mübarizə aparan bütün namuslu insanları nəzərdə tuturam.

 Xalqımız hələ öz sözünü deməyib.

DEYƏR, İNŞAALLAH!!!

İndiki məhkəmədə deməli olduğum son sözümü isə, böyük fransız, mütəfəkkir, gəncliyimizin, ilk çağlarından sevgi və nifrət, cəsarət və qorxaqlıq, mərhəmət və əzazillik, xeyir və şər kimi dəyərlərin mənasını bizə anladan, bizim insan kimi formalaşmağımızda, başqa dahilər kimi iştirak edən, “Səfillər” və “93-cü il” kimi əsərləri ilə bizi mübarizəyə amansız olan bu həyata hazırlayan Viktor Hüqonun, başqa bir fransız mütəfəkkiri, filosof Volterin (Fransua Mari Arue De) vəfatının yüz illiyində -1878-ci ildə etdiyi çıxışından kiçik bir hissəni təkrar etməklə başlamaq istəyirəm.

Həmin çıxşında V.Hüqo Fransa məhkəmə sisteminin tarixinə qara ləkə kimi düşən bəzi hadisələri xatırladır.

13 oktyabr 1761-ci il. Quqenot olan atanın katolik olmaq istəyən oğlu intihar edib. Dindarların təhriki ilə ata öz doğma oğlunu öldürməkdə ittiham olunur.

V.Hüqo deyir: “9 mart 1762-ci ildə hökm icra olunur. Qocanı təkərə bağlayırlar. Jan Kallas adlı qoca, şəhər meydanında edam edilir. Cəllad əvvəl əlini sındırır. Kallas bayılır. Duz iylətdirib ayıldırlar. Cəllad bir də vurur. Qoca bayılır. Hökmə görə qocanın əlləri və ayaqları hərəsi 2 yerdən sındırılmalı idi. Cəllad 8 zərbə vurmalı idi. Qoca 8 dəfə bayılmalı idi. Sonuncu 8-ci zərbədən sonra, başı üstündə duran ruhaninin ona uzatdığı xaçı öpməkdən imtina edən qocaya cəllad sonuncu zərbəni sinəsindən endirib onu öldürür. Edam 2 saat çəkir. Edamdan sonra bəlli olur ki, cavan oğlan özü-özünü öldürübmüş, yəni intihar edibmiş. Artıq ata Kallas da öldürülmüşdü”.

Bu qəmli hekayəni – məhkəmə təcrübəsindən olan yüzlərlə, bəlkə də minlərlə qanlı və qanunsuz qərarlardan birini xatırladan qoca Hüqo, sonda üzünü zala – onu dinləyənlərə tutaraq sakit səslə soruşur: “Onu kim öldürmüşdü?” Özü də cavab verir: “Hakimlər”.

1765-ci il. Abvil şəhəri. Günahsız bir gənc edam olunur. 300 ildən çox körpünün barmaqlıqlarını bəzəyən taxtadan düzəldilmiş çürümüş xaçı tufan yerə salıb.

Amenin yepiskopundan “öldür” əmri gəlir.

Təqsirkar tapılmalı, amansızcasına cəzalandırılmalıdır ki, kilsə qarşısındakı XOF qorunub saxlanılsın. Bu metod bütün avtoritar, totalitar və diktatura rejimləri üçün keçərlidir. “Xof” belə rejimlərin qida mənbəyidir-dirilik suyudur.

Çuğullar (indiki hüquqi terminlə: yalançı şahidlər) xəbər gətirir ki, axşam 2 gənc, körpüdən keçəndə mahnı oxuyurmuşlar: Labarr və Etalond.

Labarr dostunun adını demir. Onu tək edam edirlər. Əvvəl dizini sındırırlar. Sınan sümüklərin qıcırtısından, tövbəni qəbul etməyə gələn ruhaninin ürəyi gedir.

Sonralar Azərbaycanda da bəzi hakimlər qəbul etdikləri qərarların qanunsuzluğundan elə müşavirə otağındaca canlarını tapşıracaqdılar, ürək, qan-damar, əsəb xəstəlikləri tapacaqdılar. – 200-250 il sonra

O vaxtın Fransasında isə…

“5 iyun 1776-cı idə Labbarı tonqal qalanmış şəhər meydanına gətirirlər, əvvəl əllərini biləkdən kəsirlər, sonra kəlbətinlə dilini kökündən dartıb çıxarırlar. Sonra, yazıqları gəldiyi üçün, öncə başını kəsir, sonra tonqala atıb yandırırlar. Şevalye Labarrı belə öldürmüşdülər: onun isə cəmi 19 yaşı var idi2 – deyir V.Hüqo.

Bu gün 17-22 yaşlı və Zaur Qurbanlı kimi ağır xəstəliyi olan gənclərin həbsxanalarda qanunsuz olaraq saxlanması ilə, orta əsrlər məhkəmələrində, dünyanın hər yerində eyni xarakterli qəddar və amansız cəzaların qüvvədə olduğu bir dünyada, inkivizisiyanın kilsəni əvəz etdiyi bir dövrün cəzaları ilə, indi babası intihar edən Rəşadətə, Zaur Qurbanlıya və yüzlərlə günahsız gəncə verilən cəzaların fərqi yoxdur.

 Bütün bunlar XXI əsrdə olur.

 Azərbaycan insanı böyük V.Hüqonun ittiham etdiyi Fransadan vətəndaşlıq almağa can atır. Həmin Fransadan ki, o Fransanın 200 il bundan öncəki məhkəmələri haqqında V.Hüqo deyirdi: “Ədalət məhkəmələrinin işinin adı nə idi – ədalətsizlik becərmək”.  

Ancaq Azərbaycanın indiki məhkəmə sistemini və hakimlərini, Jan Val Jan və Kozetta kimi obrazları ilə insanlığa dərs verən V.Hüqo başqa bir məhkəmə faktı ilə daha dolğun xarakterizə edir:

“Onlar bir otağa yığışıb kardinalın tapşırığını icra etmək üçün yollar axtarırdılar. İlk dəfə bir fransız generalı gilyatinə – ölüm maşınına sürüklənməli idi. Əmri verən isə qonşu otaqda əxlaqsız bir qadınla kef çəkirdi. Onlar hakim yox, lakey idilər”.

Təəssüf, həmin vaxtan 200 il keçsə də,  Azərbaycanda hələ də məhkəmələr, ədalət mühakiməsini həyata keçirən hakimiyyətin bir qolu kimi yox, xidmətçi, arabanın beşinci təkəri, icra hakimiyyətinin əlavəsi, siyasi rejimin əlində rəqiblərinə qarşı qisas dəyənəyi rulunu oynamaqla Viktor  Hüqo demişkən, lakey fəaliyyərlərini davam etdirirlər.

Son söz, hüquqi baxımdan, məhkəmədə deyilər. Azərbaycanda isə məhkəmə adına siyasi rejimin xidmətçisi olan qurumlar fəaliyyət göstərdiyinə görə, mənə və başqa vətəndaşlarımıza son söz hüququndan istifadə etmək son 20 ildə qismət olmayıb və neçə ki ölkəmizdə indiki rejim var; seçki yolu ilə xalqın, millətin iradəsinə yox, seçki saxtakarlığına, zora, xofa, qanunsuz həbslərə, insan oğurluğuna və siyasi qətllərə əsaslanan rejim var, bundan sonra da nəsib olmayacaq.

Hüquqi dövlətlərdə son söz – “təqsirləndirilən şəxsin olduqca önəmli müdafiə” vasitələrindən biridir. Çünki, yazıldığı, qəbul edildiyi vaxtdan kağız üzərində qalan, indiyədək bircə dəfə də olsun tətbiq edilməyən CPM-nin 342.3-cü maddəsinə əsasən, “təqsirləndirilən şəxs son sözündə elan edilmiş ittihamın məhkəmədə hər tərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyətə malik olan yeni hallar barədə məlumat verdikdə, məhkəmə məhkəmə istintaqını təzələyir”.

“Son söz”ün ədalət mühakiməsi üçün önəmi budur. Bəlkə təqsirləndirilən şəxs bu ana qədər demədiyi elə bir məlumat deyəcək ki, bu, işin hərətərəfli, tam və obyektiv aparılmasına, yəni qanuni və ədalətli qərar qəbul edilməsinə kömək edəcək!?!

Bu anadək, yəni son sözümə qədər işin hərtərəfli, tam və obyektiv aparılmasını təmin etmək üçün verdiyim onlarla vəsatəti təmin etməyən, mənim üzümə qoyulmuş yalançı şahidlərə bundan əvvəlki başqa məhkəmə proseslərində  ”Rəhbər müəllim”, “İsa müəllim” deyə müraciət etmiş hakim, indiki prosesdə özünü o yalançı şahidləri tanımırmış kimi göstərən hakim, doğrudanmı işin obyektiv aparılması üçün məndən yeni məlumat gözləyir? Qətiyyən. Nəsimi RPİ-nin 20-ci PB-də uzun illər sahə müvəkkili işləmiş Mansurov İsa Mürsəl oğlunu tanımayan, özünü tanımamazlığa qoyan hakim Emin Mehdiyevin obyektiv qərar qəbul etmək gücündə olmadığına Allahıma inandığım qədər inanıram. Bu məhkəmələr qanuni qərarlar qəbul etmək, obyektiv həqiqəti müəyyən etmək üçün keçirilmir.  Əks təqdirdə, bu məmləkətdə rüşvət, korrupsiya, monopoliya indiki kimi açıq həyasızlıq səviyysində olmaz, 480 manat bocunu qaytara bilmədiyinə görə ondan 10.000 manat rüşvət təlb edən, sonra 6.000-ə enən, onu da ala bilməyəndə gənc bir övladımıza 3 il azadlıqdan məhrum etmə cəzası kəsən hakim tərəfindən mühakimə edilməzdi. Məhkəmələr yerində olsaydı, yəni rüşvət və siyasi sifarişlər bataqlığında batmasaydı, bu gün mənim yerimdə bu sifarişi Sizə verənlər dayanardı.

Mən elə hadisə anındaca “Nissan Teana”nın arxa sağ oturacağında oturan o şəxsi tanımışdım. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidmətinin rəisi Yusifov Cavanşir Əmiralı oğlunu mən üzdən tanıdım və bir anlığa da biz göz-gözə gəldik. Ona görə də, mən onun sürücüsünün hadisə yerini tərk etməsinə mane olmadım. Bu günədək səbrlə gözlədim ki, bəlkə ləyaqət göstərib sürcüsünün törətdiyi bu hadisəni öz imkanları və əlaqələri vasitəsi ilə yoluna qoyar. Ancaq, görünür, var-dövlət və vəzifə ilə ləyaqət hissi tərs mütənasibdir. Bunu etmək əvəzinə, C.Ə.Yusifov, sürücüsünün atası Zaman kişinin onun yerində oturması barədə, sürücüsünün ifadə verməsini təşkil etdi. Əhsən! Ancaq 27 sentyabr 2012-ci il saat 12-12:40 radələrindəki nəzarət kameralarının çəkilişlərinə baxılsa, “Nissan Teana“ markalı 10-AA-747 dövlət qeydiyyat nişanlı avtomaşının arxa oturacağında əyləşən şəxsin 70 yaşlı Zaman kişi yox, 45-52 yaşlı Cavanşir Yusifov olduğu sübut edilər. Ancaq bu kimə lazımdır ki? Sizə həqiqət yox, siyasi sifarişi icra etmək lazımdır.

Mən niyə həbs olunmuşam?

Ona görə yox ki, guya kiminsə ayağının sınmasında mənim təqsirim var. Keçirilmiş 15 məhkəmə iclasının nəticələri barədə, son sözümdən sonra, CPM-nin 343-cü maddəsinə uyğun olaraq, Sizə təqdim edəcəyim məhkəmə hökmünün lahiyəsində bu məsələyə ətraflı şərh verdiyim üçün indi onları burda təkrarlayıb vaxtınızı almaq istəmirəm.

Dediyim kimi, mən guya hansısa cinayəti törətdiyimə görə tutulmamışam. Belə olmasaydı, mən 27 sentyabr 2012-ci ildə olmuş hadisədən 9 ay sonra həbs edilməz, həbs ediləndən 3 ay sonra da, 9 ay qabaq ittiham tərəfinə şəxsən bildirdiyim məlumatlar əsasında mənə CM-nin 299.1-ci maddəsi ilə yeni ittiham verilməzdi.

Hadisə nəzarət kameralarının 3 metrliyində olub. “Medikal Plaza” klinikasının da nəzarət kameraları hadisə yerini çəkib və şahid Abdullayev Seymur Siyasət oğlu, hətta 13 noyabr 2013-cü il tarixli məhkəmə iclasında bildirdi ki, Fəxrəddin adlı sahə müvəkkili onu elə həmin kameraların çəkilişləri ilə müəyyən edib.

Öz siyasi rəqiblərini narkotik, silah, yalançı “zərərçəkmişlərlə” şərləyib həbs edən bu zalım rejim məni həbs etmək üçün əlinə düşmüş bu fürsəti qaçırardımı? Elə həmin gün nəzarət kameralarına baxmaq kifayət idi ki, təqsirin məndə olduğu və ya olmadığı sübut edilsin.

Bəs niyə baxmayıblar?

 Bu nə hikmətdir ki, siyasi və vicdan məhbuslarının “cinayətləri” araşdırılanda bu kameralar ya işləmir, ya da müxtəlif səbəblərdən hadisə yeri və ya qəza anı çəkilmir? Siyasi rəqiblərin tövlələrinin axurunda silah, ciblərində narkotik olduğunu bədaətən bilən rejim, nədən mənim təqsirimi nəzarət kameralarının çəkilişləri ilə, mötəbər sübutlarla təsbit etməyə çalışmır. Müxalifətçilərin yataqlarını gizlincə çəkən, bəzi müxalifətçi kişilərin cinsiyyət orqanlarını çox böyük həvəslə öz telekanalizasiyaları ilə utanmadan, xəclət çəkmədən millətə nümayiş etdirənlər, nədən dövlətin milyonlarla vəsaiti hesabına quraşdırılmış bu nəzarət kameralarının çəkilişlərini ortaya çıxardıb məni ifşa etmirlər???

Bu 15 günlük araşdırmada hamıya bəlli oldu ki, 13 fevral 2013-cü ilədək, işdə bir nəfər də olsun şahid olmayıb. Ancaq müstəntiq Miraqil Qiyasov Mirkamil oğlunun 11 fevral 2013-cü il tarixli “Əməliyyat tapşırığı”ndan sonra: cəmi 1 (bir) gün ərzində 20-ci PB-nin rəisi Sahib Babayev 3 şahid tapıb:

–               Hüseynov Rəhbər Qubad oğlu,

            Ünvanı: Xətai rayonu, Naximov küçəsi, döngə 2, ev 23A

–               Abdullayev Seymur Siyasət oğlu,

            Ünvanı: Nəsimi rayonu, İ.Qasımov küçsi, ev 19

–               Hüseynov Elvin Könül oğlu.

            Ünvanı:Bakı şəhəri Səbail rayonu, A.İsmayılov küçəsi, ev 13,mənzil 2

Əvvəla, Azərbaycan polisinin belə bir qabliyyəti varsa ki, şahidlər bir gündə müəyyən edilir, onda neft satmağa nə ehtiyacımız var, elə həmin “şahidtapma metodu”nu patentləşdirib satıb neftdən də çox gəlir götürmək olar.

İkincisi, evindən saat 13:00-da çıxan, 2 saat yolda olan, hadisə yerinə saat 14:30-15:00-da çatan və saat 12:30-12:46-da, yəni özündən 2-3 saat qabaq baş verən hadisəni görmək qabiliyyəti olan Rəhbər Hüseynov, Seymur Abdullayev və Mansurov İsa Mürsəl oğlu kimi vətəndaşlarımız var ikən, niyə onların bu fövqəl qüvvələrindən, məsələn, qızıl, neft yataqlarının… yox, yox, mərhum Elmar Hüseynov, Ziya Bünyadov, Afyəddin Cəlilov, Rafiq Tağı, Rail Rzayev və başqalarının qatillərinin tapılmasında istifadə edilmir???

Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuş Mansurov İsa Mürsəl oğlu hadisə yerinə, özünün ifadəsində yazdığı kimi, ya “saat 14:00-15:00-da”, ya  “axşamçağı, ya da “günorta” gələ-gələ 2-6 saat ondan əvvəl baş verən hadisəni gözləri ilə görə bilibsə …

Bəlkə də elə bu qabliyyətinə arxayın olub ki, 31 oktyabr 2013-cü il tarixli məhkəmə iclasında, şəxsiyyətinə dair suallar veriləndə Azərbaycanda heç vaxt işləmədiyini, Rusiyada hüquq təhsili alıb orada işlədiyini, Azərbaycana isə 1993-cü ildə gəlib ümumi xəstəlikdən pensiyaya çıxdığını bildirdi. Sədrlik edən Emin Mehdiyev və dövlət ittihamçısı Nağıyev Elçin Əli oğlu da məhkəmədə özlərini elə apardılar ki, sanki İsa Mansurovu həqiqətən də, birinci dəfə görürlər. Mən isə, Moskva kimi: göz yaşlarına inanmıram.

Gələcək nəsillərə məhkəmə həyasızlığı və məhkəmə oyunbazlğının səlis bir nümunəsini yadigar və fakt olaraq saxlamaq üçün, məhkəmənin gedişində Sizə təqdim etdiyim Ali Məhkəmənin 1(102)-429/2008 saylı 29 iyul 2008-ci il tarixli Qərarından bir abzası “Son söz”ümdə göstərmək istəyirəm:

“Kassasiya şikayəti (vəkil Z.Gülalıyev) bununla əsaslandırılır ki, məhkəmələr Bəkir Cəlal oğlu Əhmədovu  həmin maddələrlə təqsirli hesab edərkən qanunsuz yolla əldə edilən sübutlara, həmçinin yeganə şahid olan 20-ci PB-nin polis sahə inspektoru İsa Mansurovun biri digərinə zidd olan ifadələrinə istinad etmişlər” (sədr: H.Sadıqv, hakimlər:Şahin Yusifov və M.Ağazadə).

Görürsünüzmü, “biri digərinə zidd ifadələri” ilə yalançı şahdlik etməyi ilə yanaşı, məhkəmədə içdiyi andı pozaraq, CM-nin 297-ci maddəsi ilə ona elan edilmiş xəbərdarlığa da əməl etməyərək, məhkəmədən kimliyini də, yəni 20-ci PB-nin əməkdaşı olduğunu da gizlədib İsa Mansurov.  Siz isə özünüzü elə apardınız, guya onu birinci dəfədir görürsünüz.

 Bu cinayət işində İsa Mansurov yalan ifadə verən tək polis deyil.

Onun keçmiş rəisi, 20-ci PB-nin sabiq rəisi Sahib Babayev də Nəsimi rayon prokurorunun köməkçisi Musa Nağıyevə ifadə verəndə göstərib ki, zərəçəkmiş P.Abbasovun anası Ədilə Məmmədovanı tanımır və Ədilə Məmmədova adlı şəxs 20-ci PB-də işləmir və Qurban Məmmədov bu fakt barədə yalan deyir. Həmin ifadələri özündə əks etdirən qərarı mən Sizə təqdim etmişəm və iş materiallarında var. Həmin Qərarın tikildiyi cilddə, on – on beş səhifə əvvəl və ya sonra Ədilə Məmmədova ifadələrində göstərib ki, o, həqiqətən də, 20-ci PB-də xadimə işləyir və məhkəmədə də göstərdi ki ,Sahib Babayevin iş otağında mən onu görəndə əlində süpürgə var idi.

Polisi hakiminə, polisi prokuroruna , rəhbəri xalqına yalan deyən məmləkətdə haqqı, həqiqəti tapmaq, müdafiə olunmaq mümkün deyil. Qədim Çinlilər demiş, ”qaranlıq otaqda qara pişiyi tapmaq çox çətindir, vay o gündən ki, heç o qara pişik o qaranlıq otaqda olmaya”. Siz də buna cəhd edirsiniz, mən də. Siz: mənim əməlimdə olmayan təqsiri, mən isə: məhkəmədə olmayan ədaləti.

Bu məhkəmə çox qaranlıqdır. Məndən isə, burada olmayan ədaləti, qanunçuluğu, obyektivliyi tapmaq tələb edilir.  Etiraf edirəm: mən bunda acizəm və heç axtarış aparmaq fikrim də yoxdur.

Atalarımız deyib ki, “yeməklə doymayan, yalamaqla da doymaz”.

Mən Sizə bu 15 gün davam edən məhkəmə prosesində (hazırlıq iclası 18 sentyabrda olub) hər iclasda işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək üçün vəsatətlər verdim, hansını təmin etdiniz ki, indi də son sözümdə nəsə deyim? Siz mənim, 18 sentyabr 2013-cü il tarixli hazırlıq iclasında verdiyim vəsatətləri təmin etsəydiniz, yəni işə qanuni, obyektiv yanaşsaydınız, sonrakı proseslərə ehtiyac olmazdı. Hər prosesdə verdiyim vəsatət məhkəməni bitirmək üçün yetərli idi. Sizə isə həqiqət yox, siyasi sifarişi canla-başla yerinə yetirib “növbəti özbaşınalıqlara və firavan həyat sürmək üçün istədiyinizi əldə etməyə” əlavə bonus lazımdır. Mən Sizin bonus təminatçınızam. Ona görə də, ekspert Polad İsmayılov: “cinayət işində göstərilən hadisə mexanizmində maşınların bir-birinə dəyməsi mümkün deyil”- deyəndə, dövlət ittihamçısı Elçin Nağıyev: “əşi, onu maşınların dəyməsinə görə yox, adam vurmasına görə ittiham edirlər”- dedi. Belə təfəkkür sahibi prokurordan ədalət gözləmək olarmı?!!

Bir adamı ittiham edirlər ki, “o, divardan aşıb oğurluq edib”, adam deyir ki, “onun əli, ayağı yoxdur şikəsdir, divardan aşa bilməzdi”. Prokuror Elçin Nağıyev israr edir: “səni divar aşmaqda yox, oğurluq etməkdə ittiham edirlər”. Belə yerdə Seneka yada düşür: “Özünü yuxuluğa vuranı ayıltmaq mümkün deyil”. Bu prokuror yatmayıb, özünü daş kimi yuxuluğa vurub. Çünki onun iynəsini yuxarıdan – prezident aparatından vurublar.

AR Konstitusiyasının 125-ci maddəsinin I hissəsində yazılıb: “AR-da məhkəmə hakimiyyətini ƏDALƏT MÜHAKİMƏSİ YOLU İLƏ yalnız məhkəmələr həyata keçirirlər”.

Bu məhkəmə prosesi və son vaxtlar müxalifət nümayəndələrinin, hicab məhbuslarının, ”Nida”çıların, jurnalistlərin, ”İsmayıllı hadisələrinin” və sair məhkəmələri  sübut edir ki, bu maddədə yazılanlar yalandır və boğazdan yuxarı deyilən, kağız üzərində qalan deklarativ fikirlərdən başqa bir şey deyil.

İstənilən cəmiyyətin, toplumun, dövlətin dayanıqlığı üçün ƏDALƏTİN VƏ ƏDALƏT MÜHAKİMƏSİNİN  olması vacibdir.

Bu yerdə yenə də qoca Hüqonu xatırlamamaq olmur: “Heç vaxt heç bir bilgə (ziyalı) insan toplumun iki dayağının laxlamasına yol verməz. Bu dayaqlardan biri ƏDALƏTDİR, o biri isə gələcəyə ümiddir. Hakim ədaləti təmsil edəcəksə, hamı ona sayğı ilə yanaşacaq, ruhani: insanlara ümid verəcəksə, hamı onun dediklərinə inanacaq, özünü də saya salacaqlar. Yoxsa, işgəncəni məhkəmə, inkivizisiyanı kilsə adlandıracaqlarsa, onda insanlıq onların gözünün içinə dik baxaraq məhkəməyə deyəcək: “Mənə sənin qanunların gərək deyil””.

Azərbaycanda ədalət mühakiməsi, “ədalətsiz olaraq” məhkəmə binalarından kənarda həyata keçirilir. Onların da qərarları göstərir ki, mən doğru yoldayam, siyasi mövqeyim düzdür ki, onları qanunsuz olaraq məni həbs etməyə məcbur etmişəm.

İnşaallah, o gün uzaqda deyil! O gün mütləq gəlcək!

İndi bizə hökm verənlərə qarşı o gün irəli sürüləcək ittihamların arasında qanunsuz, həbslər, insanların, siyasi rəqiblərin məhkəmə hökmü adı altında oğurlanması, girov saxlanması, qətllər və bu gün Sizin çıxaracağınız qanunsuz hökm də olacaq. Siz isə bir “hakim” və  “prokuror” olaraq mütəşəkkil cinayətkar təşkilatın üzvü kimi məsuliyyət daşıyacaqsınız.

Buna mənim heç bir şübhəm yoxdur.

Sözümü uzatmaqla Sizi fayda verə biləcək və xeyir gətirəcək başqa işlərinizdən ayırmaq istəmirəm və sözümün sonunu yenə də başqa bir fransız mütəfəkkiri  Volterin (Fransua-Mari Arue De) “Fanatizm” adlı əsərindən bir iqtibasla bitirirəm:

“Dini fanatiklərdən başqa, soyuqqanlı fanatiklər də olur: bunlar isə, suçları yalnızca onlar kimi düşünməmək olan kimsələrə ölüm kəsən hakimlərdir, bu hakimlər insanlıq qarşısında o biri fanatiklrdən qat-qat artıq suçludurlar, yer üzündə onlardan da alçaq kimsələr yoxdur… onlar sağlam düşüncələrinin səsinə qulaq asıb düzgün hökmlər verə bilərdilər”.

Bunu Volter deyib. Mən isə Sizi o alçaq kiməsəlrin sırasında görmək istəmirəm. Gələcəkdə ailənizin, qonşu və dostlarınızın üzünə baxa bilməniz üçün bu alçaldıcı işdən, özünüzdən səviyyəsiz adamların əmrlərini icra etməkdən imtina edin və balalarınızı halal yaşadın. Unutmayın: bağqa kişilərin qanunsuz göstərişlərini icra edən kişilərin fahişə qadınlardan fərqi yoxdur!

Səbrlə məni dinlədiyinizə görə, məhkəmə adına Sizə minnətdarlığımı bildirirəm. Sağ olun. İndi isə CPM-nin 343-cü maddəsinə uyğun olaraq hökmün lahiyəsini diqqətinizə çatdırıram.

Qoşma: Hökmün lahiyəsi.

04 dekabr 2013-cü il

                                                       İmza:                                         / Q.C.Məmmədov /

Loading