Oktyabrın 23-də Nəsimi rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə Milli Şuranın üzvü, məhbus hüquqşünas Qurban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirildi.
Azadxeber.net saytının müxbirinin verdiyi məlumata görə, prosesdə Qurban Məmmmədovun özü və vəkili Xalid Bağırov, eləcə də dövlət ittihamçısı Elçin Nağıyev iştirak edirdilər.
Məhkəmə Q. Məmmədovun vəsatətləri ilə başlayıb. Belə ki, Məmmədov ilk olaraq 18 oktyabr, 02 oktyabr və 14 oktyabr tarixinlərində keçirilən məhkəmə zamanı verdiyi vəsatətlərin hakim və dövlət ittihamçısı tərəfindən təmin edilməməsini əsas gətirərək, prokuror və hakimin vicdanlılıq dərəcəsini müəyyənləşdirmək üçün məhkəmə psixiatrik ekspertizası təyin edilməsi, daha sonra isə barəsində seçilmiş həbs qətimkan tədbirinin istənilən başqa qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət qaldırdı. Qısa sürən müşavirədən sonra hakim E. Mehdiyev vəsatətlərin təmin edilmədiyini elan etdi.
Daha sonra məhkəmə zalına ittiham tərəfinin şahidi Rəhbər Hüseynov dəvət edilib. Şahid iş barədə dövlət ittihamçısının və müdafiə tərəfin suallarını cavablandırıb. İfadəsi zamanı şahidin ilkin istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyətlərin olduğu məlum olub. Müdafiə vəkili və Q. Məmmədov buna ciddi narazılıq ifadə ediblər.
Hakim E. Mehdiyev iş vaxtının qurtarmasını əsas gətirərək, növbəti prosesi 30 oktyabr saat 14:30-a təyin etdiyini bildirdi.
Xatırladaq ki, Qurban Məmmədova qarşı ötən ilin sentyabr ayında baş vermiş avtoqəza ilə bağlı olaraq, Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb və bu il iyunun 4-də barəsində həbs-qətimkan tədbiri seçilib. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 299.1-ci (Şahidin, zərərçəkmiş şəxsin yalan ifadə verməsi məqsədi ilə və ya ekspertin yalan rəy və ya yalan ifadə verməsi məqsədi ilə, habelə tərcüməçinin yanlış tərcümə etməsi məqsədi ilə onları pulla ələ alma) maddəsi ilə yeni ittiham elan edilib.
Qurban Məmmədov həbsini siyasi sifariş olduğunu bəyan edərək, Milli Şurada aktiv siyasi fəaliyyəti ilə əlaqələndirir.