Əlaqə vasitələri

Qurban Məmmədovun məhkəməsindən reportaj…

Qurban Məmmədovun məhkəməsindən reportaj
Tanınmış vəkil məhkəmə tərkibinə etiraz etsə də qəbul olunmadı
Milli Şura üzvü cinayət işini ona qarşı qurulmuş oyun adlandırır
Dünən Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə Milli Şuranın üzvü, məhbus hüquqşünas Qurban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prosesdə Qurban Məmmədov məhkəmə tərkibinə və ümumilikdə Nəsimi Rayon məhkəməsinə yazılı etiraz təqdim edib. O, barəsində həbs-qətimkan tədbirinin seçilməsi, bu müddətin uzadılması ilə bağlı qərarların qanunsuz olaraq məhz Nəsimi rayon Məhkəməsinin hakimləri tərəfindən seçildiyini deyərək, məhkəmə sədrinin ona şəxsi maraqlar və düşmənçilik mövqeyində olduğunu bildirib. Bu səbəbdən də o, cinayət işinə başqa rayon məhkəməsində baxılmasını istəyib.
Prokuror etirazı əsassız hesab etdiyini deyib. Hakim fasilə elan edərək, müşafirə otağına gedib. Müşavirədən sonra hakim qanunvericilikdə etiraza səbəb olacaq hallar müəyyən edilmədiyindən, etirazın baxılmamış saxlanması barədə qərarı elan etdi cə məhkəmə istintaqının başlandığını bildirdi.
Dövlət İttihamçısı Elçin Nağıyev Qurban Məmmədova qarşı ittihamın nəticəvi hissəsini elan etdi. Qurban Məmmədov isə isə ittihamı qəbul etmədiyini bildirdi.
Daha sonra çıxış üçün söz zərərçəkmiş şəxs kimi tanınan Pərviz Abbasova verildi. Hakim tərəflərin məlumatlarını dəqiqləşdirərkən məlum oldu ki, P.Abbasov əvvəllər bir neçə dəfə məhkum həyatı yaşayıb, məhkumluğunun biri isə narkotiklə bağlı olub.
Hakim zərərçəkmişə “hadisə necə baş verib, danışın” deyərkən, zərərçəkmişin cavabı belə oldu: “Prokuror necə deyirsə, hadisə elə olub” dedi. Daha sonra ifadə verən zərərçəkmiş bildirdi ki, Vaqif küçəsində yerləşən klinikaların birinin qarşısında “stoyanşik” işləyir. Qurban Məmmədov ötən ilin sentyabr ayında həmin klinikanın yaxınlığında maşınını saxlamaq istəyərkən, yer olmadığından bir az kənarda saxlamağı təkilf edib. Qurban Məmmədov da onunla razılaşaraq arxaya verərkən onun sağ ayağının üstündən keçib. O hadisənin baş verməsi mexanizmini tam izah edə bilmədiyindən və ziddiyyətli ifadələr verdiyindən prokuror ona sxem çəkdirdi. Abbasov bildirdi ki, həmin vaxt yaxınlıqda olan «Mercedes» markalı avtomobilin sürücüsünə ona kömək etməsini xahiş etsə də, sürücü məhəl qoymadan çıxıb gedib. Qurban Məmmədov isə yerə düşərək, “ay yetim nə oldu sənə” soruşub, daha sonra onu öz maşınına qoyaraq, yaxınlıqdakı travmotologiya xəstəxanasına aparıb. “O mənə dedi ki, polis soruşsa deyərsən ki, tanımadığı «Mercedes 190» markalı maşın vurub qaçdı məni. Mənim bütün müalicəmi etdirəcəyini və işləmədiyim müddətdə maddi köməklik edəcəyini bildirdi. Mən də polisə dedim ki, məni başqa adam vurub, Qurban Məmmədov kömək edib gətirib. 3 ay hər dəfə 600 manat versə də, sonradan pul vermədiyinə görə, mən də polisə şikayət etdim.”
Daha sonra təqsirləndirilən şəxs prokurorun və müdafiə tərəfinin suallarını cavablandırdı.
Qurban Məmmədov çıxışında bildirdi ki, o, həmin gün oğlu Elnur Məmmədovun əməliyyatı ilə əlaqədar həyat yoldaşı və oğlu ilə birlikdə klinkaya gedib. “Vaqif prospektini keçib avtomobili saxladım və sərnişinlər düşdükdən sonra “stoyanşik” yaxınlaşdı ki, burada sıxlıqdır, o biri tərəfdə saxlayım. Mən də onun “ver, ver gəlsin” komandası ilə arxaya sürürdüm, birdən hiss etdim ki, maşın nəyəsə toxundu və dayandı. Baxdım ki, maşının arxası «Mercedes» markalı avtomobilin qabaq yan hisssinə dirənib və Pərviz də yerdə uzanıb zarıyır. İlk əvvəl «Mercedes»in sürücüsündən nə baş verdiyini soruşdum. O da dedi ki,saxladığı halda mən arxaya verib onun maşının əzmişəm. Mən ona nömrəmi verdim və bildirdim ki, sonra aydınlaşdırarıq nə baş vediyini və Pərvizi maşına qoyub xəstəxanaya apardım. Onun xəstəxana xərcini və digər məsələləri də insanlıq naminə etdim. Dedim ki, əgər günah o biri maşındadırsa, ondan alaram, mənim günahımdırsa, halal xoşu olsun”. Qurban Məmmədov «stoyanşikin» yalan danışdığını, ayağının onun maşınının altında qalmadığını bildirdi. “Hadisə yerində düz başımızın üstündə kamera olduğu halda, mən Pərvizə necə deyə bilərəm ki, polisə yalan məlumat ver. Əminəm ki, onun ayağı iki maşının arasında qalaraq əzilib və burada mənim heç bir günahım olmayıb. Çünki o mnim bələdçim idi və mən onun komandası ilə hərəkət edirdim” – deyə Qurban Məmmədov vurğuladı. O zərərçəkmişə müraciətlə “necə oldu ki, sənin sol ayağının üstündən keçdim, axı məntiqlə gərək sol ayağının da üstündən keçəyidm” deyə sual etdi. Zərərçəkmiş isə bildirdi ki, o yerə yıxılan zaman sol ayağını altına yığıb. Təqsirləndirilən şəxs oyuncaq maşın və adam kuklası təqdim edərək, eksprement şəkilində prosesi izah etməsini istədi. Zərərçəkmiş ifadəsini təkrarlasa da Qurban Məmmədov onun yalan danışdığını bildirdi. O vurğuladı ki, bu itiham saxtadır və Milli Şuradakı çıxışları, müxalifyönlü mediada, internet televiziyalarda müsahibələrindən sonra ona qarşı bu ittihamlar irəli sürülüb və məqsəd onu susdurmaqdır.
Qeyd edək ki, Qurban Məmmədova qarşı ötən ilin sentyabr ayında baş vermiş avtoqəza ilə bağlı olaraq, Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi açılıb və bu il iyunun 4-də barəsində həbs-qətimkan tədbiri seçilib. Avqust ayında Qurban Məmmədova qarşı əlavə olaraq Cinayət Məcəlləsinin 299.1-ci maddəsi ilə də ittiham irəli sürülüb.

Loading