Əlaqə vasitələri

Nəsimi Rayon Məhkəməsinə – Vəsatət 4

Nəsimi Rayon Məhkəməsinə

Təqsirləndirilən şəxs (CM-nin 263.1-1,299.1)

Məmmədov Qurban Cəlal oğlu tərəfindən

CPM-nin 299.3.2-ci maddəsinə uyğun olaraq

VƏSATƏT

CPM-nin 299.3.2-ci maddəsinə əsasən, “hazırlıq iclasında, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmamasına baxılır”.

Nəzərinizə çatdırıram ki, ibtidai araşdırma zamanı CPM-nin aşağıdakı tələbləri pozulub:

1. CPM-nin 121.2-ci maddəsinin tələbləri pozulub. Həmin maddəyə əsasən, “cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedura daxilində hərtərəfli, tam və obyektiv arşdırılmasına yönəldilmiş vəsatət rədd edilə bilməz”. Lakin mənim 26 avqust 2013-cü il tarixli 50 bəndlik vəsatətim bu tələbə əməl edilmədən rədd edilib: mənim əleyhimə ifadə vermiş şahidlərlə üzləşməm keçirilməyib, zəruri istintaq eksperimenti keçirilməyib və.s.

2. CPM-nin 268.1-ci maddəsində nəzərdə tutulan tələblərə əməl edilməyib, mənim hüquqlarım pozulub. Belə ki, ən azı 30 may 2013-cü ildən sonra, yəni mənə ittiham elan ediləndən sonra, müxtəlif növ ekspertizaların təyin edilməsi barədə qərarlar mənə vaxtında tanış edilməyib, ona görə də CPM-nin 268.1-ci maddəsində nəzərdə tutulan hüquqlarımdan istifadə edə bilməmişəm.

3. Müstəntiq Ə.Rzayevin 28 avqust 2013-cü il tarixli “Vəsatətin rədd edilməsi barədə” qərarı rəsmi olaraq mənə 02 sentyabr 2013-cü ildə saat 16:50-də təqdim edilsə də, CPM-nin 287.3-cü maddəsində nəzərdə tutulan “Müstəntiqin qərarlarından 48 saat müddətində prokurora şikayət vermək” hüququm pozulub və mənim vaxtında verdiyim şikayətə baxılmadan iş məhkəməyə göndərilib ki, bu da mənim müdafiə hüquqlarımın pozulmasıdır.

4. CPM-nin 8.0.3-cü maddəsinin tələbləri: “bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq” vəzifəsi pozulub. Hadisənin vaxtı düzgün dəqiqləşdirilməyib və dəfələrlə bu barədə deməyimə baxmayaraq, hadisə yerinin 3-5 metrliyində olan nəzarət kameralarının hadisə vaxtına uyğun çəkilişləri tələb edilib işə əlavə edilməyib və bu da, eyni zamanda, CPM-nin 10.1-ci maddəsinin pozulması ilə nəticələnib. CPM-nin 10.5-ci maddəsinə əsasən isə, “Qanunnun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur”. Məcəllənin, yəni CPM-nin müddəalarına “ciddi əməl edilməyib” (CPM- 10.1).

5. CPM-nin 12.4-cü maddəsinin tələbləri pozulub. Həmin maddəsyə əsasən, “prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə əlaqədar şəxsin Konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərar yalnız zərurət olduqda bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada qəbul edilə bilər”.

Mənim AR Konstitusiyasının 28-ci maddəsinin II hissəsində və CPM-nin 14.1 və 14.2-ci maddələrinin nəzərdə tutulan AZADLIQ HÜQUQUM pozulub.

Belə ki, CPM-nin 155.1-ci maddəsində göstərilən əsas olmadan, yəni mənim tərəfimdən CPM-nin 155.1.1-155.1.5-maddələrində göstərilən hərəkətlərin edilməsi ehtimalına kifayət qədər əsas verən materiallar toplanmadan 04 iyun 2013-cü ildən mənim haqqımda həbs qətimkan tədbiri seçilib. Əksinə, iş materialllarında mənim müstəntiqə dəfələrlə zəng edərək və mesaj yazaraq istgintaqın gedişinə kömək etməyim haqqında materiallar var və 2012-ci ilin dekabr ayında İngiltərəyə gedib 05 yanvar 2013-cü ildə qayıtmağım, qaçmaq və ya gizlənmək niyyətimin olmamasını sübut edən hallardır.

6. 26 avqust 2013-cü il tarixli vəsatətimdə göstərdiyim qanun pozuntuları və CPM-nin 220.3-cü maddəsinin tələblərinin pozulması.___________________________?

İmza: /Q.C.Məmmədov/

Loading