Əlaqə vasitələri

Qurban Məmmədovun A.R. Prezidentinə 10 may 2013 tarixli müraciəti

Qurban Məmmədovun A.R. Prezidentinə 10 may 2013 tarixli müraciəti

Cənab Prezident!

Bu gün bir çox qanunlarımızın İslam dəyərlərinə və real ictimai münasibətlərə uyğun olmaması nəticəsində cəmiyyətimizdə rüşvətxorluq və koorupsiya günbəgün yayılır, insanlar arasında münasibətlər əsassız yerə korlanır, sosial mühitmiz getdikcə dözülməz hal alır, birgə yaşayış qaydaları, ictimai qaydalar, eləcə də, toplumdakı bir çox əxlaqi, mənəvi dəyərlər sürətlə deqrodasiyaya uğrayır. Bəzi qanunlarımızın  tətbiqi nəticəsində sahibsiz, nəzarətsiz uşaqlar, başsız ailələr əmələ gəlir ki, onlar da cəmiyyətimizin gələcək sosial bəllaları kimi hər birimizin qapısını döyəndə çox gec olacaq. Əslində bu gün  rastlaşdığımız bir çox problemlər həmin qanunların hələ SSRİ dönəmindən indiki qayadada qəbul edilməsinin və icrasının nəticəsidir.

Cənab Prezident!

Bu gün Azərbaycan hüquq mühafizə orqanları, xüsusilə də məhkəmələr “cinayətkar istehsalı” ilə məşğuldur. Adi məişət problemlərinin, el arasında “qonşu davası”  adlandırılan savaşmaların CM-nin 221-ci maddəsi ilə tövsif edilməsi süni surətdə məhkum olunmuş  insanların sayını artırır. Bu gün iki ailədən birində, demək olar ki, məhkum olunmuş şəxs var və həsxanada olanların arasında 17-25 yaş arasında olanların çoxluğu da elə bununla bağlıdır. Gəncliyə qarşı, millətimizə qarşı bu “genosid”i durdurmaq lazımdır.

Məncə, indi baş verənlər, əsasən, bəzi qanunlarımızın milli, dini dəyərlərimizə, adət-ənənələrimizə, tarixi gələnəklərimizə uyğun olmamasının nəticəsidir.

Belə dəyərlərimizdən biri “bağışlamaq institutu”dur.

Bağışlamaq-zərərçəkmişin müstəsna  hüququdur və Allah bunu “qul haqqı” hesab edir, qullarının bağışlamayacaqları haqlarını özünün də bağışlamayacağını əziz kitabımız Qurani Kərimdə dönə-dönə bildirir.

Qurani Kərimin “Əl Bəqərə” surəsinin 178-ci ayəsində Böyük Yaradan buyurur “Öldürülən şəxsin qardaşı (varisi) tərəfindən (müəyyən bir şey-qan bahası müqabilində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) “diyə” (qanbahası) verməlidir. Bu, (qisası qanbahası ilə əvəz etmək hökmü) Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir!”

Qatillə bağışlandıqdan sonra xoş rəftar edilməsini tələb edən bir dinə tapınmış bir cəmiyyətdə, adicə mülki öhdəliklərini yerinə yetirə bilmədiyinə görə dələduz kimi ittiham edilən, qonşusunun hininə girib 5-10 toyuq, qoyun-keçi aparan, sonra da onları qaytarıb qonşusu ilə barışan şəxslərin müxtəlif müddətlərə azadlıqdan məhrum edilməsinin “xoş rəftarla” nə əlaqəsinin olması başa düşülən deyil.
Bağışlamağın yaxşı əməl olması, bağışlayan şəxsi Allahın da sevməsi və bağışlama institutunun ümumən cəmiyyətə, insanlara  xeyirli olması  barədə müqəddəs kitabımızda onlarla ayə var.  Yəqin ki, istəsəniz Allahşükür müəllim bu barədə Sizə ətraflı məlumat verər.

Acı təəssüf hissi ilə qeyd etməliyəm ki, bağışlamaq bu gün hələ ki, hakimlərə, müstəntiqlərə, polis və prokurorlara xeyir verir, cəmiyyətə yox.

Bağışlamaq, Azərbaycan məhkəmə sistemində sadəcə olaraq, rüşvət, korrupsiya mənbəyinə çevrilib. Çünki, qanunverici tərəflərin barışmasını yüngülləşdirici halların siyahısına daxil edib (AR CM-nin 59.1.10-cu maddəsi, İXM-nin 33.1.2-ci maddəsi) və bunun da nəzərə alınaraq hüquqi  qiymət verilməsini hakimlərin insafına buraxıb. Bizim də hakimlərin “insafı” dünyaya bəllidir. Onlar da zərərçəkmişin barışmasını əldə etdikdən sonra bütün hüquqi bilik və bacarıqlarını təqsirləndirilən şəxsdən nə qədər və necə pul qoparmağa yönəldirlər. Allahın tələb etdiyi “bağışlanmışlarla xoş rəftar edin” hökmü yaddan çıxır-adamın dərisini elə soyurlar ki…  

Hakimlərin bu hərəkətləri nəticəsində  isə çox vaxt həyatını xilas etmək və ya  daha az cəza almaq üçün hakimlərə verməyə (hörmət etmək kimi başa düşülür) məcbur olan təqsirləndirilən şəxs zərərçəkmişin zərərini tam həcmdə ödəyə bilmir və bunun da nəticəsində nə zərəçəkmişin hüquqları tam bərpa olur, nə də təqsirləndirilən şəxs Allahın ona tanıdığı hüquqlardan (xoş rəftat olunmaq hüququ) bəhrələnə bilir. Bəhrələnənlər isə yalnız hakimlər olur (respublika prokurorluğunun İttiham İdarəsinin payı nəzərə alınmaqla).

İndiki təcrübə aşağıdakı mənfi nəticələrə səbəb olur:

1. Zərərçəkmişlərə dəymiş ziyan tam həcmdə ödənilmir, bu da istər-istəməz təqsirləndirilən şəxsə qarşı nifrət, kin, qısqanclıq duyğlarının qalmasına səbəb olur.

2. Məhkmələrdə rüşvət və koorupsiyanın çiçəklənməsi üçün, qanuni əsasların qalması davam edir və  dövlətçiliyimizin əsasları sarsılır, insanlarımızın məhkəmə hakimiyətinə olan inamı, etibarı itir.

3. Gəlcəyin böyük sosial problemləri olan sahibsiz, nəzarətsiz uşaqların, başsız ailələrin sayı atrır.

4. İnsanlar arasında münasibətlər korlanır, düşmənçilik, qisasçılıq münasibətləri yaranır, cəmiyyətdə sosial gərginlik artır və bu mühit “təkrar cinayətkarlıq istehsalı”na münbit şərait yaradır.

5. Bağışlanacağı halda öz heasbına yaşayacaq adamaların saxlanması, cəza müəssisələrində bəslənmələri üçün, həmin zərərçəkmişlərin də vergiləri hesabına dövlət büdcəsindən  mlyonlarla manat vəsait sərf olunur.

İki misalla problemi daha da qabarıq göstərmək istəyirəm.

1. Vətəndaş  A. qonşusunun evindən  10.000 manat pul oğurlayıb. (CM-nin 177-ci maddəsi) Qonşu oğurlanmış pul qaytarılacağı halda, A-nı bağışlamağa və onunla  barışmağa hazır olsa da, bu mümkün deyil. Niyə? A bilir ki, onsuzda onu azı 5-6 il azadlıqdan məhrum edəcəklər – bu qanunun tələbidir. Hələ bunun üçün də hakimə rüşvət verməlidir. Təcrübədə nə baş verir? Hakimlərin şəxsi araçılığı, vasitəsi ilə oğurlanmış pullardan  bir hissə zərərçəkmişə qaytarılır, ondan şikayəti olmaması barədə yazı alındıqdan sonra …arxası hamıya bəllidir. Nəticədə… zərərçəkmiş ödədiyi vergi hesabına həmin oğrunu 5-6 il də cəza müəsissəsində yedirtməyə məhkum edilir. İstənilən halda, qonşular arasındakı düşmənçilik nəsibənəsil davam edir.

İkinci misal.

CM-nin120-ci maddsinə əsasən,

 Vətəndaş “A” vətəndaş “B”-ni öldürüb (səbəbindən asılı olmayaraq).  Ölənin 2 azyaşlı uşağı  vardır. “A” istənilən vasitə ilə, ilk növbədə isə ölənin varisləri ilə dil tapıb, onların zərərini, Allahın buyurduğu “qan bahası”nı ödəməklə doğru yola qayıtmaq istəyir. Öldürən evini satmaqla da olsa, həyatını qurtarmağa hazırdır. Öldürülənin həyat yoldaşı, 2 uşağı normal böyütmək, ailələr arsında qan düşmənçiliyinə son qoymaq məqsədi ilə qatili, əvəzi ödənilməklə bağışlamağa hazırdır. Bu onun müstəsna, şəxsi hüququdur. Ancaq  tərəflər niyyətlərinə nail ola bilmirlər. Qazanan yenə də hakimlərdir. Səbəb birinci halda göstərdiklərimdir: qanunverici özü bu şəraiti qanunlaşdırıb.

Nəticə: öldürülənin 2 azyaşlı uşağı və həyat yoldaşı talenin acımasız ümidinə buraxılacaq, qatilin də ailəsi başsız qalacaq, zərərçəmiş yenə də qatili azı 7 il yedirdəcək, hakim isə növbəti villasını tikəcəkdir.

Cənab Prezident!

Bir sözlə indi qüvvədə olan qanunlarımız bağışlama institutunun normal işləməsinə – Allahın tələb etdiyi kimi nəticələrə nail olmasına imkan vermir. Əksinə, bu normalar və qaydalar zərərçəmişlərin Allah tərəfindən tanınmış hüquqlarını pozur və məhkəmələrdə rüşvət və korrupsiyanın çiçəklənməsinə şərait yaradır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq,

XAHİŞ EDİRƏM:

Azərbaycan Respublikası Cinayət məcəlləsinin cinayət məsuliyyətindən azad etmənin əsasları maddəsinə və cəzadan azad etmənin əsasları maddələrinə aşağıdakı məzmunda dəyişikliklərin edilməsi üçün Azərbaycan Parlamenti qarşısında qanunvericilik təşəbüsü ilə çıxış edəsiniz

Maddə: Zərərçəkmişin bağışlaması halında təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilir, məhkum edilmiş şəxsə isə təyin edilmiş cəzanı və ya cəzanın çəkilməmiş hissəsini çəkməkdən azad edilir və dərhal azadlığa buraxılır.

Belə bir imperativ norma olmadıqda zərərçəkmişlərin hüquqları təmin edilməyəcək, bağışlamaq inistutu isə məhkəmələr, hakimlər üçün rüşvət mənbəyi kimi qalacaqdır.

Qanunvericilikdə ediləcək bu inqilabi dəyişiklik isə dövlət büdcəsinə milyonlarla vəsaitə qənaət etməyə imkan verəcək (istintaq prosesləri qısalacaq, məhkəmə araşdırmalarına ehtiyac olmayacaq, hakimlərin iş yükü azalacaq, cəzaçəkmə yerlərində məhbusların sayı azalacaq və.s) və ictimai mühitin, sosial münasibətlərin sağlamlaşmasına, cəmiyyətdəki gərginliyin azalmasına kömək edəcəkdir.

Cənab Prezident!

Hakimiyyətdə olduğunuz vaxtlarda aparılmış tikinti-abadlıq işləri, yollar, körpülər, hotellər, parklar, izibati binalar və.s tikintilər, şübhəsiz ki, müəyyən müddətə tarixdə qalacaqdır. Ancaq onların insan hüquq və azadlıqlarına heç bir qatqısı yoxdur. Atalarımızın bir deyimi var: “neynirəm o qızıl teşti ki, içinə qan qusum”.

 

Cənab Prezident!

10 hoteldənsə məhkəmələrdəki rüşvətxorluğu, 100.000 km yoldansa, 5 ildən sonra dağılan beton magistraldansa, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindəki korrupsiyanı, 10 körpüdənsə vergi orqanlarındakı, gömrükdəki özbaşınalığı yığışdırın. Bunları ayrı-ayrılıqda bacarmırsınızsa, heç olmasa, tək bir monopoliyanı yığışdırın, əvəzində özəl sektorun hesabına indiyədək gördüyünüz işlərdən 10 dəfə çoxuna nail olarsınız.

İnsan üçün ən dəyərli şey onun azadlığıdır. Əminəm ki, istəsəniz belə, indiki total rüşvətxorluğun qarşısını inzibati nəzarət metodları ilə ala bilməzsiniz. Çünki çox gecdir, xəstəliyi çox buraxmısınız…

Ancaq, qəti əminəm ki, rüşvət və koorupsiyanın qarşısını aydın siyasi iradə  və qanunvericilik yolu ilə, qismən də olsa, almaq mümükündür.

Ancaq. Siz bunu istəyirsinizmi? Söz Sizdədir. Növbə Sizindir. Buyurun. “Çalxan” MMC hüquq firmasının direktoru, hüquqşünas  Qurban Məmmədov

10 may 2013-cü il

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir