Qurban Məmmədovdan ibrətamiz seçki çağırışı

“Azadlıq” qəzetinin redaksiyasına hazırda istintaq təcridxanasında saxlanılan hüquqşünas Qurban Məmmədovun müraciəti daxil olub. Müraciəti təqdim edirik:

Allaha inananlara müraciət

Bu dünyada heç nə təsadüfi olmur.Baş verənlər hamısı Allahın hökmü ilə baş verir.
Milli Şuranın yardılması, ən müxtəlif, hətta düşmənçilik münasibətlərində olan şəxs və qrupların bir araya gəlməsi, çoxlarının inana bilmədiyi, rejimin bütün gücünü qoyub dağıtmaq istədiyi birliyin baş tutması, rejimin Rusiya ilə yaxınlaşıb Rüstəm İbrahimbəyovun namizədliyinə mane olması və hörmətli Cəmil Həsənlinin namizədliyinin milli arzunun, sosial sifarişin zəruri nəticəsi kimi ortaya çıxması Allahın hökmü ilə baş verdi. Allahın rəhimdil, mərhəmətli, ədalətli və adil olmasına inananlar bilirlər ki, Böyük Yaradanın öz istəyi ilə baş verən bu nəticə millətimiz üçün yalnız faydalı olacağı üçün Cəmil bəyi bu gün milli lider mövqeyinə gətirib. Xilaskar rolunu ona – professor Cəmil Həsənliyə Allah özü bəxş etdi.
Bu həm də, millətimizə, xalqımıza və dövlətimizə Allahın bir lütfü, mərhəməti və növbəti dəfə verdiyi bir şansdır.
Ey aldığı məvaciblə təhqiramiz, alçaldıcı həyat keçirən müəllimlər! Həmkarlarınızın seçkilərin nəticələrinin saxtalaşdırılmasında iştirakına yol verməyin. Onları qınayın, onları bu cinayətkar əməllərindən çəkindirin və ətarfınızdakı insanları bir nəfər kimi seçkidə iştirak etməyə səfərbər edin.
Allahın bizə verdiyi bu şansdan düzgün istifadə etməkdə böyük vəzifə müəllimlərin üzərindədir.
Əziz müəllimlər! Afrikalıların bir atalar sözündə deyilir: insanları qadınlar, millətləri müəllimlər doğur. Sizi bu tarixi məsuliyyətinizi vaxtında və düzgün dəyərləndirməyə çağırıram. İmkan verməyin ki, bəzi həmkarlarınız rejimin cinayətkar niyyətlərinin həyata keçirilməsində istifadə edilsinlər. Heç bir müasir dövlətdə, heç bir mədəni millətdə müəllimlər sizin kimi alçaldıcı həyat tərzi keçirmir və təhqiramiz əmək haqqı almır.  Tələbədən rüşvət alaraq alçalan, gözükölgəli olan müəllimin hansı şərəf və ləyaqətindən danışmaq olar? Sizi buna məhkum edən 1969-cu ildən bu günədək davam edən rejimdir. Millətimiz, xalqımız və dövlətimiz qarşısında öz vəzifələrinizi heç olmasa bu il – prezident seçkisində yerinə yetirin. Mən sizin hamınızı qəhrəmanlığa, fəal mübarizəya çağırırram. Bacarmayanlar, qorxanlar, ehtiyyat edənlər, şantaj edilməkdən çəkinənlər heç olmasa bu cinayətkar rejimə yardım etməsinlər, sussunlar, seçki protokollarının saxtalaşdırılmasında iştirak etməsinlər – hərə öz bildiyi bəhanəsini tapa bilər. Sonra gec olacaq.
Hörmətli həkimlər!

Əziz bacı və qardaşlarım!

Bir millətin halını bilən dəqiq iki peşə sahibləri var: həkim və vəkillər (hüquqşünaslar). Siz onun sağlamlıq durumunu və bunun səbəblərini, biz hüquqşünaslar isə onun hüquq və azadlıqlarının vəziyyətini, səviyyəsini və bu hüquqların pozulma səbəblərini, bərpa yollarını gözəl bilirik. Siz görürsünüz ki, son 40 ildə, xüsusi ilə də sonuncu 10 ildə insanlarımız arasında əsəb, ürək-damar, mədə-bağırsaq və psixi xəstəliklər, intiharlar durmadan artır. Onu da yaxşı bilirsiniz ki, bu xəstəliklərin yaranma səbəblərinin önündə insanların ruhi vəziyyəti, əhvalı, sevinc və kədəri, psixoloji durumu gəlir. Bütün bunlar isə insanın yaşadığı mühit, hüquq və vəzifələrinin təminat dərəcəsi və yaşadığı dövlətdə ədalət prinsiplərinə əməl etmənin səviyyəsindən, millətin iqtisadi durumundan birbaşa asılıdır və bunlar arasında birbaşa əlaqələr var.
Bu gün xəstəni müalicə etmək əvəzinə, ailəni insan kimi dolandırmaq məqsədi ilə xəstənin əlinə baxmağa məhkum edilmiş, xəstələri İranda, Türkiyədə və başqa ölkələrdə müalicə olunan həkimlərmizin cəmiyyətdəki yeri necədir? Özünüzü hörmətli zümrə, prezident İ.Əliyev demişkən, hörmətli ünsür hesab edirsinizmi? Aldığınız məvacib sizə imkan verirmi ki, ailə üzvlərinizin üzünə dik baxa biləsiniz? Əlbəttə yox! Onda bəzlərinizin bu antixalq rejimə xidmət etməyində bir məna varmı? Sizi alçaldanlara qarşı “yox” deməyin vaxtı çatmayıbmı? Mən sizdən də açıq fədakarlıq və qəhrəmanlıq tələb etmirəm. Sadəcə olaraq, müəllimlər öz şagirdləri vasitəi ilə onların valideyinlərini düz yola dəvət edəcəkləri kimi, siz də bunu xəstələriniz vasitəsi ilə edə bilər, rejimin cinayətlərində şəxsən iştirak etməməklə Allahınız və vicdanınız, ailəniz qarşısında öz vəzifələrinizi yerinə yetirmiş olarsınız. Bu ilki şansınızı dəyərləndirin, özünüzü o dünyadakı, haqq dünyasının cəhənnəm əzabından xilas etməyə heç olmasa cəhd edin!

Hörmətli iş adamları!

Sizin vəziyyətinizi, talanma səviyyənizi, “zorən cinayətkar” edilmənizin yollarını və bu vəziyyətə salınmağınızın rəsmi qaydalarını ən yaxşı bilənlərdən biri də mənəm. Rejim iş adamlarını qəsdlə, bilə-bilə elə işləməyə məcbur edir ki, istədiyini istədiyi vaxt, istədiyi kimi cəzalandırsın. Sizin bu hala salınmanızda günahın bir hissəsi özünüzdədirsə, əsas hissəsi bizdədir – bütün xalqımızdadır. Mən sizdən də açıq qəhrəmanlıq, fədakarlıq, cəsarət istəmirəm. Yox. Siz üzdə hətta rejimi tərifləyə də bilərsiniz, Fərhad Əliyev kimi! Ancaq unutmayın: varlını qorumaq üçün kasıbı qorumaq lazımdır və “cəmiyyətin maraqlarını nəzərə almayan iqtisadiyyat böhranlara məhkumdur”.
Sizcə Allah israf edərmi? İsrafçılığın hər növünü haram buyuran Allah, təbii ki, israf etməz. Onda bəs 10 uşaqlı ailəyə ayda 500 manat, 1 uşaqlı sizin kimi adamlara isə milyonlar verilməsini necə başa düşmək olar?
Böyük Yaradan Qurani Kərimdə buyurur: “mən bəzilərinizin ruzisini başqalarının əli ilə verirəm”. Deməli sizə verilənlər tək sizin deyil, unutmayın. Ancaq mən bilirəm ki, indiki rejim sizlərə Allah və cəmiyyət qarşısında olan borclarınızı da  layiqincə yerinə yetirməyə imkan vermir. Heç bir iş adamı istədiyi kimi xeyriyyəçiliklə məşğul ola bilmir bu ölkədə. “Qudurub” – deyə, vergi, polis, məhkəmə ilə başının üstünü alırlar. Bilirəm ki, qazandığınızı rahat yeyə bilmirsiniz. Çoxunuz əsəb, ürək, qan-damar xəstəliyinə mübtəla olmusunuz. Heç biriniz evinizdə rahat yata bilmir, günü rahat, qəlb açıqlığı ilə  keçirə bilmirsiniz. “Nə vaxt aparacaqlar?”, “sərvətimi, mal-dövlətimi nə vaxt əlimdən alacaqlar?” – duyğusu sizi bir an belə tərk eləmir. Cəhənnəm həyatı yaşayırsınız. Namuslu iş adamları bu vəziyyətdən bezib, çıxış yolları axtarırlar. Qardaşlar, Allah çıxış yolunu göstərib artıq. Bezmədinizmi? Yetməzmi? Hər gün alçalıb təhqir olunmaqdan, qorxu içində yaşamaqdan yorulmadınızmı? Sizin və övladlarınızın gələcəyi üçün həbsxanada ömür çürüdən gənc din adamlarımızın, gənc siyasətçilərimizin, iqtisadi məhrumiyyətlərə dözərək mübarizəni davam etdirən, ailələrini aclığa, səfalətə məhkum etsəələr də, bu cinayətkar rejimə qarşı sınmayan müxalifətçilərin durumu vicdanınızı ağrıtmırmı, sizi silkələyib ayıltmırmı? Onsuz da, sizdən əvvəlkiləri olduğu kimi, sizi də növbəniz çatanda soyacaq, müflis edəcək, həbsxanalara salacaqlar.
Əlinizdən gələn yalnız maddi dəstək verməkdir. Milli Şuraya bu dəstəyi verməyin yollarını, təhlükəsiz üsullarını özünüz tapa bilərsiniz. Təhlükə qapınıza, yataq otağınıza girmədən, onu kənarda qarşılayın. Sonra gec olacaq.

Mən polis işçilərinə, hüquq mühafizə orqanlarının əməkdaşlarına müraciət edirəm. Sizə verilən alçaldıcı əmək haqqı hesabına sizi xalqa qarşı qanunsuz hərəkətlər etməyə məcbur edirlər. Biz sizin və övlladlarınızın namuslu həyat tərzi, firavan gəlcəyi üçün mübarizə aparırıq. Siz nəyin uğrunda bizə qarşı İlham Əliyev rejiminin qanunsuz əmrlərini icra edirsiniz? Unutmayın, Cinayət Məcəlləsinin 40.2 və 40.3-cü maddəsinə əsasən, “Bilə-bilə qanunsuz əmri və ya sərəncamı yerinə yetirməklə qəsdən cinayət törətmiş şəxs ümumi əsaslarla cinayət məsuliyyətinə cəlb olunur. Qanunsuz əmr və ya sərəncamın yerinə  yetirilməməsi cinayət məsuliyyətinə səbəb olmur”.
Siz nəyin naminə, kimin maraqları üçün bu qanunsuz əmrləri icra edirsiniz?
Rüşvət və haram pulla ailənizi dolandırmaq naminə din qardaşlarımızın cibinə narkotik maddə atıb, yalandan üzə durmağa, şərbazlıq etməyə dəyərmi?
Sizin özünüzün və övladlarınızın azad, sivil, mədəni, hüquqi cəmiyyətdə yaşaması üçün hər cür məhrumiyyətlərə dözərək mübarizə aparan müxalifətçilərə qarşı qanunsuz hərəkətlər etməyinizinə səbəb nədir? Sizi gündəlik dilənməyə məcbur edən, rüşvət almağa məcbur edərək zorən cinayətkar edən və ömür boyu gözüqıpıq, həyəcan və qorxu içində yaşamağa məcbur edən bu rejimi qorumağa dəyərmi? Bu rejim getməlidir. İ.Əliyev rejimi dəyişməlidir və bu prosesdə sən öz ləyaqətli, şərəfli rolunu oynamalısan: qanusuz əmrləri icra etməməklə, qanunun aliliyini təmin etməklə və xalqın iradəsinə hörmət etməklə! Ordu və polis yalnız millətin ümumi iradəsinə, qanunçuluğa xidmət etməlidir.

Əziz, dəyərli, qədirbilən xalqım!

Allahın sənə verdiyi növbəti şansı düzgün dəyrləndirməsən, bundan sonra da arvad-uşağının üzünə şəstlə, kişi kimi baxa bilməyəcəksən!
Bundan onra da işsiz, pulsuz, evsiz qalacaqsan! Bundan sonra da malın-mülkün dəyər-dəyməzinə əlindən alınacaq, evin başına uçurulacaq.
– hər addımda rüşvət verməyə məcbur olcaqsan,
– əsəblərin pozulacaq,
– ürək, əsəb, mədə-bağırsaq xəstəsi olacaqsan,
– Gözüqıpıq, qorxaq, ürkək vəziyyətdə yaşayacaqsan,
– Qarabağa və 7 rayona həsrət qalacaqsan,
– xarici ölkələrdə “Azərbaycandanam”deməyə xəcalət çəkəcəksən,
– qazana bilməyəcək, qazananda da rahat yeyə bilməyəcəksən.
İndi özün seç: bir tərəfdə rüşvət, korrupsiya, monopoliya və zora, silaha, əxlaqsızlığa, tərbiyyəsizliyə söykənən indiki rejimin davamı, digər tərəfdə professor Cəmil Həsənli və onun təmsil etdiyi dəyərlər: qanun qarşısında hamının bərabərliyi, qanunun aliliyi, milli əxlaq, adət-ənənə, azad rəqabət, hər kəsin qabliyyətinə görə yaşaması, əlsiz-ayaqsızların, əlillərin və qazilərin, müharibə veteranının layiqli həyat tərzinin təmin edilməsi, normal vergi sistemi, fərdə xidmətçi olan hakimiyyət, şərəfli , ləyaqətli yaşam tərzi…
Seç. Taleyini özün müəyyən et!
Bu dünyada təsadüfi heç nə olmur: Olan hər şey Allahın hökmü ilə olur. Şansını düzgün qiymətləndir. Allah köməyiniz olsun. Amin!!!

Qurban Məmmədov
Milli Şuranın üzvü, hüquqşünas, siyasi məhbus.

27 avqust 2013-cü il

 3,454 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.