Tələ, yoxsa Səhlənkarlıq

Tələ, yoxsa Səhlənkarlıq

Hörmətli Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxması ətrafında yaranan qeyri-müəyyənlikdən bəzi adamların – MŞ-da təmsil olunan dostlarımızın haqlı narazılıq və narahatlığını nəzərə alıb bu məsələni hüquqi baxımdan incələmək qərarına gəldim.

Daha çox da 2003, 2005-ci ildə hörmətli Rəsul Quliyevin ətrafında oynanılan oyunlarla indi R. İbrahimbəyovla oynanılan (təki mən səhv etmiş olum) oyunların oxşarlığı məni narahat edir.

O vaxt Rəsul Quliyevin bəzi məsləhətçiləri (onlar indi rejimin süfrəsi başında öz varlıqlarını sürdürürlər) ona səhv məlumatlar verir, onu qorxudur, hətta açıq şəkildə gəlməsini istəmir və ondan gəlməməyi tələb edirdilər. Guya, R.Quliyev gələn kimi onu həbs edəcək, döyəcək, təhqir edəcək və öldürəcəklər. Nəticə hammıya bəllidir.

Rəhmətlik Bənazir Buhutto və Ayətullah Xomeyni də (Allah onlara rəhmət eləsin) Pakistana və İrana dönəcəkləri halda eyni aqibətlə qarşılaşa biləcəklərini nəzərə alırdılar. Biri öldürüldü, digəri də İranı Amerikanın əlindən aldı və İranı Avropanın fahişəxanası etmək istəyənlərin planlarını alt-üst etdi.

– R.İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxması üçün özünün şəxsi iştirakı həqiqətənmi vacibdir?

– Rüstəm müllimə bu barədə kim məsləhət verir?

– Rüstəm İbrahimovun Rusiya vətəndaşlığından çıxması üçün bunu Bakıda ola-ola etmək mümkün deyildimi?

Aydındır ki, bundan sonra bu varianta vaxt qalmayıb. Bu suallara cavab verməzdən öncə qeyd etməyi zəruri bildiyim bəzi faktları yada salmaq istərdim.

2012-ci ilin yanvarından başlayaraq Vətəndaş Hərəkatı Forumunun (VHF) tapşırığı ilə mən və başqa dostlarımız ictimai Palatadan (İP) kənarda qalan 6 partiyanın ya İP-də ya da İP-dən kənar bir araya gəlməsi istiqamətində gecəli-gündüzlü çalışdıq. Məqsədimiz o idi ki, müxalifəti birləşdirib qanuni seçki mühitinin yaradılması, MSK-nın və DSK-ların ağlabatan və qanuni prinsiplərlə fərmanlaşdırılmasına nail olaq. Alınmadı. Təəssüf vaxt buraxıldı. Köhnə Seçki Məcəlləsi, köhnə MSK, köhnə tas….

Ancaq o proseslərdən bu gün üçün çox əhəmiyyətli olan bəzi faktların xatırlanmasında xeyir görürəm. Müxtəlif arqumentlərlə İP-yə gəlmək istəməyən Mirmahmud Mirəlioğlu, Əvəz Təmirxan (xüsusilə), Əli Əliyev, İqbal Ağazadə, Sərdar Cəlaloğlu təklif edirdilər ki, indiki Milli Şura tipli yeni birlikdə birləşə bilərlər. İP rəhbərliyi müxtəlif arqumentlərlə (indi bunları sadalamağın mənası qalmayıb) İP-nin buraxılmasını istəmədilər. O vaxt Mirmahmud Mirəlioğlu, İqbal Ağazadə və Əvəz Təmirxan hətta bildirdilər ki, Əli bəylə İsa bəy bir-birinə güzəşt etsələr onlar heçbir şərt qoymadan o vahid namizəd ətrafında birləşə bilərlər.

Təəssüf İP vahid namizəd müəyyənləşdirmədi, əksinə, İsa Qənbər öz namizədliyini verən andan bəlli oldu ki buna AXCP-nin razılığı yoxdur, yəni bu razılaşdırılmayıb müttəfiqlə. Təəssüf. O vaxt bu baş tutsaydı indi ölkədə tam başqa siyasi situasiya ola bilərdi.

Maraqlı daha bir fakt . Bəlkə də daha maraqlı fakt. Mən İsa bəyin o vaxt tutduğu mövqedən (İqbal Ağazadə, yeni bir təşkilatın yaradılması məsələsin və Əli bəylə öz arasında “vahid”in seçilməsi ilə bağlı ) çəkinməsi üçün Eldar Namazova müraciət etdim. Çünki münasibətlərinin xarakterini bilirdim. Eldar bəylə zəngləşdik və o deyən yerdə görüşdük. İP-nin KŞ-nın üzvü E.Namazova yaxın olan hörmətli Köçəri Nağıyev də o görüşdə iştirak edirdi. Mənim bütün xahişlərimə və arqumentlərimə E.Namazovun bir cavabı oldu : “Əli bəylə İsa bəy heç vaxt bir-birinə güzəşt etməz və başqalarını da ora buraxmazlar. Vaxt itirməyə dəyməz” . Bu görüş 2012-ci ilin ortalarında oldu. Eldar bəy o vaxt müxalifətin birləşdirilməsi istiqamətində heç bir addım atmadı. Görünür özlərinə sərf edecək məqamı gözləyirmişlər. Qınamıram. Siyasətlə məşğuldurlar. Siyasətçidirlər. İstədiklərinə də nail oldular.

Kimdir R.İbrahimbəyovu yönəldən və ona məsləhət, məlumat verən.

 

R.İbrahimbəyovu ilk qorxudan və çaşdıran Rəsul Quliyev oldu. Özünün Azərbaycan tarixində qətiyyətsiz və qorxaq bir siyasətçi kimi tək qalmaması, barmaqla göstərilməməsi üçün. Allah Bənazir Bhuttoya, o Xanıma rəhmət eləsin. Elə Heydər Əliyevə də. Gəncəyə, Surət Hüeyinovun quldur dəstəsi ilə görüşə gedəndə o niyə qorxmadı görəsən? Onun canı can deyildi, yoxsa güllə keçirməz bəxtinə güvənirdi?

Rusiya Federasiyanın vətəndaşlığı haqqında “31 may 2002-ci il” tarixli, “62 – 0103” saylı, 1 iyul 2002-ci ildə qüvvəyə minmiş qanunun 19-cu maddəsinə əsasən, RF-nın vətəndaşlığından çıxmanın 2 qaydası var:

– ümumi qayda

– sadələşdirilmiş qayda

Ümumi qayda (19-cu maddənin 1-ci bəndi) Rusiya Federasiyasında yaşaya-yaşaya vətəndaşlıqdan çıxmağa, sadələşdirilmiş qayda isə (maddənin 2-ci bəndi) xarici dövlətlərin ərazisində yaşayanların RF-nın vətəndaşlığından çıxmasına aiddir. Qanunun 20-ci maddəsinə əsasən, 3 halda vətəndaşlıqdan çıxmaq istəyən şəxsə imtina edilə bilər:

a) RF-nın qarşısında Federal qanunla müəyyənləşmiş icra edilməmiş öhdəliyi varsa,

b) Səlahiyyətli orqanlar tərəfindən cinayət işində şəxs kimi cəlb edilib, yaxud haqqında icra edilməli olan qanuni qüvvəyə minmiş məhkəmə qərarı varsa,

c) başqa vətəndaşlığı yoxdursa və vətəndaşlıq ala biləcəyinə təminat yoxdursa.

Göründüyü kimi, Rüstəm müəllimin 20-ci maddənin 2 bəndi ilə “b” və “v” ilə problemi yoxdur. Qalır “a” bəndi. O da Rusiya ərazisində yaşadığı ünvan üzrə vergi orqanlarından vergi borcunun olmaması ilə bağlı arayış təqdim etməklə həll edilir.

Şəxsin şəxsi iştirakı vacibdirmi?

Yox, bu məcburi deyil. Qanunun 32-ci maddəsinin 2-ci bəndinə əsasən, “ərizə şəxsən verilir”. Verilməlidir yox. Həmin maddənin 3-cü bəndinə əsasən isə ərizə nümayəndə vasitəsi ilə də, imzası notarial qaydada təsdiqlənməklə poçt vasitəsi ilə də verilə bilər. Onda R.İbrahimbəyova şəxsi iştirakının vacibliyi barədə bu savadsız məsləhəti kim verib? Hansı məqsədlər güdülüb. Bizim şirin və maraqlı nağıllara inanan vaxtımız deyil. Daha maraqlısı Qanunun 35-ci maddəsinin 2-ci bəndinə əsasən, ümumi qaydada icraat, yəni ərizəyə baxılıb qərar verilməsi 1 ilədək sürə bilər və bu qaydada qərarı verən, həmin maddənin 1-ci bəndinə əsasən Rusiya Prezidentidir. Bu maddənin 3-cü bəndinə əsasən isə, sadələşdirilmiş qaydada qərar verən orqan xarici işlər üzrə federal orqan, diplomatik nümayəndəliklər və RF-nın RF-dan kənarda yerləşən konsul idarələridir. Sadələşdirilmiş qaydada ərizələrə baxılması müddəti 6 ayadəkdir (maddənin 4-cü bəndi). Bu isə o deməkdir ki, Rüstəm müəllim vaxtında Bakıya gələ bilərdi və ərizəsini sadələşdirilmiş qayda üzrə Rusiyanın Azərbaycandakı səfirliyinə verib həm o problemi həll edərdi, həm də MŞ-nın işinə birbaşa rəhbərlik edərdi.

Qanunun icrası ilə bağlı olaraq, RF-nın prezidentinin 14 noyabr 2002-ci il tarixli Fərmanı ilə “RF-nın vətəndaşlığına dair məsələlərin baxılma qaydası barədə Əsasnamə” təsdiq edilib. Əsasnamənin 24-cü maddəsinə əsasən, Rüstəm müəllim Bakıdakı Rusiya səfirliyinə :

– ərizə

– Azərbaycan Respublikasının pasportunun surəti

– RF-da yaşayış yerində qeydiyyatdan çıxması barədə sənəd

– RF-nın vergi orqanlarından vergi borcunun olmaması barədə sənədlərini

təqdim edib cavab gözləməliydi. Bu qaydada icra müddəti 6 ayadək göstərilsə də, Əsasnamənin 36-cı maddəsinə əsasən, diplomatik nümayəndəliklərin ərizə daxil olduqdan sonra görməli olduqları işlərə baxanda aydın olur ki, bu işlər 20-30 günə maksimum 2 aya başa çata bilən işlərdir. Ərizə DİN, DTK və vergi orqanlarında yoxlanmaq üçün Xarici İşlər Nazirliyinə göndərilir və lazımi arayışlar toplanandan sonra səfirlik, konsulluq qərar qəbul edir. Bu qədər bəsit.

Bütün bunları R. İbrahimovun məsləhət verənləri bilmirmi ? Bilirlərsə onda bu baş verənlər nədir belə? Məni maraqlandıran hörmətli Eldar Namazovun mövqeyidir. Əgər o hələ 1 il bundan öncə yuxarıda qeyd etdiyim görüş vaxtı zamanı indiki birlik formatına hazırlaşırdısa və ya planlaşdırılmışdırsa onda Rüstəm müəllimin vətəndaşlıq problemlərini niyə vaxtında həll etməyiblər. Yoxsa başqa plan da – alt plan da var, biz bilmirik. Bunu bilmək və E.Namazovdan hesabat tələb etmək bizim haqqımızdır. Lütfən!

Milli Şura bu hesabatı dinlədikdən sonra, məncə aşağıdakı qərarları qəbul etsə məqsədəuyğun olar:

1. Ehtiyat şahid namizəd seçilsin (Redaksiyadan: Artıq seçilib)

2. Vahid namizədə Jalə Şövkət, Rəsul Quliyev, İsa Qəmbər, Mirmahmud Mirəlioğlu, Əli Kərimli və MŞ-a daxil olan təşkilat rəhbərlərinin iştirakı ilə 48 saat ərzində hakimiyyət komandası və ya heç olmasa liderlərin tutacaqları vəzifələr müəyyənləşdirilsin və xalqa elan edilsin.

3. Seçkilərdən sonra görüləcək işlər barədə ya proqram ya da tezislər şəklində xalqa məlumatlar verilsin.

4. MSK və DSK-larda paritet təmsilçilik barədə MŞ adından hakimiyyət qarşısında tələblər qoyulsun və qanuni normal seçki mühitinin yaradılması uğrunda ümumxalq mübarizənin təşkilinə başlanılsın.

Məni narahat edən odur ki, vaxtilə, yəni 2003 və 2005-ci illərdə hörmətli Rəsul Quliyevə, öz yalan məlumat və məsləhətləri ilə düzgün qərarlar qəbul etməyə imkan verməyənlər bu gün rejimin süfrəsi qırağında öz sürünən həyatlarını davam etdirirlər. Rəsul Quliyev hələ də qəribçilikdə Vətənə yol axtarır. Eyni oyunların Rüstəm müəllimlə də oynanıla bilmə ehtimal və əlamətləri var. Mən bunları görürəm . Elə şeylər var ki, bu gün deyilməsi sadəcə məsləhət və məqsədəuyğun deyil. Sadəcə olaraq 6-7 ay bundan öncə hörmətli Əli Kərimliyə dediyim bəzi məsələləri xatırlamağını istərdim.

18 avqust 2013

Imza : Qurban Məmmədov

(7 nəvə babası, MŞ üzvü, siyasi məhbus, hüquqşünas)

 3,120 dəfə ümumi oxunub,  4 dəfəsi bu günə aiddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.