«Seçkidə iştirak edəcəyik və bu, Rüstəm İbrahimbəyovun başçılığı altında olacaq»
«Allah düz yolda olanları sevir və onlara yardım edir»
Hazırda həbsdə olan tanınmış hüquqşünas Qurban Məmmədov Milli Şura üzvlərinə müraciət edib. Müraciətdə Milli Şuranın qəbul etməsi üçün bəzi təkliflər də irəli sürülüb. Müraciəti olduğu kimi təqdim edirik:
MİLLİ ŞURAYA MÜRACİƏT
“Bir gəmidə üzüb quruya çıxmaq üçün yol axtaranların öz aralarında savaşmasından acınacaqlı bir durum ola bilərmi?”
“Siz yanılırsınız (Holbax haqqında – Qurban Məmmədov), ancaq buna baxmayaraq, Sizin böyük talantınızı, insani özəlliklərinizi danmaq olmaz, danılası yalnız Sizin yanlış düşüncələrinizdir”.
“Bizim dinimizin (Xristian dini – Qurban Məmmədov) Ən yaxşı, ən doğru din olduğu sözsüzdür, ancaq biz onun adı ilə elə çox yamanlıqlar törətmişik ki, gərək başqa dinlərin yaramazlığından danışanda, bir az özümüzü yığışdıraq”.
Hörmətli Milli Şura üzvləri! Xanımlar və Bəylər! Əziz dostlar!
Bu fikirlər Fransua-Mari Arue Deyə – böyük Fransz mütəfəkkiri Volterə aiddir.
Durumum Sizə bəllidir. Respublikada baş verənləri tam olaraq izləmək imkanından məhrumam. Fikirlərikmdə səhvlər, yanılmalar da ola bilər. Öncədən nəzərə almağınızı xahiş edirəm.
Hərdən imkan tapıb baxdığım “Azadlıq” və “Yeni Müsavat” qəzetlərində oxuduğum məqalələr məni narahat etdi və Sizə bu məktubla müraciət etməyə məcbur oldum.
“Yeni Müsavat”ın 19 iyul 2013-cü il tarixli sayında “Kapitolidən gələn mesajlar” adlı məqalədə yazılıb: “… Nəzərə almaq lazımdır ki, “Rüstəm İbrahimbəyovsuz seçkilərə qatılmaq olmaz” kimi iqtidar dəhlizlərində hazırlanan tezis artıq işə düşüb”. Müəllifin bu fikri belə inamla yazmasından aydın olur ki, o özü, deyəsən iqtidar dəhlizində bu tezisin hazırlanmasında şəxsən iştirak edib. Əks təqdirdə, bu qədər ciddi fikir söyləməyə cəsarət, ya da güclü xəfiyyə sistemin olmalıdır. Birincinin varlığına, ikincinin isə yoxluğuna Sizi inandırmağa ehtiyac duymuram. Jurnalist dostumuzun cəsarətini isə qiymətləndirirəm.
Müəllif daha sonra tamamilə səhv bir fikir irəli sürür və dərhal da özü özünü inkar edir: “İsa Qəmbərsiz, Əli Kərimlisiz, Rüstəm İbrahimbəyovsuz keçirilən seçki hakimiyyət üçün və eyni zamanda Azərbaycanın taleyini müxalifətin iştirakı olmadan həll etmək istəyən böyük güc mərkəzləri üçün arzu olunandır (guya indiyə qədər Azərbaycanın taleyi müxalifətin, İsa Qəmbərin iştirakı ilə həll edilib. Olmaya, kürü diplomatiyasında da müxalifətin əli var və müxalifət elə Dubayda, Çexoslavakiyada milyonluq villalara sahibdir, bizim xəbərimiz yoxdur). Lakin unutmaq olmaz ki, seçkilərdə başqa radikal namizədlər (yenə də səhv arqument – dünya və Azərbaycan xalqı kimin real müxalifət olduğunu, kimin radikal və yarınan müxalifət olduğunu, kimin də əl müxalifəti olduğunu yaxşı bilir. Real müxalifət burada, Milli Şurada, mübarizə meydanındadır) onsuz da iştirak edəcəklər və elə bir bu amil demokratik seçki imutasiyası yaratmağa kifayət edəcək”.
Milli Şura yaranandan və bunun nəticəsində Respublikada yaranmış indiki siyasi ovqatın nəticəsində rejim, həqiqətən də, R.İbrahimbəyovsuz seçki keçirməyi çox istərdi və bunu arzu etdiyini də zatən gizlətmir. Gəlin, etiraf edək ki, bu gün artıq əksinə, rejim İsa Qəmbərin və ya Əli Kərimlinin iştirakı ilə seçki keçirilməsini indiyə kimi olmadığı qədər arzulayır və bu məqsədinə nail olmaq üçün hər şeyə gedir – böhtan, qarayaxma, həbslər, qanunsuz hərəkətlər, pulla alma və sair.
Niyə?
Bu suala cavab vermək üçün biz öncə başqa bir suala cavab verməliyik: Milli Şura niyə yarandı, Milli Şura kimə və nəyə lazım idi?
Vaxtın azlığını, işlərinizin çoxluğunu nəzərə alaraq, geniş analizlər etmədən aşağıdakıları qeyd etməyi (bunlar isə yalnız nəticələrdir) zəruri hesab edirəm:
1. Hadisələrə seyirci qalan, rejimi dəstəkləməyən və vəziyyətin dəyişməsini istəyən 85% seçici müxalifətin də çağırışlarına lazım olan səviyyədə cavab vermir və onu dəstəkləmir.
2. Hər hansı siyasi blok, partiyalar birliyi, hərəkat və s. ayrılıqda xalqı siyasi proseslərə qoşmağa, real nəticə əldə etmək üçün xalqı öz ətrafında birləşdirməyə qadir deyil.
3. Hər hansı müxalifət partiya rəhbəri və onların birliyi xalqı ayağa qaldırmağa qadir deyil. Xalq artıq siyasi partiya liderlərinə ümid etmir və inanmır. Acıdır, lakin faktdır.
4. Xalq hamının – bütün aparıcı və real müxalifət qüvvələrin birliyini istəyir, bu artıq sosial tələbə çevrilib.
5. Xalq müxalifətin geniş, real birliyinə siyasi mənsubiyyəti olmayan, neytral bir şəxsin rəhbərlik etməsini istəyir.
6. Dünya siyasəti göstərir ki, beynəlxalq aləm faktı və mövcud rejimlərə qarşı çıxan qüvvələrin geniş, səmimi və real birliyini qəbul edir, kömək etməsələr də, ən azı, mane olmur, xalqlara öz talelərini həll etməyə imkan verir.
Əziz dostlar!
Məhz bu reallıqlar bizi məcbur etdi ki, Milli Şuranı yaradaq. Biz onu yaratdıq. İndi işləmək, 1969-cu ilin 14 iyulundan başlayaraq, zülm altında inləyən, son 10 ildə isə şərəf və ləyaqəti tapdalanan, təhqir olunan, alçaldılan, sərvətləri talan edilən bu məzlum milləti qaniçən cinayətkar rejimdən xilas etmək, xalqa gələcəkdə görəcəyimiz işlər barədə məlumat verərək, lazımi proqram və layihələri hazırlamaq, millətimizi gözləyən gələcəyi aydın olaraq ona göstərmək əvəzinə, Valter demişkən, “Okeanın ortasında kompansız qalıb, liman və sahil görməyən gəminin sakinləri kimi” yenə də bir birimizin əsəbləri ilə oynayır, enerjimizi mənasız işlərə sərf edirik.
Biz səmimi olmadıqca, açıq danışmadıqca, xalq bizim arxamızca gəlməyəcək, bizə dəstək verməyəcək. Hörmətli İsa Qəmbəri və Müsavatçı qardaşlarımı mən çox yaxşı başa düşürəm. Onlar haqlı olaraq narahatdırlar və R.İbrahimbəyovun namizədliyinin qeydə alınmaması halında, MŞ-nın işinin çətin olacağından və seçkinin taleyindən narahatçılıq keçirirlər. Bu mənada, mən də onlarla həmfikirəm və narahatam. Həm də çox, çünki bir çoxlarından fərqli olaraq, mən rejimin qanunsuz təqibləri altındayam və İ.Əliyevin girovuyam. “Müsavat”çı Tofiq Yaqublu, “Real”çı İlqar Məmmədov, jurnalist Hilal Məmmədov və Əvəz Zeynallı, din qardaşlarımız Tale Bağırzadə və Mövsüm Səmədov, “Nida”çı Zaur Qurbanlı və onlarla başqa gənclər kimi.
Ancaq soruşuram: Müsavat partiyası və onun başqanı hörmətli İsa Qəmbər təklikdə və ya İctimai Palata ilə birlikdə qarşımızda duran vəzifəni – bu qanunsuz rejimin dinc, seçki yolu ilə dəyişdirilməsini bacarırdılarsa, Milli Şuraya nə ehtiyac var idi və İsa bəy R.İbrahimbəyovun namizədliyini niyə müdafiə edirdi? Təbii ki, bu suallar AXCP-yə və onun hörmətli lideri Əli Kərimliyə də ünvanlana bilərdi. Demək ki, reallıqlar bizi bir araya – MŞ-ya gətirib.
Biz nə istəyirik?
Rejimin keçirəcəyi seçki adlı oyunda kütləvi səhnələrdə və epizodik rollarda yer almaq, yoxsa millətimizi və dövlətimizi, onun sərvətlərini 4 avqust 2003-cü ildən qanunsuz olaraq hakimiyyəti qəsb edib xalqa meydan oxuyan, onun heysiyyatını tapdalayan, ölkədə oklokratiya quran bu cinayətkar rejimdən xilas etmək?
Rejimi dinc, qansız yolla – seçki yolu ilə dəyişmək, yoxsa onun keçirməyə hazırlaşdığı seçki adlı cinayət əməlinə qanuni don geyindirmək və onu legitimləşdirmək ?
“Yeni Müsavat”dan gətirdiyim sitatın sonuncu cümləsini bir də yadınıza salıram: “Lakin unutmaq olmaz ki, seçkilərdə başqa radikal namizədlər onsuz da iştirak edəcəklər və elə bir bu amil, demokratik seçki imitasiyası yaratmağa kifayət edəcək”.
Bax belə. Müəllif özü də gözəl başa düşür ki, bəzi “radikalların” iştirakı məhz demokratik seçki imitasiyası yaratmaq üçündür. İndi nə edək? Bu imitasiya yarışına girişib, cinayətkar rejimin qanunsuz seçki nəticəsində qəsb edəcəyi qanunsuz hakimiyyəti legitimləşdirmək məsuliyyətini MŞ-nın üzərinəmi götürək? Biz bunun üçünmü varıq?
Bəylər və xanımla! Mənim bacı və qardaşlarım!
Mən seçkidə iştirakın əleyhinə deyiləm. Partiyalar məhz seçki yolu ilə hakimiyyətə gəlmək üçün yaradılır.
Ancaq nəticəsi əvvəlcədən bəlli olan, saxtalaşdırılacağı əvvəlcədən hamıya bəlli olan, azad və qanuni olmayan bir seçki oyununda iştirak etmək siyasətçiyə hörmət gətirərmi?
MŞ ona görə yaradılıb ki, biz məhz onun gücü və nüfuzu ilə ölkədə qanuni seçki mühiti yaradaq, seçkilərin normal keçirilməsini təmin edək və ən azı, seçkilərin nəticələrinin qorunması, hakimiyyətin mənbəyi olan xalqın iradəsinə uyğun hakimiyyətin bərqərar edilməsi üçün geniş xalq kütlələrini mübarizəyə qoşa bilək.
Bütün bunları tək bir Müsavat Partiyasının və ya AXCP-nin, İctimai Palatanın, eləcə də, İsa Qəmbərin və ya Əli Kərimlinin rəhbərliyi ilə edə bilsəydik, Milli Şuraya nə ehtiyac var idi ki?
Hörmətli İsa Qəmbərin və Müsavatçı qardaşlarımızın şərəfli keçmişini, çəkdikləri məhrumiyyətləri, şəxsi keyfiyyətlərini danmaq olmaz, danılası yalnız Volter demişkən, onların baş verə biləcək vəziyyətdən çıxış yolu kimi etdikləri təklifdir – ehtiyat namizəd və ya Müsavatın öz namizədi ilə seçkiyə qatılmağı. Əlbəttə, bu Zərdüşt Əlizadənin dediyi kimi olacaqlıq deyil. Ancaq çox böyük siyasi səhv olardı və nəticələrinin xalqımız, elə dostlarımızın özü üçün də çox ağır olacağına şübhə yoxdur.
MŞ-nın ehtiyat namizədi mütləq nəzərdə tutulmalıdır. Allah uzaq eləsin!
Bu halda isə, yenidən toplaşıb yeni bir namizədin müəyyənləşdirilməsi heç bir problem deyil. Bu, Rafiq Əliyev də ola bilər, iki illik müddətə razılaşsa, İsa Qəmbər də ola bilər, ancaq Allah R.İbrahimbəyovu qoruyacaq, ona uzun ömr verəcək və o, tezliklə ölməyəcək, mən buna qəti əminəm, Siz də əmin olun. Çünki Allah düz yolda olanları sevir və onlara yardım edir.
Var olsun Rüstəm İbrahimbəyov, var olsun Milli Şura!
Rüstəm İbrahimbəyovun ölməsi halından başqa heç bir halda, xüsusilə də, onun namizədliyinin qeydə alınmaması halında bu məsələ müzakirə obyekti olmamalıdır. Çünki bu halda hörmətli İlqar Məmmədov demişkən, İlham Əliyev rəqibini özü seçmiş olur. Rejimin qorxduğu və ona gedəsi yolu göstərəcək tək namizəd, hələ ki, MŞ-nın namizədi olan R.İbrahimbəyovdur. Milli Şura, əziz dostlar, indiki nəsillərin, gənclər də daxil olmaqla, bu gün və bundan sonrakı 15-20 il üçün son şansıdır. 2003-cü ildən bu yana, MŞ ən real şansdır. Bunu real edən isə, məhz Rüstəm İbrahimbəyovun vahid namizəd olması, eləcə də, müxalifət qüvvələrinin ən geniş formada birləşməsidir.
Rejim bu birliyi dağıtmaq, R.İbrahimbəyovdan bizi imtina etdirmək, istənilən başqa müxalifət namizədinin seçkidə iştirakına nail olmaq üçün bütün arsenalını işə salıb: Pul, şantaj, hədə-qorxu, qanunsuz həbslər və s. Çünki, sonunun başlanğıcını yaxşı görür. Bu başlanğıc isə MŞ və onun namizədi R.İbrahimbəyovdur.
Bəzi dostlarımızın bir arqumenti var: R.İbrahimbəyovun namizədliyi qeydə alınmayacağı təqdirdə, seçkidə iştirak etməmək bizə nə verir? Haqlı sualdır və indidən bu məsələ ətraflı müzakirə edilməlidir.
Bu suala mənim cavabım belədir: R.İbrahimbəyovun namizədliyinin qeydə alınmaması öz-özlüyündə onsuz da heç nə vermir. Hamıya bəllidir ki, rejim seçki keçirmək fikrində deyil və indiki MSK ilə hər-hansı qanuni seçkidən danışmaq sadəlövhlükdür. Biz yalnız geniş xalq kütlələrini seçki öncəsi və seçki sonrası proseslərə qoşa bilsək, nəticə əldə edə bilərik.
Ancaq, R.İbrahimbəyovsuz Milli Şuranın namizədi olmayaraq, tək Müsavat kimi bu qanunsuz seçkidə iştirak etmək bizə nə verəcək?
R.İbrahimbəyovun namizədliyinin qeydə alınmaması və ya MŞ-nın hər-hansı namizədinin seçkiyə buraxılmaması, artıq seçkinin qanunsuzluğunu sübut edən başqa bir fakt olacaq. Onda, sual yaranır: qanunsuz olduğu hamıya bəlli olan və nəticəsi əvvəlcədən müəyyənləşən, yəni saxtalaşdırılacağı əvvəlcədən bilinən bu seçki oyunbazlığında iştirak etmək bizə nə verəcək? – Rejimin törədəcəyi cinayət əməlinə qanuni don geydirmək və nəticələri legitimləşdirmək. Bu kimə lazımdır? Düşünməliyik, dostlar, həm də yaxşı-yaxşı. Bu millətin taleyi ilə oynamağa, onun zülm içində, məhrumiyyətlər içində çabalamasında heç kim şəxsi və qrup faydası götürməyə həvəslənməməlidir. Yetər artıq!
Ancaq rejim R.İbrahimbəyovun namizədliyini qeydə almasa da, biz MŞ olaraq seçkidə iştirak edəcəyik. Həm də bu iştirak R.İbrahimbəyovun rəhbərliyi və başçılığı altında olacaq.
Necə?
Xalqı mübarizəyə səsləyib, xalqımızı təşkilatlandırmaqla,bu harınlamış, quduzlaşmış rejimə qanunsuz seçki keçirməyə imkan verməməklə. Onu legitimləşdirməməklə.
Legitim olmayan hakimiyyəti ümumxalq etirazı ilə aradan qaldırmaqla.
Normal tərkibli MSK-nın yaradılması, normal Seçki Məcəlləsinin hazırlanması və təkrar seçki keçirilməsinə nail olmaqla.
Ölməklə, şəhid olmaqla, tank altında qalıb parçalanmaqla da olsa, biz seçkilərdə varıq və iştirak edəcəyik. İştirak təkcə rejimin arzuladığı formada – quru-quru, qoyun-qoyun davranmaqla olmur.
Azərbaycan xalqı şir kimi, pələng kimi bu seçkidə iştirak edəcək – Milli Şura ilə və Rüstəm İbrahimbəyovun başçılığı ilə.
İcazənizlə, bir neçə kəlimə də, R.İbrahimbəyovun Bakıya gəlişi və qeydiyyatı ilə bağlı aparılan müzakirələrin ictimai fikrə vurduğu ziyan haqqında demək istəyirəm.
Heç bir sərkərdə döyüşə apardığı orduya – əsgərlərinə onun komandirləri haqqında eyiblər deməz (birdən, ölə biləcəyi, qorxub qaça biləcəyi), düşmənin çox güclü olmağı, qonşuların onu müdafiə etmədiyi, dünya dövlətlərinin düşməni müdafiə etməsi kimi ruh düşgünlüyü yarada biləcək məlumatlar verməz.
Gəlin etiraf edək ki, siyasi mübarizədə liderin məkan baxımından harada olması həlledici amil deyil və ola bilməz. Siyasət komanda oyunudur. Boks, güləş, qaçış deyil ki, lider tamamilə rinqə şəxsən çıxmasa ona texniki müvəffəqiyyət verilsin.
Biz bu səhvi hörmətli Rəsul Quliyevlə bağlı 2003, 2008-ci illərdə bir dəfə buraxmışıq. Real siyasi qüvvələri yox, qüvvələr nisbətini və onların proseslərə təsir imkanını yox, liderlərin məkan baxımından harada olmasını əsas götürərək, Rəsul Quliyevin vahid namizədliyini o vaxt qəbul etmədik və nəticə göz qabağındadır. Mən demək istəmirəm ki, R.Quliyev vahid namizəd seçilsəydi, biz mütləq qalib gələcəkdik. Yox, bəlkə yenə də udsuzardıq, ancaq o, “bəlkə”dir. Bizim qəbul etdiyimiz o vaxtkı qərarların nəticəsi ilə reallıq – deməli qərarlarımız səhv olub, çünki nəticə – məğlubiyyət və irticanın davam etməsidir.
Uzun proseslərdən sonra yenə də Allah Təala bizə növbəti şans verib. R.İbrahimbəyovun başçılığı altında birləşmək və milləti xilas etmək. Bəlkə, bu da nəticəsiz olacaq. Ancaq indiki siyasi şərtlər daxilində bundan yaxşı variantımız yoxdur. Olsaydı, biz indi bir yerdə olmazdıq.
Ancaq mən qəti əminəm ki, birləşməkdə və R.ibrahimbəyovu özümüzə lider seçməkdə, səmimi olduğumuzu bu məzlum xalqa inandıra bilsək, bu günə qədər olan dedi-qodulara son qoysaq, enerjimizi bir-birimizə qarşı yox, rəqibə (o bizi düşmən hesab etsə də) yönəltsək və təbliğata sərf etsək, biz mütləq qalib gələcəyik.
Xalqımız hər şeyin fərqindədir. O, daha belə yaşamaq istəmir. Ancaq, mənim əzizlərim, qardaşlar və bacılar, xanımlar və bəylər, heç bir toplum onu gözləyən gələcəyi ən azı nəzəri cəhətdən görməsə, əlində olan ən pis yönətimi də buraxan deyil. Kütlə də fərd kimi qeyri-müəyyənlikdən qorxur. Xüsusilə də, bu qeyri-müəyyənlik onun və övladlarının gələcəyi ilə bağlıdırsa.
Gəlin özümüzü elə aparmayaq ki, xalqımız hər çıxışında onu ələ salan, alçaldan, təhqir edən İlham Əliyevdən dördəlli yapışmağa məcbur olsun. R.İbrahimbəyovun harada olması, Azərbaycana nə vaxt gəlib-gəlməməsi önəmli deyil və ona belə şərtlərin qoyulması ictimai rəydə tərəddüdlərə yol açmaqla yanaşı, rejimə də manipulyasiya etməkdə şərait yaradır.
Ehtiyat namizəd məsələsi də eyni nəticəyə xidmət edir. Liderin harada olması önəmli deyil, təki o, kütlələri ruhlandırsın, ehtirasa gətirsin, özünün bu dünyada varlığı ilə xalqına ruh, əzm və gələcəyə inam versin.
Mənim qardaş və bacılarım!
Biz son 20 ildə Azərbaycanda, Bakıda olub nə etmişik ki? 2003 və 2008-də Rəsul Quliyev bəlkə də, müxalifətin parçalanmaması naminə bu sualı o vaxt səsləndirməyib. İndi bu sualı R.İbrahimbəyov da səsləndirib, soruşa bilər, yaxud da, sadəcə olaraq, Valter sayağı deyə bilər: “Dostlar, Bakıda ola-ola Lənkərana belə gedə bilmədiyinizi və son 20 ildə heç bir nəticə əldə edə bilmədiyinizi nəzərə alaraq, mənim Bakıya nə vaxt gəlməyimi şərt kimi qoymağınızı müzakirəyə çıxardanda, bir az özünüzü yığışdırın”.
Rejimin qanunsuz hərəkətlərini aradan qaldırmaq əvəzinə, ehtiyat namizəd haqqında indiki halda müzakirə açmaq – mühasirəyə düşmüş komandirini xilas etmək əvəzinə, real döyüşdən yayınmaq məqsədi ilə bəhanə axtarmaq kimi bir şeydir. Ümid edirəm ki, dostlarımız bizi düzgün başa düşəcəklər.
Məndə olan məlumata görə, İsa Qəmbəri toplanmış imzaların saxtalığı bəhanəsi ilə qeydiyyata almayacaq bu rejim. Müsavat Partiyası ehtiyat namizəd təyin edibmi? Təbii ki, bu bir zarafatdır, ancaq ciddi zarafatdır. Sevgili Peyğəmbərimiz bir hədisində buyurur: “Özünə rəva bilmədiyini başqaşsına da rəva bilmə”.
P.S. Bizim kimi adamların həbsi də, öldürülməsi də bu rejimə qarşı mübarizəni gücləndirməlidir.
Hörmətli Milli Şura üzvləri!
Xanımlar və bəylər!
Qarşınızda təpədən dırnağa qədər xalqımıza nifrət edən, qanunsuz silahlı dəstələrə və minlərlə qoçulara malik olan, milyardlarla ölçülən sərvətə sahib olan və özündən əvvəlki diktatorlar – Qəddafi, Mübarək, Suxartu, Səddam, Əsədin taleyindən nəticə çıxarmayan, dövlətin rəsmi strukturlarını öz qanunsuz niyyətlərinə xidmət etdirən, qanun müstəvisindən çıxmış çox qəddar və məsuliyyətsiz bir qüvvə var. O, nə qədər özünü güclü göstərsə də, biz ondan çox güclüyük. Çünki, biz xalqıq. Xalq bizimlədir. Xalq hamıdan güclü və haqlıdır, çünki hakimiyyətin mənbəyi odur – bu rejimin nifrət etdiyi və istismar etdiyi, qorxduğu və xofda saxlamağa çalışdığı, haqqını, hakimiyyətini əlindən aldığı və sərvətlərini taladığı, taxt-tacını başına çevirəcəyi – onu seçki qutusunda tarixin arxivinə göndərəcəyi Azərbaycan xalqı.
Əziz dostlar, bu rejim həmişə seçki öncəsi və hakimiyyətinə qarşı təhlükə hiss edəndə (2011-ci ilin fevralın “Ərəb baharı”nı xatırlayın) xalqa vədlər verməyə, onu aldatmağa, ələ salmağa başlayır. Qanunsuz tikililərin qeydiyyata alınacağı barədə son vədindən 2 il keçib. Korrupsiyaya qarşı mübarizə cəmi 3 ay davam edib.
Xalqın Milli Şuraya inamını gücləndirmək, rejimə gələcəkdə də Milli Şuranı parçalamaq, dağıtmaq şansı verməmək, birliyimizi daha da gücləndirmək üçün MŞ-ya daxil olan bütün partiyalar bu günədək daxil olduqları bloklardan çıxmalı, o blok və birlikləri buraxmalıyıq.
Fikrimi tamamlayır və aşağıdakı məsələlər barədə qərarlar qəbul etməyinizi xahiş edirəm.
Bəlkə də, artıq Siz bunları etmisiniz.
1. Milli Şura hakimiyyəti formalaşdırdıqdan sonra 6 ay ərzində bütün tikililər və əhalinin faktiki istifadəsində olan torpaq sahələri dövlət reyestri xidmətində qeydə alınacaqdır.
Qanuni istifadədə olan torpaq sahələrində tikilmiş, DƏDRX-də qeydə alınmamış evlər qanuni tikintilərlə eyni hüquqi statusa malik olacaq və ən azından, ümumi mülkiyyət hesab ediləcək.
2. Tələbələrə oxuyub qurtardıqdan sonra 10 (on) il sonra başlamaqla 10 (on) il ödəmək şərti ilə (faizsiz) təhsil krediti veriləcək və indiki təhsil alan tələbələrin təhsil borcları ödənəcəkdir.
3. Əri ölmüş qadınlara, azyaşlı uşaqlarının hər birinə minimum istehlak səbətinə uyğun olaraq müavinət veriləcək, azı 5 uşağı olan qadınlar 50 yaşında, 3 uşağı olanlar isə 55 yaşında pensiya hüququ əldə edəcəklər.
4. Məhkəmə qərarları ilə təyin edilmiş alimentlər dövlət tərəfindən ödəniləcək və reqress iddia yolu ilə dövlət, borclulardan həmin aliment məbləğlərini alacaq. Dini nikahla qurulan ailələr rəsmi nikahla qurulan ailələrə bərabər tutulacaq və tərəflər arasında eyni hüquq və vəzifələr yaradacaq.
5. İndiki rejimlə əməkdaşlıq edən və konkret cinayət törətməyən şəxslər, keçmiş siyasi mənsubiyyətinə görə təqib edilməyəcəklər.
6. Azərbaycanın bütün beynəlxalq müqavilələri qüvvədə qalacaq, onlara təkrar baxılmayacaq və Azərbaycan öz beynəlxalq öhdəliklərinə sadiq qalacaq.
Prezident İlham Əliyev və ailə üzvlərinin əməllərində konkret cinayət tərkibi müəyyən edilməyəcəyi halda, onların istədikləri vaxt Respublikanı tərk etmələrinə imkan veriləcək və sərvətləri barədə sorğu-sual edilməyəcəklər. Təhlükəsizlikləri dövlət səviyyəsində təmin ediləcəkdir.
7. İndiki rejimin qurduğu manapoliya yolu ilə iş adamlarından alınmış nə varsa, istintaq yolu ilə müəyyənləşdirilərək özlərinə qaytarılacaq.
8. Gənc ailələr nikaha girdikləri andan mənzillərlə təmin ediləcək, bu məqsədlə dövlət mənzil tikintisi sürətləndiriləcək və mənzillər gənc ailələrə öz maya dəyərinə veriləcək və haqqı mənzil faktik istifadəyə veriləndən 5 il sonra başlamaqla 20 il ərzində ödəniləcəkdir.
9. Məhkəmələrin tam müstəqilliyi təmin ediləcək, hakimlərin başqa dövlət orqanlarından və vəzifəli şəxslərdən asılılığı qanunvericilik yolu ilə aradan qaldırılacaq.
10. Böyük miqyaslı – hər bir məhbusun yararlana biləcəyi aministiya veriləcək.
11. Vətəndaşların – fiziki şəxslərin 01 oktyabr 2013-cü ilədək banklara olan borcları dövlət hesabına ödəniləcəkdir.
12. 60 yaşlı tək kişilər, 50 yaşlı tək qadınlar qaz, su, işıq və s. kommunal xidmətləri ödəməkdən azad ediləcəkdir.
13. 5 uşaqlı ailələr tam, 3 uşaqlı ailələr isə 50 faiz işıq, qaz, su və s. kommunal xərcləri ödəməkdən azad ediləcəklər.
14. Özəlləşməyə yenidən baxılmayacaq.
15. İndiki rejimlə əməkdaşlıq edən dövlət qulluqçularının 50 faizi Rüstəm İbrahimbəyov, Rəsul Quliyev, İsa Qəmbər və Əli Kərimlinin şəxsi, fərdi qərarları ilə öz əvvəlki vəzifələrində saxlanıla biləcəklər.
16. Akademik və professorların, Universitet müəllimlərinin və həkimlərin əmək haqqları prezidentin əmək haqqının 30-60 faizi həddində müəyyən ediləcəkdir.
17. Hakimlərə prezident əmək haqqının 80 faizi miqdarında əmək haqqı veriləcək.
18. Orta məktəb və baxca müəllimlərinin əmək haqqları prezidentin əmək haqqının 20-30 faizindən az olmamaqla müəyyən ediləcək.
19. Kino, teatr, rəssamlıq və xalçaçılıq, xalq sənədləri dövlət tərəfindən tam maliyyələşdiriləcəkdir.
Bütün dinlərin azad və açıq təbliği üçün TV kanalların və proqramların açılmasına qanuni dəstək veriləcəkdir.
20. Dağ kəndlkərinin sakinləri vergi və kommunal xərcləri 50 faiz ödəyəcəkdir.
21. Türkiyə, İran, Rusiya və Gürcüstanla, eləcə də Qarabağ probleminin həllindən sonra Ermənistanla qardaşlıq, dostluq, qonşuluq münasibətləri beynəlxalq hüquq prinsiplərinə uyğun saxlanılacaqdır.
Bu təkliflər müzakirə üçündür və onların maddi tərəfi Sizi narahat etməsin dostlar. İndiki rejimin 1 ildə oğurladığı sərvətlə bu tədbirləri həyata keçirmək mümkündür və nəhayət, xalqımızın haqqı var ki, heç olmasa, neft ölkəsinin vətənddaşı kimi, 10 ildən bir onun imkanlarından faydalansın.
Son olaraq, Amerika və Avropanın Azərbaycanda olan hadisələrə, xüsusilə, qarşıdan gələn seçkilərə münasibətlərinin şişirdilməsi, qabarıq müzakirə edilməməsinə deyinmək istərdim.
Amerika və Avropa istəməsə, biz bu rejimin zülmlərinə dözməliyikmi? Əlbəttə ki, yox və yenə də yox!
Onları maraqlandıran iqtisadi maraqlar və öz dövlətlərinin çıxarları, hətta bəzilərinin çirkin şəxsi maraqlarıdır. Əvvəldə də qeyd etmişdim, dünya siyasəti faktı qəbul edir. Ermənistan 25 faiz torpaqlarımızı işğal edib oturub. Dünya bu faktı müzakirə edir. Sabah biz İrəvanı tutsaq, həmin dünya o faktı müazakirə edəcək. Türkiyə heç vaxt bizim əvəzimizdən İ.Əliyevə barmaq silkələməyəcək və buna görə Türkiyədən, onun rəhbərlərindən inciməyə dəyməz. Türkiyənin dövlət maraqları elə bütün dövlətlərin beynəlxalq münasibətlətlərdə həmişə öndə olub və olmalıdır da. İ.Əliyev rejimi bütün dünyaya xeyirli bir rejimdir – Azərbaycan xalqından başqa.
Biz bir xalq olaraq, ya şərəfsizliyimizi və layaqətsizliyimizi bu cinayətkar əxlaqsız rejimi haqq elədiyimizi boynumuza alıb yaşamalı – bu rejimə dözməli, ya da bir nəfər kimi ayağa qalxıb ölkədə qanuni seçkilərin keçirilməsini təmin etməklə dünyanı fakt qarşısında qoymalı, xalqımızı indiki ləyaqətsiz həyatdan azad etməliyik, daha doğrusu, xalq olaraq Azad olmalıyıq.
Unutmayın: həmin Ameşrika və Avropanın hesabına ərəb diktatorları bəslənmiş, sonra da qurbanlıq qoyun kimi kəsilmişlər. Arada isə ziyan çəkən xalqlar, talanan müsəlmanların sərvətləridir.
Dostlar, mübarizə təkcə İlham Əliyevə qarşı yox, onun tayfasından və komandasından olan istənilən namizədə qarşı aparılmalıdır. İlana zəhər verən ilandan da təhlükəlidir.
Biz Vətənimiz, Dinimiz, Dövlətimiz, Millətimiz uğrunda mübarizə aparırıq. Bu mübarizədə ölənlər cənnəti, qalanlar Azad Demokratik Azərbaycanı qazanacaqlar.
Allah Sizə, uca millətimizə kömək olsun. Amin!!!
Yaşasın Milli Şura! Yaşasın Rüstəm İbrahimbəyov! Yaşasın Azərbaycan! Yaşasın Millət!
Hörmətlə, Məmmədov Qurban Cəlal oğlu
Bakı İstintaq Təcridxanası.
22 iyul 2013-cü il