Əlaqə vasitələri

Haqsız yerə həbsdə saxlanılan hüquqşünas Qurban Məmmədovun oğlu Qoşqar Məmmədovun Azərbaycan Respublikasının dövlət başçısına və ictimaiyyətə MÜRACİƏTİ

Haqsız yerə həbsdə saxlanılan hüquqşünas Qurban Məmmədovun oğlu Qoşqar Məmmədovun Azərbaycan Respublikasının dövlət başçısına və ictimaiyyətə

MÜRACİƏTİ

Qoşqar MəmmədovMəni bu müraciəti yazmağa vadar edən, sosial şəbəkələrdə və Azərbaycan mətbuatında zaman-zaman yer almış və hal-hazırda da davam etməkdə olan qeyri-müəyyənliklər, Qurban Məmmədovun haqqında bir çox insanlara maraqlı olan, qaranlıq qalmış məqamlara işıq salmaq, bundan əlavə, Atamın həbsi ilə bağlı düşüncələrimi və bu prosesdə hansı məntiqsizliklərin olduğunu sizlərlə paylaşmaqdır.

1988/89-cu illərdə, Azərbaycan xalq hərəkatının liderlərindən biri olan, Sabirabad rayonunda Azərbaycan Xalq Cəbhəsinin təsisçisi olaraq siyasi fəaliyyətinə başlamış Qurban Məmmədov, bu günədək xalqın, Azərbaycanlı olan və bu torpaqlarda yaşayan hər bir kəsə heç bir irqi, dini və ya cinsi fərq qoymadan, həmçinin Azərbaycanda haqsızlıqla üzləşən əcnəbilərə belə, bacardığı ən yüksək səviyyədə hüquqi xidmət göstərmiş, haqq və hüquqlarının qorunmasında, bərpasında və ya təminatında müstəsna rol oynamış və məhz bu səbəbdən də, bu günkü Azərbaycanın ən məhşur hüquqşünaslarından biri olaraq tanınmışdır. Onu da nəzərinizə çatdırım ki, 2-ci həbsindən sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasına yenidən üzv ola bilmək üçün yazılı imtahanı keçməsinə baxmayaraq, kollegiyanın sədri Azər Tağıyev və onu `idarə edənlərin` göstərişiylə kollegiyaya üzvlüyü süni maneələrlə haqsız şəkildə əngəllənmişdir. Haqları əlindən alınan Qurban Məmmədov fəaliyyətini vəkil olaraq deyil, hüquqşünas olaraq davam etdirməyə məcbur olmuşdur. Onun xalq hərəkatı vaxtlarından hansı işlər gördüyünü və dövlətçiliyimiz üçün nələr etdiyi mən yox, mətbuatımızda qələm sahibi olan və müxtəlif mətbuu orqanlarda fəaliyyət göstərən yoldaşlarının ixtiyarına buraxıram ki, ictimaiyyətə bu barədə dəqiq və ətraflı məlumat versinlər. Hər halda bir çoxları Anam, Mehparə xanımın o illərdə nişan üzüyünü belə xalq hərəkatına bağışlaması, evimizdə müharibə bölgələrinə aparılan tüfənglərin saxlanılması və bizim evimizə dəfələrlə basqınların təşkil edilməsi barədə o vaxtkı mətbuatda kifayət qədər yazılar yazılmış, bu barədə müxtəlif zamanlarda xəbərlər yayılmışdır.

Rəhmətlik Əbülfəz bəy Elçibəyin, AXC rəhbəri olduğu zamanlarda, tez-tez evimizdə məclislər təşkil etməsi və bir çox tədbirlərdə, yaşım çox az olmasına baxmayaraq operator – kameraman qismində iştirak etməm, tarixi proseslərin azdan – çoxdan şahidi olmama gətirib çıxarmış və Atam Qurban Məmmədovun fəaliyyəti, siyasi – ictimai mövqeyi barədə fikir formalaşdırmış, bu gün onunla bir övlad, böyük oğlu kimi fəxr etməmə səbəb olmuşdur.

Mən, Qoşqar Qurban oğlu Məmmədov, 1982-ci il, Babək rayonu, Cəhri kəndində dünyaya göz açmış və Atam Qurban Məmmədovun peşə fəaliyyətindən dolayı, Azərbaycanın müxtəlif bölgələrində yaşamış, fərqli 9 məktəbdə təhsil almış, Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş və oradan Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsilinə davam etmişəm. 2001, 2002 və 2003-cü illərdə bu universitetdəki fəaliyyətimə görə, dövləti tənqid mövqeyimə və açıq şəkildə baş verən qanunsuzluqları dilə gətirdiyimə görə, tələbələr arasında rüşvətə və ümumilikdə baş verən özbaşınalığa dirəniş göstərmələrini, bu xüsusda təşkilatçılıq etdiyimə görə bir neçə dəfə universitetdən qovulmaqla hədələnmiş və başqa tələbə yoldaşlarım kimi rüşvət vermədiyim üçün, 1-2 fənni çıxmaq şərti ilə, hamısından kəsilərək, əlavə problemlər yaradılmış, sonradan isə kimlərinsə, bu Qurban Məmmədovun oğludur, o indi də həbsdədir və məsələ böyüməsin – deyərək yenidən qiymətlərim yazılaraq növbəti kursa ötürülmüşəm.

Lakin, 2003-cü ildəki prezident seçkiləri dövründə mənim Azərbaycan Demokrat Partiyasındakı fəaliyyətim, seçkilər dövründə bütün proseslərin video – arxivinin əmələ gətirilməsi üçün göstərmiş olduğum səylər nəticəsində bir neçə dəfə polislə qarşıdurma əsnasında gözə girmiş, bu səbəbdən də adım “qara siyahı”ya salınaraq həmin ilin Sentybar ayında, Bakı 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi, Ramiz Quliyev tərəfindən şərlənərək, guya mən onun şəxsi minik maşının qarşısını kəsərək onu təhqir etmiş və qeyri-qanuni əməllər törətmişəm – bəhanəsi ilə, o zaman Qurban Məməmdovla birlikdə həbs edilmiş (1998 ci il) və Milli Təhlükəsizlik Nazirliyini, başda Namiq Abbasov olmaqla, ifşa etmiş Cəmaləddin Əhmədovla görüş gözlədiyim zamanda məni həbs etdirmişdir. Eyni gün, Nəsimi rayon məhkəməsi tərəfindən, gecə saat 10 radələrində, növbətçi hakim tərəfindən 15 sutkalıq iş kəsilərək, “Qara Şəhər” adlanan saxlanma təcridxanasında 15 sutkamı başa vurmuşam.

2003-cü ildə, məlum 15-16 Oktayabr hadisələri zamanı operator – kameraman olaraq çəkilişləri həyata keçirdiyim dövrdə, bir neçə dəfə polisin zorakılığı və vəhşi münasibəti ilə növbəti dəfə tanış olduqdan sonra, təhlükəsizliyimin ciddi təhlükə altında olduğunu dərk etdim və artıq Qurban Məmmədovun 5 illik həbsdən azad olunub, Fevral ayının 28-dən etibarən evində olması, mənə Azərbaycanı tərk edərək başqa bir avropa dövlətinə getməyə, orada təhsilimə və gələcək həyatıma daha normal şərtlərlə, həyati təhlükə və heç bir basqı olmadan davam etdirməmə əngəl olmadığını düşündüm və İngiltərəyə gəldim. Azərbaycan Dövlət İqtisad Universitetini bitirməmə sadəcə 5 ay qalmışdı, yuxarıdakı səbəblərdən dolayı, AzDİU-dan alacağım diplomumdan vaz keçdim!

Bunları izah etməmdə əsas səbəb, Qurban Məmmədovun, Azərbaycan dövlətində mühim vəzifə tutmuş kəslər kimi harınlamış və zəngin həyat tərzi sürmədiyini, böyük oğlu olmama rəğmən, mənə Atam olaraq hər hansı bir maddi yardım etmək gücünün olmadığını sizlərin də bilməsini istəməmdir.

Mən 2004-cü il, Fevral ayının 2-dən etibarən İngiltərədə yaşayıram və bu ölkədə bütün qara işlərdə işləyib, öz əməyimin, öz alın tərimin haqqı ilə həyatımı qurmuşam. Məni İngiltərədə tanıyan hər bir Azərbaycanlı bilir ki, mən öz işimin fəhləsi olmuş, hər kəsin köməyinə qaçmışam, heç vaxt qeyri – qanuni fəaliyyətim olmayıb.

Qurban Məmmədovun isə Azərbaycanda hansı şəraitdə yaşadığını onu tanıyanlar çox gözəl bilirlər, hər cür məhrumiyyətlərlə üzləşmiş ailə üzvləri, ömrünün 7-8 ilini həbsxana barmaqlıqları arxasında keçirmiş bu şəxsin indi növbəti dəfə eyni iradədən və inancından dolayı oraya geri göndərilməsi, Azərbaycan xalqının nə zamanadək susacağı – sualını mənə verir.

Azərbaycan xalqı nəyə görə “ictimati – qınaq” formalaşdıra bilmir?!

Cənab İlham Əliyev, mən konkret olaraq sizdən bu sualıma cavab almaq istəyirəm, siz doğrudanda ətrafınızda baş verənləri görmürsünüz?!

Bütün məmurlarınızın, sizin prezidentlik kürsünüzün dəstəkçisi olan, qeyri-qanuni fəaliyyətlərdən, Azərbaycan dövlətinin büdcəsini talayan o insanların yeganə xilas yolu olaraq, barışıq yoluyla, “XİLAS DÜSTURU”na uyğun olaraq Azərbaycanda normal həyata davam etmənizdə maraqlı olan bir şəxsin, bu gün qeyri – qanuni olaraq həbsdə saxlanılmasına necə göz yuma bilirsiniz?! Bu hansı məntiqin nəticəsində atılmış addımdır, mənə bu sualın cavabı lazımdır… Çünki mən, bunu heç bir şəkildə başa düşə bilmirəm…

Atam Qurban Məmmədov sizə dəfələrlə televiziya və qəzetlər vasitəsi ilə bir başa müraciətlər etmiş, insanlara edilən məmur özbaşınalığının qarşısını almağınızı, haqq və hüquların prezident kimi bərpa edilməsində sizin münasibət bildirmənizi istəmişdir. Sonuncu belə müraciəti, 24 Fevral 2013 tarixində “Azrərbaycan Saatı” proqramının MEDYA TV kanalında, 75-ci buraxılışında olmuşdur. Bu verilişdə Qurban Məmmədov sizə üzünü tutaraq, Dövlət Reystr Xidmətində baş verən özbaşınalıq və rüşvətxorluqla bağlı məlumat vermişdir. Bundan sonra o “Azadlıq” qəzetində dəfələrlə başqa qanunsuzluqlar barədə müsahibələrində bildirmiş, özünün Facebook səhifəsində, sosial şəbəkədə mütəmadi olaraq ətrafınızın sizi, İlham Əliyevi faciəyə sürükləyən məsələlər barədə qeydlər etmişdir.

Bütün bu olanlardan çıxış yolunu, vətəndaş qarşıdurması olmadan, qan tökülmədən, sizin Qəddafi taleyi, xalqımızın da Liviya xalqının faciələrini yaşamadan keçməsi üçün “Xilas Düsturu”nu işləyib təklif etmişdir.

Həmin “Xilas Düsturu”ndan bəzi məqamları, əgər oxumamısınızsa, ki mən buna qətiyyən inanmıram, bir daha diqqətinizə çatdırmağı özümə borc bilirəm:

Qurban Məmmədovun təqdim etdiyi Azərbaycanın Xilas Düsturu – Milli Barışıq Layihəsindən seçmə fikirlər…

–        Gənc dövlətin gənc rəhbərinin qocalmış və sağalmaz korrupsiya xəstəliyinə tutulmuş komandası dövləti və milləti irəliyə götürə bilərmi?

–        Son vaxtlar ölkədaxili vəziyyətin gərginləşməsinə səbəb olmuş artan əsgər ölümləri, əslində vaxtilə Türkiyənin hərbi məktəblərində təhsil almış gənclərin ordu rəhbərliyinə gətirilməməsinin nəticəsidir.

–        Ömrünün 30-60 ilini rüşvətlə, yaltaqlıqla, təşəbbüs qabiliyyətindən məhrum olaraq yalnız göstəriş əsasında işləməyə vərdiş etmiş, müstəqil qərar qəbul etmək qabiliyyətindən məhrum şəxsin islah edilməsi mümkünsüzdür.

–        Rüşvətxorluq ehtiyac və iqtisadi imkansızlıq əlaməti deyil, əxlaq və mənəviyyat problemidir. Belələri gənc nəslin də tərbiyəsini pozur və millətimizi sonu görünməyən təhlükəli gələcəyə doğru sürükləyir. Buna “dur!” demənin vaxtı çatmışdır. Mən onların cəzalandırılmasını təklif etmirəm. Milli barışıq və milli inkişafımız naminə o adamlar bağışlanmalı, sərvətlərini sərbəst şəkildə istifadə etmələri üçün onlara iqtisadi və siyasi amnistiya yolu ilə qanuni əsaslar tanınmalı, şərait yaradılmalıdır.

–        Gənclər kütləvi şəkildə dövlət idarəçiliyinə cəlb edilməlidir. Ola bilsin, bəzi müxalifətçi dostlarım mənim bu təklifimi iqtidarın xeyrinə olan bir təklif kimi qiymətləndirsinlər. Şübhəsiz ki, bunda səhv etməyəcəklər. Çünki bir tərəfdən iqtidar bəri başdan səs və söz üstünlüyü əldə etmiş olur (15-20 faiz köhnə kadrlar+yeni təyin ediləcək gənclərin 60 faizi), digər tərəfdən də iqtidar mənsublarının övladlarının valideynlərini əvəz etməsi qanuniləşdirilir. Bu təklif arzularımızın yox, reallıqların tələb etdiyi zərurətdir.

–        Müxalifətçi dostlarım nəzərə almalıdırlar ki, indiki oliqarxların və vəzifəlilərin övladlarının çoxu, Avropada və Türkiyədə yüksək təhsil almış, dünya dəyərlərini və standartlarını mənimsəmişlər. Əgər onlar indiki durumda idarəçilik sisteminə nüfuz edəcəklərsə, tezliklə yaşlıların əxlaqını götürməyə məhkum olacaq və atalarının yolunu gedəcəklər. Bu da müxalifətin ideya və məqsədlərinə uyğun olmayan ziyanlı bir nəticədir. Bunun əksi isə, yəni həmin gənclərin cəmiyyətimizə qazandırılması həm də müxalifətin və bütövlükdə cəmiyyətin qazancıdır.

–        Valideynləri nə qədər rüşvətxor, yaltaq və qorxaq olsa da, gənclər atalarının tam əksidir və onları uzun müddət mənəvi cəhətdən pozmaq mümkün olmayacaq. Ancaq bu müddət nə qədərdir? Indiki korrupsiya bataqlığına düşən həmin gənc sonsuza qədər dözə biləcəkmi? Şübhə edirəm.

–        Günlərin bir günü hakimiyyətə gəlmək şansı əldə edən müxalifət dövləti hansı kadrlarla idarə edəcək? Əgər Ilham Əliyev və komandası, həqiqətən də, bu dövləti və bu milləti sevir və onun gələcəyini düşünürlərsə, öz övladlarının, nəvə-nəticələrinin taleyinin əmin əllərdə olmağını istəyirlərsə, bunun fərqində olmalı deyillərmi? Xalqımıza bu gün və gələcəkdə də kifayət edəcək qədər milli sərvətimiz var. Milli barışıq yollarının tapılmaması indiki iqtidarı əlində olanından, müxalifəti isə gələcəyindən mütləq məhrum edəcək. Nəticədə yenə də ziyan çəkən dövlətimiz, millətimiz və özümüz olacağıq.

–        Ictimai-siyasi və fəal vətəndaşlıq mövqeyinə görə gənclərin cinayət məsuliyyətinə cəlb edilməsindəndirsə, onların idarəçilik məsuliyyətinə cəlb edilib dövləti vəzifə və məsuliyyətlə yüklənmələri cəmiyyətimiz və dövlətimiz üçün daha xeyirli olmazdımı? Elə iqtidaryönlü gənclərin də belə məsuliyyətli işlərə cəlb edilməsi müxalifətin və bütövlükdə millətimizin xeyrinə deyilmi? Bu gənclər niyə yaşlıların etməli olduğu işlərə (xarici ölkələrdə lobbiçilik, xeyriçəlik və s.) cəlb edilib dövlət idarəçiliyindən kənarda saxlanılırlar? Yaxud da bu gənclər nə üçün birinci postlara təyin edilməyərək yaşlı rüşvətxorların rəhbərliyi altında yeni korrupsioner məmur dalğası üçün yem kimi yetişdirilirlər?

–        Dövlət idarəçiliyində birgə iştirak etmək iqtidar və müxalifət yönlü gənclərin yaxınlaşması, ortaq dəyərlərə sahib olmaları üçün və milli barışığa aparan ən yaxşı yol deyilmi? Əlbəttə, bunu yalnız yüksək dövlət təfəkkürünə malik olan və ürəyində həqiqi millət sevgisi olanlar dərk edə bilər. Şübhə etmirəm ki, Ilham Əliyev, məhz özünün gənc olması ilə bağlı, bunun mümkünlüyünü və zəruriliyini qəbul edə bilən bir şəxsdir. Qəbul etməyəcəksə, dövlətimizi gözləyən bütün təhlükələrin məsuliyyətini də daşımış olacaq.

–        Heç kim unutmasın ki, tarix ilk növbədə hökmdarları ittiham edir, onun xidmətkarlarını, ona yaltaqlananları, onu səhv yönləndirənləri yox…

–        Milli barışıq təkliflərinə, iqtidar özünü kifayət qədər güclü hesab etdiyi üçün indiki mövqeyindən, müxalifət isə seçki öncəsi xarici qüvvələrdən və beynəlxalq təşkilatlardan dəstək alaraq güclənə biləcəyi xülyası ilə yanaşmamalıdır. Vətəndaş sülhü ölkəmiz viran olmadan əldə edilməlidir.

İndi siz deyin, yuxarıda göstərilənlər, sizcə Azərbaycan dövlətçiliyinin keşiyində duranmı, yoxsa onu parçalayıb məhv edərək, vətəndaş müharibəsində, öz qanı içində boğulmasını istəyən birisininmi sözləridir?..

Məntiq dediyimiz, ümumi başa düşülən, əksinin isbatına ehtiyac duyulmayan və çoxluq tərəfindən aydın şəkildə başa düşülə bilən bir şey, necə ola bilər ki, hakimiyyətdə olan, Azərbaycanı, bəlkə də bilərəkdən, uçuruma aparan, sosial problemlərin caynağında çırpınan hala gətirərək, başda siz və ailəniz olmaqla, bütün hakimiyyətdəkilərin əzilməsi və böhrana çəkilməsində məqsədi olanları görməyəsiniz, bilməyəsiniz…

Doğrudanmı siz bunlardan hali deyilsiniz?

Axı bu yolun sonu xalqla iri miqyaslı düşmənçilikdir!

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir