Qurban Məmmədov müxalifətin birliyini, vahid komandanın təşkilinii fəal təşviq edirdi ki, bu da hakimiyyəti ciddi şəkildə narahat edirdi
İctimai Palata Azərbaycan tanınmış hüquqşünası, vəkil Qurban Məmmədovun həbsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
-Tanınmış hüquqşünas Qurban Məmmədovun həbsini əsassız və ədalətsiz sayır, bunu azad sözə, fərqli fikirə basqı kimi qiymətləndiririk. İP əminliklə bildirir ki, Qurban Məmmədovun həbsi hansısa avtomobil qəzasına görə deyil, hakimiyyətə qarşı kəskin tənqidinə, ölkədəki korrupsioner idarəetməni ifşa etdiyinə, insan hüquq və azadlıqlarını müdafiə etdiyinə görədir. Prinsipial mövqeyinə görə Vəkillər Kollegiyasından uzaqlaşdırılan Qurban Məmmədov hər zaman insanların pozulan hüquqlarını bərpa etməyə çalışmış, onların konstutision haqlarının tapdalanamsına qarşı çıxmışdır.
Qurban Məmmədov müsahibələrində, yazılarında, çıxışlarında hər zaman demokratik, hüquqi, sivil bir ölkədə yaşamağın vacibliyini vurğulamış, insanları öz ölkələrinə sahib çıxmağa çağırmışdır.
Son zamanlar Qurban Məmmədov müxalifətin birliyini, vahid komandanın təşkilini, demokratikləşmə üçün birgə mübarizəni fəal təşviq edirdi ki, bu da hakimiyyəti ciddi şəkildə narahat edirdi.
Hakimiyyət Qurban Məmmədovun həbsinin guya cinayət əməli ilə bağlı olduğunu iddia etsə də, cəmiyyət bu həbsin əsl səbəbini və hakimiyyətin vicdanlı vətəndaş mövqeyi göstərənlərə qarşı münasibətini yaxşı bilir. Demokratik qüvvələrə qarşı buna qədər yürüdülən repressiya siyasəti, o cümlədən son bir neçə gündə tanınmış vəkil Aslan İsmayılova, keçmiş daxili işlər naziri İsgəndər Həmidova, keçmiş baş prokuror Əli Ömərova, AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya olan açıq təhdidlər, Müsavat partiyasının müşaviri Mustafa Hacıbəylinin və gənc NİDA-çıların həbsi, həbsdə olan fəallara psixoloji təzyiq göstərir ki, hakimiyyət ona qarşı çıxanları nə yolla olur-olsun susdurmaq siyasətinə sadiqdir. Qurban Məmmədovun həbsi də bu ilin əvvəllərindən daha da güclənən həmin siyasətin tərkib hissəsidir.
İP hakimiyyəti tutduğu repressiv yoldan imtina etməyə çağıraraq bəyan edir ki, cəmiyyətin ləyaqətli, mübariz, ziyalı insanlarına qarşı ədalətsiz, qəddar münasibət əks effekt verəcək və hakimiyyətin ziyanına işləyəcək. Bu cür mənfi tendensiyalar nəinki cəmiyyətdə qorxu yaradır, əksinə illərdi ədalətsizliklə üz-üzə qalmış insanları qəzəbləndirir və hakimiyyətə qarşı nifrət yaradır.
İP bütün ölkə vətəndaşlarını, QHT-ləri, hüquq müdafiəçilərini və beynəlxalq təşkilatları Azərbaycan hakimiyyətinin repressiv addımlarına səssiz qalmamağa, dirəniş göstərməyə, təhdid olunan və şərlənərək həbs edilən fəalların, o cümlədən Qurban Məmmədovun müdafiəsinə qalxmağa səsləyir.