Tanınmış vəkil Qurban Məmmədovun barəsində Nəsimi Rayon Məhkəməsinin çıxardığı həbs-qətimkan tədbirindən Apelyasiya şikayəti veriləcək. Bu barədə məlumatı vəkil Namizəd Səfərovdan aldıq. O bildirdi ki, artıq müraciətin edilməsi üçün bütün sənədlər hazırdır. Bu arada Q.Məmmədovun həbsinə həmkarlarının münasibəti də birmənalı deyil.
«Qurban Məmmədovun həbsinin siyasi motivli olduğuna şübhə etmirəm»
Tanınmış vəkil Osman Kazımov Q.Məmmədovun həbsinin siyasi motivli olduğuna şübhə etmir: “Indiyə qədər mən praktikada Qurban Məmmədova qarşı irəli sürülən ittihamlara görə həbs edilmə ilə üzləşməmişəm. Bir il əvvəl baş verən hadisə ehtiyatsızlığın nəticəsidir və buna görə Qurban Məmmədovu həbs etməyə ehtiyc yox idi”.
«Qurban Məmmədova qarşı irəli sürülən ittihamlardan siyasət qoxusu gəlir»
Vəkil Əyyub Kərimov da bildirdi ki, hazırda məhkəmələrdə ölüm hadisəsi olan oxşar işlər olsa da, onların heç birində həbs-qətimkan tədbiri tətbiq olunmayıb. Bu isə bir daha Q.Məmmədova qarşı irəli sürülən ittihamlardan siyasət qoxusunun gəldiyini deməyə əsas verir: “Əlbəttə, qanun hamı üçün eyni olmalı və eyni dərəcədə tətbiq olunmalıdır. Amma Qurban Məmmədova qarşı ayrı-seçkilik hiss olunur. Istintaq müddətində Apelyasiya Məhkəməsinin qərarı məlum olmadan Qurban Məmmədovu həbs etmək qanunsuzluqdur”.
«Bu həbs seçkiöncəsi siyasi gərginliyin süni şəkildə şişirdilməsinə xidmət edir»
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli də Q.Məmmədovun həbsini pisləyir və bunu siyasi hakimiyyətin fərqli düşüncə daşıyıcılarının təqib olunması kimi qiymətləndirir.ÿQ.Əlibəyli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu həbs seçkiöncəsi siyasi gərginliyin süni şəkildə şişirdilməsinə xidmət edir: “Hakimiyyət rəqibləri ilə siyasi polemikaya girmək əvəzinə, onları zorakı və qanunsuz yollarla susdurmaq kursunu davam etdirir. Hakimiyyət siyasi təqibləri dayandırmalı, fərqli düşüncə daşıyıcılarına qarşı dözümlü olmalıdır. Əgər Qurban Məmmədov da daxil olmaqla vicdan məhbusları azad edilməyəcəksə, seçkiöncəsi normal rəqabət mühitinin yaradılacağı ilə bağlı hakimiyyətin vədləri vəd olaraq qalacaq. Hakimiyyət bu addımları ilə cəmiyyəti qarşıdurmaya sürükləyir. Bunun da məsuliyyəti məhz hakimiyyətin öz üzərinə düşür”.