Nəsimi Rayon Prokuroru
Cənab Salman Məmmədliyə
120070615 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs:
Məmmədov Qurban Cəlal oğlu
Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8
Əlaqə tel.: (050) 200-66-10, (012) 567-46-62
VƏSATƏT
Hörmətli prokuror!
Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Qiyasov Miraqil Mirkamal oğlunun apardığı 120070615 saylı cinayət işi üzrə mənə AR Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir.
Bildirirəm ki, həmin ittiham əsassızdır və saxta sübutlarla qərəzli şəkildə, məhz mənim siyasi mövqeyimə görə quraşdırılmışdır.
Guya, mən 27 sentyabr 2012-ci il tarixdə saat 13:00 radələrində mənə məxsus “Toyota Rav-4” markalı 90-MU-263 dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Vaqif prospekti 9A saylı ünvanda yerləşən “Medical Plaza” Klinikasının qarşısında maşını arxaya verərkən, “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin tələblərini pozmuş, lazımi təhlükəsizlik tədbirləri görmədən, maşını arxaya verərkən, Abbasov Pərviz İmran oğlu adlı şəxsin sol ayağının üstündən keçərək, sonuncunun sağlamlığına ağır zərər vurulmasına səbəb olan “sol baldır sümüklərinin aşağı üçdə birinin açıq qəlpəli, yerdəyişmiş sınığı, sol baldırın aşağı üçdə birinin iç səthinin əzilmiş yarası” kimi bədən xəsarəti yetirmişəm.
“Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin XIII hissəsində əsasən, “Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir”.
Mən də, “başqa şəxs” kimi, məhz zərərçəkmişin köməyindən istifadə etmişəm və onun komandası ilə hərəkət etmişəm. Bu, həm də, onun xidməti vəzifəsi olub. İfadələrində də göstərdiyi kimi, bu xidmətin müqabilində o, gündəlik 30-40 manat pul qazanırmış.
Bu qondarma ittihamı sübut etmək üçün müstəntiq M.M.Qiyasov zərərçəkmiş P.İ.Abbasovun, şahidlərdən Qazax rayon sakini (guya ki, hadisəni gözü ilə görüb) Maqsudov İsa Mürsəl oğlunun və başqalarının bir-birinə zidd, yalan ifadələrinə istinad etmişdir.
Müstəntiq “sübut etmək” istəyir ki, guya hadisə vaxtı orada ikinci bir maşın olmayıb və zərərçəkmiş P.Abbasovun sol ayağındakı xəsarət mənim maşınımın qabaq sol təkərinin altında qalması nəticəsində əmələ gəlib.
Zərərçəkmişin və “gözü ilə görən” şahidlərin təsvir etdikləri hadisə mexanizmində, yəni mənim maşınımın sol güzgüsünün yanında dayanan adamın ayaq barmaqları əzilmədən, pəncəsi heç bir xəsarət almadan baldır sümüyünün aşağı üçdə birinin sına bilməsinə inanmaq, yalnız ağılsızların işidir.
Məni həbs etdirmək istəyən qüvvələr isə, bütün Respublikaya məlumdur, onlar isə, ağılsız yox, sadəcə olaraq, mənim siyasi mövqeyimə görə mənə qarşı qərəzlidirlər.
Haqqımda qəbul edəcəyiniz qərarın necəliyindən asılı olmayaraq, bu hadisə barədə aşağıdakıları diqqətinizə çatdırıram:
Mən hələ ilkin izahatımda müstəntiqə bildirmişdim ki, hadisə saat 12 radələrində olub. “12”ni “2” kimi eşidən və bunu da mənim izahatımda “14:00” kimi yazan müstəntiq M.Qiyasov hadisə yerindən 3 metr məsafədə olan nəzarət kameralarından lazımi çıxarışları götürüb baxaraq hadisənin əsl mexanizmini sübut etmək əvəzinə, 7 aydan sonra, guya ki, “əməliyyat yolu ilə müəyyən edilmiş” yalançı şahidlərdən istifadə etmişdir. Mən ilkin izahatımda göstərmişdim ki, mən oğlum Elnur Məmmədovu həmin Klinikaya əməliyyat üçün gətirmişdim. Klinikanın qeydiyyat jurnallarına baxıb, hadisənin baş vermə vaxtını dəqiq müəyyən etmək mümkün olduğu halda, müstəntiq guya saat 14-dən sonrakı videoçıxarışlara baxaraq, kameranın hadisə anını çəkmədiyinə istinad etmiş və indiki bu səxta ittihamı yalançı şahidlərin köməyi ilə quraşdırmışdır.
Hörmətli Prokuror!
Mənim də verdiyim vergi hesabına milyonlarla pul xərclənərək, şəhərin bütün deşiklərində, bütün yollarda quraşdırılmış bu nəzarət kameralarının çəkilişlərindən istifadə edilməyəcəksə, onda, onlar niyə quraşdırılıb? Texnika bəzi insanlar kimi namusunu itirə bilmir, yalan danışmaq imkanı yoxdur. Həmin çəkilişlərə baxmaqla, kimin yalan danışdığını sübut etmək sadə bir məsələdir.
Hörmətli Prokuror!
Mən, hadisədə iştirak edən ikinci maşının sürücüsü haqqında istintaqa məlumat verməmişəm. Ona görə ki, istintaqın qərəzli aparıldığını, polis orqanlarında “ştatlı hal şahidliyi” edən adamlardan şahid kimi istifadə edildiyini görürdüm. Bir azdan Sizin təsdiqinizə veriləcək ittihamnamədə müstəntiq M.Qiyasov, guya “sübut edib ki”, hadisə yerində ikinci maşın olmayıb, zərərçəkmiş Pərviz Abbasov iki maşının arasında qalmayıb.
İndi, mən Sizin diqqətinizə aşağıdakıları çatdırır, Sizin mənim haqqımda yuxarılardan gələn göstərişləri icra etməkdən başqa yolunuzun olmadığını bilə-bilə, öz müdafiə hüquqlarımdan istifadə edərək, işin obyektiv aparılmasını Sizdən xahiş edirəm.
Mən, Vaqif prospektindən Klinikanın qarşısına döndükdən sonra maşınımı saxladım. Oğlum Elnur Məmmədov maşından düşüb Klinikaya getdi. Saat 12-ni keçmişdi. Çünki, oğlumun göz əməliyyatı saat 13:00-a təyin edilmişdi. “Stoyanşik” – zərərçəkmiş P.Abbasov mənə yaxınlaşıb maşını Vaqif prospektində dayanan “Pekap” tipli maşının arxasında saxlamağı təklif etdi. Mən razılaşdım. Mənim sağ güzgümdən baxanda, arxada “Pekap” maşını durduğu üçün yol yaxşı görünmürdü. Ona görə də, mən 20 qəpik haqq ödədiyim “stoyanşik” – zərərçəkmiş P.Abbasovun işarəsini gözləyirdim və onun “ver, ver” komandasından sonra maşını arxaya verməyə başladım. Mən təqribən 1-2 metr maşını hərəkət etdirmişdim ki, maşınımın nəyəsə dirəndiyini hiss etdim və P.Abbasovun çığırtısını eşitdim. Sola baxanda, tünd rəngli bir maşının qabaq sağ qanadı ilə mənim qabaq sol qanadımın dirəndiyini gördüm. Bir-birindən iti bucaq altında dayanan maşınların arasında isə P.Abbasov durmuşdu. Mən, dərhal maşını qabağa, əvvəlki vəziyyətinə qaytarıb, maşından düşdüm. Həmin tünd rəngli maşının sürücüsü də yerə düşmüşdü. Mən, ondan nə baş verdiyini soruşduqda, “Mən bura dönəndə Sizi görüb saxladım” – dedi və müdür apardığını dedi. Mən ona öz telefon nömrəmi verib, dedim ki, mənimlə əlaqə saxlayar, əgər günah məndə olmuş olsa, ona dəymiş zərəri ödəyərəm. Bu vaxt P.Abbasov yerdə uzanmışdı, o, sağ böyrü üstə idi, kürəyi həmin maşının sağ tərəfinin təqribən ortasında, ayaqları da qabağa uzanıqlı vəziyyətdə idi. Həmin maşın sürüb keçdi və mən onurğa sütunumda “bel fırtığı” olduğu üçün köməyə adam axtardım. Yaxınlıqda heç kim olmadığı üçün, yaralını tək qucağıma alıb maşınımın sol arxa tərəfinə qoydum və yaxınlıqda olan “Travmatalogiya xəstəxanası”na apardım. Əvvəl, P.Abbasov ağrılardan sanki huşunu itirmiş vəziyyətdə idi və danışa bilmirdi, sadəcə, zarıyırdı. Birazdan özünə gələndə, hadisə barədə ondan soruşdum. O, müxtəlif vaxt intervalları ilə hadisə barədə mənə 4 versiya dedi:
- 1. “O maşının sürücüsü o tərəfə baxırdı deyə, məni görmədi, vurdu”,
- 2. “O maşın arxadan məni vurub, sənin maşınının altına saldı”,
- 3. “Siz maşını arxaya verəndə, mən dala-dala gedirdim, arxamda dayanan maşını görmədim, ona dəydim, sənin maşınının altına düşdüm”,
- 4. “Orada ikinci maşın olmayıb, sən məni vurmusan”.
Hörmətli Prokuror!
P.Abbasov, mənim fikrimcə, ona görə hadisəni belə “dəqiqləşdirirdi” ki, o, inanmışdı ki;
1. İkinci maşın yoxdur, o çıxıb gedib və ondan heç bir yardım ala bilməyəcək,
2. Mən hadisəni dəqiq görməmişəm, onu xəstəxanaya aparıram, qaçmaq fikrim yoxdur və mənimlə 1998-ci ildə 10-cu Cəzaçəkmə Müəssisəsində olduğunu dedikdən sonra, ona lazım olan yardımı göstərəcəyimə söz vermişəm.
P.Abbasov dəqiq inanırdı ki, ikinci maşın aradan çıxıb, mən onu tapa bilməyəcəyəm və o, mənə qarşı istədiyi kimi böhtan ata bilər. Ancaq mən, elə hadisədən 3 saat sonra P.Abbasovu xəstəxanaya yerləşdirib Nəsimi Rayon Polis İdarəsinə getdim və orada məni məhz, sonradan mənə qarşı uydurma ittiham verən Miraqil Qiyasov qarşıladı. Mən ona hadisə barədə məlumat verdim və xahiş etdim ki, dərhal kameralara baxıb, həmin maşını və hadisə mexanizmini müəyyən etsinlər. O isə, məni Nəsimi Rayon Yol Polisinə, 3-cü otağa göndərdi. Həmin gün yol polisi məni təkrar M.Qiyasovun üstünə qaytardı. Bu dəfə də, M.Qiyasov məni DYP-dəki 6-cı otağa göndərdi. Beləliklə də, həmin gün nədənsə, kameralara baxılmadı.
Hörmətli Prokuror!
Mən qəti əminəm ki, həmin ikinci tünd rəngli maşının bu hadisənin baş verməsində heç bir günahı yoxdur, heç kimi də, əsassız olaraq, ittiham etmək fikrində deyiləm.
O maşının sürücüsü ləyaqətli bir vətəndaş kimi, hadisədən sonra mənə özünün (050) 385-15-21 nömrəli telefonu ilə zəng etdi, vəziyyətlə maraqlandı və mən ona günahın onda olmadığını, hadisənin məhz zərərçəkmişin özünün səhv komandası nəticəsində baş verdiyini bildirib, narahat olmamasını söylədim. Zərərini soruşduqda isə, maşınına 200 manatlıq zərər dəydiyini bildirdi və mənim zərərçəkmişin müalicəsinə xeyli xərc çəkdiyimi bildiyinə görə, öz zərərini özü aradan qaldıracağını dedi və məndən heç bir tələbi olmadı.
Hörmətli Prokuror!
İş üzrə alınmış qondarma avto-texniki ekspertiza rəyi ilə, guya, müəyyən edilib ki, mən maşını arxaya verərkən, lazımi tədbirləri görməmişəm və qabaq sol təkərimlə zərərçəkmişin ayağının üstündən keçmişəm. Hətta, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının rəyində göstərilir ki, zərərçəkmişin ayağındakı xəsarət, məhz arxaya verən maşının qabaq sol təkəri altında qalmaqla alınıb. Bu gülünc və saxta rəylər ona görə belə verilib ki, müstəntiq M.Qiyasov ekspertlərə özünün uydurduğu və yalançı şahidlər vasitəsilə təşkil etdiyi yalan hadisə mexanizmi, yalan ölçülər və saxta ifadələr təqdim etmişdir.
Halbuki, P.Abbasovun iki maşının arasında qalaraq, ayağının sınması barədə, elə onun özü birinci gündən onu müalicə edən həkimlərə və … doğmaca anasına bildirmişdir. Soruşa bilərsiniz ki, anasına hadisə barədə nə dediyini mən haradan bilirəm?
Hadisədən bir xeyli sonra müstəntiq M.Qiyasov 20-ci Polis Bölməsinin rəisinin mənimlə görüşmək istədiyini bildirdi. Mən sabahısı 20-ci Polis Bölməsinin rəisinin iş otağına getdim. İçəri daxil olanda, Pərviz Abbasovun anasını orada xadiməlik edərkən gördüm. 20-ci Polis Bölməsinin rəisi mənə açıq şəkildə bildirdi ki, onlar yaxşı bilirlər ki, P.Abbasovun ayağı iki maşının arasında qalıb sınıbdır. Ancaq, o ikinci maşını tapmaq onlar üçün problem olacaq. Açılmamış iş də, onlar üçün başqa problemdir. Buna görə də, xahiş etdi ki, onlara kömək edim. Mən, etiraz etmədim, bildirdim ki, hadisə, onsuz da, zərərçəkmişin səhlənkarlığı nəticəsində, yəni yola diqqətlə baxmadan verdiyi səhv komanda nəticəsində baş verib. Necə istəsələr, elə də etsinlər. O, razılaşdı. Sonradan, müstəntiq M.Qiyasov məni çağırıb, lazım olan rəyin alınması üçün ekspertizaya “hörmət etmək” lazım olduğunu deyəndə, mən bildirdim ki, bu mənlik deyil. Necə istəyirlər, özləri həll etsinlər.
Görünür, hadisədən xəbər tutan yuxarılar, bunu göydən düşmüş fürsət kimi dəyərləndirib, mənə qarşı bu uydurma ittihamı hazırlamaq göstərişi verdilər.
Hörmətli Prokuror!
Məni heç bir hədə-qorxu, həbs və s. təzyiq öz siyasi mövqeyimdən döndərə bilməz.
Ancaq, obyektivlik və həqiqət naminə yuxarıda qeyd etdiklərimi nəzərə alaraq,
XAHİŞ EDİRƏM:
1. İşin istintaqı başqa müstəntiqə tapşırılsın. Çünki, M.Qiyasov birinci gündən dəqiq bildiyi hadisə barədə saxta sübutlar toplamaqla məşğuldur və o, iş üzrə şahid kimi dindirilməlidir.
2. Müstəntiq M.Qiyasov şahid kimi işə cəlb edilərək, hadisə günü mənimlə aramızda olan söhbətlər barədə dindirilsin.
3. 20-ci Polis Bölməsinin o vaxtki rəisi, yuxarıda qeyd etdiyim hallarla bağlı şahid kimi dindirilsin. Çünki, şəxsən ilk dəfə o, mənə Pərviz Abbasovun iki maşının arasında qalıb əzildiyi barədə bildirmişdi.
4. (050) 385-15-21 nömrəli telefonun sahibi və onun idarə etdiyi maşın müəyyənləşdirilsin, şahid kimi ifadəsi alınsın,
5. Hadisədə iştirak etmiş ikinci maşının qabaq sağ qanadına və sağ qapısına baxış keçirilsin, avto-texniki ekspertiza təyin edilməklə, həmin maşının qabaq sağ qanadında və sağ qapısında təmir işlərinin aparılıb-aparılmaması müəyyən edilsin,
6. İkinci maşının içində, arxa sağ tərəfdə oturmuş şəxs – müdir müəyyənləşdirilərək, ifadəsi alınsın.
7. Zərərçəkmiş P.Abbasov təkrarən dindirilsin. Göstərdiyi bələdçilik xidmətinin əvəzində əmək haqqı almasına baxmayaraq, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin XIII hissəsində nəzərdə tutulan qaydaların pozulmasında onun rolu dəqiqləşdirilsin. Çünki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin XIII hissəsinə əsasən, “Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir”. Mən də, “başqa şəxs” kimi, məhz zərərçəkmişin köməyindən istifadə etmişəm və onun komandası ilə hərəkət etmişəm. Bu, həm də, onun xidməti vəzifəsi olub. İfadələrində də göstərdiyi kimi, bu xidmətin müqabilində o, gündəlik 30-40 manat pul qazanırmış.
8. Zərərçəkmiş Pərviz Abbasovun hadisə günü narkotik maddə qəbul edib-etməməsi müəyyənləşdirilsin. Çünki, ona ilk tibbi yardım göstərən tibb bacısı şəxsən mənim yanımda, iynə vurmaq üçün onun damarını tapa bilməməyindən gileylənir və damarlarını tamamilə “yandırdığını” bildirirdi. Bu məqsədlə, Travmatologiya Xəstəxanasından P.Abbasova aid müalicə sənədləri, “Epikriz” tələb edilərək işə əlavə edilsin və bu hal barədə onu müalicə edən həkimlər və tibb bacıları dindirilsinlər.
04 iyun 2013-cü il
İmza: / Q.C.Məmmədov /