Əlaqə vasitələri

HANSI PARTİYANIN NƏ QƏDƏR ÜZVÜ VAR? – ARAŞDIRMA

HANSI PARTİYANIN NƏ QƏDƏR ÜZVÜ VAR? – ARAŞDIRMA
Tarix : 2013.05.25  12:53:41
Deyilənlərə inansaq, ölkədə seçicilərin 5/1-i siyasi partiyaların üzvləridir

Hafiz Hacıyev Modern.az-a müsahibəsində qeyd edib ki, Müasir Müsavat Partiyasının 90 min üzvü var. Təkamül Partiyasının sədri vəzifəsindən istefa verərək, BAXCP sıralarına qoşulan Teyyub Qəni isə “Təkamül”ün 10 min üzvünün olduğunu bildirib. Bu sayların reallığı əks etdirməsi şübhəlidir. Hər halda ən doğrusunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və Teyyub Qəni bilir.

Modern.az bu açıqlamalardan sonra bir neçə partiya arasında üzvlərinin sayı ilə bağlı araşdırma aparıb.

Hakim Yeni Azərbaycan Partiyasının (sədr İlham Əliyev) rəsmiləri üzv sayının 600 mini keçdiyini bildirsə də, qurumun rəsmi saytında bu say az göstərilib. Belə ki, üzv sayı 593.351 kimi yazılıb. YAP aparatından Modern.az-a bildiriblər ki, bu, əslində vəsiqəsi olan partiya üzvlərinin sayıdır. Yerdə qalan üzvlərin isə vəsiqəsi olmadığından həmin şəxslər bu siyahıya salınmayıb.  “Amma reallıqda üzvlərin sayı 600 mini keçir”.

Ölkənin aparıcı müxalifət partiyası Müsavatdan (sədr İsa Qəmbər) daxil olan məlumatda göstərilir ki, partiya üzvlərinin sayı 100 mindən çoxdur. Yeni müraciətlər isə çox müşahidə olunur.

AXCP (sədr Əli Kərimli) sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, hazırda üzvlərin sayı 30 mindən çoxdur. AXCP rəsmisi qeyd edib ki, üzvlərinin sayında artım müşahidə olunur. Təkcə ötən il 2 mindən yuxarı yeni üzv qəbul olunduğunu vurğulayan sədr müavini üzvlüklə bağlı müraciətlərin də davamlı və dinamik olduğunu diqqətə çatdırıb.

Ümid Partiyası (sədr İqbal Ağazadə) Ali Məclisinin sədri Ənvər Ağazadə bildirib ki, əsas üzvlük gənclər və qadınlar təşkilatına olur. O qeyd edib ki, qarşıdan gələn qurultay zamanı partiya sədrinin hesabatı dinləniləcək. Bundan sonra üzvlüklə bağlı dəqiq məlumat ictimaiyyətə və mətbuata bildiriləcək. “2013-cü il mart ayına qədər olan statistikanın göstəricisi isə 57 min nəfər civarındadır”.

Böyük Quruluş Partiyasından deyilənlərə görə, sənədlər əsasında qurumun 7 mindən artıq üzvü var. Bu barədə BQP Ali Məclisinin sədri Əjdər Əliyev qeyd edib ki, 57 rayon təşkilatı bu qədər üzvü özündə birləşdirir.

Deputat Asim Mollazadənin sədri oluğu Azərbaycan Demokratik İslahatlar Partiyasının üzvlərinin sayı təxminən 7 minə yaxındır (6980). “2013-cü ildən sonra partiyaya qoşulmaq istəyən insanlar müraciət ediblər”-deyə partiyanın mətbuat xidmətindən məlumat verilib.

Vətəndaş Həmrəyliyi Partiyasının (sədr Sabir Rüsəmxanlı) 80 rayon və şəhər təşkilatı özündə 20 min üzvü birləşdirir. Bu barədə partiyadan məlumat verilib.

İlyas İsmayılovun sədri olduğu Ədalət Partiyasının isə 23 mindən artıq üzvü var.

Qüdrət Həsənquliyevin sədrlik etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) isə 12.800 üzvü var. Bu barədə partiyanın baş katibi Söhrab Abdullayev məlumat verib.

Azərbaycanın müstəqillik tarixində önəmli rol oynamış və ilk çoxpartiyalı sistemin əsasını qoyan Milli İstiqlal Partiyasının (AMİP, sədr Yusif Bağırzadə) üzvlərinin sayı da 23 mindən çoxdur. Prosedur qaydalarına əsasən yeni üzv olmaq istəyənlər partiyanın mərkəzi aparatına gəlirlər və həmin şəxslər bundan sonra qeydiyyatda olduqları rayonlar təşkilatlarının qərargahına göndərilirlər. Partiyadan bildiriblər ki, üzvlükdən çıxanlarla bağlı onlarda məlumat yoxdur. Çünki AMİP-dən çıxan insanlar ərizə yazmırlar( Tanınmış şəxslər istisna olmaqla). “Onların partiyadan çıxıb-çıxmamağı da bilinmir. Bu barədə elan da etmirlər”. Digər tərəfdən üzvlüklə bağlı müraciət edənlərin 85%-nə qədərini 18-22 yaşlı gənclər təşkil edir. Son beş ayda isə 80-dən çox gənc partiya sıralarına qoşulub.

Azərbaycan Demokrat Partiyasında (ADP, sədr Sərdar Cəlaloğlu) isə 10 mindən çox üzv olduğu bildirilib. Ötən il ərzində partiyaya 1500 nəfər qoşulub. Üzvlüklə bağlı isə müraciətlər az da olsa, var.
Klassik Xalq Cəbhəsi Partiyasının (sədr Mirmahmud Mirəlioğlu) təxminən 20 min üzvü var. Bu barədə partiyadakı mənbələrdən məlumat almışıq. Bildirilib ki, KXCP sədri cəmiyyətdə nüfuzlu şəxs olduğundan  üzvlük üçün müraciətlər durmadan artır. Bölgələrdə üzv olmaq üçün bu il 80 dən çox insanın isə müraciəti cavabsız qalmayıb və onlar KXCP sıralarına qoşulublar.

Modern.az-ın aradırmasından çıxan nəticə budur ki, sorğulanmış partiyaların ümumilikdə  ümumən 909.800 nəfər üzvü var. Bu da Azərbaycandakı ümumi seçici sayının (təxminən 5 milyon nəfər) beşdə biri deməkdir. /Modern.az/

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir