- ÇƏRŞƏNBƏ, 20 MART 2013 12:38
- QƏNIMƏT ZAHID
Azərbaycan milyonerlərinin idbar xüsusiyyətləri
Birinci yazı
“Azərbaycan saatı” üçün yardım kampaniyası mənə bu bir il ərzində müraciət etdiyimiz həmyerlilərimizlə bağlı çoxlu sayda epizodları xatırlatdı. Düz bir il bundan əvvəl “Azərbaycan saatı”nın əsasını qoymaq üçün maliyyə vəsaiti axtarmağa başladım. Mənə elə gəlirdi ki, ciddi bir çətinlik olmayacaq. Dünyanın hər yerində varlı azərbaycanlılar var və onların, demək olar ki, hamısı Azərbaycanın indiki hökumətinin əlindən cilov gəmirir.
Bu adamların hamısı bu və ya başqa zamanlarda olan söhbətlərimizdə bu quldur idarəetmə tərzinə lənət oxuyur, Vətəndən didərgin düşdükləri üçün Əliyevçi rejimi ittiham edir. Hamısı belə hesab edir ki, Vətəndən kənarda qazanılan hər bir milyon Vətəndə qazanılan qəpik-quruşdan daha dəyərsizdir.
Buna görə də öncədən tanış olduğum, fikrinə-düşüncəsinə bələd olduğum insanlara ağız açdım və heyrətləndim.
***
Üz tutduğum ilk adamın milyonları vardı. Belə bir TV layihəsinin misilsiz bir xidmət olacağını vurğuladı. Vətəni bu cəlladlardan xilas etmək üçün bizim apardığımız mübarizəni “müqəddəs savaş” adlandırdı… Amma yardım etməkdən yayındı. “Pulum yoxdur” deyə bilməzdi. Bu, çox ağ olardı. Amma ənənəvi olaraq, (bunun ənənəvi olduğunu da bir müddət sonra biləcəkdim) “indi vəziyyətim o qədər də yaxşı deyil, bir krizis yaşadım, bir müddət sonra hökmən ciddi bir yardım edəcəyəm” dedi.
Ikinci adam da aşağı-yuxarı eyni arqumentləri gətirdi.
Üçüncü adam da!..
Bunlar bir-birinin ağzına tüpürüblərmiş kimi!
Bu arada, Rusiya şəhərlərinin birində olduqca kiçik bir biznesin sahibi olan, illik qazancı 50 min dolları haqlaya bilməyən bir həmvətənimiz məni tapdı. Necə tapdığını bilmədim, amma… “Belə bir niyyətinin olduğunu öyrəndim. Başlamaq üçün nə qədər lazımdır?” soruşdu. Dedim. “Haraya göndərim”, – deyə soruşdu və başladım. Amma ikinci ay, üçüncü ay, daha sonrakı aylar gözlərimin önündən daş kimi sallanırdı.
***
Bir tərəfdən də, tək idim, axı. Həm studiyaya çıxmalı, həftə ərzində sonrakı proqramlara hazırlaşmalı, montaj dərdi çəkməli,.. başqa bütün bu işləri yoluna qoymalı idim. Qalacaq yerim də yox idi. Otellər bahalıdır. Ən ucuzu belə mənim üçün çox bahalıdır. Ofisimiz yoxdur. Heç bir texniki vasitəçimiz yoxdur. Yalnız Aydın Taşın bir maşını var. Bu maşın bizim ofisimizdir. Xoşbəxtlikdən Vahidlə də lap tez, zamanında tapışdıq. Mənim televiziya işi ilə tanışlığım yalnız müsahibə verməkdən ibarət olub və heç bir təcrübəm yoxdur. Çəkilişin necə aparıldığı, proqramın necə hazırlandığı, bütün texniki prosesin nədən ibarət olduğu barədə anlayışım sıfrın altındadır. Bəlkə də, belə olmağı yaxşıdır. Televiziya işinin bu qədər çətinlikləri olduğunu bilsəm, bəlkə də, risk etməzdim. Aydın Taş tez-tez rahat təkzib olunan həyəcanla “Abi, bu iş çox zor, ikimiz başarılı olamayız, heç olamayız…” deyə zəhləmi tökür. “Aydın, yaparız! Yapmama haqqımız yok!” deyirəm və sakit-sakit sifətimə baxıb razılaşmadığını deyə bilmir.
***
Amma axı pul yoxdur. Aydın elə bilir ki, var. Amma mən bilirəm ki, yoxdur. Həm də, ikinci həftə ötdükdən sonra anladım ki, pul yoxdur. Yəni, pulun olmamağı bütün entuziazmı birmənalı şəkildə məhv edir. Və ikinci ay ən xoşbəxt bir təsadüf bizi yaxaladı. Üçüncü ayın qorxusunu bir az arxa plana atdım…
Moskvada ayaqqabı satışı ilə məşğul olan bir iş adamı var. Adını indi də yaza bilərəm, sonra da. Əlində 10-15 milyon dollardan artıq pulu var. Mən Yer üzündə belə bir adamın mövcudluğundan xəbərsizəm. Yaxın dostlarımdan birinə zəng edir və deyir ki, onu görmək istəyirəm, “pərəstişkarım” imiş. Böyük bir banket təşkil edir. On il bundan əvvəlki yazılarımdan da sitat gətirir. Sanki imtahan verirmiş kimi üzümə baxır. Məmnun olması üçün gülümsəyirəm, təbii. Məclisin sonunda bir kənara çəkilirik. Proqram barədə, onun əhəmiyyəti haqqında danışıram. “Əlbəttə, – deyir, bizim millət də yazıqdır, onun da azadlığa çıxmaq haqqı var. Eşq olsun sizin kimi insanlara!”
Nida işarəsi məni ehtizaza gətirir. “Bəy”, deyirəm, “bunun bir aylıq xərci bu qədərdir. Bəlkə bircə ayın xərcini çəkəsiz…” Sabaha vaxt istəyir. Səhəri gün onuncu telefon zəngimə kobud Azərbaycan ləhcəsi ilə rus dilində cavab verən birisi “On v Kitaye” deyir. Mən “bu qədər şərəfsiz adamı Çinə buraxmaqda məqsədiniz nədir?” deyirəm. “Orada milyard yarım adam var, birdən onlara da yoluxdurdu…”
***
Bir başqası ondan da varlıdır. Mənim Vətən və millət qarşısında xidmətlərimlə qürur duyduğunu deyir. Hesab nömrəsi istəyir ki, bu xidmətlərin arasında balaca da olsa, haqqının olduğundan məmnun olsun. “Nəslimin qarşısında xidmətdir, millətim qarşısında xidmətdir! Bunun sizə dəxli yoxdur ki… insanlıq və vətəndaşlıq borcumdur!”
Hesab nömrəsini verirəm. Ən uzağı, bir həftəyə hesabda olacağını deyir. Üstündən 7 ay keçib. O adamın nəsli və milləti məmnun ola bilmir.
Azərbaycanlı milyonerlərin əksəriyyəti belə hesab edir ki, qorxaqlıq xəsislikdən daha ləyaqətli keyfiyyətdir. Belələri xəsisliyin üstünü ört-basdır etmək üçün qorxaqlığı arqument olaraq göstərirlər. “Bəy, bilsələr dərimə saman təpərlər! Yerin də qulağı var! Nəslimi kəsərlər!”
Kim biləcək, necə xəbər tutacaq? heç bir arqument yoxdur. Adam qorxur. Anlamıram ki, bu qədər qorxmaq üçün bu qədər pulu qazanmağa nə ehtiyac vardı?
***
Bir başqası məni uzaq bir ölkəyə dəvət edir. “Bilirəm, ciddi maliyyə problemləriniz var, amma çox ciddi işlərlə məşğulsuz. Gəlin, bu məsələləri müzakirə edək”.
Quş kimi uçuram! “Aydın, iztirablarımız bitdi, deyəsən! Adam maliyyə çətinliklərimizi eşidib və məni dəvət edir!”
Aydın uçmur, çünki cəmi bir biletə yetəcək qədər pulumuz qalıb.
Bu it oğlu düz 3 gün mənə peşəkar televizyonçuluq haqqında leksiya deyir. Nəyi necə etməliyik, amma etmirik. Bu uzaq və zəhlətökən şəhərdən necə qopmaq haqqında düşünürəm. Anlayıram ki, bu adam mənə bir qəpik də verməyəcək. Elə də oldu. “Mənim indi imkanım yoxdur, amma bir-iki aydan sonra sizə ciddi yardım edəcəyəm” deyir. Bu adamın sifətinə itin sözünü deyirəm. Yarım saatlıq danlaqdan sonra ağlı kəsir ki, mənə buradan cəhənnəm olmaq üçün yol pulu lazımdır. Hansısa qırılmışına zəng edir ki, ona bir az borc versin!!!
Matım-qutum çəkilir. Onun uzatdığı yol pulunu da sifətinə çırpıb çıxıram.
***
“Indi yoxumdur, amma yaxınlarda yardım edəcəyəm”, “qorxuram”, “Azərbaycanda qardaşım (və ya əmim oğlu, dayım oğlu, hansısa itin oğlu,..) hansısa 10-cu dərəcəli vəzifədə işləyir, onu tutarlar, məhv edərlər”… kimi rəzil arqumentlər məni Azərbaycan milyonerlərindən iyrəndirib. Onların əksəriyyətinin pulu artdıqca insanlıq keyfiyyətləri məhdudlaşıb. Sanki həmin keyfiyyətləri sataraq milyoner, milyarder olublar.
Amma hamısını yox, əksəriyyəti deyirəm.
Bu əksəriyyətə daxil olanların hamısı özünü bircə-bircə tanıyır. Zaman gələcək, maraqlı bir xatirə kitabçası yazıb onların adlarını da “şərəfləndirəcəyəm”.
***
Bir ildir ki, “Azərbaycan saatı” efirdədir. Aprelin 6-da bir il olacaq. Bu bir illik əsəb gərginliyini, “sonrakı ayı nə edəcəyik”, “qapanmaq təhlükəsi varmı, borcumuz nə qədər artdı”,.. kimi daşdan ağır sualları təpəmə döyə-döyə bircə kəlmə ilə proqramın borcunu tam və ya imkanı çatan həddə qapadan azərbaycanlıları da minnətdarlıqla xatırlayıram. Onlar bu millətin qızıl fonduna daxildirlər. Imkanları böyük deyil, xəsis deyillər, xəsisliklərini ört-basdır etmək üçün qorxaqlığı sipər eləmirlər. Daha artıq yardım edə bilmədiklərinə görə xəcalət çəkirlər. “Azərbaycan saatı” bu cür adamların səmimiyyəti üzərində yaşayır.
“Azərbaycan saatı”na ilk yardım kampaniyasına səs verən sadə vətəndaşlara ünvanlı çağırış etmirik ki… Bu adamlar anonim çağırışa qoşulurlar, özlərini bu anonim çağırışın ünvanı hesab edirlər. Naməlum Qəhrəman obrazı bu cür yaranır…