Əlaqə vasitələri

Əli Kərimli xalqın xilaskarından yazdı

ÇƏRŞƏNBƏ, 22 MAY 2013 13:01

“Nə heç bir lider, nə də heç bir qurum gözümüzə xilaskar kimi görünməməlidir, amma… onu uzaqda axtarmayın”

AXCP sədri Əli Kərimli demokratik qüvvələrin böyük birliyinin yaranması mövzusuna toxunaraq, bununla bağlı bəzi yanlış gözləntilərə aydınlıq gətirib. AXCP sədri demokratik qüvvələrin daha geniş formatda birləşməsi ilə ölkədəki avtoritar rejimə avtomatik son qoyulacağını gözləməyin doğru olmadığını qeyd edib və “xilaskarın” ünvanını göstərib. Əli Kərimlinin Facebook səhifəsində paylaşdığı yazını təqdim edirik:

Ölkəmizi xilas edəcək qüvvəni tanıyırsınız?

Milli Şuranın yaranmasına xalqın əksər təbəqələrinin dəstəyi açıq-aşkar hiss olunur. Xeyli sayda həmvətənimiz inanır ki, müxalifətin daha geniş formatda birləşməsi demokratik dəyişikliklərin önünü açacaq. Əlbəttə ki, xalqımızın böyük bir hissəsinin bu ideyaya dəstək verməsi, bu birliyə ümid bəsləməsi çox yaxşı xəbərdir və birlik təşəbbüskarlarını ruhlandırır. Lakin prosesdə narahatedici məqamlar da var. Bir çoxları inanmağa başlayıb ki, Demokratik Qüvvələrin Milli Şurasının yaranması az qala avtomatik olaraq ölkədə demokratik dəyişikliyə səbəb olacaq. Belə gözləntilərin artması səbəbindən qərara gəldim ki, demokratiyaya keçid prosesində demokratik institutların, ayrı-ayrı liderlərin və xalqın rolu haqda yazım.

Əminəm ki, bütövlükdə vətəndaş cəmiyyətinin, demokratik təsisatların inkişafı, o cümlədən müxtəlif təbəqələrin təmsilçisi kimi meydana çıxan partiyaların formalaşması və güclənməsi demokratiyaya keçidin zəruri şərtləridir. Siyasi partiyalar, o cümlədən ayrı-ayrı liderlər, partiyaların mühüm funksionerləri cəmiyyətin müəyyən bir kəsimini aktivləşdirmək, təşkilatlandırmaq, onları şəxsi nümunə ilə ruhlandırmaq kimi vacib funksiyanı həyata keçirirlər. Eyni zamanda siyasi partiyalar alternativ proqramlar və yanaşmalar təqdim etməklə də demokratiyaya keçid üçün zəmin yaratmış olurlar.

Dünya təcrübəsi təsdiq edir ki, demokratik qüvvələrin böyük birliklərinin yaranması isə bir qayda olaraq qeyri-demokratik ölkələrdə demokratik dəyişiklikləri yaxınlaşdırır. Belə birliklərdə hökumət əleyhdarları qarşılıqlı kompromislər əldə etmək və müxtəlif maraqları uzlaşdırmaq vərdişlərini inkişaf etdirirlər. Ən əsası isə belə böyük koalisiyaların yaranması xalqda rejim dəyişikliyindən sonra da sabitliyin qorunub saxlanılacağına inam yaradır. Rejimdən narazı insanları kütləvi şəkildə mübarizəyə qoşulmağa ruhlandırır.
Məhz bunları bildiyimiz üçün həm partiya olaraq üzərimizə düşəni etməyə çalışırıq, həm də müxalifətin Demokratik Qüvvələrin Milli Şurasında birləşməsi üçün əlimizdən gələni əsirgəmirik.

Amma bəzən bizim bu çalışmalarımız cəmiyyətin bir hissəsi tərəfindən yanlış başa düşülür. Bəzilərində elə illüziya yaranır ki, guya liderlər, partiyalar, ictimai fəallar birləşsələr xalqın aktiv iştirakı olmadan da rejim dəyişikliyi baş tutar. Bir çox dostları bu səhvdən çəkindirmək üçün bu yazını yazdım. Bizlər nə qədər ürəkdən çalışsaq da, öz aramızda arzu olunan birliyi yaratsaq da, xalqımızın aktiv iştirakı və dəstəyi olmadan dəyişikliklərə nail ola bilmərik. Müxalifətin birliyi xalqın qələbə şansını heç şübhəsiz ki, artıracaq, amma qələbəni avtomatik olaraq labüd etməyəcək. Azərbaycanda demokratiyanı bərpa etmək ümummilli vəzifədir. Ümummilli vəzifəni isə yalnız ümumxalq hərəkatı ilə reallaşdırmaq olar. Nə heç bir lider, nə də heç bir qurum gözümüzə xilaskar kimi görünməməlidir. Amma Xilaskar da olacaq! Onu uzaqda axtarmayın.Yalnız hər birimizin sıra nəfəri olacağımız ümumxalq demokratik hərəkatı xalqımızın Xilaskarı olacaq.

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir