Dünya dağılır. Yalnız iki nəfər xilas ola bilir: Bakı Şəhər İH-nin başçısı Hacıbala və kvadratına 1500 manat ödənilərək evi zorla sökülən başqa bir azərbaycanlı.
“Hacıbala” dünyanın bütün xəzinələrini, “evi sökülən” də bir ədəd bişmiş toyuq ələ keçirib Marsa köçürlər. Bir azdan aclıq başlayır. “Evi sökülən” süfrəsini açır, başlayır iştahla yeməyə. “Hacıbala” kənardan xeyli baxır, baxır, axır ki aclıqdan əldən düşdüyünü görüb yaxınlaşır:
— Məni də qonaq edərsənmi?–deyə, soruşur.
—Satıram, Hacıbala, satıram.
—Neçəyə?
— Baxır harasını istəyirsən.
— Mən belini xoşlamışam həmişə.
— Yüz milyon dollar!
— Nəəə? Yüz milyona toyuq beli olar?
— Bahadır alma.
— Budunu neçəyə verərsən?
— Səksən milyona, ancaq marsoyla ödəyəcəksən.
— Qardaş, sən dəli olmusan, bu nə qiymətdir belə? Marso nədir, mən belə pul görməmişəm.
—Bahadır alma, Hacıbala müəllim, səni məcbur etmirəm ki, Dünyada olanda mənim evimin qiymətini özün qoyub özün də sökmürdün? Yevroyla ödəmirdin ki, manatla ödəyirdin. Burda da zor eləyə bilməyəcəksən haaa. Burda pul vahidi marsodur, ona görə də marsoyla ödəmə edəcəksən.
— Acından ölürəm, heç olmasa bir qanad sat.
— İki yüz milyon dollar.
— Nə oldu, qanad döş ətindən baha oldu?
— Bazarda qıtlıqdır, qardaş, qiymətlər qalxıb. Xoşun gəlmir alma. Get başqasından al.
— Burada səndən başqa satıcı yoxdur axı.
— Ay sağ ol, indi başa düşdün. Burası bazardır, Hacıbala müəllim. Bazarda cəmi bir toyuq varsa, onun da qiyməti bazara daxil olan bütün pulların cəmi məbləğinə bərabərdir. Ağlın Dünyaya— at oynatdığınız o rejimə getməsin. Bura Marsdır, mülkiyyət hüquqları qorunur burada qanun, hüquq, demokratiya var.