Qafqazinfo-dan götürmüşəm. 14.05.2013
Günel Musa
Sovet dövründə senzura deyilən bir qayda- qanun vardı ki, bir adam bir şeirini, ya da yazısını çap etdirmək üçün aylarla, bəzən isə illərlə gözləməli olurmuş. Hələ kitab çıxartmağı demirəm. İşin o tərəfi ümumiyyətlə “məşəqqətli” bir etap olub. Bu gün isə minlərlə saytlar, portallar yaranıb, hamı əlini qolunu sallaya –sallaya ağzına gələni yazıb, ürəyi istədiyi yerdə çap etdirir. İndi ədəbiyyata gələnlərdən çox ədəbiyyata gətirilənlər bolluğudur. Əvvəllər ərindən boşananlar depressiyadan xilas olmaq üçün gedib əlüstü bir klip çəkdirib müğənni olurdu, indi də ərindən boşanan şeir yazıb, roman qoşub, kitab çap etdirir. Və əllərində yellətdikləri ən əzəmətli bəhanə bayraqları “Yaradıcı adamın ailəsi olmur” sözüdür. Sanki evliykən evlilik xarüqələr yaratmalarına ciddi maneçilik törədirdi. Belə bir sual yaranır. Boşandın yaxşı elədin, bəs sonra ortalığa hansı yaradıcılıq qoydun? Cavab isə üç nöqtədən ibarət olacaq.
Məsələnin ən gülməli tərəfi odur ki, bu qruplaşmış postmodernist yazanlar bandası hələ Azərbaycan ədəbiyyatı, mətbuatı üçün fövqaladə bir şey çıxartmayıblar ortalığa. Azərbaycandan kənarı bir tərəfə qoyuram, heç Azərbaycan daxilində düz- əməlli tanıyıb oxuyanı yoxdur, di gəl ki, oxucularım deyib ağızlarını açanda adama elə gəlir ki, beş- altı rayonda camaat bunlara heykəl qoyub başına fırlanırlar, Quran yerinə bunların kitablarına əl basırlar. Deyirəm yaxşı ki, bu facebook da var yoxsa vəziyyətləri lap ağır olardı. Bir dəfə iki sözü bir- birinə calayıb bir cümlə qura bilməyən, amma camaata dərs keçmək həvəsiylə yanıb- tutuşan məzəli postmodernistlərdən biri (adını çəkmirəm reklam olar onun üçün) demişdi ki, qocaman yazıçılardan biri ilə “Tarqovu”da gəzirdik camaat məni tanıdı onu yox. Daha demir ki, camaat oxuma qabiliyyətini artıq itirdiyi üçü o yazıçını tanımır, bunu isə Bakının yarısı facebookda olduğu üçün tanıyır. Bir də ki, qətiyyən dərk etmir ki, tanınmaqla oxunmaq arasındakı fərq çox böyükdür.
Anar və onun müasirləri indi onlara buynuz atanların yaşında olanda artıq postsovet məkanında tanınmış və oxunan ədəbi şəxslər idilər. Bunların isə adlarını hansısa rayonda çəkəndə camaat “o kimdi?” sualının birini götürüb, o birini qoyur. İndinin özündə də ucaqar bir dağ kəndində Anar, Səməd Vurğun, Süleyman Rəhimov və başqalarının adını çəkəndə ən savadsız kənd sakini o yazıçıların ən azından üç əsərinin adını çəkə bilib, amma bunların adını çəkəndə “tanımıram” deyirsə deməli oxuduqları kitabların sayı və ağırlığını gözlərə soxmağı buraxıb, samballı əsərlər yazmaqla məşğul olamlıdırlar. Bacarmırlarsa da gedib nəşriyyatda korrektordan zaddan işləsinlər. Bütün yazılarında, danışıqlarında iki sətirdən bir dünya ədəbiyyatı nümayəndələrinin fikirlərindən sitat gətirməklə cəmiyyətdə savadlı, intellektual imici yaratmağa çalışanlara özlərinə aid bir fikir istehsal etmələrini arzu edərdim. Özümü qətiyyən köşə yazarı hesab etmirəm. Bəndəniz də üç-beş quruş artıq qazanıb keçimimi təmin etmək üçün hərdən bir xəcalət çəkə- çəkə bir iki cümlə qələmə alıram. Çünki köşə yazarı olmağın məsuliyyətinin çox böyük olduğunu dərk edə bilirəm. Çox uzağa getmirəm yaxın Türkiyədə köşə yazarları kimlərdir? Professorlar, cəmiyyətdə özünə yetərincə inam, rəğbət qazanmış yaşı 50 dən yuxarı bilgili, cəmiyyətdə analiz aparmaq qabiliyyətinə malik insanlar. Bizdəkilər kimlərdir? Araq süfrələrində oturub dütdü deyincə içib ağzının danışığını bilməyənlər. Facebook meydanlarında az qala su başına gedən yolda da şəkil çəkdirib like toplayan məzəli adamlar. Türkiyənin köşə yazılarının ana mövzusu nədir? Xalqın dərdi, deyə bilmədikləri. Bizimkilərin ana mövzusu: sevgi “fəlsəfəsi”, arvadından, ərindən ayrılmağın verdiyi əzab, məktəb, universitet vaxtı sevişdiyi qızların statistikası, yaşı 40-ı adlayan kişilərin yeniyetməlik duyğuları, bakirəliyini erkən yaşlarda itirmiş qızların seksin vacibliyini dönə-dönə vurğulaması və s. Qarşılaşdırmaya baxanda nə qədər böyük fərq ortalığa çıxır deyilmi? Deməli küncdə-bucaqda qalmışların küncə, bucağa yazı yazmağıyla köşə yazarı olmaq olmur. Bakirəliyin o qədər də əhəmiyyətli olmadığını car çəkən bakirəliyin qürurunu yaşamaq şansından məhrum olanlar bu günlə gələcək arasındakı o işığı kəsib bizi qaranlıq gələcəyə məhkum edirlər. Bu gün bacısının bakirə olmamasını, istədiyi oğlanla könlü istəyən kimi kefini çəkməyin “normal” olduğunu yazan “oğlanlar” kişi nəslinin artıq tükəndiyinin ilkin siqnalını verir. Budur bizim yazarların topluma aşıladığı fikir. Torpaqlarını itirmiş bir məmələktin üstəlik də ləyaqətini, şəxsiyyətini itirən bir cəmiyyətinin fərdi olaraq nəfəs almaq olduqca çətindir. Kimisi ləyaqəti, vicdanı döş cibinə qoyub sinəsində gəzdirir, kimisi də şalvarının arxa cibinə qoyub üstündə oturub. Çətindir bu millətin gələcəyinin yaxşı olcağına dair ümid bəsləmək. Yaman yerdə axşamlamışıq, axşamımızın səhəri xeyir ola barı…