VƏKILLIK INSTITUTUNU ÖLDÜRƏRƏK DƏFN EDIBLƏR VƏ BUNUN DA MOLLALIĞINI AZƏR TAĞIYEV EDIB

(12-05-2013, 23:08)

Qurban Məmmədov: “Bu şəraitdə seçkidə sona qədər iştirak edəcək namizəd satqındır, hakimiyyətin nökəridir”Ötən gün Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınmış vəkil Aslan İsmayılovu bu qurumdan uzaqlaşdırıb. Bununla da, faktiki olaraq Azərbaycanın ən məşhur və savadlı vəkillərindən biri olan A. İsmayılov zərələşdirilib. Qeyd edək ki, A. İsmayılov son zamanlar daha çox siyasi hakimiyyəti, yüksək postlu vəzifəli şəxsləri, habelə hüquq mühafizə orqanlarını ciddi tənqid edirdi. İnsanın siyasi və ya hüquqi mövqeyinə görə, onun vəkillikdən uzaqlaşdırılması Azərbaycan reallığında mümkün görünsə də, normal ölkələrdə bu gülməli hadisə və ya ironik durum hesab oluna bilər. Azərbaycanda hüququn durumu, vəkillik institutu, iqtidarın apardığı siyasət və digər məsələlərlə bağlı suallara 1995-1998-ci illərdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olan Qurban Məmmədov cavab verib.– Qurban bəy, Azərbaycanda hüququn aliliyi, qanunların işləməsi baxımından vəziyyəti necə qiymətləndirirsiniz, hansı çatışmamazlıqlar var?
– Azərbaycan bir dövlət olaraq, onun bütün strukturları demək olar ki, hüquq müstəvisindən kənara çıxıb. Demək olar ki, Azərbaycan yazılı qanunlarla idarə edilməyən bir məkana çevrilib və bu çox qorxulu haldır. O cümlədən, mən məhkəmə sistemindəki vəziyyəti qeyd edərdim. Əlbəttə, prokurorluqda və polisdə olan vəziyyəti də qeyd etməmək olmaz. Nəhayət Azərbaycan Vəkillər Kollegiyasında baş verən proseslər və hadisələr ölkədəki hüquq vəziyyətinin, kriminal drumun bariz göstəricisidir. Əgər vəkillərə hansısa formada təzyiq olursa, onlara işləmək üçün imkan verilmirsə, bu artıq mövcud rejimin mahiyyətindən xəbər verir.
– Bütün normal ölkələrdə ən pristijli sahə hüquq sahəsi, vəkillik peşəsidir. Bu gün ölkəmizdə vəkillik institutu hansı durumdadır?
– Azərbaycanda vəkillik institutunu öldürüblər, sonra da dəfn ediblər, indi də onun qırx mərasimi başa çatır. Bu prosesə də, mollalığı Azər Tağıyev adlı şəxs edir. Mərkəzi Seçki Komissiyasında seçki saxtakarlığına imza atır deyə onu uzun illərdir ki, Vəkillər Kollegiyasının sədri vəzifəsində saxlayır və onun vasitəsilə ən şərəfli peşələrdən birini məhv edirlər. Ancaq vəkillik institutunun məhv olmasında vəkillərin özlərinin də müstəsna xidməti və rolu var. Siz təsəvvür edin ki, vəkillər dövlətdən rəsmən asılı olmayan peşə sahibləridir. Əksinə, vəkillər dövlətə vergi ödəyir və əvəzində dövlətdən əmək haqqı, əmlak almırlar. Vəkillər öz sözlərini müstəqil şəkildə deməyi bacarmalıdırlar. Görün Azərbaycan vəkilləri nə rəzil gündədir ki, Lətifə Əliyeva, Namizəd Səfərov, İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Xalid Bağırov, Eldar Qurbanov, Elçin Namazov və digər ləyaqətli vəkillərə qarşı tərbiyyəsizlik edilib. Bu adamlar faktiki olaraq kollegiya üzvlüyündən uzaqlaşdırılıblar. Bunlar Azərbacanın ən öndə gedən vəkillərdir. İndi isə Aslan İsmayılovu kollegiya üzvlüyündən uzaqlaşdırıblar. Bu günə qədər bir vəkil ayağa qalxaraq bütün bu yaşananlara etiraz olaraq istefa vermir, səsini çıxarmır. Əksinə, müti şəkildə öz növbəsini gözləyir. Vəkili bu vəziyyətdə olan millət ölüdür. Bunun başqa adı yoxdur. Ləyaqət və şərəf hissini itirən toplum halına gəlməkdəyik. Ona görə də, mən məsələyə böyük faciəmizin başlanğıcı kimi baxıram.
– Siz Vəkillər Kollegiyasının üzvüsünüzmü?
– Xeyr. Əgər mən Vəkillər Kollegiyasının üzvü olsaydım, Aslan İsmayılovun oradan çıxarılmasına imkan verməzdim. Eləcə də yuxarıda adını çəkdiyim ləyaqətli vəkilləri kollegiya üzvlüyündən çıxarmağa qoymazdım. Əgər görsəydim ki, bütün bunları etməyə gücüm çatmır, bu zaman özüm istefa verərdim. Mən qanunu pozanların oturdugu yerdə otura bilmərəm. Xüsusilə, Vəkillə Kollegiyasında. Çünki orada Azər Tağıyev kimi seçki saxtakarlığında iştirak edən və hakimiyyətin sifarişlərinə boyun əyən məddah insan var.
– Sizi də Vəkillər Kollegiyasından qovublar?
– Mən 1987-ci ildən Vəkillər Kollegiyasının üzvü olmuşam. 1995-1998-ci illərdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olmuşam. Başqa sözlə, vəkilliyə gəlmək istəyən şəxslərin səviyyəsini yoxlamışam, onları bu işə qəbul etmişəm. Nə qədər təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, mənim vəkillik institutunun inkişafında müəyyən mənada rolum olub. Amma, 1998-ci ildə Heydər Əliyevin tapşırığı əsasında həbs edildikdən sonra mən beş il müddətində həbsdə saxlanıldım. Həbsdən çıxdıqdan sonra məni Vəkillər Kollegiyasına qoymadılar. Seçki saxtalaşdırılması prosesində iştirak edən Azər Tağıyev bildirdi ki, Vəkillər Kollegiyasına daxil olmağım üçün imtahan verməliyəm. Hansı ki, bir zamanlar mənim özüm gənc mütəxəssislərdən imtahan götürərək onların kollegiyaya qəbul edilib-edilməməsi haqda rəy bildirirdim. Məndə gedib 2007-ci ildə imtahan verdim. Yazılı imtahandan tələb olunan balı topladım. Gəldim şifahi söhbət mərhələsinə. Amma Azər Tağıyev kimi hakimiyyətin dediklərinə qulaq asmadığım, tapşırıqları müticəsinə yerinə yetirmədiyim, bu rejimə nökərçilik edə bilmədiyim üçün məni kollegiyaya qəbul etmədilər. Mən də bununla bağlı məhkəməyə üz tutdum. Qeyd edim ki, hazırda şikayətim Avropa İnsan Haqları Məhkəməsindədir. Hələlik məhkəmənin qərarını gözləyirəm. Hazırda mən müstəqil fəaliyyət göstərirəm. Özümün firmam var və vətəndaşlarıma hüquqi nümayəndə qismində mülki və cinayət işlərində köməklik edirəm.
– Ənnağı Hacıbəyli, İntiqam Əliyev, Elçin Namazov və digərləri daha çox siyasi xarakterli şəxsləri müdafiə etdikləri üçün Vəkillər Kollegiyasından kənarlaşdırıldı. Aslan İsmayılov isə adətən sahibkarları müdafiə edirdi. Bu şəxsin vəkillik peşəsindən kənarlaşdırılmasını necə qiymətləndirirsiniz?
– Əvvəla qeyd edim ki, Aslan İsmayılov İlham Əliyevə çox inanırdı. Ancaq 2010-cu il parlament seçkiləri ciddi şəkildə saxtalaşdırıldı. Bundan sonra Aslan İsmayılov siyasi hakimiyyətə qarşı da kifayət qədər ciddi mövqe tutdu. Son zamanlar isə o, Ramiz Mehdiyev haqqında, Ramil Usubovun barəsində kəskin bəyanatlar verib və bu gündə həmin mövqedədir. Yəni fəal siyasətdə olmasa da, mövqeyi var. Əlbəttə Aslan İsmayılov Azər Tağıyev kimi hakimiyyətə yaltaqlanmadığı üçün onu kollegiyadan kənarlaşdırdılar. Mən hesab edirəm ki, onun Vəkillər Kollegiyasından çıxarılması siyasi göstəriş əsasında baş verib. Bunun başqa variantı yoxdur. Hər halda bu biabırçı hadisədir.
– Azərbaycanda hüquq sistemi nə zaman düzələcək, bunu düzəltmək üçün potensial varmı?
– Mən kobud bir misal çəkmək istəyirəm. Buna görə millətim məndən inciməsin. Çünki bunu deməyə məcburam. İki heyvan var: eşşək və aslan. Siz heç görmüsünüzmü ki, aslandan yük daşımaq üçün istifadə olunsun? Amma eşşək yük daşımaq, yol qət etmək üçündür. Özü də eşşək üçün fərqi yoxdur ki, onun belində kim yük daşıyır və gedir. Aslandan fərqli olaraq eşşək sahibini tanımaz və həmdə yiyəsinə sədaqətli olmaz. Bir millət istəməsə onunla da, heç kəs bu şəkildə davrana bilməz. Bunu dəqiq bilirəm. Əkər mənə şübhə ilə yanaşırsınızsa, dünyada xalqların tarixinə həsr edilən kitabları oxuyun. Bu gün Azərbaycan xalqı ilə çox pis şəkildə davranılır, ondan yük daşımaq və ya minik vasitəsi kimi istifadə olunur. Mən daha bilmirəm ki, bunu niyə ediblər və məqsəd nədir. Amma bütün bunlara xalqımızın özü qiymət verməlidir.
– Siz yaradılması gözlənilən Milli Şura haqqında nə düşünürsünüz, bu alınacaqmı və onun effekt verəcəyi gözləniləndirmi?
– Azərbaycanda mütləq əksəriyyətin maraqlarını ifadə edən vahid bir quruma çoxdandan ehtiyac var. Bu siyasi və sosial sifarişdir. Bunu hər kəs, xüsusilə, siyasi partiyalar anlamalı və günün nəbzini tutmağı bacarmalıdır. Mən hesab edirəm ki, gec də olsa Milli Şurada bütün regionların nümayəndəsinin təmsil olmasına və toparlanmasına çalışılmalıdır. Bütün siyasi qrumlar da burada təmsil olunmalıdır. Bir sözlə, indiki siyasi rejimə qarşı mübarizə aparmaq istəyən fərdlər, ictimai və siyasi qüvvələr Milli Şurada təmsil olunmalıdır. Əlbəttə ki, ölkəmizdə olan ciddi və nüfuzlu ziyalılar, ictimai xadimlərdə bu prosesdə olmalıdırlar. Beləliklə də, böyük bir tərkibdə vahid qurum yaradılmalıdır. Bundan sonra yerlərə gedərək Milli Şuranın məqsəd və prinsiplərini xalqın diqqətinə çatdırmaq lazımdır. Bu vacib ideyadır və mən inanıram ki, biz buna nail olub uğurlar qazana biləcəyik. Azərbaycan hakimiyyəti qanunsuz qrupların əlindədir, Azərbaycan ən azından mütləq əksəriyəti təmsil edən bir qurum tərəfindən idarə olunmalıdır. Bu rejim hər an qaça bilər. Onlar hər an qaça bilərlər… Odur ki, Milli Şuranın yaranması vacibdir və mən bu prosesi dəstəkləyirəm.
– Siz bir zamanlar müxalifət düşərgəsinin bir araya gətirilməsi üçün müxalifət partiyalarının liderləri ilə müzakirələr aparmısınız. Bu liderlər bir araya gəlməyə hazırdırlarmı, yoxsa firqə marağı, mənəm-mənəmlik buna heç vaxt imkan verməyəcək?
– Siyasətçi ambissiyasız ola bilməz. Əgər siyasətçinin ambissiyası yoxdursa, deməli o sadəcə fiqurdur, atıblar orataya və idarə edirlər. Bu baxımdan birliklə bağlı yaşanan proses normaldır, hər kəs öz mövqeyini müdafiə etməlidir və zamanı gələndə də geri çəkilməli adam geri çəkiləcək. Mən buna tam əminəm. Hesab edirəm ki, həqiqi müxalifət sonunda belə bir addım atacaq. Hələ vaxta var.
– Siz 2013-cü il seçkilərindən nə gözləyirsiniz?
– Azərbaycanda vəziyyət seçkiyə qədər dəyişməlidir. Əks təqdirdə bu millətin və dövlətin gələcəyi yoxdur. Cinayətkarlar ölkəni talayır, xalqın əxlaqını korlayırlar. Ona görə də, vəziyyət dəyişməlidir. Bu siyasi rejimin vaxtında seçkilər olmur. Əgər kimsə bunu anlamırsa, deməli özünü rola qoyur. Bu rejim üçün normal və azad seçkilər yanaşması yoxdur. Bu mənada kim seçkiyə gedirsə, deməli bu rejimin nökəridir. Bu şəraitdə seçki ola bilməz.
– Amma müxalfət düşərgəsindən namizədliyini irəli sürənlər var…
– Azərbaycanda bəyəm seçki elan olunub ki, kimsədə namizədliyini irəli sürsün? Seçki Məcəlləsinin 185-ci maddəsinə baxsanız görərsiniz ki, hələlik rəsmi qayda da namizədliyini irəli sürən yoxdur.
– Fakt odur ki, müxalifət liderlərindən namizədliyini irəli sürəcəyinə dair niyyətlər ifadə edir…
– Niyyətlər ola bilər. Həm də burada söhbət sona qədər seçkilərdə iştirakdan gedir. Ola bilsin k, ağıllı siyasətçi namizədliyini irəli sürsün, bölgələrə səfər edərək insanlara sözünü desin, televiziya kanalından yararlansın və sonda da desin ki, xalqım bu rejim azad seçki keçirən deyil, çıxın küçələrə sözünüzü deyin. Mən hesab edirəm ki, bu seçkidə sona qədər iştirak edəcək namizəd satqındır, hakimiyyətin nökəridir.
HÜSEYN ABBASOĞLU

 3,410 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.