- BAZAR, 12 MAY 2013 09:49
- «İlham Əliyev bu məsləyə müdaxilə etməsə, o deməkdir ki, kampaniyanın göstərişini verən özüdür»
Qurban Məmmədov: «Vəkillər Kollegiyası kommunist əxlaqının, kommunist rejiminin qalığıdır»
Həbsxanada gənc fəallara qarşı törədilən qanunsuz addım ictimaiyyətin narazılığına səbəb olub. Hakimiyyət bu addımı ilə gəncləri gözdən salmağa çalışsa da, baş verən olay əks-effekt verib. Müsahibimiz Qurban Məmmədovla söhbətimiz əsasən hakimiyyətin cəmiyyətdəki aktivliyin qarşısını almaq üçün gənclərə, vəkillərə qarşı başlatdığı yeni kampaniyaya münasibət üzərində quruldu.
– Qurban bəy, hakimiyyətin həm qanunları, həm mənəvi prinsipləri kobud şəkildə tapdalaması necə qarşılanmalıdır? Bu nəyin görsənişidir?
– Azərbaycanın hüquq müstəvisindən çoxdan çıxdığını açıq demək lazımdır. Azərbaycan yazılı qanunlarla idarə olunmayan, işçilərin əmək haqları paketlərdə verilən, vergidən gizlənən bir dövlətdir. Bu baxımdan siyasi fəaliyyətinə görə saxlanılan addamlara qarşı törədilmiş əməllər rejimin mahiyyəti baxımından təbiidir. Təbii ki, bu addımlar hamısı qanunsuzdur və qınanılmalıdır. Baş verən olaylara beynəlxalq təşkilatların diqqətini cəlb edərək, mübarizə aparmaq lazımdır.
– Bu adamlar ictimai fəallardır və onların mətbuata çıxışları var. Amma bu ölkədə on minlərlə məhbus var. Həmin məhbusların taleyi ilə bağlı əndişə yaranır ki, onlara qarşı daha betər əxlaqsız, mənəviyyatsız əməllərə yol verilir. Çünki hakimiyyət bu addımı atmaqda və onu ictimailəşdirməkdə özünü çox rahat hiss edir…
– Iki dəfə həbsdə olmuşam. Cəzaçəkmə müəssisələrinin bir çoxunu həm vəkil, həm də məhbus kimi görmüşəm. Və əyani olaraq dustaqlara, sıravi insanlara qarşı törədilən özbaşnalığı və cinayəti görmüşəm. On iki, on beşinci kalonlarda baş vermiş hadisələrlə bağlı “Hürriyyət” qəzetində məqalələr yazdırmışam. Əlbəttə, ictimai diqqətdə, arxasında partiyası dayanan, beynəlxalq təşkilatların tanıdıqları şəxslərə qarşı bu cür qanunsuzluqlar baş verirsə, qalan sıravi insanların vəziyyətini təsəvvür etmək çətin deyil.
Vəkillər birgə hərəkət etməlidir
– Bu günlərdə Aslan Ismayılova da qarşı hakimiyyət növbəti qanunsuzluğu etdi. Hazırda vəkilə qarşı təzyiq kampaniyası davam edir. Bu təkcə vəkillik fəaliyyəti ilə bağlı məsələdir, yoxsa hakimiyyət ictimai adamları sıradan çıxarmağa çalışır? Çünki Aslan Ismayılov cəmiyyətin diqqətini özünə cəlb edən bir şəxsdir.
– Aslan Ismayılova qarşı baş verən hadisə qeyri-adi olay deyil. Bu rejimin gündəlik addımlarından biridir. Amma açıq bəyan etməliyəm ki, Aslan Ismayılov da başqa sıravi Azərbaycan vətəndaşları kimi öz sıravi taleyini yaşayır. Aslan Ismayılov mənim dostum və qardaşımdır. Onun xətrini çox istəyirəm. Amma o, bir zamankı hərəkətsizliyinin acı nəticələrini dadır. Vaxtilə “hüquq məsləhətxanasına” yeni müdir seçmək üçün Lətifə Əliyeva, Namizəd Səfərov, Hidayət Süleymanov Vəkillər Kollegiyasından uzaqlaşdırıldılar. O zaman heç bir vəkil istefa vermədi və təklif ortaya qoymadı. Maraqlısı odur ki, bizim qardaşımız Namizəd Səfərov 1998-ci ildə Aslan Ismayılovun Vəkillər Kollegiyasından çıxarılmasına səs vermişdi. Sonradan Namizəd Səfərovu çıxaranda Aslan Ismayılov susdu. Hazırda isə Aslan Ismayılovu kollegiyadan uzaqlaşdırıblar, yerdə qalanlar susur. “Uman yerdən küsərlər” deyib atalar. Mən Adil Ismayılovdan, Vüqar Xasayevdən, Anar Qasımov, Xalid Bağırovdan və başqa vicdanlı vəkillərimizdən gözləyirəm ki, onlar kollegiyada yaranmış indiki vəziyyətə, ayrı-ayrı vəkillərin, vəkillik institutunun məhv edilməsinə, onların hörmətdən salınmasına etiraz əlaməti olaraq istefa versinlər. Hakimiyyət görsün ki, artıq bunların vəkillik hesab etdiyi institut əllərində bir silah kimi yoxdur. Azərbaycanda seçki saxtalaşdıran müəllimlər kimi, bir vəkillər də var. Təbii ki, bu vəkillərin hamısına aid deyil. Bu adamlar üzünü görmədiyi müttəhimin sənədlərinə qol çəkirlər, guya bunların müdafiələrini təmin edirlər. Bu adamlar ancaq müstəntinqlərə və hakimlərə işləyirlər. Bütün bunlar ona görədir ki, vəkillərin başında Azər Tağıyev kimi vəkillikdən uzaq, yalnız hakimiyyətə yarınmağı düşünən bir şəxs dayanır. Bu adam Aslan Ismayılov, Qurban Məmmədov, Intiqam Əliyev, Ənnağı Hacıbəyli, Elçin Namazov, Lətifə Əliyeva, Elçin Qurbanov kimi adamları görəndə, özünün necə hüquqşünas olduğunu daha yaxşı dərk edir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda vəkillər dərhal biraraya gəlməlidirlər. Hamı Vəkillər Kollegiyasından istefa verməlidir. Bütün məhkəmə və istintaq orqanlarının işləri pozulmalıdır ki, ölkə başçısı problemə müdaxilə etmək məcburiyyətində qalsın. Vəkillik institutu xilas olunmalıdır. Azərbaycanda bir Vəkillər Kollegiyası ola bilməz. Bu, kommunist əxlaqının, kommunist rejiminin qalığıdır.
İlham Əliyev cavab verməlidir
– Əslində vəkillərə qarşı təzyiq, digər tərəfdən müxalif fəalların müdafiəsinin çətinləşdirilməsinə xidmət edir. Hakimiyyət təkcə müxalif fəalları müdafiəsiz qoymağa çalışır, yoxsa, ümumiyyətlə, iqtidar bütün bu cinayət işlərini nəzarətdə saxlamaqdan, hamını gözükölgəli etməkdən ötrü atır? Hakimiyyət seçkiyə aqressiya ilə gedir və növbəti ildə də yeni məhkəmə işlərinin olacağı istisna deyil…
– Təqib olunan vəkillər yalnız siyasi fəaliyyətlərinə və siyasi fəalları müdafiə etdiklərinə görə təqib olunmurlar. Adi işlərdə belə hakimlərin rüşvətxorluq maraqlarına qulluq etməyən Elçin Namazov kimi prinsipial vəkillər də təqib edilirlər. Azər Tağıyev onlara qarşı da təzyiq edir. Vaxtilə Pakistanda hakimiyyətin dəyişməsini vəkillər etmişdi. Pakistan vəkilləri dünyaya göstərdilər ki, vəkillər müstəqil bir gücdülər. Əgər vəkillər toparlansalar, qarşısıalınmaz bir gücdürlər.
– Qurban bəy, deyirsiniz ki, Azərbaycanda korrupsiya və rüşvətə boyun əyməyən vəkilləri cəzalandırırlar. Indi Ilham Əliyev bu məsələyə hansı diqqəti göstərəcək? Çünki rüşvət və korrupsiya mərkəzləşdirilmiş şəkildə həyata keçirilir…
– Hakimiyyət ələbaxan vəkillər yaratmaq istəyir ki, birdən sabah vəkillər Qurban Məmmədovun səsinə səs verərək kollegiyadan çıxsalar, o zaman bütün məhkəmə sistemi çökə bilər. Vəkil yoxdursa, deməli, məhkəmə də yoxdur. Istintaq hərəkətləri dayanacaq. Cinayətkarı tuta, ona vəkil təyin edə bilməyəcəklər. Ona görə vəkilləri əldə saxlamağa çalışırlar. Ikinci məqam isə odur ki, Azərbaycanda kifayət qədər nüfuzu olan vəkilləri cəzalandırmaqla cəmiyyətdə xof mexanizmi yaratmağa çalışırlar. Baxın, Aslan Ismayılovun, Namizəd Səfərovun başına bu oyunu gətirirəmsə, görün sizin başınıza nə oyun açaram. Bu bir metoddur. Azərbaycanda Vəkillər Kollegiyasının üzvü olmayan minlərlə vəkil var. Allah onların hamısının ruzisin verib. Aslan Ismayılov və başqa dostlarımız Vəkillər Kollegiyasının üzvü olmasalar da, işsiz qalmayacaqlar. Amma vəkillərin təpkisi olmalıdır. Sürüyə daraşan canavarın kökünü kəsməsən, canavar sürünün sonuna çıxacaq.
Əgər qısa müddət ərzində Ilham Əliyev bu məsələyə şəxsən müdaxilə etməsə, Azər Tağıyevi prosesdən kənarlaşdırmasa, bu o deməkdir ki, Aslan Ismayılov və başqalarına qarşı bu kampaniyanın göstərişini verən şəxsən özüdür. Yaxud da onun siyasi iradəsinə uyğun olaraq başqa biri göstərişlər verir. Ilham Əliyev prezident kimi Qurana, Konstitusiyaya and içərək, bizim hüquqlarımızı qorumağa söz verib. Bu təminat nədən ibarətdir. Əgər Aslan Ismayılov və başqaları qanunsuz çıxarılırsa, bunu necə izah etmək olar? Mən 2007-ci ildə testdən keçmişəm, amma Vəkillər Kollegiyasına məni qəbul etmək istəmirlər. Bunun da səbəbi Qurban Məmmədovun Azər Tağıyevə yaltaqlanmağı bacarmamasıdır.
– Siyasi hakimiyyət hazırda cəmiyyəti bütünlüklə nəzarətdə saxlamaq istəyir. Amma bilmədən gələcək etirazlar üçün bu cür istinad nöqtələri yaradır. Aslan Ismayılovla bağlı məsələ cəmiyyətin bir etiraz nöqtəsinə çevrilir. Bu vəziyyəti necə qiymətləndirirsiniz?
– Mən hesab etmirəm ki, baş verən proseslər xaosun nəticəsidir. Əksinə, mən əminəm ki, bu ölkədə baş verən hər bir şey Ilham Əliyevin göstərişi və iradəsi ilə həyata keçirilir. Bu adam Azərbaycan xalqına qarşı açıq şəkildə genosid, əzmə mövqeyi tutub. Ona görə xalq öz taleyinə sahib çıxmalıdır. Nə qədər biz bir yumruq şəklində birləşməmişik, kütləvi xalq hərəkatı təşkil etməmişik, xalqın böyük əksəriyyəti bu prosesə qoşulmayıb, Ilham Əliyev öz qanunsuzluqlarını davam etdirəcək. Ilham Əliyev yaxın günlər ərzində bu məsələyə aydınlıq gətirməyəcəksə, proseslərə müdaxilə etməyəcəksə, bu o deməkdir ki, Ilham Əliyev öz niyyətlərini həyata keçirməkdə israrlıdır. Xalqın baş verənlərə necə reaksiya göstərəcəyi isə artıq şərəf, qeyrət və namus məsələsidir.
Seymur Həzi,
Xəyal Şahinoğlu
0 0