Əlaqə vasitələri

Zəncirini qoparan məmurlar və zəncirlənən dəniz—işğal edilən Xəzər.

  Qaradağ rayonunun ərazisində, DYP postundan başlayaraq Səngəçala tərəf, Bilgəh qəsəbəsində “qayalıq” adlanan yerlər, Bilgəhdən Nardarana qədər uzanan sahilboyu ərazilər və müxtəlif yerlərdə dəniz sahili çoxdandır ki, ayrı-ayrı məmurlar tərəfindən divarlanır və əhalinin üzünə bağlanır.  Quru torpaqlardan gözü doymayan məmurlar yavaş-yavaş dənizə də yol salıb oraları da – “su fondu torpaqları”nı qanunsuz olaraq zəbt edirlər.

   Əvvəllər buralarda yoldan keçən yolçular, sükan arxasında yorulan sürücülər dənizdə çimər, dincələrdilər.

 Bu daha mümkün  deyil. Çünki sahilboyu zolaq ayrı-ayrı məmurlar tərəfindən işğal olunub.

 Qanunsa başqa şey deyir.

   Torpaq Məcəlləsinin 32-ci maddəsinə (su fondu torpaqları) əsasən, “Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin altında olan torpaqlar su fondunun torpaqlarına daxildir. Su fondu torpaqları … su təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı, sənaye, energetika, nəqliyyat və digər dövlət ehtiyaclarının  təmin edilməsi üçün istifadə edilir. Su fondu torpaqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyətinə, hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər”

 Diqqət edin: su fondu torpaqları fiziki və hüquqi şəxslərə yalnız icarəyə verilə bilər. Onda sual yaranır: icarədə olan (icarə isə əbədi olmur) torpaqlarda milyonlarla dəyəri olan daşınmaz əmlak – villalar tikən bu adamlar nəyə və kimə arxayındırlar belə?

 “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən,  “Ümumi istifadədə olan torpaqlar xüsusi mülkiyyətə verilə bilməz.”.

Torpaq Məcəlləsinin 46-ci maddəsinə (dövlətin torpaq üzərində mülkiyyət hüququ) əsasən, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız dövlət məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər….”

  Bu maddədəki sonuncu cümlə artıq törədilmiş cinayət əməllərini qanunlaşdırmaq məqsədi ilə əlavə edilib.

Maddədəki rəqəmlər, mərhum Elçibəyin vaxtında 300 metr idi və həmin zolaqda  əsaslı tikinti aparılması qadağan idi. Mərhum H.Əliyevin vaxtında  130 metr, İlham Əliyevin zamanında isə 60 metr oldu, indi də 20-50 metr ediblər. İstənilən halda sahilboyu 20-50 metrlik zolaq xüsusi mülkiyyətə verilə bilməz və insanların üzünə tam bağlana bilməz. Bu cinayətkarlar özlərinin qəbul etdikləri qanunları da ayaq altında tapdalayırlar.

   Prezident İlham Əliyev, Torpaq Komitəsi hara baxır?

 Sahilboyu torpaqlara bu vəhşi münasibətə dur deməyin vaxtı keçib.

05 dekabr 2013.

Loading

Zəncirini qoparan məmurlar və zəncirlənən dəniz—işğal edilən Xəzər.” mövzusunda şərhlər:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir