“Rüşvət bu hakimiyyətin mövcudluğunun sementidir” –Müsahibə

 | Xəbər dəfə oxunub

“Onun atdığı addım 5-10 il əvvəl İsa Qəmbərlə Əli Kərimlinin atdığı addımdan heç nə ilə fərqlənmir”

Vətəndaş Hərəkatı Forumunun sədri, vəkil Qurban Məmmədovun “Qafqazinfo”ya müsahibəsi

– Keçən həftə Sizin təşəbbüsünüzlə 6 müxalifət partiyasının görüşü keçirildi. Bu görüşün nəticəsini necə qiymətləndirisizniz? 

– Əvvəla mən görüşün məqsədi barədə məlumat vermək istəyirəm. Məqsəd Azərbaycan müxalifətinin əsas aparıcı qüvvələrini bir araya gətirmək, onların səmimi birliyinə, Azərbaycan xalqını inandırmaqla xalqın mütləq əksəriyyətini bu rejimə qarşı mübarizəyə cəlb etməkdir. Çünki, son vaxtlar hadisələr göstərir ki, İctimai Palata adlı blokda birləşən Müsavat-AXCP, Qarabağ blokunda birləşən ADP, Ümid və başqa ayrı-ayrılıqda üçlükdə, beşlikdə bu problemin həllinin öhdəsindən gələ bilmirlər, Azərbaycan xalqı da açıq şəkildə bunlara dəstək vermir. Ona görə ki, müxalifətin birliyinə, onun səmimiliyinə inanmır və özünü gözləyən qeyri-müəyyən gələcəkdən xalq narahatdır deyə nə qədər xoşlamasa da indiki status-kvonu qəbul etməyə məcburdur. Bu baxımdan biz hesab elədik ki, Vətəndaş Hərəkatı Forumunu təşkilatçılığı ilə bir sıra ziyalılar, bunlar müxtəlif partiyaları, ictimai təşkilatları təmsil edirlər.

– Amma bu tədbirə 8 partiya dəvət edilsə də 6-sı qatıldı… 

– Belə qərara gəldik ki, partiya sədrlərinin aralarındakı şəxsi münasibətlər var, bir-birilərinə inciklikləri var, bütün bunları nəzərə alaraq vasitəçilik edək, onları bir araya gətirək. Bu məqsədlə də iyulun 9-a təyin etdiyimiz müxalifətin zirvə görüşü adlı tədbirə də hamını dəvət etdik. Gündəliyi əvvəlcədən müəyyənləşdirdik ki, gündəlikdə duran məsələ dünyada gedən, ərəb ölkələrində gedən proseslərin müzakirəsi, bunun fonunda Azərbaycanda gedən proseslər, Azərbaycan müxalifətinin indiki durumu və əməkdaşlıq perspektivləri barədə olsun. Bu məsələlər ətrafında biz onları müzakirəyə cəlb etdik. Məqsəd blok yaratmaq deyil. Əli Kərimli əvvəlcədən bildirmişdi ki, iştirak edəcək, sadəcə olaraq həmin gün saat 12-də özlərinin tədbiri oldu, üst-üstə düşdü deyə, üzr istədi ki, gələ bilmir. Hörmətli İsa bəy gəlməməyinin səbəbini bildirmədi, amma qalan 6 partiya sədri böyük həvəslə həmin görüşdə iştirak etdilər. Bütün məsələlər iki saat müddətində ətraflı müzakirə olundu. Orada bəyanat imzalandı və əməkdaşlıq haqqında bizim tərtib etdiyimiz niyyət protokolunun imzalanması məhz Müsavat və AXCP iştirak etmədiyinə görə, Sərdar bəyin, İqbal bəyin və başda Mirmahmud bəyin təklifi ilə təxirə salındı ki, həmin partiyalar da iştirak etsin, müzakirə davam etdirilsin, bu sənədlər ondan sonra imzalansın.

“Mirmahmud Miirəlioğlunu Əli Kərimlinin doğma qardaşı kimi qəbul edirəm”
– Bu tipli görüşlər davam edəcəkmi?
– Orada qərara alındı ki, Mirmahmud Mirəlioğlu 8 partiya sədrinin koordinatorluğunu üzərinə götürsün, yəni onların bir araya gəlməsi, təşkilatı məsələləri üzərinə götürsün. Qərara alındı ki, 15 gündən bir mütləq Sədrlər Şurası yığışsın. Ən azı ayda bir dəfə jurnalistlərlə, geniş ictimaiyyətlə görüşlər keçirilsin, aparılan işlər barədə məlumat verilsin. Digər ən vacib məsələ odur ki, təşkilati işlər aparmaq üçün, müəyyən lazımi sənədləri hazırlamaq üçün hər partiyadan ən azı 3-5 nəfər olmaqla işçi qrup yaradılsın. Orada partiya sədrlərinin müraciətində xahiş ondan ibarət oldu ki, biz Vətəndaş Hərəkatı Forumunun üzvü olaraq ictimai nəzarəti həyata keçirmək məqsədilə həmin tədbirlərdə mütəmadi iştirak edək. Biz də bunu qəbul etdik. Ona görə də hesab edirəm ki, son 3 ayda apardığımız işlər uğurla nəticələndi. Baxmayaraq ki, bəziləri bunu “Yeni Müsavat”da fiasko kimi qiymətləndirməyə çalışdılar. Açığı mən deyim ki, özümə qardaş saydığım, dost saydığım, guya müxalifət cəbhəsində bir yerdə olduğunu sandığım bəzi adamların belə münasibəti mənim üçün anlaşılmazdır. Mənim üçün cəbhəçi də, müsavatçı da, ADP-çi də eyni dərəcədə əzizdir. Mən Mirmahmud Miirəlioğlunu Əli Kərimlinin doğma qardaşı kimi qəbul edirəm, İsa Qəmbəri onların qardaşı hesab edirəm. İqbal Ağazadəni, Sərdar Cəlaloğlunun, Əvəz Temirxanın qardaşı hesab edirəm. Ona görə də mənim üçün hamısı doğmadır və bunların bir yerdə olması üçün biz əlimizdən edəcəyik.

– Qurban bəy, bəs bu qardaşlar niyə bir araya gələ bilmirlər? 

– Bəzən ən mehriban ailələrdə incikliklər olur. Xüsusən də siyasətlə məşğul olan adamların arasında zaman-zaman mənafe ziddiyyətlərinin olması təbiidir. Sadəcə olaraq biz bir şeyi qəbul etməliyik ki, rejimin öz rəqiblərini sıradan çıxarmaq üçün seçdiyi metodlardan biri də onların arasını vurmaqdır. Özünün kütləvi informasiya vasitələri vasitəsilə, partiyalara yerləşdirdiyi agentləri vasitəsilə partiya sədrlərinin münasibətlərini zaman-zaman pozmağa çalışıblar və acı da olsa etiraf etməliyik ki, müəyyən nəticəyə də nail olublar. Amma mən inanıram ki, İsa Qəmbər də, Əli Kərimli də, Sərdar Cəlaloğlu da, Əvəz Temirxan da, Mirmahmud Fəttayev də, İqbal Ağazadə də, Əli Əliyev də, Etibar Məmmədov və Lalə Şövkət də bunlar hamısı həqiqi mənada öz xalqlarını sevirlər, həqiqi mənada müxalifətçi mövqeyindədirlər, bunların bir araya gəlməsi mümkündür və inşallah da bir araya gələcəklər, çünki alternativimiz yoxdur. Biz ictimai nəzarəti birgə həyata keçirməyi qərara almışıq. Bilirsiniz ki, Konstitusiya ilə dövlət orqanlarının fəaliyyəti üzərində vətəndaşların ictimai nəzarəti həyata keçirmək funksiyaları var. Bu hansı yollarla olur? Ərizə və şikayətlərlə, təkliflərlə, tənqidlərlə, məqalələrlə və s. üsullarla insanlar bu nəzarəti həyata keçirirlər. İndi sual oluna bilər ki, biz iqtidarı tənqid edə-edə, bütün dünyanın gözündən sala-sala onun fəaliyyəti üzərində bu ictimai nəzarəti aparırıq, amma öz dostlarımızın, müxalifətçilərin üzərində bunu etmirik. Axı özünü müxalifət adlandıran, müxalifət partiyası elan edən, özünü sədr kimi cəmiyyətə sırayan adam başa düşməlidir ki, xalq onun fəaliyyətinə inanıb, arxayınlaşır. Elə bilir ki, müxalifət partiyaları var, onlar özləri görəcəklər. Müxalifət partiyaları bu gün Azərbaycanda rejimlə xalq arasında körpü rolunu oynayır sanki.

“Onun atdığı addım 5 il əvvəl, 10 il əvvəl İsa Qəmbərlə Əli Kərimlinin atdığı addımdan heç nə ilə fərqlənmir”
– Nə mənada körpü rolunu oynayır?
– Yəni, xalqı hakimiyyətin, rejimin qəzəbindən, nifrətindən qoruyur. Görüntü budur. Ona görə də biz deyirik ki, Azərbaycan müxalifətinin üzərində ictimai nəzarət həyata keçirilməlidir. Biz burada tələb etməliyik ki, öz funksiyalarını icra etsinlər. Hansı funksiyaları? Məşhur fransız mütəfəkkiri Jan Jak Russonun dövlət haqqında Müqavilə nəzəriyyəsi var. Bu nəzəriyyənin mahiyyəti belədir ki, insanlar toplaşırlar, aralarında qeyri-rəsmi müqavilə bağlayırlar, bir qrup insan, yəni çoxluq özlərinin idarə olunmasını kiçik qrupa həvalə edirlər. İndiki halda iqtidara və müxalifətə biz xalq olaraq, millət olaraq öz hüquqlarımızın bir hissəsini dövlət idarəçiliyi sayəsində güzəşt eləmişik. Yaxşı, iqtidarın vəziyyəti göz qabağındadır ki, bizim onlara verdiyimiz etimadı onlar doğrultmayıblar, işləri korlayıblar, bərbad hala salıblar, idarə edə bilmirlər. Dövlət büdcəsi dağıdılır, ölkədə sərbəst toplaşma azadlığı, söz və vicdan azadlığı boğulur, insanlar qanunsuz olaraq həbs edilirlər, təqib edilirlər və s.

– O bəllidir, bəs müxalifət? 

– Təbii ki, son vaxtlar Müsavat Partiyası ilə AXCP-nin yaratdığı İctimai Palata (İP) bloku böyük işlər görməyə girişdi, xeyli də nailiyyət əldə etdilər, amma çox təəssüflər olsun ki, bizim bütün çabalarımıza rəğmən kənarda qalan bu altı partiyanı biz İP-nın bazasında bir yerə gətirə bilmədik, ona görə ki, İsa bəyin dəfələrlə müsahibələrində bildirdiyi kimi İP-nın qəbul etdiyi nizamnamə buna imkan vermədi. İsa bəyin dediyinə görə, İP-nın qəbul etdiyi nizamnamədə deyilir ki, İP-nın təsisçiləri indiki parlamenti tanımırlar, ona görə də əgər İqbal Ağazadə bu birliyə gəlmək istəyirsə, gərək parlamentdən istefa versin. O İP-nın rəsmi mövqeyidir ki, İsa bəyin dili ilə səsləndirilib. Mən bu məsələ ilə bağlı İqbal bəylə dəfələrlə görüşdüm, o mənə bildirdi ki, istefa vermək fikrində deyil, çünki onun atdığı addım 5 il əvvəl, 10 il əvvəl İsa Qəmbərlə Əli Kərimlinin atdığı addımdan heç nə ilə fərqlənmir. Haqlı olaraq Sərdar bəy də deyir ki, əgər İqbal bəy qəbul edilmirsə mən nəyə görə öz həmkarımdan ayrılmalıyam? Bunları nəzərə alaraq bizim hörmətli Lalə Şövkət Hacıyeva, Əvəz Temirxan, Əli Əliyev, onlarla uzun müddət əməkdaşlıq edən KXCP sədri Mirmahmud Fəttayev həmin səbəblərdən də İctimai Palataya getməkdən etdilər.

“İlk növbədə Azərbaycan müxalifətinin özü demokratikləşməlidir”
– Müxalifətin birləşməsinin nə kimi əhəmiyyəti ola bilər?
– Biz belə hesab edirik ki, Azərbaycan xalqının mütləq əksəriyyətini mübarizəyə qoşmaq üçün, Azərbaycanın Misir, Yəmən, Liviya və İraqın gününə düşməməsi üçün elə iş aparılmalıdır ki, müxalifət ortaya çıxardığı qüvvənin gücünü dünyaya göstərsin və bu gücü iqtidar da görsün, qarşılıqlı olaraq bir-birinə hücum etmək və ya birinin sədrini qəbul etməmək həvəsindən bunları çəkindirsin. Bunun üçün nə etmək lazzımdır? Səkkiz partiya, üstəgəl Lalə Şövkət və Etibar Məmmədov – , onlar lider kimi cəmiyyətdə qəbul edilib. Bu on nəfər və 10 nəfərin üzərinə ən azı 11 nəfər cəmiyyətdə siyasi çəkisi, nüfuzu olan ziyalılar cəlb olunmalıdır. Yəni, biz təklif edirik ki, ən azı 21-23 nəfərdən ibarət İdarə Heyəti yaradılsın və təşkilatlanma işlərinə başlansın. Başlayaq rayonlardan, kəndlərdən, aullardan gəlib çıxaq Bakının mərkəzinə qədər millətin içinə girək, maarifləndirək, hazırlayaq və Azərbaycan xalqı görsün ki, onun qarşısında gedən qüvvələr həqiqətən səmimi olaraq birləşiblər və onları nəyin, hansı gələcəyin gözlədiyini bu qüvvələr açıq şəkildə bəyan etməlidirlər. Biz hesab edirik ki, yalnız bu yolla Azərbaycan xalqını hazırkı rejimə qarşı mübarizəyə təşkilatlandırmaq olar. Və biz mübarizəyə qoşuluruq deyəndə hesab etmirik ki, ərəb ölkələrindəki kimi Azərbaycan xalqını ayağa qaldırıb deyək ki, “İlham Əliyevi dar ağacından asaq, Qəddafi kimi güllələyək” və s. Yox. Biz hesab edirik ki, xalqımız olduqca sivil xalqdır, mədəni xalqdır, Azərbaycan bizim yeganə vətənimizdir, getməyə başqa vətənimiz yoxdur və xarici qüvvələrin iştirakı olmadan biz öz daxili problemlərimizi özümüz həll edə bilərik. Bunun üçün də mütləq danışıqlar və islahatlar yolu ilə indiki vəziyyətdən çıxmağa cəhd edilməlidir. Bunun üçün də təbii ki, İlham Əliyevin başçılığı altında indiki rejim buna getməyəcək. Bunların son vaxtlar atdığı addımlar göz qabağındadır, bəyanatları hamınız dinləyirsiniz , “Azərbaycanda müxalifət yoxdur”, “Bunlara fikir verməyin”. Qeyri-rəsmi olaraq, uzun müddətdir, artıq 15 ildir Azərbaycanda çox adamın bəlkə də bundan xəbəri yoxdur, banklara göstəriş verilib ki, müəyyən adlara, familiyalar, xüsusən də müxalifətçilərə kredit verilməsin. Reyster xidmətinə göstəriş verilib ki, bu adamların əmlaklarının qeydə alınmasına imkan verilməsin, süründürülsünlər. Yəni, bu qədər telefonlar dinlənilir, onların şəxsi həyatları nəzarət altındadır və s. Bu qədər əxlaqsız və tərbiyəsiz mövqe tutan cinayətkar qrupa qarşı təbii ki, çox adamın qəlbindən keçir ki, radikal mübarizə metodları seçildin. Biz bunun çox ziyanlı olduğunu hesab edirik və müəyyən şərtlər irəli sürmüşük ki, bu şərtlər daxilində müxalifət fəaliyyət göstərməlidir.

– O şərtlər hansılardır? 

– Birincisi Azərbaycan müxalifəti İlham Əliyevin istefasını tələb etməyəcəyi barədə normal, qanuni seçkilərə qədər bəyanat verməlidir. İkincisi islahatlar nəticəsində orta və aşağı səviyyəli dövlət məmurlarının dəyişdirilməyəcəyi və ya dəyişdirilməsinin tələb edilməyəcəyi barədə müxalifət bəyanat verməlidir. Üçüncüsü Azərbaycanda islahatlar nəticəsində və ya dəyişikliklər nəticəsində mülkiyyətin yenidən bölgüsünün tələb edilməyəcəyi barədə müxalifət bəyanat verməlidir. Bu üç bəyanatı verdikdən sonra konkret olaraq növbədənkənar parlament seçkilərinin keçirilməsi, Mərkəzi Seçki Komissiyasının yenidən formalaşdırılması, hamının maraqlarına cavab verəcək Dairə Seçki Komissiyalarının yaradılması məsələsi təklif olunur iqtidara və bu istiqamətdə danışıqlar başlayır. Danışıqlar masasında bir tərəfdə İlham Əliyev və onun komandası oturmalıdır, digər tərəfdən isə səkkiz partiya, 10 lider və ən azı 11 ziyalı, bunların özünün seçdiyi 5-6 nümayəndədən ibarət qrup. Bu müzakirələr açıq şəkildə aparılmalıdır, birbaşa verilişlə xalqa çatdırılmalıdır. Biz çıxış yolunu yalnız bunda görürük. Buna nail olmaq üçün isə ilk növbədə Azərbaycan müxalifətinin özü demokratikləşməlidir. Liderlər özləri həm tərəfdarlarına, həm də ictimaiyyətə açıq olmalıdırlar. Bu baxımdan da bizim keçirdiyimiz görüşlər, iyulun 9-da olduğu kimi bu liderlərin mövqelərini jurnalistlər onların dilindən eşitsinlər. Biz istəyirik ki, hörmətli İsa bəy və Əli bəy növbəti iclasa qatılsınlar. Biz hamımız bir millətin övladıyıq, biz hamımız bir cəbhədəyik. Ona görə də hesab edirəm ki, nə qədər ki, gec deyil, nə qədər ki, xalq növbəti 20 illiyə Azərbaycan müxalifətin liderlərinə nifrət edərək, bizə nifrət edərək bizdən üz döndərməyib təcili bir araya gəlib. Ona görə də hesab edirəm ki, nə qədər ki, gec deyil, nə qədər ki, xalq növbəti 20 illiyə Azərbaycan müxalifətin liderlərinə nifrət edərək, bizə nifrət edərək bizdən üz döndərməyib təcili bir araya gəlib Azərbaycan xalqının mübarizə əzmini yavaş-yavaş qaldırmalıyıq.

Rüşvət bu rejimin mövcudluğunun ən zəruri elementidir
– Ərəb inqilabları başlayan zaman Azərbaycanda da korrupsiyaya qarşı mübarizə başladı. Bu günə qədər gedən bu prosesdə hər hansı müsbət nəticə görürsünüzmü?
– Bu rejimin korrupsiyaya qarşı mübarizəsi küləyin əksinə tüpürməyə bənzəyir, yaxud da özü oturduğu budağı kəsməyə bənzəyir. Əvvəla biz bilməliyik ki, rüşvət və korrupsiya nədir? Ondan sonra görək hələ bu rejim ona qarşı mübarizə apara bilərmi və yaxud da ona qarşı mübarizə aparmaq nə deməkdir. İqtidar guya mübarizə aparır. Əvvəla korrupsiya adlı cinayət əməli yoxdur, onu biləsiniz. Korrupsiya həyat tərzidir, fəaliyyət tərzidir. Yəni, müəyyən vəzifəli şəxslər cinayətkar qruplarla, siyasi, iqtisadi postlarda olan vəzifəli şəxslərlə, hüquq mühafizə orqanlarındakı adamlarla əl-ələ verərək stabil bir qrup yaradırlar və başlayırlar ilk növbədə süründürməçiliklə, nəticədə də maddi nemətlər əldə etmək, rüşvət qoparmaqla məşğul olurlar. Budur korrupsiya, bunun sonunda isə süründürməçilik nəticəsində rüşvət alınır. Rüşvət bu rejimin mövcudluğunun ən zəruri elementidir. Yəni, binanın sementidir, onu bərkidəndir. Bu rejim insanları şəxsi qabiliyyətinə görə işə götürmür ki, yalnız rüşvət qoparmaq məqsədilə ya rüşvət alıb onu vəzifə başına qoyurlar, ya da vəzifəyə təyin edib onu faizə oturdurlar ki, sən bu idarədən bu qədər pul yığmalısan. 1993-cü ildən bu günə qədər bu sistem davam edir. Birdən-birə deyək ki, rüşvət olmayacaq, son qoyulacaq, bu nə dərəcədə mümkündür? Bu mübarizəni başlayanda mən özüm şəxsən idarələrdə reyster xidmətində olmuşam, məhkəmələrdə olmuşam, vergi dairələrində hər yerdə deyiblər ki, 6 ay səbrli olun, ara sakitləşsin sonra baxarıq. Bu adamlar özləri bilirlər ki, bu rejim rüşvətsiz qala bilməz. Rüşvət belə rejimlərin yaşaması üçün lazım olan ictimai münasibətlərin tərkib hissəsidir. Rüşvətsiz işləmək mümkün deyil. Hətta görün nə baş verdi? Rüşvətə qarşı mübarizə elan olunur. Bütün dövlət orqanlarında rüşvət alınmır, hətta bəzi məhkəmələrdə alınmış rüşvətləri dərhal geri qaytarırlar ki, prezident deyib ki, almayın. Həyasızlığa, tərbiyəsizliyə bir baxın, guya bunlara prezident əvvəldən deyib ki, alın, indi prezident deyib almayın, almırlar. Pulları qaytardılar və nə etdilər? Ən ağır cəza verdilər, süründürdülər, işlər görülmədi və nəticədə vətəndaşlara belə bir fikir təlqin etməyə çalışdılar ki, “əşşi, rüşvət bundan yaxşı imiş, heç olmasa pulunu verib, övladının haqsız yerə ağır cəza almasının qarşısını ala bilirdin, indi bu da yoxdur.” Nə pul alır, nə rüşvət alır. Amma hüquqlar tapdalanır. Azərbaycanda rüşvətxorluğa qarşı mübarizə imitasiya idi, gülüş doğuran hərəkət idi. ən dəhşətlisi odur ki, bu həyasızlıq bütün dünya ictimaiyyətinin gözü qarşısında baş verir. İki-üç ay almırlar, sonradan prezident də susur, daha tədbirlər görülmür. Məsələn, mən dəfələrlə Dövlət Yol Polisində olan korrupsiya ilə bağlı şəxsən prezident İlham Əliyevə ərizə göndərmişəm ki, görüm, danışdığında səmimidir, yoxsa yox? Tədbir görülür, yoxsa yox? Mənim ərizəmi göndəriblər hərəkətindən şikayət etdiyim adamın üzərinə ki, özün tədbir gör. Dərhal şikayətimi geri götürdüm ki, mənə lazım deyil. Artıq dövlətin mövqeyi ortadadır. Bunlar korrupsiyaya qarşı mübarizə aparmırlar. Sadəcə olaraq o ərəb ölkələrində olan hadisələrdən qorxdular. Necə ki, bizim bəzi müxalifətçi qardaşlarımız elə hesab elədilər ki, ərəb küləyi göydən taxt-tac gətirir, təcili başını soxmalıdır o tacın altına. Dərhal 11 martdan sonra, gənclərin başlatmaq istədiyi hərəkatı gözdən saldılar, özləri artıq siyasi baxımdan mitinq təyin etdilər, nəticəsi də ortadadır. Hakimiyyət də ərəb hadisələrindən qorxdu ki, Azərbaycan xalqı da qızışa bilər, Qəddafinin başına gələn bunların da başına gələ bilər, Mübarəkin taleyini bunlar da yaşaya bilər tez başladılar ki, hələlik rüşvət almayaq. Əvvəl 6 ay demişdilər, ancaq 3 ay dözə bilmədilər. Azərbaycanda rüşvət və korrupsiya elə həddədir ki, Azərbaycan iqtisadiyyatını, hüquq mühafizə orqanlarını iflic edib, insan haqları kütləvi şəkildə tapdalanır. Adi bir şey deyim, reyster xidmətindəki rüşvətxorluq bütün dünyaya bəllidir. Əgər bu dövlətin, şəxsən İlham Əliyevin reyster xidmətindəki rüşvətin məbləğindən, ora toplanan pullardan xəbəri yoxdursa dərhal istefa verməlidir, dərhal. Çünki bu qədər böyük həyasızlığı görməmək mümkün deyil. Əgər istefa vermirsə, bu qədər yazılanlara reaksiya vermirsə, mən bir vətəndaş olaraq nə düşünməliyəm?

“On ildir vətəndaşlardan rüşvəti qanunu yolla alırlar”

Bir faktı qeyd edim, reyster xidmətində on ildir vətəndaşlardan rüşvəti qanunu yolla alırlar. Yəni, çek, qəbz verməklə alırlar. Yəqin ki, siz də Forma 1 adlanan, əmlakın yüklülüyünə dair arayış almısınız. “Dövlət rüsumu haqqında” qanunun 26.6-cı maddəsinə əsasən forma 1-ə görə arayışın dövlət rüsumunun haqqı 10 manatdır. Amma, Azərbaycan dövlətində bu reyster xidmətində kim gedir forma 1 almağa ucdantutma hamıya qəbz verməklə 10 manatdan əlavə olaraq, mənzilin torpağının sahəsindən asılı olaraq 34 manatdan başlayaraq 200-300 manata qədər rüsum alırlar, adını da qoyurlar ki, tarif şurasının müəyyənləşdirdiyi xidmət haqqı. Dünyada ikinci belə həyasız hakimiyyət yoxdur. Sən dünyanın gözü qarşısında öz vətəndaşından rüşvəti, qanunsuz pulu rəsmi olaraq alasan. Mən məhkəməyə müraciət etmişəm, 2 saylı İqtisad Məhkəməsində bu məsələ müzakirə olunur, iki –üç aydır ki, məhkəmə araşdırması gedir. Təsəvvür edin ki, orada məhkəmə getdiyi müddətdə də həmin gün, həmin saatda camaatdan forma 1 üçün açıq pullar yığılır. Reyster xidmətinin 18 ərazi idarəsi var, bunlar guya təsərrüfat hesablıdırlar. Bu yığılan pullar hara gedir? Onların rəhbərliyi ilə mənim söhbətlərim olub, bildirilər ki, bu pullar Heydər Əliyev Fonduna gedir. Xüsusilə də Heydər Əliyev mərkəzinin tikintisinə gedir. Mən belə həyasızlığı görməmişəm ki, hansısa məmur deyir ki, yığılan rüşvətlər hara gedir. Bu barədə prezidentin poçtuna məktub yazmışam. Onu demək istəyirəm ki, bu hakimiyyət korrupsiyaya qarşı mübarizə aparırıq fikrində səmimi deyil. Buna onların heç imkanları da yoxdur. Çünki, korrupsiya və rüşvət yığışdırılan kimi İlham Əliyevə dəstək verən bir məmur da qalmayacaq. Yeganə ümid xalqımızadır. Azərbaycan xalqı İlham Əliyevə dəstək verməli, onun inandırmaldır ki, əsl söykənməli güc məmurlar yox, xalqdır. Digər tərəfdən rüşvətxorluğa qarşı mübarizə işdən çıxarılma ilə nəticələnirsə, bunu nə demək olduğunu hamı bilir. Rüşvət cinayətdir, rüşvət alan həbs olunmadır. Kampaniya başlayıblar, filan nazirlik 15 nəfəri, o biri 5 nəfəri işdən çıxartdı. A kişi, ayıbdır, utanın. Bu bir kampaniyadır, rüşvət davam edir. Bunun qarşısının alınmasının yeganə yolu Azərbaycan müxalifətinin birləşməsidir. Xalqın mütləq əksəriyyətinin siyasi proseslərə qoşulmasıdır. Proseslər tədricən getməlidir, əks halda müxalifət nüfuzunu, hakimiyyət isə hər şeyini itirəcək. Hətta, gələcək nəsillərinin Azərbaycanda yaşaması imkanından da məhrum olacaqlar. Mən bunu Məmmədov Qurban kimi deyirəm. İyirmi ilə də, otuz ilə də olsa bunun şahidi olacaqsınız.

Fatimə Kərimli

 3,587 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.