Bu gün bir molladan eşitdiklərim.
Qibləmiz olan Kəbə birinci dəfə Adəm peyğəmbər tərəfindən palçıqdan tikilibmiş. Dünyanı su basanda məhv olub, qərq olub sularda.
İkinci dəfə ALLAH İbrahim peyğəmbərlə oğlu İsmayıla Kəbəni yenidən inşa etmək üçün indiki yeri nişan verib.
Peyğəmbər oğlu ilə birlikdə işə başlayıblar. Bir qədər tikmişdilər ki, şeytan gəlib çıxır. Deyir ki, o da bu tikintiyə kömək etmək istəyir. İbrahim peyğəmbər şeytana etiraz edir, Kəbənin tikintisinə haramın, şeytan əməlinin qatışmasını istəmir.
Şeytan əl çəkmir. İsrar edir.
Onda İbrahim peyğəmbər bildirir ki, halallıq olsun deyə, yalnız işlədiyinin haqqını almaqla bu işə razı ola bilər. Şeytan işə qoşulur. Birinci günün axırında Şeytan peyğəmbərin ona vermək istədiyi əmək haqqını, sabahkını da bir yerdə almaq bəhanəsi ilə, almır. Sabah eyni hal təkrar olunur. Şeytan 3-cü gün də işlədikdən sonra əmək haqqını almadan aradan çıxır.
Peyğəmbər Şeytanın tikdiyini söküb yenidən tikmək istəyir. ALLAH soruşur: “niyə sökürsən, ya peyğəmbər?”. İbrahim peyğəmbər cavab verir: “ALLAHım, Kəbədə haram olmasını istəmirəm.”
ALLAH buyurur: “Sökmə, bura möminlərlə yanaşı, şeytanın qardaşları da gələcəklər.”
P.S.
Ona görə də, Kəbədə Şeytana daş atanlara bəzən Şeytan səslənir: “qardaş, sən dəəəə?”
Yaxud da, Həcc ziyarətinə rüşvətlə yığdığı pulla gedən bəzi Azərbaycan məmurları ziyarətdən qayıtdıqdan dərhal sonra əvvəlki əməllərini davam etdirir, şərab içir, zina edir, dövlət əmlakını talayırlar.
Onların dinlə, İslamla, Quranla əlaqəsi yoxdur.