Azərbaycanda 42 nazir, dövlət komitəsi sədri və başqa ali dövlət vəzifəsi tutan adamdan 15-i eyni regionda – prezident İlham Əliyevin ata vətəni Naxçıvanda doğulanlardır. Azərbaycan hakimiyyətini regionçuluqda ittiham edən yerli jurnalistlər iddia edirlər ki, ata-babası Naxçıvana, ya da Ermənistana bağlı olmayan heç kimsənin yüksək dövlət vəzifəsi tutmaq şansı yoxdur. Bu iddiaların gerçəyə nə qədər yaxın olduğunu yoxlamaq üçün nazirlər, dövlət komitəsi sədrləri və ali dövlət rəhbərlərinin özlərinin, ya da atalarının anadan olduqları bölgələr əsasında onların regional mənsubiyyətlərini araşdırdıq.
Yüksəkvəzifəli dövlət məmurları arasında ölkənin ikinci ən böyük şəhəri sayılan Gəncədən bir nəfər də yoxdur. Yalnız Baş nazir Artur Rasizadənin tərcümeyi-halında Gəncədə doğulduğu yazılıb. Amma onun da atası kənd təsərrüfatı mütəxəssisi, aqronom və şair Tahir Rasizadə Naxçıvan şəhərində anadan olub. Bu məlumat Azadlıq radiosunda yer alıb. “Gündəm xəbər” olaraq bu mövzu ilə bağlı araşdırma apardıq. 10-15 il öncə hakimiyyətdə üstün mövqeyə sahib olan Qərbi Azərbaycan klanının mövqeyi xeyli zəifləyib, Bakı və Naxçıvan qruplaşmaları isə nüfuz üstünlüyü uğrunda amansız mübarizə aparır; yenicə təşkilatlanmağa başlayan Qərb və Borçalı klanları da iddialı görünür, qalanları isə status-kvonu saxlamağa çalışır. Azərbaycan siyasi-iqtisadi elitasında aparıcı faktorlardan biri, heç şübhəsiz ki, regional amildir. Bu faktor bəzi hallarda hətta siyasi mənsubiyyət amilini də üstələyir. Bu da təbiidir. Çünki insanlar mücərrəd dəyərlər yox, konkret dəyərlər əsasında qrup şəklində fəaliyyətə üstünlük verir ki, bu halda təşkilatlanmaq daha asan olur. Bu sırada regional faktorlar önəmli rol oynayır.
Hakim komanda üçün başlıca faktor-regionçuluq
Regional amil əsasında birləşmək bəzi pessimist müşahidəçilərin fikrincə, gerizəkalılıq kimi xarakterizə edilsə də, nəinki Azərbaycanda, hətta yaxın və uzaq qonşularımızda belə bu amil qruplaşmaların formalaşmasında əhəmiyyətli rol oynamaqdadır. Məsələn, Ermənistanda Sərkisyanın başçılıq etdiyi Qarabağ klanı üstün mövqelərə sahibdir. Rusiyanı isə Putinin Peterburq komandası idarə edir. ABŞ-da prezident hansı ştatı təmsil edirsə, hökumətin formalaşmasında həmin ştatda doğulanlar üstünlük təşkil edir. Bir sözlə, siyasi elitada regional faktor bütün dünyada qəbul edilmiş praktikadır. Əgər toplumda regionlararası münasibət (Orta Asiya və ərəb ölkələrində olduğu kimi) biri-birini inkar və düşmənçilik həddində deyilsə, onda siyasi elitadakı qrupların formalaşmasında regional amillərin rol oynaması qətiyyən təhlükəli deyil. Azərbaycan cəmiyyəti bu baxımdan normal, Avropa tipli bir cəmiyyət olduğunu dəfələrlə sübut yetirib. Milli Azadlıq hərəkatında ölkənin bütün regionları bir mövqedən çıxış edirdi. Və yaxud birinci Qarabağ savaşında qarabağlılarla yanaşı ölkənin digər regionlarında doğulanlar da eyni əzmkarlıqla döyüşürdü. Siyasi proseslərdə də eyni həmrəylik var. Ölkənin əsas siyasi partiyalarının (həm iqtidar, həm müxalifət) istisnasız olaraq bütün bölgələrdə yerli təşkilatları var. Yəni partiyanın başında hansı regionda doğulan şəxsin durması əhəmiyyət kəsb etmir. 1998-ci ildə prezident seçkisində müxalifətin yeganə namizədi olan Etibar Məmmədov bütün bölgələrdən eyni porsiyalarla səs qazandı. 2003-cü ildə müxalifətin daha şanslı namizədi kimi İsa Qəmbər də eyni uğura imza atdı. Qərbi Azərbaycan mənşəli narazı elektorat ermənistanlı Etibar Məmmədova yox, Qarabağ mənşəli İsa Qəmbərə səs verdi. Çünki İsa Qəmbər daha güclü idi və qələbə şansı yüksək görünürdü. Saxtakarlıq faktlarını kənara qoysaq, hakim partiya da hər seçkidə bölgələrdə eyni porsiyalarla səs yığır. Bütün faktların xronologiyası göstərir ki, Azərbaycanda regional amillər prinsipial məqamlarda arxa plana keçir və toplum ümumi maraqlar naminə birləşə bilir. Bu məsələni ona görə bir az geniş şərh etdim ki, müəllifi regional münasibətləri gərginləşdirməkdə ittiham etmək fikrinə düşməsinlər – cəmiyyətdə regional münasibətlər sağlamdır, siyasi-iqtisadi elitada isə regional amillər rol oynasa da, qırmızı xətti keçmirlər. Hətta regional qruplaşmalar belə ictimai qınağı nəzərə alıb sıralarına qeyri – regionların təmsilçilərini da cəlb edirlər.
Hökumət komandası ermənistanlılardan “təmizlənir”
Bəlli olduğu kimi, Azərbaycan siyasi və biznes elitasında 10 il öncə Naxçıvan və Qərbi Azərbaycan qruplaşmaları üstün mövqeyə sahib olub. Ancaq 2003-cü ilin prezident seçkisindən sonra Qərbi Azərbaycan qruplaşmasının hakimiyyətdə mövqeyi tədricən azalmağa başladı. Mərhum prezident Heydər Əliyevin dövründəki rəsmi hökumət komandasının 20-yə yaxın üzvü dəyişdirilib. Yeni simalar da əsasən fərqli bölgələrdən olub. İndi hakim elitada Bakı-Şirvan qruplaşmasının çəkisi artmaqdadır. Məlum oldu ki, 44 yüksək vəzifəli dövlət məmurundan 15-nin özü, ya da atası prezident İlham Əliyevin ata vətəni Naxçıvanda doğulub. 5 məmur isə Ermənistandan qovulan azərbaycanlı qaçqınlardır. 9 yüksək vəzifəli dövlət məmurunun regional mənsubiyyəti isə Bakı və Abşeron ərazisidir. Bizim söhbət etdiyimiz təhlilçilərin çoxu əminliklə iddia edirdi ki, onların da əksəriyyətinin ulu babaları dərindən araşdırılsa, yenə prezidentin yerliləri çıxacaqlar.
Bununla belə, yüksək siyasi postlar yalnız Nazirlər Kabinetinin struktur vahidlərinin sayından ibarət deyil. Nazirlər Kabinetinin tərkibinə daxil olmayan, ancaq bərabər və daha yüksək hüququ statusu olan postlar da var. Məsələn, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı meri Hacıbala Abutalıbov (hər ikisi Naxçıvan əsilli), Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov (Qarabağ əsilli), Milli Məclisin sədri Oqtay Əsədov, Hesablama Palatasının sədri Heydər Əsədov və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov (hər üçü Qərbi Azərbaycandan), baş prokuror Zakir Qaralov (Borçalıdan).
Nəhayət, iri dövlət müəssisələrinin rəhbərləri: ARDNŞ prezidenti Rövnəq Abdullayev və Bakı metropolitenin rəisi Tağı Əhmədov (hər ikisi Naxçıvan əsilli), AzAL Dövlət Konsernin prezidenti Cahangir Əsgərov, Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov (hər ikisi Bakı- Şirvan əsilli), “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov (Qarabağ əsilli), “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev (Şimal bölgəsini təmsil edir) və Dəmir Yolunun rəisi Arif Əsgərov (Qərb bölgəsini təmsil edir).
Nazirlər Kabinetinə daxil olmayan siyasi postlar və iri dövlət müəssisləri ilə birlikdə dövlətin siyasi və biznes elitasında regional təmsilçilik belə strukturlaşıb: 13 nəfər Naxçıvanı, 9 nəfər Qərbi Azərbaycanı, 7 nəfər Qarabağ bölgəsini, 2 nəfər Şimal-Qərb bölgəsini, 15 nəfər Bakı-Şirvan bölgəsini, 3 nəfər Şimal bölgəsini, 4 nəfər Borçalını, 5 nəfər Qərb bölgəsini və 1 nəfər Cənub bölgəsini təmsil edir.
Klanların durumuna qısa nəzər
Qərbi Azərbaycan klanı son 10 ildə əsas mövqelərini demək olar ki, itirib. Əli İnsanovun həbsindən, Əvəz Ələkbərov və Heydər Babayevin işdən çıxarılmasından sonra bu klanın lideri demək olar ki, yoxdur. Misir Mərdanov son illər öz postunu qorumaqa cəhd göstərsədə buna nail ola bilmədi.Bu klanın üzdə olan başqa simaları da liderlik etmək iqtidarında deyillər. Hətta ölkənin üçüncü şəxsi sayılan Oqtay Əsədov da liderlik missiyasını üzərinə götürə bilmir. Ona görə də Qərbi Azərbaycan klanı Naxçıvan və Bakı-Şirvan klanına böyük hesabla uduzub və uduzmaqda davam edir. Səhiyyə və təhsil sistemində əvvəlki üstünlükləri daha yoxdur.
Qarabağ klanı Eldar Həsənovun səfir göndərilməsindən sonra lidersiz qalsa da, mövqeyini nəinki qoruyub saxlaya bilib, hətta bir qədər güclənib də. Cavid Qurbanovun “Azəryolservis” ASC-nin başına keçməsi bu klanının iqtisadi imkanlarını genişləndirib. Hazırda bank və nəqliyyat sektorunda bu klan ciddi paya sahibdir. Yenicə təşkilatlanmağa başlayan Gürcüstan klanı isə daha iddialıdır və proseslərə təsir gücünü artırmağa çalışır. Bu qrupun 2 üzvünün – Samir Şərifov və Ramiz Həsənovun baş nazir postuna iddialı olması ilə bağlı məlumatlar da intensiv olaraq yayılır. Aktivləşən qruplardan biri də Qərb klanıdır. Şahin Mustafayevin təyinatından və Fazil Məmmədovun hakimiyyətdəki nüfuzunun artmasından sonra bu klan təşkilatlanmağa başlayıb. Bu qrup F.Məmmədovu baş nazir postunda görür.
Qalan qruplaşmalar baş nazir postu uğrunda rəqabətdə iştirak etmir. Bu qruplaşmalar daha çox maliyyə və ticarət sektorunda əhəmiyyətli çəkiyə sahib olmaq uğrunda mübarizə aparır, imkan düşdükcə inzibati postlara öz adamlarını yerləşdirməyə çalışırlar.
Yeni və köhnə rəqiblər
Nəhayət, regional klanlar arasında ölkənin maddi resurslarının yenidən bölüşdürülməsinin əsas mübarizəsi ölkənin təbii resurslarının yarıdan çoxuna nəzarət edən Naxçıvan klanı (aparıcı simaları Kəmaləddin Heydərov və Ramiz Mehdiyevdir) ilə Bakı-Şirvan klanı arasındadır. Bakı-Şirvan klanı kəmiyyət baxımından siyasi elitada üstünlük əldə etsə də, resurslara nəzarət paketi hələ də Naxçıvan klanın əlindədir. Dövlət büdcəsinin 70, ixracın 93, sənayenin isə 80 faizini təmin edən neft sektoru, əsas iqtisadi strukturlar Naxçıvan klanının nəzarətindədir. Bakı-Şirvan qruplaşması isə maliyyə-bank sistemində nəzarət paketinə sahib çıxıblar, növbəti mərhələdə isə neft sektorunu hədəfləyiblər. Eyni zamanda Bakı-Şirvan klanı nisbətən aşağı səviyyəli postlara (icra başçıları, rayon prokurorlar, polis rəisləri və s.) öz kadrlarını yerləşdirməyə başlayıblar. Bu sektorda da uzun müddət Naxçıvan klanı aparıcı mövqedə olub. Son vaxtlara qədər yazılmamış bir qanun var idi, Naxçıvan əsilli məmur işdən çıxarılırdısa, onun yerini mütləq həmyerlisi tutmalıydı. Məsələn, Namiq Abbasovu Eldar Mahmudov, Əli Nağıyevi Füzuli Ələkbərov əvəzləyib. İndi bu qanun qüvvədən düşmüş sayılır. Bakı-Şirvan qrupu onların mövqelərinə ortaq olmaq, növbəti mərhələdə isə üstün mövqeyə çıxmaq niyyətindədir. Məsələn, Naxçıvan əsilli rayon prokurorlarını indi kütləvi şəkildə dəyişdirilir, onları qeyri-naxçıvanlılar əvəzləyir. Bununla belə, hər iki klan baş nazir postuna öz namizədini yerləşdirməyə iddialıdır.
Bu iki klan arasında rəqabət hələ ötən əsrin 70-ci illərində başlayıb. Uzun müddət Naxçıvan klanı öndə olub. 1988-ci ildə Qarabağ klanı önə çıxmağa səy göstərib. 1990-cı ildə isə Bakı-Şirvan klanı revanş götürüb. Ancaq 1993-cü ildən Naxçıvan klanı nəinki mövqeyini bərpa edib və rəqiblərini, xüsusilə də Bakı klanını küncə sıxıb. 2003-cü ildən başlayaraq isə yenidən Bakı-Şirvan klanı əks-hücuma keçib. Hakimiyyət daxilindəki gərginliyin əsas qaynağı da elə budur. Qruplar rəqibinin istənilən büdrəməsindən belə faydalanmağa çalışır və heç kim güzəşt haqqında düşünmür. Bu da təbiidir. Çünki resursların yenidən bölüşdürülməsi bir qayda olaraq çox ağrılı keçir. Xüsusilə o halda ki, proseslər qaydasız döyüş səhnələrini xatırladır və hamı qurşaqdan aşağı zərbə vurmaq üçün fürsət gözləyir.
Elçin Əmirov