Əlaqə vasitələri

ƏKRƏM ƏYLISLININ YÜZ DƏNƏ BELƏ ROMANI RAMIZ MEHDIYEVIN BIR QANUNSUZ HƏRƏKƏTINƏ BƏRABƏR OLA BILMƏZ (7-02-2013, 10:36)

Qurban Məmmədov:
“Əgər hakimiyyət inqilab istəyirsə xalqının başqa yolu qalmır”

Tanınmış hüquqşünas Qurban Məmmədov suallara cavab verib. Müsahibimiz Əkrəm Əylislidən, Azərbaycan hakimiyyətinin davranışlarından, xalqın 2013-cü ildə ata biləcəyi mümkün addımlardan və digər mövzulardan danışıb.
– Azərbaycanın intellektual kəsimi xalq yazıçısı Əkrəm Əylislinin “Daş yuxular” romanını müzakirə edir. Sizin bu məsələlərə baxışınız necədir?
– Mən bəzi qəzetlərin bu romandan verdiyi çıxarışları oxudum. Bu çıxarışları oxuyanda istər-istəməz Əkrəm Əylisli haqqında insanda mənfi fikir yaranır. Ona görə yox ki, romanda deyilən fikirlər millətimiz haqqında vəhşi obrazı yaradır. Sadəcə ona görə ki, yazıçının ortaya gətirdiyi faktlar yalan və əsassızdır və yaxud birtərəflidir. Amma sizə deyim ki, mən bu əsəri tam oxumamışam. Ola bilsin ki, fikirlərin bəzisi konteksdən çıxarılıb və bu səbəbdən də romanı düzgün qiymətləndirə bilmirik. Əsəri oxumadan konkret fikir söyləyə bilmərəm. Hesab edirəm ki, əsəri oxumayanların ortaya düşərək yalançı qəhrəmanlıq etməsinə də ehtiyac yoxdur. Yalnız onun əsərini oxuyan insanlar bu haqfa fikirlər səsləndirə və romanı qiymətləndirə bilər. Əks halda cəmiyyət olaraq qaraguruhun arxasınca getməli olarıq.
– Əsər bədii xarakterli oldugu üçün müəllif istək və düşüncələrini yaza bilərmi, yoxsa sizdə bunu ziyanlı hesab edirsiniz?
– Azərbaycan xalqından üzr istəyirəm! Bədii əsər adı altında kiminsə anasının fahişə yazmaq sizcə doğrudurmu? Adını bədii əsər qoyacaqsan və sonrada yazacaqsan ki, filankəsin ailəsi pozğundur, əxlaqsızdır. Məsələn, bu saat Türkiyədə ən çox müzakirə edilən məsələ “Möhtəşən 100 il” filmidir. Bu mübahisə ən kəskin mərhələdədir. Durub Sultan Süleymanı əyyaş və içki düşgünü olması haqda film çəkmək olarmı? İstənilən tarixlə bağlı yazılan əsərin özü bir tarixdir. Əgər müəllif öz bədii təxəyüllünü ortaya qoyursa, bu zaman əsəri oxuyan şəxs və ya millət onu bu formada başa düşür, qavrayır. Bir də var konkret tarixi hadisə, eləcədə tarixi şəxsiyyətlər haqqında yazılan bədii əsər. Əkrəm Əylislinin yazdığı faktiki olaraq tarixi əsərdir. Fikrimcə, tarixi əsərdə faktları saxtalaşdırmadan bədiiləşdirəndə ona əsər demək olar. Yoxsa sən tarixi faktları saxtalaşdırmaqla, bitərəfli qayda da faktları şərh etməklə belə bir əsər yaza bilməzsən. Çünki bu tarixi əsər sayılmaz. Mən belə anlayıram. Ola bilsin ki, əsərdə qeyd edilən kimi hansısa erməni öldürülüb. Ancaq onu öldürən şəxsin “yeraz” sözü ilə təhqiramiz ifadə etdikləri toplumun Bakya gəlməzdən öncə çəkdiklərini, niyə Bakıya gəlib çıxdıqlarını qeyd eləmək lazım idi. Yalnız bundan sonra onların Bakıda törətdiyi əməli şərh etmək və bu səbəblərdən onun vəhşiləşdiyini yazmaq olardı. Sözümün canı odur ki, hər hansı bir türküvəhşiləşdirən erməni vəhşiliyidir. Bunu yaddan çıxarmaq olmaz. Burada Əkrəm Əylisli bir qədər səhv edib. Bəlkə də, əsər məhz mən dediyim kimi yazılıb. Sadəcə olaraq mən əsərlə tam tanış deyiləm. Əsəri oxuyandan sonra daha dəqiq şəkildə fikir bildirmək olar. Amma mən bu başdan deyim ki, təmsil olunduğum milləti vəhşi, qaniçən, mədəniyyətsiz kimi göstərilməsini qəbul etmirəm və düşünürəm ki, bizim türk millətimiz dünyada ən mədəni millətlərdən biridir.
– Sizcə, əsərə səviyyəli şəkildə cavab vermək lazımdır, yoxsa dünyanın gözü qarşısında müəllifi hədələmək, mənzilinin qarşısında piket keçirmək, Milli Məclisdə şantaj etmək məqbuldur?
– Əvvəla, deyim ki, Əkrəm Əylislinin yazdığı əsərdən sonra baş verən hadisələr, xüsusilə yazıçının evi qarşısında aksiya təşkil etmək, kampaniyaçılıq aparmaq çox səviyyəsiz bir davranışdır. İkincisi, ortada başqa çirkin məqsədlər var. Unutmayın ki, Əkrəm Əylisli hakimiyyətin apardığı siyasətin tənqidçilərindən biridir. Bu gün Milli Məclisdə səslənir ki, Əkrəm Əylislini Azərbaycan vətəndaşlığından çıxaraq. Qanundan bixəbər olan şəxslərə deyim ki, Əkrəm Əylislini heç kəs vətəndaşlıqdan çıxara bilməz. Çünki bu onun konstitisyon hüququdur. Onu bir kimsə ölkəsindən də çıxara bilməz. Vətəndaşın vətəndaşlıq hüququndan mərhum edilməsinin qanuni əsasları var. Bütün bunlar boş şeylərdir və belə əsassız fikirlərin işlədilməsində siyasi məqsədlər güdülür. Bir daha qeyd edirəm ki, Əkrəm Əylislinin ictimai-siyasi mövqeyi son illər fəallaşıb. O Ziyalılar Forumunda təmsil olunur. Hakimiyyətin isə bu forma münasibəti heç də müsbət deyil və orada təmsil olunanları daima tənqid edir. Çünki forumda olan şəxslər ölkədə baş verənlərə obyektiv qiymət verirlər. Bu mənada Əkrəm Əylisliyə qarşı edilən hücumlar başadüşüləndir. Bəlkə də, Əkrəm Əylisli hökumətə dəstək versəydi onun romanını tərifləyər və deyərdilər ki, sən demə bizim xalqımız vəhşi imiş, türklər vandaldır və s. Bu hakimiyyət bunu çox məmnuniyyətlə deyə və hətta onu dəstəkləyən Əkrəm Əylisliyə Nobel mükafatının verilməsi üçün çalışmalar həyata keçirərdi. Sadəcə olaraq indi Əkrəm bəyin siyasi mövqeyi hakimiyyəti qane etmir və buna görə də, “Daş yuxular” əsərindən sui-istifadə edirlər. Amma hər halda əsər öz-özlüyündə mənfi əsərdir. Əsərin qəzetlərdə oxuduğum abzaslarının bədiiyətlə heç bir əlaqəsi yoxdur. Bu daha çox publisist yazısına oxşayır. Orada müəllim deyir ki, “it oğlu yerazlar öldürdü”. Fikrimcə, burada heç bir bədiyyət yoxdur. Romanı bədii əsərə çevirən nə dil var, nə bənzətmə var, nə də başqa priyomlar var. Niyə Əkrəm müəllim bunu belə formada yazıb və nədən rus dilində çap etdirib? Ən maralı sual budur. Niyə yazıçı əsərini ana dilində deyil, rus dilində yazıb və rus mətbuatında işıqlandırıb. Əkrəm Əylisli bu suala tutarlı cavab verməlidir. Fikrimcə, bunun niyəsi var. Əkrəm Əylisli çox ağıllı adamdır. O, bunu elə-belə etməyib. Burada nəsə var və bizdə bu nəsəni tapmalıyıq. Tarixi fakt var ki, türklər uzun illər erməniləri öz qoynunda saxlayıb, ona şərait yaradıb, vəzifə verib və yaşadıb. İstər 1915, istərsə də, 1980-cı illərin sonunda türklər ermənilərə cavab vermək məcburiyyətində qalıb. Bu da türklərin haqqıdır. Əkrəm müəllim faktları obyektiv şərh etsəydi daha ciddi bir əsər yaradar və millətlərin bir-birinə düşmən etməyin mexanizmini açıb ortaya qoyardı. Mən hesab edirəm ki, anti türk mövqe, söyüş və təhqirlər əsərdə hansısa bir erməni personajının adından verilə bilərdi. Amma bunu bir azəri türkünün dilindən səsləndirmək yaxşı hal deyil. Burada artıq siyasət var.
– Sizcə, bizim problemimiz Əkrəm Əylislidir, yoxsa ölkənin milli sərvətlərinin talanmasıdır?
– Təbii ki, bu məsələni hakimiyyətdə qabarda bilər. Mən inanmıram ki, Əkrəm müəllim hökumətin bu oyunlarında şüurlu şəkildə iştirak etsin. Bu gün Azərbaycanın gündəmi Elşad Abdullayevin videoları olmalıdır. Əkrəm Əylislinin yüz dənə belə romanı Ramiz Mehdiyevin bir qanunsuz hərəkətinə bərabər ola bilməz. Və yaxud İham Əliyevin xalqla hesablaşmadan atdığı addımlara adekvat ola bilməz. Bu dəqiqdir. Heç bu əsər Azərbaycan polisinin törətdiyi cinayətlərin onda birinə bərabər ola bilməz. Ona görə də, hesab edirəm ki, Azərbaycan xalqının və dövlətinin problemi ilk növbədə indiki cinayətkar, koorupsioner və rüşvətxor rejimdir, Əkrəm Əylisli deyil.
– 2013-cü il seçkisində iqtidarın dəyişməsi üçün imkanlar və resuslar varmı?
– Yüz faiz resurslar var. Azərbaycan xalqı ayağa qalxıb küçələrə tökülsə, hakimiyyət dəyişəcək, nəhayət ölkədə normal seçki keçiriləcək. Bu xalqın haqqıdır. Yox əgər bunları özbaşına qoysan vəziyyət daha da pisləşəcək. Siz nəzərə alın ki, Nazirlər Kabineti, Baş Prokurorluq, Gömrük Komitəsi, Prezident Aparatı adı altında bir qrup insan fəaliyyət göstərir. Bunun qarşısına yalnız xalq çıxmalı və seçkilərə qədər vəziyyət dəyişilməlidir. Əks halda cinayətkarlar dövlət əmlakını mənimsəməkdən niyə kənara çəkilməlidir ki?
– Xalqın ortaya çıxması üçün onun təşkilatnım hissəsi olan müxalfifət öndə olmalı deyilmi?
– Vacib deyil ki, xalqın təşkilatlanan hissəsi müxalifət olsun. Bu hakimiyyətin içində də, kifayət qədər namuslu, qeyrətli,, rejimdən bezən insanlar var. Onlar özləri də, bu vəziyyəti dəyişdirə bilərlər. Mən əminəm ki, yeri gələndə bu insanlar müxalifət olmadan da, xalqın mövqeyindən çıxış edəcəklər.
– Demək istəyirsiniz ki, seçkilərə qədər hansısa qrup hakimiyyətdən qopa və xalqla həmrəy ola bilər?
-Mən buna qəti əminəm. Artıq ciddi faktlar var və mən bu haqda çox danışmaq istəmirəm. Orduda, DİN-də, inzibati orqanların içində xalqın tərəfinə keçmək istəyənlər var.
– Siz sosial şəbəkədə yazmısınız ki, üç hökumət adamı ilə müxalifət nümayəndəsi arasında danışıqlar başlayıb. Bu nə xəbərdir?
– Bəli. Hakimiyyətdə olan üç nəfərlə müxalifət liderlərindən birinin nümayəndəsinin gizli görüşü haqqında məndə dəqiq məlumat var. Sadəcə olaraq bu şəxslərdən biri polis rəisi, ikisi isə nazir müavini səviyyəsində olan şəxslərdir. Onların təklifi odur ki, lazımı məqamda xalqla birgə olacaqlar, amma yeni hakimiyyət zamanı onlara təzyiq edilməsin. Başqa şərt irəli sürülməyib.
– İsmayıllı da, baş verənlər başqa yerlərdə təkrarlanacaqmı?
– Siz də, bilirsiniz ki, Tunisdə göy satan gənc özünü yandırdı və ölkədə inqilab baş verdi. Yəni inqilab adi məişət hadisəsindən sonra oldu, xalq ayağa qalxdır. Kütləvi hərəkatın, xalq üsyanından başlaması üçün bəhanənin nə olması əhəmiyyətli deyil. Əsas odur ki, sosial partlayış və xalq üsyanı üçün real əsaslar var. Bu əsasları hakimiyyətin korrupsiyası, özbaşınalığı, rüşvətxorluğu, monopoliya yaratması səbəb olur. Hər yerdə qanunsuzluq və rüşvətxorluq tüğyan edir. İsmayıllıda iki gəncin savaşmasının bu həddə çatması onu göstərir ki, sosial partlayış üçün obyektiv zəmin var, şərtlər artıq mövcuddur. Bu mənada adi bir məişət hadisəsi səbəbindən ölkədə alov qalxa bilər. Çünki xalq artıq bezib və ona bəhanə lazımdır. Bu bəhanənin hardan ortaya çıxmasının əhəmiyyəti yoxdur. Hakimiyyət ərəb diktatorlarının taleyindən dərs götürməli idi, amma təəssüf ki, götürməyib. Bu baxımdan onların taleyi Qəddafi kimi olacaq. Mən çox narahatam ki, Azərbaycanın taleyi də Suriya kimi olsun, ölkə dağıdılsın. Mən bunu istəmirəm. Əgər hakimiyyət bunu istəyirsə, azərbaycan xalqının başqa yolu qalmır. Bu hakimiyyət islahat yolu ilə, indi qədər yığdığı haram pulları özündə qalma şərti ilə ya hakimiyyətdən getməlidir, ya da hakimiyyəti davam etdirməklə özlərini və dövləti itirəcəklər.
– Hakimiyyətin islahatlara getmək imkanı varmı?
– İlham Əliyevin islahata getmək niyyəti yoxdur. Onu yalnız təzyiqlə etmək olar. İlham Əliyevin ətrafında qanan, anlayan, savadlı adamlar da var. Xalq toparlanıb küçələrə çıxmalıdır ki, Əliyevin yanında olan ağıllı adamlar ona təzyiq edə bilsinlər. Mexanizmi budur.
– Müxalifətin birləşməməsi siz deyənlərin gerçəkləşməyəcəyini deməyə əsas vermirmi?
– Müxalifət artıq birləşmək ərəfəsindədir. Bu istiqamətdə ciddi iş aparılır və müəyyən addımlar atılır. Bunun ən yaxşı nümunəsi iki gün əvvəl Müsavat Partiyasında yeddi partiya sədrinin, hüquqşünasların iştirakı ilə İsmayıllı və Binə hadisələrinə həsr edilən dinləmələrin müzakirəsi idi.
HÜSEYN ABBASOĞLU

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir