Əlaqə vasitələri

Tanınmış vəkillər Kərəm Həsənovdan dad elədi

Bazar, 19 Fevral 2012 09:15

Ali Məhkəmənin fevralın 17-də keçirilən plenum iclasında AM inzibati-iqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev əhalinin şikayətçi olduğu qurumların adlarını açıqlayıb. Bəlli olub ki, 2011-ci ildə AM IIK-ya daxil olan şikayətlər arasında Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Iqtisadi Inkişaf Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qəbul etdiyi qərarlarla bağlı işlər üstünlük təşkil edib. H.Mirzəyev Vergilər Nazirliyinin cavabdeh kimi iştirak etdiyi işlərin sayının 260-a çatdığını bildirib. Məhkəmə Cinayət Kollegiyasının sədri Şahin Yusifov isə 2011-ci il ərzində kollegiyaya 1071 işin daxil olduğunu söyləyib.

«Əmlak Komitəsi addımbaşı cinayət törədir»

Tanınmış vəkil Aslan Ismayılovun qənaətincə, əhalinin sosial rifahı yaxşılaşdığına görə Ali Məhkəməyə işlərin sayının artmasıyla bağlı Ramiz Rzayevin dediklərinin əsası yoxdur: “Əksinə, Ali Məhkəməyə şikayətlərin miqyası insanların rayon və Apelyasiya Məhkəmələrindən narazılığının artmasının göstəricisidir. Dünyanın heç bir yerində Azərbaycandakı kimi, yəni rayon məhkəməsindəki işin Ali Məhkəməyə çıxması praktikası yoxdur. Bütün dünyada rayon məhkəməsində baxılan işin heç 1 faizi də Ali Məhkəməyə gedib çıxmır. Çünki bu instansiyaya qədər rayon məhkəmələri ədalətli qərar çıxarır. Şikayətlərin sayının artmasının kökündə duran da müstəqil məhkəmə hakimiyyətinin olmamasıdır”.
Əhalinin şikayətçi olduğu qurumlar barədə fikrini bildirən vəkil Əmlak Komitəsinin addımbaşı cinayət törətdiyini bildirdi. A.Ismayılov müstəqil məhkəmə hakimiyyəti olmadığından məhkəmələrin sözügedən qurumlardan çəkindiyini də bildirdi.

«Əhalinin ən çox şikayəti Dövlət Reyestr Xidmətindəndir»

Hüquqşünas Qurban Məmmədov söylədi ki, 1 saylı Bakı Iqtisad Məhkəməsi yalnız Dövlət Reyestr Xidmətiylə işləyir: “Bu idarədə rüşvətxorluq elə bir həddə çatıb ki, vətəndaşların qanuni tələblərini müxtəlif bəhanələrlə süründürür və nəticədə iş məhkəməyə gedib çıxır. Ən çox şikayət ərizələri həmin qurumdan daxil olur. Vergilər Nazirliyindən olan şikayətlərdə orta aylıq əməkhaqqından tutulan vergiylə bağlı insanların narazılığı çoxdur. Bu gün narazılığın daha çox olduğu qurumlardan birincisi Dövlət Reyestr Xidməti, Vergilər Nazirliyi, Torpaq Komitəsidir. Həmçinin məhkəmələrin özündən, polisdən də narazılıqlar var. Lakin onlardan şikayət qaydası başqa cür həll olunur deyə, o, sözügedən şikayətlərə daxil deyil”.
Q.Məmmədov bu cür vəziyyətin yaranmasının səbəbini rejimin mahiyyətində görür. Həmsöhbətimizin qənaətincə, bütün bunlar siyasi rejimin mahiyyətindən doğan hadisələrdir və bütün çevrələrə sirayət edib. Lakin əhalinin daim təmasda olduğu qurumlar yuxarıda adını çəkdiyimiz dörd nazirlikdir ki, onlar daha çox şikayət olunan ünvana çevrilib.

Nigar

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir