Qurban Məmmədov yeni çağırış etdi
Bazar, 09 Dekabr 2012 21:11
“Bu mərhələnin lideri kimi Əli Kərimlini görürəm və bu qənaətə yüzlərlə ziyalı, müəllim, həkim, tələbə və fəhlənin də mövqeyini nəzərə alaraq gəlmişəm”
Tanınmış hüquqşünas Qurban Məmmədov son günlər AXCP sədri Əli Kərimlini bu mərhələdə müxalifətin vahid lideri kimi gördüyünə dair paylaşdığı fikirlərdən dolayı yaranan situasiyaya münasibət bildirib. Q.Məmmədovun “Azadlıq”ın elektron poçtuna göndərdiyi münasibəti olduğu kimi dərc edirik.
“Əziz həmvətənlər! İstər hörmətli Əli Kərimli, istərsə də hörmətli İsa Qəmbər hər iksi Azərbaycanın prezidenti olmağa layiq və hazırdırdırlar. Hər ikisinin kifayət qədər dövlət və partiya idarəçilik təcrübəsi, intellektual potensialı, hakimiyyətə gətirə biləcək və qoruya biləcək sayda elektoratı, eləcə də, beynəlxalq qəbuledilənliyi var.
Mənim son vaxtlar Əli bəyin liderliyi ilə bağlı dediyim fikirlərdən bəzi qüvvələr bu iki möhtəşəm qüvvəni parçalamaq üçün istifadə etməyə çalışırlar. Buna görə də, müəyyən məsələlərə aydınlıq gətirmək zərurəti duydum.
Hörmətli xanımlar və bəylər! Əziz dostlar!
Mən prezident seçkilərində müxalifətin vahid namizədinin kim olması barədə fikir bildirməmişəm və bu mənim vəzifəm də deyil. Bu eyni zamanda mənim seçki ilə bağlı şəxsi mövqeyimə də zidd olardı. Çünki mən indiki şəraitdə: bu cinayətkar rejimin nəzarətində, indiki MSK və DSK-lar tərkibində, indiki Seçki Məcəlləsi ilə müxalifətin öz namizədi ilə seçkidə iştirakının əleyhinəyəm.
Məncə, bu günün ən vacib məsələsi ölkədə normal seçki mühitinin yaradılmasıdır və bununçün də ümumxalq mübarizəsinin təşkilinə ehtiyac var. Siyasi mübarizələr tarixinin və son illərdə dünyada baş verən demokrtaik hərakatların (xüsusilə də ərəb baharını nəzərdə tuturam) təcrübəsini nəzərə alaraq, yəni gəncliyin, tələbələrin aparıcı qüvvə olduğuna önəm verərək, bu mərhələnin lideri kimi hörmətli Əli Kərimlini görürəm.
Bu qənaətə mən yalnız öz şəxsi görüş və istəklərimə görə gəlməmişəm. Söhbət apardığım yüzlərlə ziyalı, müəllim, həkim, tələbə və fəhlənin də arzu-istəyini, mövqeyini nəzərə alaraq bu qənaətə gəlmişəm. Digər tərəfdən, Əli bəyin gənclər arasında – tələbələrlə apardığı iş onu gəncliyin idealına, kumirinə və liderinə çevirmişdir. Bunu görməməzlikdən gələ bilmərik və bu barədə mövqe bildirəndə, millətin və dövlətin gələcəyini düşünən hər bir adam şəxsi və qrup maraqlarını kənara qoymağı bacarmalıdır.
Rejim bu Uca Milləti köləyə çevirmiş, sərvətlərini talamış, ölkədə sözün müstəqim mənasında cinayətkar bir sistem qurmuşdur.
Ancaq heç kim unutmamalıdır. 2003-cü ildə müxalifətin qələbəsinin əsas şərti İsa Qəmbər-Etibar Məmmədov birliyinin təmin edilməsi idi. Çox təəssüf ki, o vaxt min bir əzabla əldə edilmiş o birlik bir gecədə Rəsul Quliyevin gərəksiz müdaxiləsi ilə pozuldu və nəticə ortada.
Əziz həmvətənlər!
Bu gün müxalifətdə çoxlu ləyaqətli partiya sədri, müxtəlif yönlü sosial şəbəkə və qrup rəhbərləri olsa da, müxalifətin qələbəsinə gedən yol Əli Kərimli-İsa Qəmbər birliyindən keçir. Hamıya bəlli olan bir həqiqəti təkrar etməkdə fayda görürəm: bu iki lider ortaya vahid mövqe qoymasalar, qalan qüvvələr də onların ətrafında birləşməsələr, o iki lider o birilərin siyasi maraqlarını təmin etməklə ümumi birliyə nail olmasalar, xalq bizə dəstək verməyəcək və nəticədə yenə də millətin, dövlətin taleyi cinayətkarların ümidinə buraxılacaq. Heç bir maraq, heç bir araqument bu real zəruriliyi inkar edə bilməz.
Ona görə də, qanuni seçki mühitinin yaradılması uğrunda mübarizə hörmətli Əli Kərimlinin liderliyi ilə başa çatdırılmalı, növbəti mərhələdə isə müxalifətin prezidentliyə vahid namizədi müəyyənləşdirilə bilər. Yox əgər kimsə özünü bu mübarizədə Əli bəydən daha çox hazırlıqlı, qərarlı, qətiyyətli və ardıcıl görürsə, lap yaxşı, çıxsın irəli, sinəsini versin qabağa, biz də milləti ona dəstək olmağa səfərbər edək.
Bu mərhələdə Rəsul Quliyevin də, Əli Kərimlinin də, İsa Qəmbər, Eldar Namazov, Etibar Məmmədov, Lalə xanım Şövkət, Mirmahmud Mirəlioğlu, Əli Əliyev, Sərdar Cəlaloğlu, İlqar Məmmədov, İqbal Ağazadə, hətta Allahşükür Paşazadə və başqalarının da özlərinə məxsus yeri və vəzifələri vardır. Bu gün əsas məsələ hər bir şəxsin lazım olan anda lazım olan yerdə olması və tərsinə, lazım olmadığı yerdə olmamasıdır.
” Mənim pis bəndələrimdən biri də o bəndələrdir ki, bacarmadıqları işin dalınca gedirlər” (Qurani Kərim)
Belələri özlərini də, müxalifəti də, dövləti və milləti də məğlubiyyətə aparırlar.
Hörmətli bacı və qardaşlarım, mən hesab etmirəm ki, mənim fikirlərim yeganə düz olandır.
Allah bizi saf niyyətli bəndələrdən etsin!
Allah millətimizə, dövlətimizə və müxalifətimizə yardımçı olsun, İnşallah.
AMİN!”