Əlaqə vasitələri

Qurban Məmmədov müxalifətə səsləndi

Qurban Məmmədov müxalifətə səsləndi

“Gəlin, xalqın taleyi ilə oynamayaq, ömrümüzdə bir dəfə addım atıb birləşək”
Tanınmış hüquqşünas Qurban Məmmədovun müxalifətin vahid lideri kimi AXCP sədri Əli Kərimlini görməsi barədə açıqlaması bəzi siyasi partiyalarda narazılıq doğurub. Hətta Q.Məmmədovun qardaşı, ADP sədri Sərdar Cəlaloğlu da onun fikri ilə razılaşmadığını bildirib. Hüquqşünas hesab edir ki, müxalifətə vahid namizəd yox, vahid lider lazımdır və bu da AXCP sədri olmalıdır. Q.Məmmədov “Ekspress”ə müsahibəsində təklifini əsaslandırmağa çalışıb.

– Sizin müxalifətin vahid lideri kimi Əli Kərimlini tanımaq çağırışınız etirazlara səbəb olub. Niyə başqaları yox, məhz Əli Kərimli müxalifətin lideri olmalıdır ki?

– Bu gün seçkidə iştiraka iki yanaşma mövcuddur. Biri İsa Qəmbərin təklifidir ki, nəyin bahasına olursa-olsun, istənilən halda seçkidə iştirak etmək lazımdır. Axırıncı dəfə hörmətli İsa bəy dedi ki, gedərik seçkiyə, görsək alınmır, namizədliyi geri götürərik. İctimai Palatadan kənarda olan qüvvələr də indiki MSK, indiki Seçki Məcəlləsi ilə bu seçkidə iştirak etməyə hazır olduqlarını bildiriblər. Yeganə adam bu gün Əli Kərimlidir ki, indiki Seçki Məcəlləsi ilə, indiki seçki mühiti ilə seçkiyə getməyin mümkün olmadığını bəyan edib. Bu baxımdan da qarşıya qoyulan vəzifələrin həlli istiqamətində problemlər özləri tamam fərqli və müxtəlif mübarizə vasitələri və yanaşmaları tələb edir. Yəni birinci halda seçkiyə getmək istəyənlər sadəcə olaraq qanunda nəzərdə tutulan hərəkətləri yerinə yetirməklə seçki günündə indiyə qədərki qeydə alınma prosedurları ilə bağlı müəyyən problemlərin həllində müqavimət göstərməyə məcbur olacaqlar. Bir də seçkidən sonrakı dönəmdə əgər seçkinin nəticələrinin saxtalaşdırıldığını elan edəcəklərsə, ondan sonra mübarizəyə başlamalı olacaqlar. Amma Əli Kərimlinin təklif etdiyi seçkiyə qədərki mübarizə dövrüdür. Mən də eyni mövqedə olduğuma görə təklif edirəm ki, mütləq normal seçki mühitinin yaradılması uğrunda mübarizə təşkil etmək lazımdır. Bu mübarizəni uğurla başa çatdırdıqdan sonra seçkiyə getmək və seçkidən sonra da lazım olan mübarizəni davam etdirmək lazımdır. Bu gün Əli Kərimlinin təklif etdiyi mübarizə mərhələsinə mütləq lider lazımdır, o da təbii, ideyanı irəli sürən özü olmalıdır. Ona görə də mən deyirəm ki, seçkiyə qədər seçki mühitinin yaradılması uğrunda mübarizəyə Əli Kərimli liderlik etməlidir. O başqa məsələ ki, normal seçki mühiti yaranandan sonra müxalifət yığışacaq və ola bilsin Əli Kərimli, misal üçün İqbal Ağazadənin, İsa Qəmbərin prezidentliyə vahid namizədliyini dəstəkləyəcək. Və yaxud Eldar Namazov var, Lalə Şövkət var. Vahid namizəd kimi bu adamlar kimi dəstəkləsələr, biz də xalq olaraq vahid namizədə dəstək verməyə hazırıq.

– Əli Kərimlinin ideyalarını, fikirlərini elə qardaşınız Sərdar Cəlaloğlu da söyləyir. Olmazdımı elə müxalifətin vahid lideri Sərdar bəy olsun?

– Siz istəyirsiniz ki, mən siyasətdə qohumluq, qardaşlıq münasibətlərini üstün götürüm?

– Axı, Sərdar bəy də Əli bəy qədər təkliflər verir..

– Söhbət təkcə təklif verməkdən yox, həm də real gücə, cəmiyyətdə mövqeyə malik olmaqdan gedir. Əli Kərimli bu gün tələbələr və Azərbaycan gəncliyi arasında qəbul olunan bir nömrəli liderdir. Bu acı faktı kimsə həzm etməyə bilər, amma reallıqlar çox acı olur, məcbur olub onu qəbul edəcəklər. İkinci tərəfdən, Əli Kərimli çox böyük elektorata malikdir. Demək olar ki, respublikanın 80-90% ərazisini əhatə edən partiya strukturlarına malikdir. Bu baxımdan onun şansları böyükdür və Əli Kərimli ilə müqayisədə mən başqa bir lideri görə bilmirəm. Əgər belə bir lider varsa, çıxsın qabağa, Əli Kərimli kimi xalqa müraciətini etsin, sosial şəbəkələrə yığışan gəncləri arxasınca aparsın. Bu mümkün deyil.

– Bəs müxalifətin vahid namizədi barədə nə deyə bilərsiniz? Yusif Bağırzadə təklif edir ki, vahid namizəd Etibar Məmmədov olsun. Etibar Məmmədov uzun müddətdir faktiki olaraq kənara çəkilib siyasətlə məşğul olmur. Sizcə, belə bir şəxsin namizədliyi üzərində durmaq olarmı?

– Etibar Məmmədovun siyasətlə məşğul olmadığını demək siyasətdən xəbərsizlikdir. Etibar Məmmədov adı, varlığı ilə siyasətin içərisindədir. Biləsiniz ki, Azərbaycan siyasətində bir çox məsələləri də Etibar Məmmədovun mövqeyi müəyyənləşdirir. Onunla razılaşırlar, məsləhətləşirlər və s. Hesab edirəm ki, Etibar Məmmədov da son 20 ildəki öz siyasi fəaliyyəti ilə Azərbaycan xalqının lideri olmağa hazır şəxslərdən biridir və Azərbaycan müxalifətini vahid namizəd kimi ləyaqətlə təmsil etməyə hazır olan liderdir. Təbii ki, kimin vahid namizəd kimi müxalifətin adından seçilməsi ilk növbədə liderlərin, partiya sədrlərinin özlərinin arasında əldə edilə biləcək razılıqdan asılıdır. Yox, əgər onlar bu razılığı əldə edə bilməsələr, onda təbii ki, ictimai rəy nəzərə alınmalıdır, onlar arasında hər hansı bir metodla seçki keçirilməlidir ki, vahid namizəd müəyyən olunsun. Amma bütün bunlardan ən vacibi Azərbaycanda normal seçki mühitinin yaradılmasıdır. Bəlkə elə mühit yaransa, heç vahid namizədə ehtiyac olmayacaq. Mən istəyərdim ki, hamı seçkiyə getsin. Əvvəl-axır bilək ki, bu xalq kimə çox səs verir.

– Sizcə, vahid namizədi müəyyən etmək üçün praymeriz keçirmək mümkündürmü?

– Özləri vahid namizəd ətrafında razılığa gəlməsələr, praymerizlə, sosial sorğular keçirməklə bunu müəyyənləşdirmək olar. Burda problem yoxdur. Mən sizin qəzetin müstəqilliyinə, obyetivliyinə inanıram. Misal üçün, 5-10 nəfər jurnalistə tapşırmaq olar ki, bununla bağlı sorğu keçirin. Və yaxud da 5-10 ziyalının başçılığı altında sorğu qrupu yaratmaq, praymeriz təşkil etmək olar. Yəni bunların yolu çoxdur. Təki gəlib o mərhələyə çatsınlar və hörmətli liderlər qərara gəlsinlər ki, vahid namizədin seçilməsi vacibdir. Onlar bu məsələdə razılığa gəlsələr, texniki məsələləri biz həll edə bilərik. Mən özünü müxalifət kimi təqdim edən adamlara üz tuturam ki, gəlin xalqın taleyi ilə oynamayaq. Siyasi ambisiyalarımızı, qrup maraqlarımızı bir qırağa qoyaq, heç olmasa, ömrümüzdə bir dəfə, gəlin, bu addımı ataq, birləşək.

Aqil ASLAN

Ekspress qəzeti, 11 Dekabr 2012-cı il N 226(3598)

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir