Əlaqə vasitələri

Qubaya Ziya Məmmədovun getməsi dövlətçiliyə tüpürmək idi

Cümə, 09 Mart 2012 07:25

Bəzi məmurların yekəbaşlığı, saymamazlığı iqtidarı da, dövlətimizi də məhvə aparır»

Qurban Məmmədov: «Elə qanun olmalıdır ki, sabah Ilham Əliyev də həbsxanaya düşəndə vicdan məhbusları kimi təhqir olunmasın»

Tanınmış vəkil Qurban Məmmədovla müsahibəmizə bir neçə gün öncə “Azadlıq” radiosunun əməkdaşı, tanınmış jurnalist Xədicə Ismayılın şantaj və təhdidə məruz qalması ilə bağlı sual ilə başladıq. Facebook səhifəsində bəyanatla çıxış edən X.Ismayıl bildirib ki, martın 7-də ev ünvanına gələn təhdid və şantaj xarakterli məktubda ona fəaliyyətini məhdudlaşdırmaqla bağlı açıq xəbərdarlıq edilib. Q.Məmmədovun fikrincə, X.Ismayıla qarşı bu cür münasibət onun hakimiyyətə qarşı tutduğu mövqe ilə bağlıdır. Amma o da nəzərə alınmalıdır ki, heç kimi tutduğu yoldan, əqidəsindən bu cür gülünc metodlarla uzaqlaşdırmaq olmaz:

– Oxşar təhdid bir çox jurnalistlərə edilib. Üç-dörd il əvvəl tanınmış jurnalist Xaliq Bahadır da təhdidlə, şantajla üzləşmişdi. Amma bu cür məktublarla insanlar həyatlarını nizamlamırlar. Xədicə xanıma qarşı olan bu hərəkət millətimizin ləyaqətinə olan qəsddir. Xədicə xanım Azərbaycan jurnalistikasının vicdanlarından biridir. Bəlkə də qadın olduğuna görə bu istiqamətdə birincidir. Bu cür təhdidlərdən çəkinmək olmaz. Amma eyni zamanda hüquqi baxımdan bu məsələ mütləq araşdırılmalıdır. Dövlət bu məsələyə əl qoymalıdır. Əgər bu baş verməyəcəksə, Xədicə xanım mühafizə olunmayacaqsa, təhdidlərin mənbəyi tapılmayacaqsa, biz bu qənaətə gələ bilərik ki, təhdidi hakimiyyət təşkil edir. Çünki Xədicə xanımın ən çox tənqid etdiyi hazırkı rejimdir, ölkədə baş verən qanunsuzluqlardır.

Təhdidə və şantaja görə Ilham Əliyev məsuliyyət daşıyır

– Bundan əvvəl də jurnalistlərə qarşı oxşar hədələrin şahidi olmuşuq. Amma bu dəfə baş verənlər əndazəni aşmaqdadır. Çünki bu dəfə şantaj obyekti bir qadındır?
– Azərbaycanda əndazə və çərçivələr çoxdan aşılıb. Azərbaycan bir dövlət olaraq hüquq müstəvisindən çıxıb. Azərbaycan dünya miqyasında yazılı qanunlarla idarə olunmayan 3-4 dövlətdən biridir. Fikir verin, Azərbaycanda rəsmi vergi qeyri-rəsmi toplanan xəracın onda biri qədərdir. Inhisardan toplanan pullar rəsmi dövlət büdcəsindən 15 dəfə artıqdır. Gömrükdə bir malın rüsumu min manatdırsa, vətəndaşdan otuz min pul alınır. Bu istiqamətdə şəxsən faktlarım var. Bakı gömrüyündə hüquqlarını müdafiə etdiyim şəxsdən əvvəlcə otuz min manat rüsum istənilsə də, sonradan bu məbləğ beş min manata enmişdi. Ən sonda isə məlum oldu ki, onun ölkəyə keçirmək istədiyi malın rəsmi rüsumu iki min yeddi yüz manat olmalıymış. Azərbaycan xalqının gözünün içinə baxa-baxa onun sərvətləri talanır, ləyaqəti alçalır. Azərbaycan jurnalistlərinin, fəal siyasi xadimlərin şəxsi həyatları barədə internetdə yayılan, televiziyalarda göstərilən materiallar çoxdan sübut edir ki, bunlar bütün çərçivələri keçiblər. Buna görə məsuliyyəti şəxsən Ilham Əliyev daşıyır. Çünki hələ ki, Ilham Əliyev dövlət başçısı kürsüsündə oturub. Əgər bir evdə səliqəsizlik, qanunsuzluq baş alıb gedirsə, buna görə məsuliyyəti ailə başçısı daşıyır. Əgər bunun qarşısı alınmırsa, deməli, ya bu adamlar yerlərində deyillər, ya da səlahiyyətsizdirlər. Əgər bir ölkədə “Lider” televiziyası ilə jurnalistin şəxsi intim həyatı canlandırılırsa, daha sonra bu kadrları efirə verən deputat olursa, deməli, bu əxlaqsızlığın başında duran elə hakimiyyətdir. Əks təqdirdə, başqa cür münasibət sərgilənməli idi. Mən dövlət başçısı olsaydım və belə bir hərəkətə yol verilsəydi, o televiziyanın bir dəqiqə də fəaliyyət göstərməsinə imkan verməzdim. Çünki bu cür hərəkətlər şəxsi, özəl həyata müdaxilədir. Digər tərəfdən, bu, ictimai əxlaqın pozulmasına yönələn bir faktdır.

Xalq indiki kimi yaşamaqdan bezib

– Quba hadisələri hələ gündəmdədir. Özünüz də dəfələrlə vurğulamısınız ki, ölkədə siyasi islahatlar baş verməsə, ərəb baharının Azərbaycanda da baş verməsi realdır. Necə düşünürsünüz, Quba hadisələri bunun simptomudurmu?
– Mən Azərbaycanda nə ərəb baharının, nə Əfqanıstan, nə də Iraq hadisələrinin təkrarlanmasını istəyirəm. Nəticə göz önündədir. Dövlət, iqtidar, müxalifət bu olayların nəticəsində ziyan çəkir və inkişafdan qalır. Istərdim Quba hadisələrindən dövlət başçısı, iqtidar, müxalifət düzgün nəticə çıxarsınlar. Xalq indiki kimi yaşamaqdan bezib. Eyni zamanda xalq bu nəticəni aradan qaldırmaq üçün ən qəti addımlar atmağa hazırdır. Qubada baş verənlər qorxulu simtpomdur. Dərhal biz ayılmalıyıq. Ilham Əliyev, Əli Kərimli, Isa Qəmbər, “Azadlıq” qəzeti, bu, hamıya aiddir. Azərbaycan bizim ümumi evimizdir. Şəxsən məndə məlumatlar var ki, bir neçə rayonda həmin hadisələr çox tezliklə təkrarlana bilər. Narazılıq o həddədir ki, Quba hadisələrinin təkrarlanması realldır. Artıq cin şüşədən buraxılıb. Quba nümunəsi hamıya dərs oldu. Başqa rayonlar da haqlı suallar verirlər ki, Qubalılardan geri deyilik. Onlar bu addımı atıblarsa, biz niyə atmamalıyıq. Yəni hüquqların pozulması bütün ölkə miqyasında eyni sürətlə davam edir. Bu baxımdan, çox tezliklə bir neçə rayonda da belə olayların baş verəcəyini gözləmək lazımdır. Bunun olmaması üçün hakimiyyət başda Ilham Əliyev olmaqla bu günə qədər tutduqları siyasi kursu dəyişməlidirlər. Bəzi məmurların yekəbaşlığı, saymamazlığı iqtidarı da, dövlətimizi də məhvə aparır. Dərhal danışıqlar masası arxasında oturulmalıdır. Bir tərəfdə Ilham Əliyev, digər tərəfdə Əli Kərimli, Isa Qəmbər, ziyalılarımızdan Rüstəm Ibrahimbəyov, Eldar Namazov və başqa müxalifət liderləri oturmalıdır. Bir yerdə bu məsələ müzakirə olunmalıdır. Müxalifət ölkədə stabilliyin bərpasında müstəsna rol oynamalıdır.
Bunun əvəzində hakimiyyət nümayəndələri demokratik qüvvələrin tələblərini yerinə yetirməlidirlər. Bu tələblər ölkədə normal prezident və parlament seçkilərinin keçirilməsidir. Ölkədə hakimiyyətin qansız ötürülməsi təmin edilməlidir. Ilham Əliyevin də, məmurların da yığdıqları neçə nəsilə yetər. Liviyada, Iraqda, Suriyada təkrarlanan hadisələrin Azərbaycanda təkrarlanmaması, o diktatorların başına gələnlərin Ilham Əliyevin başına gəlməməsi üçün vaxtında oyanmaq lazımdır. Quba hadisələri baş verəcəklərin siqnalın verdi. Bu siqnalı eşitməyənlər hamısı – iqtidarlı, müxalifətli məhvə məhkumdur.

– Bu məsələdə ən çox diqqət çəkən məqam hüquq-mühafizə orqanlarının baş verənlərə reaksiyasıdır. Hüquq-mühafizə orqanları bəyan edib ki, Qubadakı aksiya dövlətçiliyə dəstək xarakterli olub. Sadəcə olaraq, bəzi destruktiv qüvvələr olaylardan sui-istifadə edib.
– Quba camaatı məmur özbaşınalığı haqqında xəbər vermək üçün etiraza çıxmışdı. Düşünürəm ki, müxalifət Bakının mərkəzində ölkədə baş verən kütləvi özbaşınalığa diqqəti cəlb edən kütləvi aksiya keçirməlidir. Mən o aksiyada çıxış edərək ölkədə məhkəmə sistemində, reyestr xidmətində baş verənlərlə bağlı çıxış etməyə hazıram.

Qubaya Ziya Məmmədovun getməsi dövlətçiliyə tüpürmək idi

– Başqa maraqlı məqam hadisələri sakitləşdirmək üçün Qubaya məhz nəqliyyat naziri Ziya Məmmədovun getməsidir. Bu bir daha təsdiq etmirmi ki, Azərbaycanın regionları ayrı-ayrı məmurlar arasında quberniyalara bölünüb?
– Qubaya Ziya Məmmədovun getməsi Azərbaycan dövlətçiliyinə tüpürmək idi. Digər tərəfdən, bu öz zibilini özünə təmizlətmək prinsipidir. Yəni bununla dövlət başçısı demək istədi ki, Quba sənin nəzarətinə verilib və icra başçısı sənin sözünlə qoyulub, indii get zibilini təmizlə. Azərbaycan regionlar üzrə bölünməməlidir. Azərbaycan yazılmış qanunlarla idarə olunmalıdır. Ziya Məmmədovun Qubaya getməsi dövlətçiliyə ləkədir. Mən başa düşmürəm, Qubada yolda qəza baş vermişdi? Quba dəmiryolunda, hava limanında yanğın, uçqun, sürüşmə olmuşdu? Sürüşmə yollarda deyil, insanların hüquqlarında, siyasi mövqelərində, əxlaqlarında olub. Bakıdan Qubaya siyasətçilər, deputatlar getməli idi. Ziya Məmmədov yalnız gedib orda asfalt tökə bilərdi ki, bu səfər rahat olsun. Ziya Məmmədovun Qubaya səfəri bir daha göstərdi ki, Azərbaycan doğrudan da yazılmamış qanunlarla idarə olunur. Ikincisi, Quba region olaraq Ziya Məmmədovun nüfuz dairəsinə verilib. Nəhayət, sonuncu Qubada baş verən zibilliyi təmizləmək ona həvalə olunmuşdu. Azərbaycan nə zibilxanadır, nə də bizim nazirlər zibil təmizləyən olmalıdırlar. Hərə öz işini görməlidir. Ziya Məmmədov yollar salmalı, keyfiyyətli vaqonlar almalıdır ki, avqustda istidə sərnişinlərin istidən ürəyi getməsin. Qubada baş verənlərə görə şəxsən Ilham Əliyev və Ramiz Mehdiyev getməli idi. Icra hakimiyyətinə qoyulan kadrın məsuliyyətini onlar daşımalı idi, Ziya Məmmədov yox.

Əli bağlı vicdan məhbusuna əl qaldırmaq nakişilikdir

– Bu günlərdə AXCP-dən iki vicdan məhbusu Məhəmməd Məcidli və Babək Həsənov 14-cü kalondan 16-cı kalona keçirilərkən qəddarlıqla döyülüblər. Onlara dəstək məqsədilə keçirilən gənclərin aksiyasında isə mitinq iştirakçılarına qarşı zor tətbiq olunub. Sizcə, Qarabağ qazisi olan siyasi məhbuslara qarşı bu cür münasibətin sərgilənməsi nəyin görsənişidir?
-Vicdan məhbuslarının döyülməsini eşidəndə dəhşətə gəldim. Çox istərdim ki, bütün ictimaiyyət baş verənlərə diqqət yönəltsin. Bu əməli törədənlər mütləq cəzasını alaraq, işdən qovulmalıdırlar. Qolu bağlı adama əl qaldırmaq, onu təhqir etmək kişi işi deyil. Baş verənləri kəskin qınayıram. Dustaq müqavimət göstərə bilər, amma ona bu cür davranmaq olmaz. Elə qanun olmalıdır ki, sabah Ilham Əliyev də ora düşəndə bu formada təhqir olunmasın. Ilham Əliyev və yaxınlarının həbsxanaya düşməsi də çox gözlənilən bir hadisədir. Heç kim bundan sığortalanmayıb. Ən azı öz gələcəkləri naminə belə tərbiyəsizliklərə son qoymalıdırlar.

Adam Gürcüstanı görəndə Azərbaycanlı olmağına nifrət edir

– Novruz bayramı ərəfəsində siyasi məhbus probleminin həlli üçün bir şans yaranıb. Bildiyiniz kimi, siyasi məhbuslar arasında Qarabağ qaziləri, müstəqilliyimizə səs vermiş şəxslər var. Sizcə, siyasi məhbus problemi bu dəfə həll edilə bilərmi?
– Cinayət törətmiş adama siyasi mənsubiyyətinə və digər titullarına görə ayrıseçkilik qoymağın tərəfdarı deyiləm. Hər kəs əməlinə görə qanun qarşısında cavab verməlidir. Amma söhbət həqiqətən qanunla sübut olunmuş əməldən gedir. Mən arzulayardım ki, qarşıdan gələn bayramdan Ilham Əliyev düzgün istifadə etsin. Siyasi məhbus problemini çözsün, müxalifət liderləri Əli Kərimli, Isa Qəmbər və başqaları ilə dialoqa getsin. Bu danışıqlardan sonra siyasi məhbus anlayışı unudulsun. Ilham Əliyev və ailəsinin gələcəyi baxımından ən düzgün addım bu olardı. Bu bayram sonuncu siyasi məhbus bayramı olmalıdır. Azərbaycan xalqı gürcü xalqından əskik deyil. Baxın, Saakaşvili təkbaşına Gürcüstanda hansı cənnəti yaradıb. Bütün vətəndaşlarımız Gürcüstanı görəndə Azərbaycanlı olmağından nifrət edir.

Azərbaycan qaynar qazanı xatırladır

– Hazırda ölkədə ciddi fəallaşma hiss olunur. Demək olar ki, hər gün müəllim, həkim, mədəniyyət işçilərini təmsil edən sadə vətəndaşlar Prezident Administrasiyasının qarşısında aksiya keçirirlər, əyalətlərdə əhali yolu kəsir. Bu mənada yaxın aylar üçün gözləntiləriniz nədir?
– Azərbaycan qaynar qazan vəziyyətindədir. Bu qazanın qapağın zorla sıxmaqla parı saxlayırlar. Amma dərk etmirlər ki, bu daha böyük partlayışa səbəb olacaqdır. Quba hadisələrindən sonra rayonlarda böyük canlanma baş verib.
Bu proseslərin qarşısı alınmalıdır. Amma ümumxalq etirazını güc metodu ilə almaq ağılsızlıqdır. Yalnız danışıqlarla sabitliyə nail olmaq olar. Azərbaycan bizim hamımızın gəmisidir. Onun dibini deşənlər özləri də suda qərq olacaqlar. Ona görə ölkədəki vəziyyət real ziyalılar, müxalifət liderləri tərəfindən müzakirə olunmalıdır. Müzakirələr bəzi yaltaq YAP-çı ziyalılarla, başı mədəsinə bağlı olan insanlarla aparılmamalıdır.

– Gürcüstan prezidenti Saakaşvilinin parlamentdəki çıxışı hakimiyyətdə ciddi narahatlıq yaratdı. Saakaşvilinin Rusiyanın ünvanına söylədiyi tənqidlər, Məmməd Əmin Rəsulzadədən sitat gətirməsi iqtidarda qısqanclıqla qarşılandı
– Hakimiyyətin bəzi hərəkətlərini nə insani, nə də siyasi nöqtədən qiymətləndirmək mümkündür. Çünki bu adamları hərəkət etdirən nə siyasətdir, nə də əxlaq. Bu adamları hərəkət etdirən tamahlarıdır. Onlara görə hakimiyyət təmsilçilərinin Saakaşvilinin hərəkətlərinə reaksiyası tamahkar adamın sahibkara olan münasibətidir. Hakimiyyət Saakaşvilinin çıxışına dəyər kimi baxmadı. Hakimiyyət bu çıxışa gəlir verə biləcək mənbə kimi baxırdı. Ona görə bu cür gülünc mövqe tutublar.

Hikmət

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir