Çərşənbə, 21 Noyabr 2012 11:45
Qurban Məmmədov: «Belə bir sübut ortaya çıxandan sonra prezident qəti qərar vermək əvəzinə, olaylara sükutla tamaşa edir»
Azərbaycanda hakimlərin qanunsuz hökm çıxarmasının dəfələrlə şahidi olmuşuq. Bu günlərdə isə məhkəmə sistemində baş verənlər birbaşa hakimin dilindən səsləndi. Söhbət Elşad Abdullayevin Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olan Hacı Ağababa Babayevlə görüşünü əks etdirən videoda açıqlanan fikirlərdən gedir.
E.Abdullayevin bu vaxta qədər açıqladığı videomateriallarda parlamentin saxta olduğu faktlarda sübuta yetirilmişdisə, bu dəfə məhkəmə sisteminin rüşvət və yuxarıdan tapşırıq əsasında qərar çıxardığı təsdiqləndi. Belə ki, “artıq 8-ci ildir ki, nə demisiniz, demişəm, ”baş üstə…”, “Zülfüqarov qardaşlarını bu gün tutdurdular mənə, 5 milyon alıb 20 gündən sonra buraxdırdılar” deyən hakim tapşırıq əsasında hökm çıxardığını etiraf edir. Hakimin bu etirafı cəmiyyət də birmənalı qarşılanmayıb.
Hüquqşunas Qurban Məmmədov sözügedən hakimə yazığı gəldiyini deyir. Çünki bu adam artıq dözə bilmədiyini, çıxıb getmək, qaçmaq istədiyini etiraf edir. Lakin başqa hakimlər kimi onun da qaçmağa yeri yoxdur. Onun dedikləri isə bir daha cəmiyyətə, hüquqşunaslara, başına hadisə gələn vətəndaşalara bəlli olan vəziyyəti faktlarla sübut edir. Hakim yüzlərlə adamı tapşırıqla tutduğunu etiraf edir.
Q.Məmmədovun sözlərinə görə, hakim Hacı Ağababa Babayevin dediklərini bütün hakimlərə aid etmək olar. Lakin ortaya belə bir sübut çıxandan sonra prezident, əlaqədar orqanlar qəti qərar vermək əvəzinə, olaylara sükutla tamaşa edir. Bu da onu göstərir ki, Azərbaycanda hüquq-mühafiə orqanlarında, parlament seçkilərində olan bütün qanunsuzluqların mənbəyi siyasi hakimiyyətdir.
Fizzə