Bazar, 18 Noyabr 2012 13:16
Qurban Məmmədov: «Çünki bunu etməli adamlar özləri daha böyük cinayətin içərisindədirlər»
Vidadi Mirkamal: «Dəhşətlisi odur ki, insan oğurluğu ilə məşğul olan dəstə dövlətin içərisində fəaliyyət göstərir»
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı növbəti video bir daha hüquq-mühafizə orqanlarındakı eybəcərliyi ortaya qoydu. Bu video ilə bir daha o fakt təsdiqini tapdı ki, Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin 2007-ci ilin iyununda Daxili Işlər Nazirliyinin (DIN) Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində (“Banditizm”də) saxlanmasından 3 il 8 ay keçib. Son video eyni zamanda məhkəmə sistemindəki eybəcərlikləri də ortaya qoyur.
Məlum olur ki, məhkəmə 5 milyon rüşvətin müqabilində verdiyi qərarı bir gün sonra dəyişir. Eyni zamanda DIN rəhbərliyinin adının rüşvətlə bağlı hallanması da bu videoda maraq doğuran məqamlardandır. Daxili işlər naziri Ramil Usubov və onun müavini Vilayət Eyvazovun baş verənlərlə əlaqəsinin olduğu videodan görünür. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olan Hacı Ağababa Babayev qərarın məhz rüşvətin müqabilində dəyişdirildiyini təsdiqləyir. Mövzu ilə bağlı suallarımızı ölkənin tanınmış hüquqşünasları Qurbar Məmmədov və Vidadi Mirkamala ünvanladıq:
Hakimiyyət mahiyyətini dəyişə bilməz
– Bu video Mahir Abdullayevin oğurlanması faktına işıq saldı. Bunu necə qiymətləndirmək olar?
Q.Məmmədov:
– Azərbaycanda Hacı Məmmədov kimi dəstələrin mövcudluğu hamıya bəlidir. Bu çox dəhşətli faktdır. Cinayətkarlar DIN və prokurorluğun pərdəsi arxasında dövlət idarələrində otururlar. Oğlu adamı oğurlayır, atası mühakimə edir, babası onu təsdiqləyir. Azərbaycan dövləti hazırda beş-altı tayfanın əlində pay-puş olunub. Bu mənada xalqın iradəsini ifadə edən dövlət orqanları olsaydı, bu baş verənlərdən sonra bu işdə əli olan bütün prokurorlar, polislər cinayət məsuliyyətinə cəlb olunardı. Amma indidən demək mümkündür ki, onlar nə həbs olunacaq, nə də barələrində tədbir görüləcək. Heç nə olmayacaq. Ilham Əliyevin bu hakimiyyəti düzəltmək fikri yoxdur. Heç onun belə bir imkanı da yoxdur. Çünki bu hakimiyyətin cinayətkar fəaliyyəti o qədər dərinləşib, korrupsiyalaşmış qüvvələr hakimiyyəti o qədər əhatə edib ki, bunların birini tərpətmək mümkün deyil. Bu hakimiyyətin bütün strukturları bir-birilə cinayətkar tellərlə bağlıdır. Ona görə də bu şəxslərin dilləri qısadır.
V.Mirkamal:
– Bu proseslərdən sonra baş verənlər normal dövlətə xas cəhətlər deyil. Çünki Azərbaycan mafioz dövlətdir. Elşad Abdullayevin videolarından bəlli olur ki, dövlətin resurslarından istifadə edən dövlət içərisində bir qurum var. Bu dəstə də insanları qorxu altında saxlayır. Bu dəstə imkanlı adamların qohumlarını oğurlayıb, onlardan külli miqdarda pul istəyirlər. Dəhşətlisi odur ki, bu dəstə dövlətin içərisində fəaliyyət göstərir. Çox qəribədir ki, Mahir Abdullayevin işi ilə bağlı məsələlər başqa səmtə yönəlir. Elşad Abdullayev dəfələrlə deyib ki, Mahir Abdullayev MTN-in mayorudur və onu oğurlayan MTN-in Terrorizmə Qarşı Mübarizə Idarəsidir. Amma getdikcə açılan videolar göstərir ki, Elşad Abdullayevin dediklərində həqiqət var. Elşad Abdullayev bəyan etdikcə ki, dövlətin içərisində insan oğurluğu ilə məşğul olan dəstələr var, bu zaman başqa meyillər ortaya çıxır. Məlum olur ki, yalnız 3 il 6 aydan sonra Mahir Abdullayevlə bağlı sanksiya istənilməsi üçün Vilayət Eyvazov məhkəməyə müraciət edir. Artıq məlum olur ki, Mahir Abdullayevi oğurlayan dövlətdir və qardaşının azad olunması üçün Elşad Abdullayevdən xeyli pul alınıb. Deməli, dövlət öz resurslarından istifadə edib vətəndaşlarını oğurlayır və sonra həmin şəxslərin azad olunması üçün pul alır.
Ramil Usubov və başqaları dərhal istefa verməlidir
– Videoda Daxili işlər naziri Ramil Usubov və onun müavini Vilayət Eyvazovun baş verənlərlə əlaqəsinin olduğu barədə də ciddi faktlar var. Onların adı hətta rüşvətdə də hallanır. Bu məqamı necə qiymətləndirirsiniz?
Q.Məmmədov:
– Azərbaycan sivil dövlət olsaydı adları çəkilən adamlar dərhal istefa verərdilər. Amma bu hakimiyyətin əxlaqına bələd olan adam kimi deyə bilərəm ki, əksinə, bu adamlara xüsusi adlar veriləcək və onların məvacibləri artırılacaq. Hakimiyyət bununla da xalqın iradəsinin sındırılması istiqamətində addımlar atacaq. Bu tip rejimlər həmişə çalışırlar ki, xalqın özünə olan inamını sarsıtsınlar. Xalqa sübut etməyə çalışırlar ki, sənin etirazın heç nəyi həll etmir. Bu, orta əsrlərdən tətbiq olunan bir metoddur. Heydər Əliyevin tətbiq elədiyi bu siyasəti hazırda Ilham Əliyev davam etdirir. Nə Ramil Usubov, nə Vilayət Eyvazov cəzalandırılacaq. Çünki onları cəzalandırmalı adamlar özləri daha böyük zibilin, cinayətin içərsindədirlər. Özləri daha böyük korrupsionerdirlər və böyük cinayətlər ediblər. Bu rejimdə heç kim bir-birinin əleyhinə addım ata bilməz. Elşad Abdullayev parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı o boyda fakt yaydı, amma Gülər Əhmədovanı dələduzluqda ittiham etdilər. Halbuki sübut olunub ki, parlament qanunsuz formalaşıb və xalqın iradəsini ifadə etmir. Məhz bu üzdən icazəsiz aksiyalarda saxlanılanlara qarşı cərimələr artırıldı ki, bu, rejimin mahiyyətinə xidmət eləsin. Hakimiyyət bununla cinayətkar gələcəklərini təmin etməyə çalışır. Azərbaycanda xalqdan başqa ölkədəki durumu düzəldə biləcək heç bir qüvvə yoxdur. Millət taleyinə sahib çıxmalıdır. Ilham Əliyevdən, hər hansı vəzifəli şəxsdən nəsə gözləmək nağıldır. Azərbaycan xalqı sanki hazırda damarlarını kəsib və halsızlaşmağa doğru gedir. Birazdan tam geridönməz proses başlaya, millət özünü dirçəltməyə bilər.
V.Mirkamal:
– Dövlətin səlahiyyətli şəxslərinin bu məsələyə qarışması ondan xəbər verir ki, dövlətin yuxarı eşelonu barədə Hacı Məmmədovun dedikləri təsdiqini tapır. Çünki vaxtilə Hacı Məmmədov deyirdi ki, dövlətdə onun dəstəsindən də qorxunc dəstələr var. Hacı Məmmədov vaxtilə deyirdi ki, mən azadlıqda qalan dəstə üzvlərinin yanında çox xırdayam. Indi məlum olur ki, Hacı Məmmədov xırda fiqur imiş indi MTN-in əməkdaşları, DIN-də nazir və nazir müavini ittiham olunur. Bu onu göstərir ki, hakimiyyəti mənimsəyərək Azərbaycan iqtidarının başında oturmuş şəxslər dövlət resursları hesabına insanlara hədə-qorxu gəlirlər.
Məhkəmələrin korrupsioner mahiyyəti faktla sübut olundu
– Bu video eyni zamanda məhkəmələrin sifarişlə işlədiyini və rüşvətin hakimlərin qərarlarına da təsir etdiyini göstərir. Bu faktı necə qiymətləndirmək olar?
Q.Məmmədov:
– Hacı Ağababa Babayev Azərbaycan hakimləri arasında ən insaflı, ən hörmətli şəxsdir. Indi görün o biri hakimlər barədə nə demək olar. Azərbaycanda məhkəmənin müstəqil olmadığı, məhkəmənin yalnız tapşırıq, rüşvətlə idarə olunduğunu, məhkəmənin bəzi adamların qanuni əməllərinə don geyindirmək üçün alət funksiyasını daşıdığını bütün hüquqşünaslar bilir. Bu bir faktdır. Sadəcə olaraq Elşad Abdullayevin yaydığı video hamıya məlum olan faktı real sübutlarla ortaya qoyur.
V.Mirkamal:
– Hakimiyyətin üç qolu var. Hakimiyyətin birinci qolu – icra hakimiyyəti saxta yol ilə iqtidara gəlirsə, o, saxta bir parlament formalaşdırır. Həmin parlament də saxta məhkəmələri formalaşdırır. Bu tip dövlətlərin çoxunda birinci hakimiyyət digər hakimiyyətləri nəzarəti altında saxlayır. Azərbaycanda bu tendensiya daha böyükdür. Əslində Azərbaycanda məhkəmələr yalnız gələn sifarişlərin yerinə yetirilməsi ilə məşğuldur.
Elşad Abdullayev təkbaşına MIK-dən daha çox iş görüb
– Bu videoda açıqlanan dəhşətli faktlara hakimiyyətin reaksiyası sizcə, necə olacaq? Çünki bir qayda olaraq hakimiyyət öz cinayətlərini açmağa meilli olmur. Sizcə, əslində bu dəhşətli hadisələrə normal hakimiyyət necə reaksiya verməlidir?
Q.Məmmədov:
– Bu baxımdan mən inanmıram ki, Ilham Əliyev bu videolara baxıb nəsə tədbir görəcək. Çünki Azərbaycanın indiki məhkəmə sistemi siyasi rejimin iradəsinə uyğun formalaşdırılıb və fəaliyyət göstərir. Belə olmasaydı bu qədər faktın qarşısında prezidentin susqunluğu, heç bir tədbir görməməsi, xalqın heysiyyatı ilə oynaması, xalqa meydan oxuması ki, idarəçilik belədir, belə də davam edəcək, onu göstərir ki, baş verənlər siyasi iradə ilə bağlıdır. Başqa cür ola da bilməz. Ona görə fərqli münasibət gözləməyə dəyməz.
V.Mirkamal:
– Əslində hakimiyyət öz reaksiyasını göstərib. Ortadakı materialları analiz edəndən sonra görürsən ki, Elşad Abdullayev böyük bir istintaq, məhkəmə orqanının funksiyasını yerinə yetirib. O, təkbaşına prezidentin təşkil etdiyi Müstəqil Istintaq Komissiyasından daha çox iş görüb, xeyli materiallar toplayıb. Bu materillar onu deməyə əsas verir ki, Mahir Abdullayevi dövlət orqanları oğurlayıb. Sonra yüksək vəzifəli şəxslər tərəfindən Elşad Abdullayevdən külli miqdarda xərac alınıb. Daha sonra isə qapalı çevrə yaranıb. Hakimiyyətin bütün qolları bu işdə çuğlaşıb. Ümumiyyətlə, bu işin istiqamətini yumuşaltmaq üçün təhlükəli tendensiya yaranıb. Bəziləri deyir ki, Mahir Abdullaeyvi qadın üstündə öldürüblər. Məqsəd insanların diqqətini heçə endirməkdir. Bu, Mahir Abdullayevin işində adları çəkilən məmurları məsuliyyətdən azad etmək üçündür. Daha bir yayındırıcı fərziyyə Mahir Abdullayevin artıq öldürüldüyü və qəbrinin Qarabulaqda olması ilə bağlıdır. Burada da məqsəd bu işi Hacı Məmmədovla əlaqələndirməkdir. Hazırda Hacı Məmmədov türmədədir, hansı ittihamı onun boynuna qoymaq istəsən, o, yalandan etiraf edəcək. Mən Müstəqil Istintaq Komissiyasının işin sonunu Qarabulağa calamasından çəkinirəm. Düşünürəm ki, bu dövləti cinayəti kriminal ilə bağlamağa ictimai nəzarət və Elşad Abdullayevin öz diqqəti imkan verməyəcək.
Əslində isə videoda adları çəkilən şəxslər dindirilməli, məsələlər aydınlaşdırılmalıdır.
Xəyal