Əlaqə vasitələri

“Milyarderlər Əliyevin hakimiyyətdən gedəcəyini bilir”

Çərşənbə, 31 Oktyabr 2012 09:16

 

«Bütün potensial qüvvələr Əliyevdən sonrakı dövrə hazırlaşmağa başlayıb»

Rusiyada azərbaycanlı fəalların yaratdığı təşkilat ətrafında müzakirələr gündəmin əsas mövzusuna çevrilib. Bu və başqa aktual məsələlərlə bağlı vəkil Qurban Məmmədovun fikirlərini öyrəndik.

– Moskvada nüfuzlu azərbaycanlıların bir araya gəlməsini hakimiyyət mənfi qarşıladı. Bunun səbəbi nədir?
– Elşad Abdullayevin məsələsindən sonra xaricdə yaşayan azərbaycanlılarda, qonşu dövlətlərdə belə bir inam yarandı ki, deyəsən bu hadisələr Əliyevlər xanədanının sonunu qoyacaq. Ona görə də bütün potensial qüvvələr Əliyevdən sonrakı dövrə hazırlaşmağa başladılar. Bu niyyətlə Moskvada müəyyən iş adamları birləşib. Bu adamların Azərbaycanda iqtisadi maraqları, yatırım qoymaqla bağlı planları var. Bu baxımdan indiki rejimin reaksiyasını gözəl başa düşürəm. Ikinci bir hal ola bilər ki, iqtidarın daxilində hansısa bir qrup 2013-cü ilə hazırlaşır və Ilham Əliyevin getməsinin labüd olduğunu başa düşürlər. Görürlər ki, bu adam milləti, dövləti pis günə qoydu, idarə edə bilmir. Ölkəni müəyyən adamların ixtiyarına verib, onlar da talayır. Ona görə də hazırlaşırlar və müttəfiq kimi Rusiyada yaşayan iş adamlarını seçiblər. Hər halda hamı bilməlidir ki, Azərbaycan xalqının dəstək vermədiyi, xalqın yanında olmayan heç bir qrup burda hakimiyyətə gələ bilməz. Gəlsə də, uzun müddət idarə edə bilməz. Ona görə də bu təşkilata Ilham Əliyevin reaksiyası olduqca təbiidir.

“Bu təşkilat Əliyevə yaxşı şeylər vəd etmir

– Təşkilat üzvləri Abbas Abbasovun Ilham Əliyevlə görüşmək məqsədi ilə Bakıya gələcəyini bildirmişdi. Artıq Əliyevin onu qəbul etmədiyi barədə məlumatlar yayılıb. Ardınca Əli Həsənov Kremldə görüşlər keçirmək üçün Moskvaya gedib. Bu, təşkilata qapını göstərmək kimi anlaşıla bilər?
– Əliyev onun razılığı olmadan atılmış addımı dəstəkləməz, bəyənməz. Hətta dəqiq bilirəm ki, Azərbaycanın yazıçıları, şairləri, ziyalıları hər hansı məhbusun əfvi ilə bağlı Heydər Əliyevə müraciət edəndə əvvəlcədən prezidentdən razılıq alırdılar ki, biz belə bir müraciət edə bilərikmi, etsək nəticəsi olarmı? Icazə alandan sonra bu addımı atırdılar. Rusiyada yaşayan azərbaycanlıların bir yerə toplanması, təşkilat yaratması və bunun da Ilham Əliyevin xəbəri olmadan edilməsi təbii ki, belə də qarşılanmalı idi. Bu, hakimiyyətin xislətindən xəbər verir. Onların adəti belədir. Mən də hesab edirəm ki, o təşkilat Əliyev üçün yaxşı şeylər vəd etmir. O ranqlı adamların bir yerə toplanması Rusiyadan xəbərsiz ola bilməz. Rusiya dövləti hadisələri izləyir. Hesab edirəm ki, Moskvanın razılığı, iştirakı olmadan Rusiyada belə bir təşkilatın yaranması mümkün deyil.

“İlham Əliyevin narahatlığı obyektivdir

– Qurumda təmsil olunanlar Rusiya hakimiyyətinə bağlı olmadıqlarını bildiriblər. Hətta Əliyevin qudası Araz Ağalarovun orda olması da hakimiyyəti arxayınlaşdırmır. Bu nə ilə bağlıdır?
– Hakimiyyət üstündə ata oğulun, qardaş qardaşın başını vurdurub. Qohumluq maraqları hakimiyyət məsələsində ciddi əhəmiyyət kəsb etmir. Ilham Əliyevin narahatlığı obyektivdir.

“Azərbaycan xalqından qorxmasalar, ölkəni Rusiyanın əyaləti edərlər

– Kifayət qədər imkanlı və nüfuzlu şəxslərin siyasətə baş vurması Azərbaycan siyasətinə nə vəd edir?
– Rusiya Qafqazdan əl çəkmək istəmir, yenidən bura qayıtmaq istəyir. Gürcüstanın məsələsini hansı ssenari ilə həll etdilərsə, xalqı inandırıb Saakaşvilinin əleyhinə səs verdirə bildilərsə, eyni şeyi Azərbaycanda da edə bilərlər. Əliyev rejimi o qədər əzazil işlər görüb ki, Azərbaycan xalqı bu zülmdən qurtulmaq üçün hətta Rusiyanın bir vilayəti olmağa da razı olar. Mənim qorxduğum başqa bir versiya var. Bütün bu oyunlar, Moskvada yaranan təşkilat bu hakimiyyətlə Rusiyanın birgə oyunu olsun. Azərbaycan xalqı artıq elə bir vəziyyətə salınıb, ictimai rəy elə hazırlanıb ki, xalq bu gün referendum keçirib öz müstəqilliyindən də imtina edə bilər. Belə müstəqillikdənsə, belə prezidentdənsə, Rusiya daha yaxşıdır. Ən çox narahat olduğum bu məsələdir. Azərbaycanda son 20 ildə aparılan siyasət məqsədyönlü siyasətdir. O vaxtı Heydər Əliyevin çıxışlarında nostalji hisslər var idi. Hətta SSRI-nin bərpası ilə bağlı notlar var idi. Bunların imkanı olsa, bu dəqiqə SSRI-ni bərpa edərlər. Azərbaycan xalqından qorxmasalar, Avropa, dünya birliyi olmasa, onlar Azərbaycanı yenidən qaytarıb Rusiyanın əyaləti edərlər. Bunlar qarınları ilə, pulları ilə Rusiyaya bağlıdırlar. Bu gün hakim ailənin sərvətlərinin böyük hissəsi Rusiyadadır. Ən qorxulusu odur ki, bu, ikibaşlı oyun olsun. Nəticədə hər iki tərəfin niyyəti elə Rusiyanın xeyrinə işləmiş olsun. Ancaq hər halda indi bizim gördüyümüz fakt onu göstərir ki, Ilham Əliyev və onun ətrafı 2013-cü ildə hakimiyyətlərindən çox narahatdılar. Qarşı tərəf 2013-cü ildə vəziyyətin dəyişəcəyinin labüd olduğunu qəbul etdiyinə görə bu addımı atıb. Rusiya, həmin milyarderlər Azərbaycanda hakimiyyətin dəyişəcəyinin labüd olduğunu bilməsəydilər, bu addımı atmazdılar, boş yerə özlərinə düşmən qazanmazdılar. Çünki onların bundan sonra Azərbaycandakı bütün biznesləri, malları-mülkləri təhlükəyə düşdü. Abbas Abbasovun bu addımından sonra Gəncədə onun bütün yaxın qohumları dərhal işdən çıxarılıblar. Artıq təzyiqlər başlanılıb. Tezliklə bu təzyiqin geniş dalğasını görəcəyik.

“Hakimiyyət qəbul etdiyi qanunlar öz əleyhinə işləyəcək

– Hakimiyyət sərbəst toplaşmaq azadlığını məhdudlaşdıracaq addımlar atmaqda davam edir. Aksiyalarda iştirak edəcək şəxslərə qarşı cərimələrin məbləği kəskin artırılır. Bu yolla etirazları səngitmək mümkündür?
– Tarix sübut edib ki, hər hansı bir cinayətə görə cəzanın artırılması o cinayətin müvəqqəti azalmasına səbəb olur. Lakin bir müddət keçəndən sonra cəmiyyətdə adaptasiya baş verir və həmin cinayət yenidən əvvəlki səviyyəsinə qalxır. Bəlkə də onu ötüb keçir. Bu baxımdan cərimə artımı ilə, başqa metodarlarla insanların etiraz etmək hüququnun əlindən alınmasına nail olacaqlarına inanmıram. Ac qılınca çapar. Bu millət acından öləcəksə, ailəsini dolandıra bilməyəcəksə, gündə onun başına bu oyunlar açılacaqsa, heç bir cərimə onun qarşısını ala bilməz. 20 Yanvar hadisəsi, ərəb ölkələrində baş verənlər göstərdi ki, avtomatın, tankın susdura bilmədiyi xalqın qarşısını pulla ala bilməzsən. Bu millət Qarabağ kimi bir müharibədən keçib. Minlərlə şəhid verib. Bu adam Qarabağda olanda ölümü gözünə alıb. Öz hüquqlarının qorunması ilə bağlı küçəyə çıxmaq qərarı verəndə bu rejimin hansısa maddi sanksiyasından qorxmayacaq. Çox istəyirəm ki, bu cərimələri artırsınlar. Çünki birazdan hakimiyyət dəyişəndən sonra bu qanunu qəbul edənlərin sərbəst toplaşmaq hüququ məhdudlaşdırılacaq və o, cərimələrə məruz qalacaq. Çünki hakimiyyət əbədi deyil. Bunlar başa düşməlidir ki, 2013-cü ildə hakimiyyət dəyişə bilər, bunlar müxalifətə keçə bilər. Bir müddət sonra bunların yenidən qayıtmaq şansları yarananda indi qəbul etdikləri qanunlar öz əleyhinə işləyəcək. Azərbaycan xalqı qərar versə ki, artıq bu rejimə son qoymaq vaxtıdır, bütün inzibati orqanlar korrupsiya içində batıb, dövlət əldən gedib, onda küçəyə çıxacaq. Xalq qərar verəndən sonra bunun qarşısını ala bilməyəcəklər.

“Gülər Əhmədovaya sağ ol” deməliyik”

– Gülər Əhmədova ilə bağlı məsələ ətrafında müzakirələr səngiyib. Bu da onun ağzımı açmayın deməsindən sonra baş verdi. Gülər Əhmədovanı ittiham edənlər nədən qorxdu?
– Gülər Əhmədova məsələsində vəziyyət bir qədər fərqlidir. Istintaqın aparıldığı kimi deyil. Gülər Əhmədova videodakı görüntülərin ona məxsus olduğunu etiraf etməyib. Bunlar ekspertiza yolu ilə sübut olunmalıdır. Hətta videonun həqiqi olduğu sübut olunsa, burda dələduzluqdan söhbət getmir. Gülər Əhmədova öz adından danışmır. Prezidentin stolun üstündəki siyahının dəyişdirilməsi, deputatların o siyahı ilə təyin olunması ilə bağlı faktlar on il də bundan əvvəl ortada idi. Gülər Əhmədova hakimiyyətin tapşırığını icra edir. Rüşvət alırsa, onu kiməsə verir. Elşad Abdullayev 2005-ci il parlament seçkisində qaliblərin siyahısında üç gün qalmışdı. Sonradan görünür, qalan pul çatmayıb, Elşad Abdullayev siyahıdan çıxarılıb. Amma Gülər Əhmədovanın cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud həbs edilməsi ilə bağlı bir video kifayət etməz. Çünki prosessual qaydalara əməl edilmədən əldə olunan sübutların hüquqi əsası yoxdur. Qanun gizli video və səs yazmağı qadağan edib. Bunlar öz gələcəkləri üçün qanunları da dəyişib. Yəni rüşvət verəndə deməlisən ki, icazə ver, səni videoya çəkim. Icazə yoxdursa, çəkdiyin video qanunsuzdur. Digər sübutlar, izahatlar toplananda sonra cinayət işi qaldırıla bilər. Gülər xanım bu prosesin iştirakçısı olubsa, ona “sağ ol” deməliyik ki, bu günə qədər müxalifətin ortaya qoya bilmədiyi sübut ortaya çıxarıb.

“Bu rejimin vaxtında cinayətlər açılmayacaq

– Elşad Abdullayevin qardaşının oğurlanması ilə müraciətdə hüquq-mühafizə orqanları rəhbərlərinin də adları vardı. Belə bir fikir var ki, nə vaxta qədər bu şəxslər hüquq-mühafizə orqanlarına rəhbərlik edir, bu qəbildən olan cinayətlərin üstü açılmayacaq. Siz necə hesab edirsiniz?
– Nə vaxta qədər bu adamlar hakimiyyətdədir, bəzi cinayətlər heç açılmayacaq. Yalnız bu halda açıla bilər ki, rejim dəyişsin, Azərbaycan xalqının iradəsinə uyğun hakimiyyət formalaşsın, bu hakimiyyət də xalqın gələcəyini düşünüb hərəkət etsin. Bu baxımdan gözləməli olacağıq.

“Elçibəyin zəhərlənməsi ehtimalı sıfra bərabərdir

– Elçibəyin zəhərlənməsi məsələsi ortaya çıxanda cəmiyyətdə etirazla qarşılandı. Bu günlərdə eks-prezidentin ailəsi də dəstək üçün Azərbaycan cəmiyyətinə müraciət edib. Bir-iki qeyri-ciddi adamın iddiası əsasında Elçibəyin adı ilə spekulyasiya edilməsini necə qiymətləndirirsiniz?
– Elçibəyin zəhərlənməsi ehtimalı ola bilər. Ancaq onun xəstə olduğu hamıya bəllidir. Yenidən qəbrin açılması, onun ailəsinin narahat edilməsi qətiyyən yolverilməzdir. Formalaşmış təcrübə var ki, ölən adamın yaxınları razı olmayanda, onun ölüm səbəblərini müəyyən etmək üçün hətta yarmırlar. Bu baxımdan Elçibəyin zəhərlənmə ehtimalı sıfra bərabərdir. Bu hakimiyyət səmimi olaraq Elçibəyin təəssübün çəkib onun ölüm səbəbini araşdırmaq niyyətində olsaydı, mən də deyərdim qəbri açaq. Ancaq hakimiyyətin niyyəti hamıya bəllidir. Ola bilsin qəbri açsınlar, desinlər ki, onu ailəsi zəhərləyib. Bunlardan istənilən oyunu gözləyə bilərsiniz. Necə ki, normal hakimiyyət yoxdur, istintaq orqanları tapşırıqla idarə olunurlar. Elçibəyin qəbrinin açılmasının da əleyhinəyəm, cinayət işini də absurd sayıram. Bunların hamısı diqqəti böyük problemlərdən, özlərinin cinayətlərindən yayındırmaq üçün ortaya atılan oyunlardır.

– Növbəti ilin büdcəsində 40% birbaşa neft pulları olacaq. Neft Fondunun nizamnaməsində pulların gələcək nəsillər üçün nəzərdə tutulduğu göstərilsə də, vəsaitlərin belə sərf olunmasını necə qiymətləndirmək olar?
– Baş verən hadisələr göstərir ki, Azərbaycan xalqının sərvətləri onun özünə məxsus deyil. Neft Fondu yaradıb neftdən gələn gəlirləri ordan götürürlər. Heydər Əliyev fondu yaradıb bütün iş adamlarını ora ianə ödəməyi məcbur edirlər. Bu pulların necə xərcləndiyindən Azərbaycan xalqının xəbəri yoxdur.

“Hakimiyyət xalqdan qorxur”

– İcmal büdcədən görünür ki, gələn il seçki ili olmasına baxmayaraq vəsaitlər əsasən sosial layihələrə deyil, dövlət aparatının saxlanılmasına xərclənəcək. Bu, cəmiyyətə mesaj kimi qəbul oluna bilər ki, hakimiyyət seçkidə yenə gücə arxalanacaq?
– Hakimiyyətlərin atdığı addımlardan onların mahiyyəti haqqında fikir formalaşır. Bu hakimiyyət mandatı xalqdan almadığına görə ondan qorxur. Bütün diktatura rejimlərində olduğu kimi özlərini qorumaq üçün yalnız güc strukturlarına, inzibati resurslara arxalanmalıdır.

Fizzə

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir