Cümə, 30 Mart 2012 09:40
Dövlət başçısına ünvanlanan əfv ərizələri mətbuata necə çıxır?
Qurban Məmmədov: «Ən yüksək səviyyədə sanksiya olmasa, bu ərizələr ictimailəşə bilməz»
Həbsdə olan siyasi məhbusların əfv ərizəsi yazması son günlərin ən çox rastlanan xəbərlərindəndir. Azərbaycandakı hakimiyyətin mahiyyətinə hər kəs yaxşı bələd olduğundan həmin əfv ərizələrinin mətni çoxlarını təəccübləndirmir. Hər kəs başa düşür ki, bu ərizələr, orada əksini tapan bəzəkli cümlələr həmin məhbusların yox, hakimiyyətin iradəsini və istəklərini əks etdirir. Bugünlərdə gənc siyasi məhbus Elnur Məcidlinin nümunəsində də gördük ki, bu ərizələrin yazılması formal, yazdırılması isə məqsədli xarakter daşıyır.
Bu dəfə məlum əfv ərizələriylə bağlı aydınlıq gətirmək istədiyimiz məqam başqadır. Birincisi, necə olur ki, cəmiyyətdə nüfuzu və mövqeyi olan məhbusların bu tip ərizələri dərhal mətbuata ayaq açır? Ərizələrin məhbusların öz əlyazmaları ilə mətbuat səhifələrinə çıxması onu göstərir ki, onu məhz içəridən ötürüblər. Bu ötürmə əməliyyatı isə heç şübhəsiz ki, hakimiyyətin sifarişi əsasında baş verir.
Çünki əfv ərizəsi birbaşa ölkə rəhbərliyinin adına yazılır.
Konkret şəxsə ünvanlanan məktubların bu cür rahat şəkildə ictimailəşməsi isə göstərir ki, sifariş “yuxarıdandır”.
Və sifarişin müəllifi bu yolla psixoloji rahatlıq tampaq istəyir. Daha dəqiq desək, hakimiyyət tutalım, 20 yaşlı bir gəncə əfv ərizəsi yazdırtması ilə qürrələnir. Bunu özünün qələbəsi, qarşı tərəfin isə “sındırılması” kimi başa düşür. Halbuki bunların hər ikisi təsəlli verən, reallıqla bağlılığı olmayan ehtimaldan başqa bir şey deyil.
Hüquqşünas Qruban Məmmədov da deyir ki, bu ötürülmə birbaşa hökumət tərəfindən sanksiyalaşdırılır: “Əfv ərizələri cəzaçəkmə müəssisələrində yazılır və bu müəssisələrin rəhbərlərinə təqdim edilir. Onlar da bu müraciətləri Prezident Aparatına, Əfv Komissiyasına göndərirlər. Bu gün həmin ərizələr mətbuata çıxırsa, o deməkdir ki, həmin müəssisə rəhbərlərinin əli ilə yayılır. Hökumət səviyyəsində sanksiya olmasa, bu ərizələrin ictimailəşməsi mümkün deyil. Buna ən yüksək səviyyədə sanksiya verilir”.
Q.Məmmədovun fikrincə, bu yolla siyasi məhbusları “sındırmaq” istəyirlər: “Məqsədlərdən biri də azadlıqda olan gəncləri siyasi mübarizədən çəkindirmək, iyrəndirməkdir. Amma siyasətçi öz məqsədinə çatmaq üçün bütün mümkün vasitələrdən istifadə etməlidir. Mən cavanlara da deyirəm ki, əfv ərizəsi yazıb azadlığa çıxın. Təki əqidənizi dəyişməyin, mübarizəni dayandırmayın. Mən o həyatı keçmişəm. Əfv ərizəsi yazmayan bəlkə də, 2-3 siyasi məhbusdan biri olmuşam. Beş il cəza çəkmişəm. Sonra başa düşmüşəm ki, çox böyük səhv etmişəm. Gərək vaxtında ərizə yazardım, çıxıb bunlara qarşı daha sərt mübarizə aparırdım. Azadlıqda aparılan mübarizə ilə içəridə aparılan mübarizənin böyük fərqi var. Ona görə bu gün o gənclərin əfv ərizəsi yazması boş şeylərdir. Yazırlar ki, bu hakimiyyətin əlindən canlarını qurtarıb azadlığa çıxsınlar və mübarizəni davam etdirsinlər”.
Oxunub
8477
Comments
#10Qurban Məmmədov2012-03-31 01:19
Mən Xələcdəki 5 saylı Cəzaçəkmə Müəssisəsində olarkən, 13 dekabr 1999-cu ildə mənim də yanıma Prezzident Aparatının tapşırığı ilə bir deputat göndərilmişdi. Məndən “azadlıqda olan 5 balamın xatirəsi üçün” –guya mənim ailə-uşağımın dərdini çəkirlər– əfv ərizəsi yazmaq xahiş edilirdi ki, 31 dekabrda məni də “əfv etsinlər”.
Cavan olsaydım, indiki kimi düşünsəydim mütləq yazardım. Ancaq mənim o vaxt olduğum yaş, cəmiyyətdəki, ictimai şüurdakı mövqeyim və mənə olan ictimai münasibət belə addım atmağıma (bu mənə inanan, mənim arxamca Xalq hərakatına qoşulan minlərlə gənci və başqalarını sındıra, hərakatdan çəkindirə bilərdi) imkan vermədi.
Əli Kərimli, İsa Qəmbər kimi liderlərin əfv ərizəsi yazması, təbii ki, olmaz və bunun, ictimai şüura vurula biləcək çox ağır nəticələri ola bilər.
Yoxsa, indiki 20-27 yaşlı gənclərin ərizə yazıb azadlığa çıxaraq mübarizələrini daha geniş miqyaslarda aparmaları yalnız alqışlanmalıdır .
#9Qurban Məmmədov2012-03-31 01:07
Gizli ad altında başqasına böhtan atmaq ən ləyaqətsiz hərəkətdir. Mən bu internet istifadəçisi olduğum andan valideynlərimin mənə verdiyi adla çıxış edirəm : Məmmədov Qurban Cəlal oğlu.
“Köhnə Bakılı” adı ilə yazan, Sizin hərəkətiniz öncə Bakıya ləkədir, çünki köhnə Bakılılar mərd-mərdanə, adlarını gizləmədən sözlərini deməyi bacarırdılar.
İkincisi də, öz valideynləriniz ə hörmətsizlikdir və … inamsızlıqdır.
Üçüncüsü də ki, mənim atam Məmmədov Cəlal Əbdül oğlu əslən ərdəbilli – Cənubi Azərbaycandan olub, qədim qıpçaq tayfalarındandı r-tayfa rəmzləri də “bitişik, ucları yuxarı yönəlmiş qoşa qılınc” olub.
Anam Seyidova Gülsüm Mirbaba qızı isə əslən Qərbi Azərbaycanlıdır . Ana tərəfim İrəvan quberniyasının Vedibasar, Zəngəzur, Dərələyiz mahallarından olan təmiz türk mənşəli insanlardır– Respublikamızın Gəncə, Tərtər, Bərdə, Sabirabad, Saatlı, Qusar, Xaçmaz, Bakı, Lənkəran, Balakən və s. rayonlarında yaşamaqdadırlar .
Dördüncüsü isə, … hörmətli adsız adam, burada söhbət Əliyevlər rejiminin qanunsuz hərəkətlərindən gedir.Bu barədə söz deməyə cəsarətin varsa, de gəlsin.
Siz kürd olmağı ləkə və ya təhqir kimi işlədirsizsə, bu da Sizin vicdan məsələnizdir və bir xalqı təhqir etməyiniz heç də yaxşı iş deyil.
Mənimsə çoxlu kürd dostlarım var (onlar da bizimlə birlikdə, bəlkə də, bizdən daha çox bu torpaq uğrunda vuruşub şəhidlər veriblər) və mən onlarla qürur duyuram.
Siyasi məhbusların əfv ərizələrinin mətbuata sızdırılması isə yalnız Prezident aparatının sanksiyası ilə mümkündür–bunu mənim Naxçıvandakı “kürd qohumlarımdan” da öyrənə bilərsiz.