Əlaqə vasitələri

“Hakimiyyət nokdaun vəziyyətindədir”

Bazar, 09 Dekabr 2012 09:40

Əli Kərimliyə hər hansı sui-qəsd Azərbaycan hakimiyyətinin sonu deməkdir”

«Gülər Əhmədovanın əlindəki materiallar aşkarlansa, bir çoxları kabinetdə özünü güllələməlidir»

Qurban Məmmədov: «Əli Kərimli xalqın, mübarizənin lideri kimi ortaya çıxmalıdır və xalq ona dəstək verməlidir»

7 saylı ciddi rejimli kalonda cəza çəkən əlbəyaxa döyüş növü üzrə üçqat dünya çempionu Bəhlul Muradovun etirafları bir daha hakimiyyətin mahiyyətinə aydınlıq gətirdi. Belə ki, hakimiyyətin Ə.Kərimliyə qarşı müxtəlif çirkin planları həmişə olub. Amma onlar sırasında hələ indiyə qədər siyasi rəqibin fiziki yolla məhv edilməsi üçün sifarişli qatilin tutulması olmamışdı. Tanınmış vəkil Qurban Məmmədovla müsahibəmizə gündəmdə olan bu mövzu ilə başladıq:

– Bu məsələ ciddi araşdırılmalıdır. Dövlət səviyyəsində belə bir planın olmasına inanmıram. Çünki Əli Kərimliyə bu gün edilən hər hansı sui-qəsd Azərbaycan hakimiyyətinin sonu deməkdir. Başında ağlı olan bir adam bu addımı atmaz. Təhmasib Novruzov vaxtilə mənim də həbsim də iştirak etmişdi. Təhmasib Novruzov mənə Heydər Əliyevə qarşı terror həyata keçirməyi təklif edəndə bunu dərhal MTN-in sədri Namiq Abbasova təqdim etdim. Mən həbs olunandan sonra məlum oldu ki, Təhmasib Novruzovun MTN ilə əlaqəsi var imiş. Bizi tələyə salmaqdan ötrü belə bir addım atıblar. Ona görə bu məsələnin də araşdırılması üçün prokurorluğa müraciət olunmalıdır.

Ölkənin bu vəziyyətinə görə Ramiz Mehdiyev məsuliyyət daşıyır

– Bəzən hüquq müdafiəçiləri heç bir əsas olmadan xırda faktı şişirdərək cinayət işi başladırlar. Bəs bu ittihamlar sizcə, cinayət işinin başlanmasına səbəb ola bilərmi?
– Cinayət Məcəlləsinin 206-cı maddəsinə əsasən KIV-də cinayət hadisəsi barədə olan məlumatlar cinayət işi qaldırılması üçün əsasdır. Ona görə də prokurorluq orqanları dərhal bu materialla bağlı cinayət işi qaldırmalıdırlar və obyektiv yoxlama aparılmalıdır. Son isə obyektiv yoxlamaya əsasən qərar qəbul olunmalıdır. Yaxşı olar ki, “Azadlıq” olaraq prokurorluq orqanına rəsmi müraciət edin və məsələyə aydınlıq gətirilməsini istəyin.

– Naxçıvanda Turac Zeynalovla bağlı baş verən rüsvayçı olaya hakimiyyət hələ də reaksiya bildirməyib. Bu susqunluğun səbəbi nədir?
– Boksda rəqibin biri noqdauna düşəndə ona tuşlanan zərbələrin hardan gəldiyini anlamır bilmir və bu zaman özünü müdafiə edə bilmir. Nəticədə dalbadal gələn zərbələrdən bokusçu nokauta düşür. Azərbaycan hakimiyyəti bu gün noqdaun vəziyyətindədir. Hakimiyyət bu günlər o qədər yerdən zərbələr alır, o qədər cinayətlərinin üstü açılır ki, başın itirib. Ona görə dalbadal gələn zərbələri hiss eləmir. Çünki keyləşib. Hakimiyyət hazırda onu nokauta salan zərbəni gözləyir. Bu zərbə də Azərbaycan xalqından gələcək. Turac Zeynalovun ailəsi ilə bağlı baş verən hadisə naxçıvanlıların, bütövlükdə Azərbaycan xalıqının namusuna sataşmaq kimi bir şeydir. Bu həqiqətdirsə, bu gün prezident televiziyaya çıxaraq həmin orqanların rəhbərlərini istefaya göndərməlidir. Öz əməllərini həyata keçirmək üçün qadını yoldan çıxararaq, onun namusundan istifadə ediblər. Bu, Azərbaycan xalqının mənəviyyatına, namusuna qəsddir. Azərbaycan xalqı baş verənə özü reaksiya verməli və küçələrə çıxaraq Ilham Əliyevdən tələb etməlidir ki, ya dövləti idarə et, ya da istefa ver. Son söz Ilham Əliyevin əlində olmalıdır. Amma təəssüf ki, bu dövləti Ramiz Mehdiyev idarə edir, Ilham Əliyev yox. Azərbaycanda bu gün baş verən bütün hadisələrin baiskarı Ramiz Mehdiyevdir. Rəhmətlik Afiyəddin Cəlilov vaxtilə mənə demişdi. Prezident özü yerimir, onu ətrafındakılar yeridirlər və prezidentin ayağı büdrəyirsə, bunun günahkarı onun ətrafındakılardır. Indi də baş verənlərin günahkarı Ramiz Mehdiyevdir. Çünki Ilham Əliyevi o yeridir. Bütün kadrları o təyin edir. Ramiz Mehdiyevin məsləhəti ilə idarə olunur. Dövlət bu vəziyyətə düşübsə, bunun məsuliyyətini Ramiz Mehdiyev daşıyır. Yox, Ilham Əliyev məsuliyyət daşıyırsa, o, istefa verməlidir, yox, günah Ramiz Mehdiyevdədirsə, o, vəzifəsindən getməlidir. Əməllərində cinayət tərkibi varsa, məsuliyyətə cəlb olunmalıdır. Ramiz Mehdiyevin Elşad Abdullayevlə bağlı son açıqlamasına fikir verin. Təəccüblənirsən ki, bu dünyagörüşlü adam ölkəni neçə ildir ki, idarə edir. Elşad Abdullayev tutalım rüşvətxor və dələduzdur. Axı, o ortaya bir fakt qoyub. Mən də qalib gəlmişdim, mandatımı satdılar. Bütün bu faktlara cavab vermək əvəzinə utanmadan Elşad Abdullayevin dələduzluğundan danışırlar. Deyir ki, mənim qəbuluma gəldi, onu ayaqüstə saxladım. Guya o yaxşı iş görüb, hələ bunu da fəxrlə deyir. Ramiz Mehdiyev bir rektoru, müəllimi ayaq üstə saxlayıb. Ramiz Mehdiyev, Elşad Abdullayev sənin kabinetinə girəndə onun kim olduğunu bilmirdinsə, deməli, sən yerində olan adam deyilsən. Yox, bilib susmusansa, deməli, cinayət məsuliyyətin var. Ramiz Mehdiyevin bu açıqlaması əslində onun cinayət əməlində əlinin olmasını təsdiqləməsidir.

Hakimiyyət yenə də cəmiyyətdə xofu gücləndirir

– Uzun müddət prokurorluqda işləmisiniz. Iki aydan çoxdu Gülər Əhmədovanın istintaqı, bir ildir Rafiq Tağının, altı aydan çoxdur Xədicə Ismaylovanın, 7 ildir Elmar Hüseynovun, 2005-ci ildən Mahir Abdullayevin işi üzrə istintaq gedir. Sizcə ortada olan faktlar bu cinayət işlərinin açılmasına kifayət edirmi?
– Bu hakimiyyət qaldıqca bu işlər açılmayacaq. Amma Gülər Əhmədova ilə Nigar Yaqublunun işi müqayisə olunanda görmək olur ki, ölkəni cinayətkar qruplar idarə edir. Bunlar rəsmi dövlət orqanlarından sadəcə olaraq öz siyasi rəqiblərinə qarşı istifadə edirlər. Sadalanan cinayətlərin hamısı ortadadır. Onların üstünü açmaq çox asandır. Amma görün bunlar cəmiyyəti nəyə məcbur edirlər. Cəmiyyətdə xof mexanizmini gücləndirmək üçün onlar Nigar Yaqublunu həbsdə saxlayaraq belə əxlaqsızlığa yol verirlər. Nigar Yaqubluya, Gülnar Ağayevaya qarşı edilənlər xalqın namusuna sataşmaq, ləyaqətini alçatmaqdır. Sadalanan cinayətlər açılmayacaq, çünki onları törədənlər hakimiyyətdə oturublar. Ona görə xalq başa düşməlidir ki, dövlətin taleyi təhlükədədir, xalq cinayətkar qrupla üz-üzədir. Bu cinayətkar qrupların bir hissəsi prokurorluq, DIN, Dövlət Reysteri Xidməti adı altında fəaliyyət göstərir.

– Elşad Abdullayevin açıqladığı videoda Gülər Əhmədovanın günahı açıq görünsə də o, hələ də azadlıqdadır. Ona qarşı YAP-da bir müddət əvvəl başladılan kampaniya da dərhal dayandırıldı. Bu nəyin görsənişi idi? Nədən ehtiyatlanırlar?
– Gülər Əhmədova bu hadisədə qurbandır. Gülər Əhmədova kimdənsə öz adından pul ala bilməz. Ramiz Mehdiyevin Elşad Abdullayevlə bağlı sonuncu açıqlamasından sonra belə başa düşmək olar ki, Ramiz Mehdiyev Gülər Əhmədovanı qurban vermək barəsində qərar qəbul edib. Amma Gülər Əhmədovada da çox ciddi faktlar var. Necə ki, Gülər Əhmədova danışıq aparanda onu çəkiblər, Gülər Əhmədovanın da müəyyən çəkilişləri var. Bu ortaya çıxsa, bir çoxları kabinetdə özünü güllələməlidir. Sabah Gülər Əhmədovanı həbs etsələr, həmin materiallar internetə yol tapacaq. Amma mən Gülər Əhmədovanın dələduzluğa görə tutulmasının əleyhinəyəm. Çünki bu işlər yalnız Gülər Əhmədova ilə yekunlaşa bilməz. Burada söhbət mandatların satılmasından gedir. Mən qalib gəldiyim halda mənim mandatım Hüseyn Abdullayevə verildi.

Əqrəblərin yerini dəyişməklə onların zəhəri azalmır

– Ramiz Mehdiyevə təyin olunan dörd müavin hakimiyyətin köhnə kadrlarıdır. Burada məqsəd nədir?
– Bu, kosmetik dəyişiklikdir. Hakimiyyət cəmiyyətdəki narazılığı səngitmək üçün guya öz aləmində islahat aparır. Əqrəblərin yerini dəyişməklə onların zəhəri azalmaz. Ramiz Mehdiyevi vurmaq üçün bu cür kombinasiyalara ehtiyac yoxdur. Bunu televizyada çıxıb elan etməklə nail olmaq olar. Amma Ilham Əliyev bunu etməz. Çünki bunlar canavar kimi ağız-ağıza yatıbdır. Hamı gözəl bilir ki, kim hansı sahəni dağıdır. Azərbaycan dövləti klassik mənada dövlət kimi idarə olunmur. Bu dövlətdə prezident vəzifəsi, parlament, Nazirlər Kabineti şərti xarakter daşıyır. Faktiki olaraq dövlət cinayətkarlar arasında bölünüb. Azərbaycandan başqa dünyanın heç yerində paketlə əmək haqqı almaq anlayışı yoxdur.

– Məhərrəm Əliyevin də Prezident Administrasiyasına şöbə müdiri vəzifəsinə təyin olunması maraq doğurur. Bu təyinatdan sonra Ramil Usubovla Məhərrəm Əliyev arasındakı qarşıdurmanın davam edəcəyi proqnozlaşdırılır. Siz necə düşünürsünüz?
– Görünür, hakimiyyətdə yüksək dairələrdə köklü dəyişikliklər etməyin vacibliyi barədə fikir formalaşıb. Bu dəyişikliyin də Ramil Usubovdan başlamağın zəruri olduğunu anlayırlar. Bəlkə də gələcəkdə öz təhlükəsizliyini təmin etmək üçün Məhərrəm Əliyevi bu posta gətiriblər. Məhərrəm Əliyevin hüquq-mühafizə orqanları ilə bağlı böyük təcrübəsi var. Bu şəxs Heydər Əliyevin dövründən ən az ləkələnən kadrdır.

– Yaxın Şərqdə “ərəb baharı” Tunisdə bir göyərti satanın özünü yandırması ilə başladı. Amma Azərbaycan cəmiyyətində təkcə Əliyevlər ailəsinin biznesi ilə bağlı şokedici məlumatların, Naxçıvanda Turac Zeynalovun ailəsinin başına gətirilən müsibətlərlə bağlı xəbərlərin yayılmasına baxmayaraq xalqdan ciddi reaksiya görünmür. Bunun səbəbini necə izah edərdiniz?
– Siyasi, sosial hadisələr özlüyündən baş vermir. Bütün bu proseslərin başında bir təkanverici, təşkilatlandırıcı qüvvə və ya şəxs olmalıdır. Müxalifət birləşib, ortaya vahid mövqe, lider qoysa, proseslər fərqli istiqamətdə gedəcək. Xalqı mübarizəyə aparacaq, onu mübarizə boyu arxasınca aparan qüvvə gərəkdir. Ona görə mən üç gündür sosial şəbəkələrdə xalqa müraciət edirəm ki, bütün varlığı, davranışı, əxlaqı ilə xalqa, dövlətə, müxalif qüvvələrə münasibəti ilə Əli Kərimli ortaya bir mövqe qoyub. Mən demirəm ki, Əli Kərimlini prezidentliyə namizəd kimi qəbul edin. Amma mütləq Əli Kərimli xalqın, mübarizənin lideri kimi ortaya çıxmalıdır və xalq ona bir dəstək verməlidir. Azərbaycanı düşdüyü bu vəziyyətdən qurtarmaq lazımdır. Mübarizə prosesində xalq özü görəcək ki, Azərbaycanda prezidentliyə layiq namizəd, ən qərarlı, qətiyyətli lider kimdir. Amma nə qədər ki, xalq müxalifətin birləşməsin görmür, ayağa qalxmayacaq.

Xəyal

Loading