AXCP sədri Əli Kərimlinin partiya üzvləri ilə keçirdiyi müşavirədə demokratik düşərgəyə birlik çağırışı etməsi geniş ictimai müzakirəyə səbəb oldu. Tanınmış vəkillər və ictimai fəallar birlik çağırışına dəstək ifadə etdilər.
Tanınmış vəkil Aslan İsmayılovbildirdi ki, bu təklifi ancaq alqışlamaq olar. “Müxalifət dövlət marağını, xalqın mənafeyini üstün tutursa, bu birliyə nail olmalıdır. Bizim indiyə qədər olan problemlərimizin kökü ondadır ki, birləşmiş vahid müxalifət olmayıb. Müxalifətin məqsədi şəxsi mənafe deyilsə, ortaya vahid mövqe qoymalıdılar. Birlik çağırışını dəstəkləyirəm”- deyə Aslan İsmayılov bildirdi.
Tanınmış vəkil Əsabəli Mustafayev hesab edir ki, ölkədə xalqın dəyişikliyə ümidsizliyi vahid müxalifətin olmamasına görədir. “Bir vətəndaş kimi mən bu birliyin baş tutmasını alqışlayıram. Çünki siyasətdə pərakəndə şəkildə uğur qazanmaq mümkün deyil. Xalq indiyə qədər hakimiyyətin gücünü görüb, indi isə ona vahid müxalifətin gücünü göstərmək lazımdır. Bu halda xalq müxalifəti dəstəkləyə bilər”- deyə Əsabəli Mustafayev vurğuladı.
Vəkil Anar Qasımlı birlik məsləsinə münasibətinin birmənalı olduğunu və bunu dəfələrlə vurğuladığını dedi: “Seçki ilində hansısa hərəkatları, blokları yaratmaqdansa, bütün qüvvələr ortaya mövqe qoymalı, vahid namizədi müəyyən etməlidilər. Bunun üçün müxtəlif yollar var və bu yollar vasitəsilə namizədi müəyyənləşdirmək olar. Bu birlik çox önəmlidir, əks halda insanlar səslərinin saxtalaşdırılmaması üçün iqtidara səs verməyə məcbur qalacaq”.
Hüquqşünas Qurban Məmmədov həmişə çıxışlarında birlik tərəfdarı olduğunu bildirdiyini dedi: “Ağlı başında olan, düşünə bilən, millətini sevən, dövlətinə sahib çıxmaq istəyən heç kim bu birliyin əleyhinə ola bilməz. Ölkədə monolit, səmimi birliyə nail olunmasa, əlində milyardları, silahlı dəstələri olan, adamları istənilən vaxt öldürə bilən bir rejimə qalib gələ bilmərik. Mən Əli Kərimlinin bu çağırışını alqışlayıram, birmənalı şəkildə dəstəkləyirəm”.
İlham Hüseyn